Cenub.az Kulis.az-ın “Orda bir ev var, uzaqda” adlı yeni layihəsindən mərhum yazıçılarımızın yaşayıb-yaratdığı evlərdən ilk reportajı Xalq yazıçısı İsmayıl Şıxlının evindəndir...
Fotoqraf və sürücü ilə Şüvəlana Mir Mövsüm Ağanın ziyarətgahı deyilən yerə çatanda günəş çoxdan göyün üzünə qalxmışdı. Düz məscidin yaxınlığında dayanıb Elçin Şıxlını gözlədik. Bir azdan yaxınlaşacağımız evin iş masası yaxşı bir yazıçıya, sanballı bir kişiyə - İsmayıl Şıxlıya aid idi. Bizi o evə yazıçının oğlu Elçin Şıxlı aparacaqdı.
Təxminən beş dəqiqə sonra Elçin müəllim gəlib çıxdı. Həmişəki təmkinli mehribanlığı ilə birgə.Yerdən tikilən, bağında cürbəcür meyvə ağacları əkilən evin həyətinə girib dolanbac pillələrlə İsmayıl Şıxlının iş masası, əşyaları və fotoları olan otağa qalxırıq.
Elçin müəllim yerbəyer olub gələnə qədər xanımı Sevic xanım bizə yüngülvari izahlar verir:
- Bu otaqda gördüyünüz əşyalar, iş masası, makina, kitablar İsmayıl müəllimindir. Yəni İsmayıl müəllimin iş otağı necə idisə, buranı da o cür hazırlamışıq. Bir azca forma dəyişikliyi olub.
Üstü laklı sarı rəngli ağır iş masasına yaxınlaşıram. Əlimi İsmayıl Şıxlının əşyaları qoyulmuş masanın üzərinə yavaşca toxundurub, dərhal da çəkirəm. Bu masada yazılan əsərləri, müəllifin yaşantılarını təsəvvür etməyə cəhd edirəm. Bir az da mütəəssir oluram.
Sevinc xanım İsmayıl müəllimin qəlyanı, şəkilləri olan siyirməni açıb bizə göstərir. Divardan asılan əşyalarla, fotolarla tanış edir.
- Baxın, bu sazı ona bağışlamışdılar. Bu isə İsmayıl müəllimin həyat yoldaşı Kübra xanımdır.
Divardakı portretdən həlim baxışlı, ağbəniz bir qadın bizə baxır. Sanki o da dil açıb söhbətə qoşulmaq istəyir.
Elçin müəllim otağa girəndə Sevinc xanım gülərək deyir:
- Elçin, mənim funksiyam burda sona çatır.
Gülürük.
Elçin müəllim masanın üstündəki noutbuku və özünə aid olan əşyaları yığışdırmaq istəyəndə etiraz edirəm. Ona aid əşyaların da masada qalmasını istəyirəm. Atanın yolunu oğulun davam etdirməsi, üstəlik iş masasında davam etdirməsi əl-əlbət oxucularımız üçün də sevindirici məqam olar, nəinki İsmayıl müəllimin iş masasının istifadəsiz vəziyyətdə kənarda qalması.
Ondan İsmayıl müəllimin iş masasının İsmayıl müəllimin özünə məxsus olduğu ilk dövrləri xatırlamasını xahiş edirik. Bir az fikirləşir:
- Bu dəqiqə sizə deyərəm. Atam bu masadan təxminən 1976-cı ildən istifadə etməyə başlayıb. Bu masanın üstünü qohumumuzdan xahiş edib düzəltdirmişdi. Bütün hekayələrini, “Ölən dünyam” romanının ilk fəsillərini bu masanın üzərində işləyib. Kreslo da ona məxsusdur.
Elçin müəllim atasının istifadə etdiyi daha bir makinanı fotoqrafımızın köməkliyi ilə qabından çıxara-çıxara sualımızı cavablandırır:
- Atamın masasında şirniyyat-filan olmazdı. Özü də anamın onun masasını səliqəyə salmasından heç xoşu gəlməzdi.
- Dağınıqlığı xoşlayırdı?
- Yox, deyirdi mən özüm bilirəm də kağızı hara qoyuram, qələmi hara.
Diqqətlə masanın üzərinə qoyulan narıncı makinaya baxıram. İlini xəbər alıram.
