
Süjet: Ölkədə parlamentin buraxılması dönəmi təsvir olunur. Keçmiş millət vəkilləri xaos içində vurnuxur, nə edəcklərini, bundan sonra necə yaşayacaqlarını bilmirlər. Əhvalatın qəhrəmanı Hətəm (Teymur Məmmədov) üçün də keçmiş vəzifəsi ilə vidalaşmaq çətindir. O, əşyalarını toplayıb, evə gələndə arvadı Sünbülənin (Zemfira Əbdülsəmədova) hönkürərək ağladığını görür. Güman edir ki, arvadı onun vəzifədən getdiyinə görə ağlayır. Halbuki, qadın fanatı olduğu türk serialının qəhrəmanının alınmayan taleyinə üzülüb. Sonra Hətəm yuxuda dünyasını dəyişən atasını (Arif Həkimoğlu) görür. Atası ona yuxuda hansısa xəzinədən danışır. Falçı (Gülcahan Salamova) yanına gedən Hətəm atasının ruhu ilə danışır. Atası xəzinənin yeirini tam deyə bilmir. Yalnız “Çinar” sözünü deyə bilir və yox olur. Hətəm arvadını və oğlunu götürərək kəndə xəzinə axtarmağa gedir. Ümid edir ki, bundan sonrakı üzləşdiyi maliyyə böhranını aradan qaldıra biləcək..

“Kəndinə gəl” adı çox güman ki, təsadüfi seçilməyib. Bu istər istəməz uzun illərdir ki, cəmiyyətdə çoxdan memə çevrilmiş “Kəndinə qayıt, Sən kəndinə qayıdanda güclü olursan” fikri ilə oxşar assosiasiya doğurur. “Kəndinə gəl” ikimənalı olduğu üçün (türkcədən, kəndinə - özünə deməkdir) filmdə hər iki məna (həm coğrafi, həm hansısa hadisədən özünə gəlmək) əhvalatın mahiyyətinə uyğundur: Hətəm doğulduğu, millət vəkili seçildiyi kəndə gedir, eyni zamanda parlament qəfil buraxıldığından bu hadisə onun üçün bir növ silkinmə rolunu oynayır. Və “palamentdə yatan Hətəm” imici ilə tanınan qəhrəman vəzifədən gedəndən sonra ətrafına realist baxmağa məcburdur.

Müəlliflər Hətəmin hekayəsində ölkənin siyasi-sosial-ictimai problemlərini, eyni zamanda ayrı-ayrı millət vəkillərinin cəhətərini ümumiləşdiriblər. Misalçün, onun parlament iclasları zamanı yatan depuatat imici, mandatını girov qoyması, seçildiyi bölgəylə maraqlanmaması və s. bizə gerçəklikdən tanış olan məsələlərdir. Verdiyi vədləri yerinə yetirməyən Hətəm kəndində fəaliyyətsizliyinə görə seçicilərinin qınağı ilə üzləşir. Kənddəki infrastrurktur problemlərin əziyyətini özü də çəkir. Amma o, xaraktercə sinikidir, problemlərin həll olunmamasında özünü günahkar bilmir.
Bununla belə müəlliflər millət vəkilinin fəaliyyətsizliyinə cəmiyyəti də şərik edir, onun da müəyyən mənada riyakar münasibətini göstərir. Hətəm səlahiyyətlərindən məhrum olandan sonra onun işığı, qazı kəsilir, oğlu isə əsgər aparılır. Arvadının “hansı millət vəkilinin oğlu əsgər aparılıb” sualına isə ər cavab tapa bilmir. Əslində cavab yoxdur, çünki sual ritorikdir. Hətəmin evinə gözətçilik edən, maaşını ala bilməyən qohumu isə Hətəmin təbliğat dönəmindəki plakatlarını tualetdən asır, flayerlərindən tualet kağızı kimi istifadə edi

Hətəmin ailəsində də münasibətlər sağlam deyil. Biz ekranda maddi mənafeyini güdən, cəmiyyətdən qopan meşşan ailənin obrazını görürük. Belə bir ailə obrazının yaradılmasında aktrisa Zemfira Əbdülsəmədovanın rolu şəksizdir. Z.Əbdülsəmədova çoxtərəfli aktrısadır, bir qayda olaraq obrazlarının təyinatını dərindən dərk edir, xırda, amma vacib xüsusiyyətlərlə onu bütövləşdirərək vəziyyətin kontekstinə oturda bilir. Ona görə də müasir komediya filmlərindən tanış olan meşşan qadın obrazının xarakterini, intonasiyasını təkrarlamır. Sünbülənin davranışındakı qroteskliyi gözə soxmur, onu lazım olduğundan çox şişirtmir, əksinə norma kimi, təbii qəbul etdirir. Ərinin borclu olduğu mafioz (Mahir Dərviş) qadını oğurlayaraq cəza kimi dırnaqlarına sevmədiyi boyanı çəkəndə o, bunu faciə kimi qəbul edir, və ya onun üçün həyatın dramatizmi özündə olan brend koftasını başqa qadınların əynində görməsi ilə şərtlənir. Absrud situasiyalar gerçəkliyimizi, istehlak hərisliyimizin təsviri üçün adekvat yanaşmadır.
“Kəndinə gəl” koronovirusdan danışan ilk filmimizdir. Film virusun yayıldığı ərəfələrdə çəkilib və müəlliflər hadisəyə çevik reaksiya veriblər. Hətəmin sahibi olduğu obyektlərinə baş çəkdiyi epizodda onun massaj salonunda çinli əməkdaş asqırdığına görə müştəri şikayət eləyir və obyekt bağlanır.

Mahir Dərvişin (mafioz) fakturası, oyununun xarakteri müəyyən mənada filmə kriminal motivli fransız-italyan komediyalarının ruhunu gətirir.
Final səhnəsində süjetin real və ya uydurma olması tamaşaçının öhdəsinə buraxılır. Əhvalatı filmin əvvəlindən taksü sürücüsü isləyən Hətəm müştərisinə danışır. Daha sonra isə onu Bəhramov adına stadiona aparmağı xahiş edən növbəti müştərisinə o, Vaqif Cavadova futbol oynatmağı öyrətməsi haqda danışır. Və kamera sərnişinin məhz Vaqif Cavadov olduğunu göstərəndə, rejissor Hətəmin bundan öncəki sərnişinə danışdıqlarının da uydurma ola biləcəyini eyhamlaşdırır. Bir tərəfdən taksi sürüclərinin uydurma hekayələr danışmasına alışmışıq. Süjetboyu Hətəmin də ara-sıra yuxuda təsvir olunması yuxu ilə reallığın qarışdığını göstərir.
