Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"3-4 deputatı çıxmaq şərtilə oradakılar bircə cümləni düzüb qoşmaq iqtidarında olmayanlardır"



Bu il fevralın 9-u ölkədə növbədənkənar parlament seçkisi keçiriləcək.

 

Milli Məclisin deputatlarının fəaliyyətini ən yaxından izləyən parlament jurnalistləridir. Jurnalistlər yeni parlamentin tərkibini necə görmək istərdilər?

 

“Yeni seçiləcək deputatlardan heç bir gözləntim yoxdur...”

Cenub.az xəbər verir ki, “Moderator.az"saytının baş redaktoru Zülfüqar Hüseynzadə indiyədək deputatlardan xüsusi bir gözləntisinin olmadığını deyir:

 

“Mən nə əvvəlki, nə də gələcək parlament üzvlərindən nəsə gözləmişəm, və gözləmirəm də. Təbii ki, 3-4 deputatı çıxmaq şərtilə oradakıların 90 faizi vərəqi üzündən oxumadan bircə cümləni mübtədadan xəbərə qədər normal düzüb qoşmaq iqtidarında olmayanlardır. Belələrindən nəsə gözləmək zavallılıqdır əslində”.

 

 “Seçicilər deputatlara “acdılar””...

 

“Ədalət” qəzetinin parlament müxbiri Nicat Novruzoğlu yeni seçiləcək deputatların seçiciləri və mətbuatla əlaqələrə xüsusi dqqət yetirmələrini istədiyini deyir:

 

“Deputata seçiləcək şəxslər gələcəkdə əlçatanlığı təmin etsələr daha yaxşı olar. Onlar cəmiyyətin üzləşdiyi  problemləri Milli Məclisdə qaldırmalı və həllinə səy göstərməlidirlər. Eyni zamanda qanunların  tətbiqinə də diqqət yetirilməlidir. Elə problemlər var ki, onların miqyası genişdir. Bu problemlərinə həllinə çalışmaq lazımdır. Ən əsas isə yuxarıda qeyd etdiyim kimi seçiciləri unutmaq olmaz. Onlar deputatlara “acdılar”. Bu mənada ki, dərdlərini, problemlərini öz seçdikləri insanlara bildirmək onlar üçün bir təskinlik, güvən məsləsidir. Bu səbəbdən deputatlar ünsiyyətcil olmalıdırlar ki, insanlar onlarla çəkinmədən, rahat ünsiyyət qura bilsin, problemlərini deməkdən utanmasınlar”.

 

“Deputatın işi yol çəkmək deyil, pul paylamaq deyil...”

 

“Şərq” qəzetinin əməkdaşı Anar Bayramoğlu Milli Məclisin yeni tərkibinin rəngarəng olmasını istəyir:

 

“Bütün siyasi partiyalardan, vətəndaş cəmiyyəti nümayəndələrindən, media təmsilçilərindən layiqli namizədlərin seçilməsi yaxşı olardı. Çünki rəngarəng üzvlərdən ibarət parlament, bizim arzuladığımız, istədiyimiz, qaynar müzakirələrin gedəcəyi, aktivlik göstərəcək parlament olacaq. Yeni seçiləcək deputatlar ilk növbədə seçiciləri ilə yaxın təmasda olmalıdırlar, onların dərdini, problemini dinləməlidirlər. Gücləri çatan, səlahiyyəti imkan verdiyi qədər  problemləri həll etməlidirlər, edə bilmədiklərini aidiyyatı dövlət strukturları qarşısında qaldırmalıdırlar. Hər seçki öncəsi təmsil etdiyi rayona gedib səs istəmək yox, hər ay hər həftə seçicilərinin yanında olmalıdırlar. Məncə hər deputat seçildiyi dairədə yaşasa daha yaxşı olar. Məsələn,Milli Məclisin bir deputatı vardı, Zaqatalanı təmsil edirdi – Hikmət Atayev. Təəssüf ki, faciəli qəzada həyatını itirdi. Hikmət müəllim hər iclasdan sonra, Zaqatalaya gedirdi, bir də iclas günü Bakıya gəlirdi. Bax o cür, insanların içində olmaq lazımdır. Yoxsa Bakıda oturub, məsələn Qazaxa, Yardımlıya və yaxud da Kürdəmirə və s. hər parlament seçkiləri öncəsi gedib səs istəyən deputatlar olmasınlar. O, zaman seçicilərdə də qıcıq yaradırlar, mənəvi haqları da olmur”.