- Mətnlərini birinci əl ilə yazardı, makinaya yazmazdı. Xoşlamırdı. Amma yazdıqlarını makinaya özü yığırdı. Bu makinanı da 80-ci illərdən bəri işlədib. Atamın ən çox işlətdiyi bir makinası vardı, onu ədəbiyyat muzeyinə bağışlamışam. Ancaq o da metaldan tökmə ağır və iri olduğu üçün ekspozisiyaya çıxara bilmirik, şüşənin altına yerləşmir. Doğrusu indi peşman olmuşam, gərək verməyəydim.
Elçin müəllimdən “Dəli Kür” əsərinin yazılma tarixini soruşuram.
- “Dəli Kür”ü köhnə evimizdə, keçmiş Hüsü Hacıyev, indiki Azərbaycan küçəsində yaşayanda yazıb. Masasına əsasən özünə ən çox lazım olan əşyaları qoyardı. Makinası, həmin məqamda oxuduğu kitabları, kağızları, bir də qəlyanları olurdu.
Bir anlıq İsmayıl Şıxlını qəlyanla təsəvvür etmək istəsəm də, alınmır. Elçin müəllim də fikrimi qismən təsdiq edir.
- Çox çəkən deyildi, arada bir olurdu. İçki içən də deyildi o qədər. Masasında içki olmazdı, amma barında müxtəlif içkilər saxlayırdı. Əvvəlki evimizdə şair Qabillə qonşu idik. O da içki içməyi xoşlayırdı, həm də içkidən başı çıxırdı. Atam da içmirdi deyə, içkilər həmişə onun barında yığılıb qalırdı.
Elçin müəllim bizə Qabillə İsmayıl Şıxlı arasında olan maraqlı əhvalatı nəql edir.
Günlərin birində Qabil İsmayıl Şıxlıgilə qonaq gəlir. Oturub çay içə-içə söhbətləşdikləri vaxt İsmayıl müəllim içkilər olan barın içərisindən nə isə götürür. Qabil içkiləri görüb xeyli təəccüblənir. İsmayıl Şıxlının onu içkilərə qonaq etməməsi şairin xətrinə dəyir. Növbəti gün görüşəndə o, İsmayıl Şıxlıya küskün-küskün baxıb deyir:
İsmayıl, sən dünən mənim ürəyimə dağ vurmusan. – Heç nə baş düşməyən İsmayıl müəllim vurulan dağın səbəbini soruşanda Qabil deyir, sən bilirsən ki, mən içki sevənəm, amma o qədər içkilərin birini mənə hədiyyə etmədin.
Ancaq sonradan bu yüngülvari küskünlüyü aradan qaldıran da elə həmin bardakı içki şüşələrindən bir neçəsinin Qabilə hədiyyə edilməsi olur. İsamyıl müəllim şair qəlbini ələ alıb onu, özünün dediyi kimi, içkiyə qonaq edir.
Elçin müəllim deyir, atası o qədər də içkiyə meylli adam olmayıb.
- Nalçikdə olanda bir dəfə atamı sərxoş görmüşəm. Onda mənim dörd-beş yaşım olardı. Yadıma gəlir ki, onda sərxoş olub Hamletin monoloqunu demişdi. Bir dəfə də sərxoş olub. Amma onda doğrusu bir az qorxmuşdum. Deməli, İsa Muğanna Moskvaya gedirdi. Atam onu yola salmaq üçün İsa əmigilə getdi, məni də özü ilə apardı. Dedi, gəl, gedək, birgə də qayıdarıq. Getdik, gördük, İsa əmi, qardaşı və bir neçə nəfər oturublar. Şüşəbənddən də həyətə tərəf asma manqal qoyulub. Cavanlar orda kabab çəkirdilər. Atamla İsa əmi içirdilər. Onların hər ikisinin yüksək təzyiqi vardı, amma nə isə kefləri açılmışdı. Məni də içirtdilər. Sözün doğrusu, mən bir az qorxdum, amma məclis bitəndən sonra atamla qol-qola girib, gəzə-gəzə evimizə gəldik. Biz böyüyəndən sonra evimizdə keçirilən ad günlərində, şənliklərdə atam məclisin əvvəlində gəlib iyirmi qram süzüb sağlıq deyib gedərdi.
Yadıma böyük yazıçıların yazı prosesində müxtəlif yemək, içmək vərdişlərini salıb bu haqda sual verirəm. Elçin müəllim deyir, İsmayıl Şıxlı masa ətrafında gündəlik əyləşən adam deyildi.
