Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

31 Mart soyqırımından sonra Azərbaycan ziyalıları Osmanlıya boylandılar – tarixçi, millət vəkili


Bu gün Azərbaycan tarixinin faciəli hadisəlrindən birinin – 31 Mart soyqırımının 102 ili tamam olur. Erməni vəhşiliyinin nəticəsi olan faciənin miqyası böyük olsa da onun müəyyən tarixi və siyasi nəticələrinin olduğu da qəbul edilir.


Faciənin siyasi mahiyyəti  və məhz bu tarixdə ermənilərin Dağlıq “Qarabağda “seçki” tamaşası keçirməsi barədəModerator.az-a danışan tarixçi professor, millət vəkili, MM-in Elm və təsil komitəsinin üzvü Anar İsgəndərovfəlakətin özündən sonrakı tarixi proseslərə təkan verdiyini bildirib:  



“Azərbaycanın milli ziyalıları üzlərini Osmanlıya tutdular”


“1918-ci ilin mart soyqırımı Azərbaycan xalqının ən ağrılı hadisələrindən biridir. Ancaq soyqırımı nə qədər amansız bir hadisə olsa da, bunun bizim üçün bir ibrət dərsi olması da reallıqdır. O hadisəyə qədər Azərbaycanın milli-demokratik zyalıları belə hesab edirdilər ki, gələcəkdə Rusiya respublika elan edilərsə, biz də onun tərkibində ərazi muxtariyyəti almaqla kifayətlənə bilərik.


Lakin soyqırımının dərsi o oldu ki, Şimal tarix boyu öz soyuq küləyi ilə hər tərəfə mənfi, sərt təsir göstərib. Ona görə də düşünüldü ki, nə etmək lazımdır?


Bu hadisədən sonra Azərbaycan ziyalıları Osmanlıya doğru boylandılar, ona ümid bağladılar və aradan bir neçə ay keçdikdən sonra, 1918-ci il mayın 28-də Azərbaycan ilk dəfə olaraq öz Cümhuriyyətini elan etdi.


Soyqırımı amansızlıqdır, qəddarlıqdır, amma məsələnin bir tərəfi də oldu: Azərbaycan xalqı dərk etdi ki, kiminsə əsarətində yaşamaqla xoşbəxt ola bilməz, kiminsə kölgəsində gizlənməklə o öz varlığını qoruya bilməz, müstəqil ola bilməz”.



Tarixdən dərs çıxarsaydıq…


“Eyni zamanda, "1905-06-cı illərdə “Ermənilər bizi nə üçün qırdı” sualına bir xalq olaraq cavab tapsaydıq, onda 1918-20-ci illərin qırğınları da olmayacaqdı. “1918-20-ci illərdə ermənilər bu qədər türk-müsəlmanı nə üçün qırdı” sualına cavab tapsaydıq, yəni erməni məkrinin mahiyyətini dərk edə bilsəydik, XX əsrin 80-ci illərinin sonlarında bu qədər qaçqınımız olmamalı, bu qədər ərazimiz işğal olunmamalı idi.


31 mart tarixi 70 illik Sovet dövründə bizdən gizlədildi. Biz bu 70 ildə ermənilərin şəninə hər şeyi dedik, ermənilər isə bütün dünyaya bəyan etdi ki, guya onların düşmənləri türk-müsəlmanlardır, türklər barbardır və yer üzündən silinməlidirlər.


Təəssüf ki, bu təbliğata hələ də kifayət qədər inananlar var.


Ancaq biz hələki dünyanı inandıra bilməmişik. Bizim yol xəritəmiz ondan ibarət olmalıdır ki, real həqiqətləri dünyaya bəyan edək, sübut edək".



“Seçki”nin məhz bu tarixə salınması təsadüfi ola bilməz


“Dağlıq Qarabağda qondarma rejim üçün Ermənistanın təşkil etdyi “seçkinin” 31 Marta təyin edilməsi təsadüfi deyil. Bizim bu ağrılı günümüzdə onlar özlərinin ən mühüm kampaniyalarından birini keçirirlər. Qoy onları kimlərsə də dəstəkləsin, ancaq “Haqq nazilər, üzülməz”.


Bu gün bizim güclü bir dövlətimiz var və xalqla dövlətin birliyi bütün sahələrdə aydın görünür. Cəmiyyətin bütün strukturunda müşahidə edilir. Necə ki, bu gün VI çağırış Milli Məclisimizdə də siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs Azərbaycan üçün mücadilə aparır. Artıq siyasi partiya maraqları deyil, vətənə, dövlətə məhəbbət üstünlük təşkil edir. Mənə belə gəlir ki, bizim bu mübarizəmiz öz bəhrəsini verəcək. Azərbaycan özünün tarixi torpaqlarını düşmən tapdağından azad edəcək, üçrəngli bayrağımız vətənimizin və dünyanın hər guşəsndə dalğalanacaq”.



“1805-ci il müqaviləsində ermənilər barədə bir kəlmə də yoxdur”


“Bir məsələyə də toxunmaq istərdim. 1805-ci ilin may ayında Rus general Sisianovla Qarabağ xanı İbrahim xan arasında müqavilə imzalanıb. Bu müqavilə Qarabağda ermənilərin o dövrədək olmaması barədə ən yaxşı tarixi sübutlardan biridir. 11 maddənin heç birində ermənilərlə bağlı bir kəlmə də yoxdur. Onda sən hansı haqla deyirsən ki, bu torpaq ermənilərindir. Torpaq onların olsaydı müqavilə də ermənilərlə bağlanardı. Belə sübutların sayı kifayət qədərdi. Bunları dünyaya sübut etməliyik. Budur tarixi həqiqətlər…”.



“Ermənlər yalanları yayırlar, biz isə…”


"Ermənilər olmayanları həmişə həqiqət kimi yayıb dünyaya, biz isə olanları deyə bilmirik. Adil xan Ziyadxanlının dediyi kimi, bizim dünya xalqlarından heç bir fərqimiz yoxdur, amma bir çatışmazlığımız var: bir həqiqəti bir dəfə deyirik, ikinci dəfə deyəndə xəcalət çəkirik. Bu da bizi geridə qoyur.

Biz sonadək siyasi, hüquqi, tarixi müstəvidə mübarizəmizi davamlı aparmalıyıq. O halda tarixi torpaqlaırımızı da azad edəcəyik".


Taleh  


moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10