 

A.Bayramoğlu deputatların büdcə müzakirələri zamanı təmsil etdikləri rayonların əyər-əskiklərini hökumət nümayəndələrinin qarşısında qaldırmalı, həllini tələb etməli olduqlarını da qeyd edib:

 

“Bəziləri seçki vaxtı gedib yol düzəltdirir, nə bilim pul paylayır və s. Deputatın işi yol çəkmək deyil, pul paylamaq deyil, yolun çəkilməsi üçün aidiyyatı orqanlar qarşısında problemi qaldırıb, yoluna qoyulmasını tələb etməkdir. Necə deyərlər, seçicilərinin vəkilliyini etməkdir. Çox yaxşı olar ki, yeni tərkib deputatlar milli hisslərə yaxın olan insanlardan seçilsinlər. Bəzən deputatlar gördük ki, tarixi təhrif etməklə ağlına və ağzına gələni danışırdı, dövlətin maraqlarına zidd addımlar atırdı. Bu cür qıcıqlandırıcı, milli hisslərə toxunan, insanların mənəvi dəyərlərini aşağılayan, həssas məsələlərlə əsəbləri tarıma çəkən deputat olmasınlar. Mandatlarının məsuliyyətini dərk etsinlər, danışdıqları sözləri seçərək istifadə etsinlər. Qaldı ki, media ilə əlaqələrinə, jurnalistlərdən qaçmaq yox, onlara danışmaq lazımdır, məlumat vermək lazımdır. Ötən çağırışın bəzi deputatları jurnalist görəndə sanki “xoxan” görürdü, qaçırdı. Jurnalistin deputatdan istədiyi informasiyadır, deputat da zəhmət çəkib informasiya verməlidir. Mətbuata açıq olsalar bu deputatların özləri üçün də yaxşıdır”.

 

“Deputatların media ilə əlaqələri daha açıq olmalıdır”

 

CBC TV-nin əməkdaşı, veb-redaktor Fərəh Sabirqızı yeni seçiləcək deputatların tərəddüd etmədən gündəmdə olan sosial və siyasi məsələlər haqqında da KİV-ə açıqlama verməsini istəyir:

 

“Yeni seçiləcək deputatların seçicilərlə iş prinsipi necə olmalıdırsa, bu, bəllidir - seçicilərin hüquqlarını qorumaq, problemlərinin həllinə yardımçı olmaq onların birbaşa vəzifəsidir. Deputat seçicisini yalnız təbliğat zamanı görməməli, daim yanında olmalıdır. Əgər deputatların media ilə əlaqələrindən danışsaq, bu münasibətlərin daha açıq olmasını istərdim. Yalnız parlamentdəki çıxışlarla kifayətlənməsinlər, gündəmdə olan sosial və siyasi məsələlər haqqında da KİV-də çıxış etsinlər. Əvvəlki çağırış Milli Məclis deputatları arasında bu cür fəaliyyət göstərən, məmnuniyyətlə mediaya çıxan deputatlar vardı. İndi belələrinin sayının daha da çox olmasını arzulardım. Əsas istək isə Milli Məclisin komitə iclaslarının, bəzi toplantılarının işıqlandırılması ilə bağlı son dövrdə TV və agentlik jurnalistlərinə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə bağlıdır”.

 

“Yeni tərkibli parlamentin müasir dövrün çağırışlarına cavab verəcəyini düşünürəm”

 

"Yeni Azərbaycan" qəzetinin əməkdaşı Nardar Bayramlının növbədənkənar keçirilən parlament seçkilərində seçilən deputatlardan gözləntiləri yüksəkdir:

 

“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilir. Bu islahatlar bütün sahələri əhatə edir. Cəmiyyətimiz bu islahatları dəstəkləyir. Təbii ki, islahatlar qanunvericilik sahəsini də əhatə etməli idi və V çağırış Milli Məclisin  buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi də bununla əlaqədardır. İnanırıq ki, 9 fevral seçkisi nəticəsində formalaşacaq yeni tərkibli parlament müasir dövrün çağırışlarına, dövlətimizin başçısının islahatlar kursuna adekvat fəaliyyət göstərəcək. Qəbul olunacaq qanunlar ölkəmizin daha da inkişafına və güclənməsinə töhfələr verəcək. Ümidvarıq ki, 9 fevral seçkilərində seçiləcək millət vəkilləri bu prosesdə fəal iştirak edəcəklər”.

