Ötən gün Milli Məclisin sədri Sahibə Qafarova qurumun Aparatında və İşlər İdarəsində struktur islahatlarının aparılması haqqında sərəncam imzaladı.
Koronavirus gündəmdə olmasaydı, bu sərəncam mütləq Azərbaycanda əsas müzakirə mövzusu olacaqdı.
Sərəncam o deməkdir ki, bundan sonra “papaların gül balaları”na Milli Məclisdə yer olmayacaq.
Nəhayət ki, “papaların gül balaları” Milli Məclisin ciddi qurum olduğunu, özlərini isə qanunverici orqanda çalışmağa yararlı olmadıqlarını dərk edəcəklər.
Yenisabah.az xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Modern.az-a açıqlamasında Milli Məclis Aparatı və İşlər İdarəsində struktur islahatlarının aparılmasını müsbət dəyərləndirib:
"“Etibar krediti” insanlara limitlə verilib"
"Hesab edirəm ki, 2019-cu ildə başlayan və daha geniş miqyasda həyata keçirilən islahatlar, eləcə də, prezident İlham Əliyev tərəfindən həyata keçirilən yeni hakimiyyət quruculuğu Milli Məclisdə də öz davamını tapmalıdır. Parlament müəyyən faiz ölçüsündə yeniləndi. Köhnə parlament təmsilçiləri xalqın iradəsindən keçib gələrək orada yer aldı. Hər kəs fərqindədir ki, insanlar “etibar krediti”ni deputatlara limitlə verib. Seçim faiz göstəriciləri çox da yüksək deyil. Bu o deməkdir ki, seçkidə iştirak etməyən çox mühüm sayda insanlar kənardadır və onlar gözləmə mövqeyindədirlər. Deməli, altıncı çağırış parlamentin fəaliyyətindən bu insanların mövqeyi formaşalacaq. Hesab edirəm ki, Milli Məclis Aparatını və İşlər İdarəsini formalaşdırmadan, dəyişiklikləri həyata keçirtmədən tam olaraq reallaşdırmaq qeyri-mümkündür".
"Sahibə Qafarova böyük iradə ortaya qoyub"
Komitə sədri mart ayının dünyada ümumbəşəri təhlükənin qarşısının alınmasına yönəldiyini də vurğulayıb:
"Bu da Milli Məclisin siyasi gündəliyinin fəaliyyətinin fəsadlarını özünə cəlb edib və ənənvi keçid dövrünün gündəliyindən bir qədər kənarlaşdırıb. Bu çətin şəraitdə belə, Milli Məclisin yeni rəhbəri Sahibə Qafarova tərəfindən çox böyük iradə ortaya qoyulub. Cənab prezidentin həyata keçirdiyi o böyük dəyişikliklərin Məclis səviyyəsində gerçəkləşdirməsi arzusunu görməkdəyik. Bu prosesi haradasa cəmiyyət görməyə bilər. Çünki bütün ictimai fikir vahid mərkəzə, koronavirusa yönəlib. Əminəm ki, həyat əvvəlki axarına qayıdandan sonra qeyd etdiyimiz istiqamətdə bu dəyişikliklər görünəcək. Xalqın həyati tələbləri Milli Məclisin fəaliyyətində əsas götürülməlidir. Bunu cənab Prezident çıxışında çox sərt formada qeyd edib".
Şəffaflıq, hesabatlılıq…
Zahid Oruc görülən işlərəri yüksək qiymətləndirir:
"Birincisi, hər kəsdən tələb olunur ki, bu istək və arzular informasiya vasitələrindən izlənilsin, o cümlədən, parlament üzvlərinin vətəndaşların yanına getməsinin sayı artacağına görə alınan müraciətlər sistemləşdirilsin, normativləşdirilsin və parlamentin fəaliyyətində özünü göstərə bilsin. İkincisi, dövlət hakimiyyəti sistemində parlamentin yerinin və rolunun artırılmasına yönəlməlidir. Üçüncüsü, qanunların keyfiyyəti artırılmalıdır. Dövlət başçısı da bunu dilə gətirdi ki, kəmiyyət deyil, ilk növbədə qanunların yönəldiyi əsas hədəflər, onların nəticələri geri dönümlər müzakirə olunmalıdır. Ən vacib məsələ budur. Dördüncüsü, hesabatlılıqdır ki, bu, çox önəmli kriteriyadır. Həmçinin, Milli Məclisin Aparatına da aiddir. Beşincisi, şəffaflıqdır ki, son dərəcə vacibdir. Başa düşməliyik ki, indiki müasir kommunikasiya sistemləri şəraitində elektron parlamentlərin mövcud olduğu dövrdə, xüsusən koronavirus dövründə rəqəmsallaşmanın qanunverici sistemlərə güclü formada təsir edəcəyini nəzərə alaraq şəffaflıq amilinin birinci yerə keçməlidir".
"Mandatın, vəsiqənin fərqində olmalıdırlar"
Parlamentari hər bir Milli Məclis üzvünün fəaliyyətinin cəmiyyət tərəfindən tələbkarlıqla qarşılandığını xüsusi qeyd edib:
“Hansısa Məclis üzvünün ehtiyatsız ifadəsi bütövlükdə parlamentin adına, onun üzərinə yönəlir və fəsadlara yol açır. Bu mənada şəffaflıq hər kəs üçün vacib kriteriya kimi öndə tutulmalıdır. Milli Məclisin mandatini, o cümlədən vəsiqəsini daşıyan hər bir şəxs fərqində olmalıdır ki, parlament kimi ali bir qurumu təmsil edir".
"Milli Məclis “zəif bənd” deyil"
Komitə sədri Milli Məclis Aparatının üstünlüklərindən də danışıb:
"Eyni zamanda, elitarlıq da əsas göstəricilərdəndir. Vaxtilə Milli Məclisin Aparatı hər zaman bu kimi keyfiyyətlərinə görə, digər hakimiyyət qolları içərisində müsbət mənada fərqlənirdi. Milli Məclisin Aparatından kadrlar digər hakimiyyət qollarında irəliyə çəkilirdilər. Məsələn, Milli Məclisin şöbə müdiri indi Azərbaycanı Avropa Məhkəməsində təmsil edir. Söhbət hörmətli Lətif Hüseynovdan gedir. Milli Məclis Aparatında çalışan hər bir şəxsin üzərində bu tələblər olmalıdır ki, onlar təkcə hər hansı attestasiyadan keçməklə dövlət qulluqçusu kimi təsnifatda yer aldıqları üçün deyil, cəmiyyətin onlardan gözləntilərinin böyük olduğunu bilməlidirlər.
Milli Məclisin digər hakimiyyət qurumları arasında “zəif bənd” deyil, “güclü bənd”lərdən biri olması həm də Aparatın mövqeyindən asılıdır".