- Atam adətən yazacağını beynində götür-qoy edib, bişirib sonra yazırdı. İş prosesində kofe filan içdiyini xatırlamıram, daha çox çay içərdi. Çox vaxt da yanına termos qoyardı ki, tez-tez gedib gəlməsin.
- İş masasına hər gün əyləşirdi?
- Yox, hər gün masa başında oturmazdı. Əgər hekayə yazırdısa, bir günə, maksimum üç günə yazıb bitirirdi. Özü də bir adəti vardı, yazdıqlarını qoyurdu kənara, bir, iki həftədən sonra gəlib yeni gözlə baxırdı.
Yazıçının yazdıqlarını onu ən yaxşı başa düşəcək, dinləyə biləcək yaxınlarına oxuması ehtiyacını bildiyim üçün sözü bu səmtə çəkirəm.
- Anamla, mənimlə, hətta qardaşım, rəssamlığa meylli olsa belə, onunla yazdıqları haqda söhbətlər edirdi. Mənim yadıma Yusif Səmədoğlunun bir söhbəti düşdü. Yusif deyirdi ki, Səməd Vurğunun sağlığında evə çox gec gəlmişdim. Həmin ərəfədə də Səməd Vurğun “Şair, nə tez qocaldın sən” şeirini yenicə yazıb bitiribmiş. Şair oğlunu çağırıb şeiri oxuyur, Vaqif şeiri bəyənmədiyini deyir, onu tənqid edir. Sosialist realizminə uyğun gəlməyən bədbin şeir adlandırır. Səməd Vurğun əsəbləşib deyir: “Bala əl-ayağımı yeyən az idi, sən də bu yandan çıxdın?”
Yazıçının ömrünün son illərində yazmış olduğu ən sanballı əsəri “Ölən dünyam” haqqında bir çox maraqlı fikirlər səslənib. Bu roman avtobioqrafik hesab olunub. Hətta romandakı qəhrəmanların bir çoxunun prototipləri onun yaxınları, qohum-qonşuları olub. Təəssüf ki, İsmayıl Şıxlı romanı öz əli ilə sona qədər yaza bilməyib. Şəkər xəstəliyi onu yatağa salandan sonra, yazıçının gözləri də zəifləyib və o, indi biz gördüyümüz iş masasından uzaq düşüb. Ancaq romanı bitirmək sevdasından əl çəkməyib. Yazmaq istədiklərini ömür-gün yoldaşına diktə edərək ona yazdırıb.
Bu əhvalatı Elçin müəllimin yadına salanda həmin günləri xatırlayır. Siması kədərlə kölgələnir.
- Atamın gözləri şəkər xəstəliyindən sonra tutuldu. Mən sizə deyim ki, "Ölən dünyam" əsərini yazmaq ideyası olmasaydı, o, bəlkə də doxsan beşinci ildə yox, daha tez ölərdi. Sanki qarşısına məqsəd qoymuşdu ki, bu əsəri yazıb bitirsin. Bəlkə də romanı yazmaq üçün atama beş-altı ay da əlavə vaxt lazım olsaydı, o, yaşayardı. Doxsan beşinci ilin mart ayının 10-da bitirib redaktə elədi. Dedi, artıq rahat ölə bilərəm.
Yazıçının oğlu deyir ki, “Ölən dünyam” romanı bitəndən sonra yazıçı Ömər Koxanın adını da dəyişdirmək istəyirmiş. Səbəb isə xeyli maraqlıdır. Sən demə, yaxın dostu İsa Muğannanın atasının adı da Ömər olub.
- Hətta İsa əmi atam rəhmətə gedəndən sonra da bizə gileylənmişdi ki, İsmayıl mənim babamdan yazıb. Əslində, müəyyən məqamlarda yaradıcı adamın müəyyən bir qısqanclığı olur. Papa da, görünür, ona görə mənə deyirdi ki, bəlkə Ömər adını dəyişim.
Elçin müəllim uşaqlıq illərini xatırlayır. Deyir, həmişə İsmayıl müəllim yazanda otağın qapısını açan kimi deyirdi ki, Elçin, qəmişini çək məndən. Sonralar bu söz zarafata çevrilir. Nə zaman ki, İsmayıl müəllim yazı yazırmış Elçin müəllim qapını açıb, “ata, bəmişimi çəkim?” sualını verirmiş. İsmayıl müəllim də gülüb, “hə, çək” deyirmiş.