 

“Deputat seçiləcək şəxslər namizəd olduqları ərazini tanımalıdır”

 

“Azvision.az” saytının əməkdaşı Anar Kəlbiyev deputatların daimi olaraq öz seçiləri ilə ünsiyyyətdə olmasını istəyir:

 

“Qanunvericilikdə deputatın necə olması qeyd olunub. Bununla yanaşı hər bir seçicinin deputatdan gözləntiləri olur. Ən əsası deputat seçiləcək şəxs öz ərazisini tanımalıdır. Həmin ərazidə insanların əsas problemlərinin nədən ibarət olduğunu bilmək üçün daim onlarla ünsiyyət saxlamalıdır. Həmin problemləri öyrəndikdən sonra isə onların həll olunması istiqamətində çalışmalıdır. Bunlarla yanaşı gündəmi yaxından izləməlidir, baş verən hadisələrə zamanında reaksiya bildirməlidir. Müasir dövrümüzün tələbi olan sosial şəbəkələrdən aktiv istifadə etməli, lazım gəldikdə seçicilərlə buradan ünsiyyət qurmalıdır.  Təəssüf ki, seçki ərəfəsində özünü aktiv göstərənlərin bəzilərinin sonradan fəaliyyətsizliyinin şahidi oluruq. Ümid edək ki, yeni seçiləcək şəxslər daha aktiv fəaliyyət göstərəcəklər”.

 

“Deputat qanunvericiliyin bütün aspektlərini elementar səviyyədə, öz sahəsini isə dərindən bilməlidir”

 

Oxu.Az-ın əməkdaşı Aqşin Kərimovun fikrincə, deputat qanunvericiliyin bütün aspektlərini elementar səviyyədə, öz sahəsini isə dərindən bilməlidir.

 

A.Kərimov hesab edir ki, deputat populizmdən kənar durmalı, real effekti olan təkliflər verməlidir.

 

O, bəzi müğənnilərin və bəzi aktyorların deputat seçilməsinin də əleyhinədir.

 

“Bəzən hansısa müğənninin, aktyorun deputat olacağı ilə bağlı fikirlər cəmiyyətdə xoş məramla qarşılanır. Amma düşünmək lazımdır, onlar deputat seçilsə, qanunvericiliyə praqmatik dəyişikliklər olması istiqamətində hansı təkliflər verəcəklər? Mövzu ətrafında müzakirələr gedərkən bərk “qışqırıqla” fikirlər səsləndirmək çıxış yolu deyil.

 

Yaxşı olar ki, deputat qanunlardakı boşluqları, problemləri vurğulamaqla yanaşı, alternativ çıxış yolunu da göstərsin”.

 

Jurnalist düşünür ki, deputat seçildiyi dairənin əsas problemlərinin nə olduğunu da araşdırmalı, seçicilərin müraciətləri ilə bağlı operativ və çevik qaydada aidiyyatı qurumlar qarşısında məsələ qaldırmalıdır.

 

“Deputat ictimaiyyətlə icraedici hakimiyyət arasında qərəzsiz və obyektiv vasitəçi olmalıdır”,-deyə A.Kərimov əlavə edib.

 

“Yeni seçiləcək vəkillərdən asfalt deyil deyil, “yol xəritəsi” gözləyirəm”

 

ASAN radionun  baş redaktoru, aparıcı İlkin Kərimov yeni seçiləcək deputatlardan cəmiyyətdə gözləntilərin böyük olduğunu bildiri:

 

“Köhnələrin fəaliyyətindən özləri də razı olmadı və parlament buraxıldı. Milli Məclisin yenidən formalaşmasını zəruri edən səbəblər bir neçə dənədir. Başlıcası - müasir çağırışlarla ayaqlaşmaqdır. Bu təkcə iqtisadi məsələlər deyil, düşünürəm ki, ideoloji, bizi hədəflərə apacaq məqsədlərin reallaşması üçün atılmalı addımlardır. Yeni seçiləcək vəkillərdən asfalt deyil deyil, “yol xəritəsi” gözləyirəm. O “yol” bizi bir millət olaraq da ən güclülərdən etməlidir.  Millətin vəkilliyini etmək – budur əsas gözləntim”.

 

“Yeni seçiləcək deputatların daha aktiv olmasını istərdim”

 

“Etikxeber.az” xəbər saytının baş redaktoru, “525-ci qəzet”in parlament müxbiri Kamil Həmzəoğlu deputatların daha fəal olmasını, ölkə maraqlarının beynəlxalq arenada tanıtmalarını istəyir:

 

“Heç də o fikirdə deyiləm ki, deputatlar yol, su çəkdirməlidir, iş yeri açdırmalıdır. Biz artıq Sovet təfəkküründən, sterotiplərindən uzaq olmalıyıq. Deputatlar qanun yaradıcılığı ilə məşğul olmalı, qanunları zənginləşdirməlidirlər. Millətin maraqlarının təmin olunub, qorunması üçün deputatlar qanunlarımızı təkmilləşdirməlidirlər. Bununla yanaşı seçicilərin hüquqlarını həm parlamentdə həm də yerli səviyyədə qorumalıdırlar. Deputatlar seçicilərin problemlərini parlamentdə dilə gətirməli və həllinə kömək etməlidir. 5 çağırışın hər birində öz işini layiqincə həyata keçirən deputatlarımız da var. Arzu edərdim ki 6-cı çağırışın deputatları köhnə həmkarlarının təcrübəsindən yaxşı mənada istifadə etsinlər.Yəni onlar xalın, millətin həqiqi mənada vəkili olsunlar”.

 

Hazırki cəmiyyətdə insanların mətbuatı günahlandırma kimi qəribə xüsusiyyəti var. Yəni bəzi hallarda jurnalistin əlində səsyazma olduğu şəkildə bəzi şəxslər yalan məlumat yaymaqda günahlandırır. Hansısa problemi işıqlandırırıq, o zaman bu təbliğat hesab olunur və s.  Sizcə bu problemin kökündə nə dayanır? İnsanların mətbuatı günahkar çıxarma istəyi nə ilə bağlıdır? Bu basqının olmasını necə qiymətləndirirsiniz?

 

“Deputat bütün seçicilərinin problemlərini bilməlidir”

 

Report.az” saytının redaktoru İmdad Əlizadə yeni seçiləcək deputatların siyasi baxımdan daha hazırlıqlı olmasını gözləyir:

 

“Növbədənkənar parlament seçkisi Azərbaycanda aparılan geniş islahatların, ciddi dəyişikliklərin qanunverici orqan səviyyəsində də davam etdirilməsi anlamına gəlir. Son kadr təyinatlarına diqqət etsək, görərik ki, Milli Məclisə müasir dünya görüşlü, dünyada gedən prosesləri duyan, çevik təfəkkürlü, səlis nitq qabiliyyətli, hüquqi savadlı, siyasi baxımdan hazırlıqlı insanların seçilməsi labüddür. Deputatlığa namizədliyin qeydiyyat müddətinin başa çatmamasına baxmayaraq, artıq bu statusu qazanmış şəxslər arasında yuxarıda qeyd etdiyim kriteriyalara cavab verən xeyli iddiaçının olduğunu söyləmək olar. Əslində “deputat necə olmalıdır məsələsi” uzun illərdir Azərbaycanda müzakirə olunan mövzulardan biridir. Əvvəlki illərdə Milli Məclisin bir neçə üzvü deputatın necə işləməli olduğuna dair nümunə ortaya qoya biliblər. Baxmayaraq ki, onların sayı o qədər də çox olmayıb. Azərbaycanda qanunverici orqanın üzvləri majoritar sistemlə seçilirlər və hər seçki dairəsinin ərazisində, təxminən, 40 min seçici olur. Deputat bütün seçicilərinin problemlərini bilməlidir. İstər dairənin ərazisində olan ümumi çətinlikləri, istərsə də fərdi problemləri. Amma bunu bilmək kifayət deyil, gərək deputat həmin problemləri Milli Məclisin tribunasından səsləndirməyi, onunla bağlı lazımi orqanlara müraciət etməyi, qanunvericilik təşəbbüsü ilə çıxış etməyi bacarsın”.

 

İ.Əlizadə deyir ki, Milli Məclisin üzvü qanunvericilikdən xəbərdar olmalıdır:

 