İsmayıl Şıxlı işlədiyi və yaşadığı mühit daha çox yazıçılardan, ədəbiyyat adamlarından ibarət olub. Qabil, Məsud Əlioğlu, Bayram Bayramov, Hüseyn Abbaszadə, Salam Qədirzadə və başqaları ilə eyni binada yaşayıblar. İş otağına isə öz dövrünün adamları ilə yanaşı gənc yazıçılar da gəlib-gedirmişlər.
Kitabxanaya göz gəzdiririk. Yazıçının şkaf boyunca sıralanmış həmkarlarının, əqidə dostlarının kitablarına yaxınlaşıram. Dünya ədəbiyyatlı ilə yanaşı Mehdi Hüseynin kitablarını görürəm. İsmayıl Şıxlı Mehdi Hüseyni özünün hocası hesab edirmiş.
- İsmayıl Şıxlı gənc vaxtı yazdıqlarını Mehdi Hüseynə göstərərmiş. Mehdi Hüseyn isə onun kənd yerində meşənin içərisində ədəbi dildə danışan qəhrəmanlarının dilinə irad tutub deyirmiş ki, kənd yerində cavan oğlan “gələrmisiniz”, “gedərmisiniz” deməz.
Belə-belə bir neçə dəfə yazıları geri qayıdan İsmayıl Şıxlı hətta yazıçılıqdan uzaqlaşmaq fikrinə də düşür, nə vaxtsa yazıçı olacağına inamını itirir. Sonralar müəllimi özü onu axtarıb tapır, yazmağa həvəsləndirir, onu qaçıb getməkdə, yazıdan qorxmaqda günahlandırır.
Otaqda İsmayıl müəllimlə bağlı xatirələr yada düşdükcə ovqatımız da dəyişməyə başlayır. Onun əlyazmalarını xəbər alıram. Elçin müəllim deyir ki, əlyazmalarının, demək olar, hamısını arxivə verilib. Və bu sözlərdən sonra bir qədər susur.
- Bilirsiniz, indi mən varam, qardaşım var, bizim övladlarımız var. Az-çox atamla bağlı xatirələr yaşayır, onun əşyaları qorunur. Amma nə zamansa biz də olmayacağıq. İstəyirəm ki, atamla bağlı hər şey gələcəkdəki insanlara çatsın.
Divardan asılan saza diqqətlə baxıram. “Qazaxlı olasan, sazı sevməyəsən” - yarızarafat, yarıciddi deyirəm.
- Bibioğlum sazbənd idi, o bağışlamışdı.
- Özü ifa edə bilirdi?
- Çox zəif bilirdi saz ifa etməyi, amma dinləməyi xoşlayırdı. Aşıq Ədaləti, Aşıq Əkbəri çox sevirdi.
Elçin müəllim bizimlə söhbət edə-edə bayaqdan əl-əl axtardığı siyirmədən atasını bir neçə əlyazmasını tapır. Sən demə hamısını arxivə verməyib. İsmayıl müəllimin barmaqları toxunan, əl izləri düşən vərəqlər doğma məkanda yan-yana qalıb.
Göy cildli bloknotdan saralan vərəqin ortasından xırda və səliqəli xətlə “Dəli Kür” qeydlər sözləri yazılıb. Növbəti səhifədə isə əsərin qəhrəmanlarının adı qeyd olunub: Şamxal, Salatın, Mələk, Əşrəf, Pakizə....
Elçin müəllim fotoqrafı və məni unudur. Atasının əlyazmaları onu alıb uzaq illərə aparır, o, bizə tərəf baxmadan deyir:
- Heç bu siyirməyə baxmamışdım, elə bilirdim, bunları da arxivə vermişik.
İsmayıl Şıxlının əşyalarını tək qoymayan Elçin müəllim otaqda olanda qəribə sakitlik, rahatlıq hiss etdiyini deyir. Qapıdan çıxhaçıxda bir əhvalatı xatırlayır.
- Atam çox nadir hallarda rəqs edərdi. Ağır adam idi. Toylarda ancaq “Ruhani” havasına qol qaldırardı. Oğlumun toyunda “Ruhani” havasını sifariş etdik. Biz o havaya oynayanda mənə elə gəldi ki, atam hardasa bizim ətrafımızda, mənim yaxınlığımdadır...
İş otağından çıxırıq. Otağın işıqları sönür. İsmayıl müəllimin əşyalarının ilıq həniri hopmuş otaqdan biz də sirli bir rahatlıq hissi ilə ayrılırıq.