“Düzdür, hüquqşünas olmayan şəxslərin bütün qanunları dəqiq bilməsi real deyil. Ona görə də başqa ixtisas sahibi olan deputatların hüquqşünas məsləhətçilərinin olması yaxşı olardı. Bu, Milli Məclisdə müzakirə olunan qanun layihələri barədə tutarlı fikir bildirməyə, qanunvericilik təşəbbüsü ilə çıxış etməyə kömək edər.Deputatın səlis nitq qabiliyyətinə malik olması da vacibdir. Son illərdə Milli Məclisdə baş verən bəzi hadisələr deputatın danışıq qabiliyyətinin olmasının vacibliyini göstərir. Bir də görürsən ki, deputat çıxışa yazılıb, 10 dəqiqə danışır, amma heç nə başa düşmək olmur. Yaxud çıxışı kimsə yazıb verib, hətta onu da oxuya bilmir. Bəzi hallarda isə deputat üçün çıxış hazırlayanlar girirlər internetə, müxtəlif dövrlərdə ayrı-ayrı şəxslərin çıxış və məqalələrindən “copi past” edib deputata “çıxış” hazırlayırlar. Bu “çıxış”da şablon və mənasız, bir çox hallarda isə məsələyə aidiyyəti olmayan söz yığınından ibarət olur. Deputat istər qaldırdığı problem, istərsə də müzakirə olunan qanun layihələri və məsələlər barədə fikirini aydın formada ifadə etməyi bacarmalıdır.Deputatın siyasi hazırlığı da mühüm əhəmiyyət kəsb edir. Milli Məclisin üzvü tapşırıq gözləmədən ölkədə və dünyada baş verən hadisələrə münasibət bildirməli, təmsil olunduğu siyasi düşərgənin mövqeyini qorumağı bacarmalı, opponentlərindən çəkinməməlidir.Hesab edirəm ki, mandatı cibinə qoyandan sonra qaçıb aradan çıxan, seçicilərin günün günorta vaxtı çıraqla axtarıb tapmadığı, aylarla qəbuluna düşə bilmədiyi, 5 il ərzində ağzını açıb 5 dəfə çıxış etməyən, ölkədə və dünyada nə baş verməsindən asılı olmayaraq tükünü tərpətməyən, siyasi savadsızlığına görə danışanda da ailəmi bir-birinə qatan deputatların dövrü bitib”.

 

“İstərdim ki, yeni seçiləcək deputatlar əvvəlkilərdən öz bilik və bacarıqları, dünyagörüşü, xüsusən də təşəbbüskarlığı ilə fərqlənsinlər”

 

“Olaylar.az” saytının əməkdaşı Alim Hüseynli deputatların daha təşəbbüskar olmasını istəyir:

 

"Heç şübhəsiz ki, yeni seçiləcək deputatlar arasında intelektual səviyyəsi yüksək olanlar kifayət qədər olacaq. Lakin milli və dövlət maraqlarını təmin edən qanunvericilik bazasının yaradılması üçün sadalanan xüsusiyyətlər kifayət etmir. Odur ki, arzu edərdim ki, yeni seçiləcək deputatlar fəal, ən əsası isə təşəbbüskar olsinlar. Fəallıqları o dərəcədə yüksək olsun ki, bizim “aktiv” və fəal” deputatları müəyyən etməyə ehtiyac qalmasın”.

 

“Namizədlərin qeydiyyatına baxanda görürük ki, yeni formalaşacaq parlamentin tərkibi əvvəlkindən bir o qədər də fərqlənməyəcək...”

 

“Unikal.org” saytının əməkdaşı Hüseyn İsgəndərov yeni seçiləcək deputatlardan elə də ciddi bir gözləntisinin olmadığını deyir:

 

“Ancaq müəyyən dairələrdəki namizədlərin siyahısına baxanda, görürürük ki, orada  müasir düşüncəli, innovativ biliklərə sahib gənclər qeydiyyata alınıblar. Məncə bu cür gənclərin seçilməsi parlamentin imicinə də müsbət təsir göstərər. Onların necə fəaliyyət göstərməsinə gəlincə çox istərdim ki, əvvəlkilərdən fərqli olaraq öz seçiciləri ilə daim sıx əlaqədə olub, onların problemlərini aidiyyatı qurumlar qarşısında qaldırsınlar.Milli Məclisin keçmiş tərkibində elə deputatlar var idi ki, seçiciləri beş ildə bir dəfə də olsun, onların üzünü görməmişdi. Bundan başqa bəzi millət vəkilləri də var idi ki, yeni hazırlanan qanun layihələrinə münasibət bildirmirdilər. Onların fəaliyyətləri formal xarakter daşıyırdı.Məncə yeni seçiləcək deputatlar sadaladığım amilləri nəzərə almalıdılar.Onlar Milli Məclisdə qanunvericilik təşəbbüsü ilə çıxış etməli, seçicilərin problemlərinin aradan qaldırılması istiqamətində konkret addımlar atmalıdırlar”.(modern.az)






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10