Və ya gəlin, adam öldürənlərə bir litr viski içirdək
Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən.
Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”
Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.
Oxucuların diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.
Əslində, bu gün mən həftənin mövzusu olaraq Azərbaycanda keçirilən bələdiyyə seçkilərini seçmişdim. İstəyirdim, oxucuları seçkilərdə artıq lətifə səviyyəsinə gəlmiş məqamlarla tanış edəm: neçə ildir arvadı ölmüş, amma hələ də seçki vaxtı qadını səs verməyə gələndə yaxalamağa çalışan kişidən, bülletenlərdəki adları yaşadığı ərzidə heç kimə məlum olmayan namizədlərdən, seçkiyə qədər seçicisinə heç bir vəd verməyən, görüş keçirməyən, lakin bələdiyyə üzvü seçilən insanlardan və ən nəhayət, bu mənasız işə xərclənən milyonlarla manat dövlət vəsaitindən.
Amma baş verən bir hadisə məni fikrimdən yayındırdı. Bayram günlərini yaşadığımızı da nəzərə alsaq, hesab etdim ki, bu məsələ seçki məsələsindən heç də az əhəmiyyətli məsələ deyil. Söhbət içki məsələsindən gedir.
Mən dünyəvi dövlət olan Azərbaycanda şəriət qanunlarının bəzilərini tətbiq etməyin tərəfdarıyam. Hesab edirəm ki, həyatımızın bəzi məqamlarında bu addım qaçılmazdır - minlərlə insanın həyatını xilas etmək üçün. İçki mövzusu barədə danışarkən şəriət qaydalarını yada salmağımı səhv başa düşməyin: namaz qılmasam da, Allahımı tanıyıram, bununla yanaşı içən və içməyənin də insah haqqına hörmətlə yanaşıram. Dionis və Baxusun dünyasından uzaq adam olsam da, arada, səbəb olanda, mən də dostlarla bir neçə qədəh toqquşdurmağı sevirəm. Belə demək olar ki, liberal Allah adamıyam.
Amma Vallah-billah, bəzi şəriət qaydalarını tətbiq etmək lazımdır. Axı niyə?! Niyəsini izah edim.
Son günlər medianın manşetlərində yer alan xəbərlər sırasında ucuz olmayan restoranlarda ucuz sayılmayan içkidən zəhərlənən və hətta ölüm hallarına qədər apaprıb çıxaran hadisələri nəzərdə tuturam bu yazıda, əziz oxucu. Yada salım ki, ötən həftə Səhiyyə Nazirliyi, Baş Prokurorluq və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin çox qəliz dildə yazılan (sanki, kimsə bunların mətbuat xidmətlərinə xüsusi tapşırıq verir: elə qəliz yazın ki, heç kim heç nə başa düşməsin) birgə məlumatı yayıldı. Bütün qanuni terminləri kənara qoysaq, məlum olur ki,
Bakı şəhər sakinləri Sərxan Bayramov dekabrın 23-də, Mustafa Mustafayev isə dekabrın 24-də “kəskin peroral metil spirti ilə ağır dərəcədə zəhərlənmə” diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib və orada vəfat ediblər. Eyni diqanozla Cəlal Həmzəyev, Sənan Teymurov, Elvin Teymurov və Nurlan Nəbiyev də xəstəxanaya yerləşdiriliblər.
Məlum olub ki, adları çəkilən insanlar paytaxtın Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən “Baku Voice Rooms”, Nəsimi rayonu, Tbilisi prospektində yerləşən “Baku City”restoranlarında, vəfat etmiş Mustafa Mustafayev isə Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Everest” restoranında, heç də ucuz sayılmayan “Chivas Regal 12” markalı viski qəbul edəndən sonra halları pisləşib. Sən demə, bu viskiləri adları çəkilən restoranlara “Baku City” restoranının müdiri Füzuli Alıyev və sonuncunun tanışlığı ilə “Everest” restoranına Xəyal Cəfərov ucuz qiymətə satıb.
Bu viski məsələsini araşdıranda isə bəlli olub ki, vətəndaş X.Cəfərov kustar üsulla asan pul qazanmaq üçün Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində ikimərtəbəli ev icarəyə götürüb və rahatca burada camaatın evini yıxırmış: baxış zamanı 2 ədəd “Chivas Regal 12” adlı boş viski şüşəsi, 9 ədəd satış üçün nəzərdə tutulmuş qaydada qablaşdırılmış halda “Kremlevskie Kuranti Premium” araqlarının boş şüşələri, 8 ədəd araq və viski spirtli içkilərinin qarışdırılmaqla hazırlanması və sonradan ayrı-ayrı boş şüşələrə doldurulması üçün istifadə edilmiş 5 litr həcmli, içərisində araq və viski qalıqları olan plastik qablar, çoxsaylı araq və viski spirtli içki şüşələrinin qapaqları, şüşələrin üzərinə vurulan, qapaq və etiketlərin bərkidilməsi üçün istifadə edilmiş 4 ədəd hava fen və digər əşyalar aşkar edilərək maddi sübut kimi götürülüb.
Bundan başqa, X.Cəfərovun istehsal etdiyi spirtli içkilərin boş şüşə və qapaqlarını aldığı Səxavəddin Həsənova məxsus Binəqədi rayonu, Azadlıq prospekti 161a ünvanında olan anbara baxış zamanı orada “Chivas Regal 12”, “Chivas Regal 18”, “Chivas Regal 21”, “Jameson”, “Grands”, “Jack Daniels” adlı və s. viski, “Nemirov”, “Ruskiy Standart”, “Belyuga”, “Grey Gouse”, “Minsk”, “Qu Quşu”, “Region”, “Grey Cardinal” adlı və s. araq, “Patron”, “Olmega”, “Siera”, “El Chapo” adlı tekila, “Henessy” və “Remy Martini” konyak və başqa növdən olan 10 min ədəddən artıq spirtli içkilərin öz qutularında, səliqəli şəkildə qapaqları ağızlarına taxılı vəziyyətdə boş şüşələri, həmçinin müxtəlif növ spirtli içkilərin qablaşdırılması üçün nəzərdə tutulmuş qapaqları aşkar olunub.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunan “Chivas Regal 12” spirtli içki nümunələrinin sınaq nəticələrində yüksək toksiki təsirə malik metil spirtinin həcm payının normadan dəfələrlə yüksək olduğu (76,6%) və bu içkilərin insan həyatı üçün təhlükəli olduğu aşkar olunub.
Və nəticə: bayramqabağı iki ailə bayram sovqatlarının yox, hüzür yeməklərinin bişirilməsi ilə məşğuldur. Bir neçə ailə isə xəstəxana yollarında qalıb. Camaat almaq üçün bayram yolkası axtarırdı, onlar isə ya qəbir yeri, ya da dərman axtarışında oldular.
İndi oxucu deyəcək ki, bütün bunları oxumuşduq və bütün bu deyilənlərin şəriətə nə dəxli var? Mən içkinin qadağan edilməsinə, içənləri şallaqlamağa filana çıağırmıram. İndi bu həbs edilənlər iş alacaq, pulları olduğu üçün içəridə bəy balası kimi dolanacaq, ideal məhkəmə sistemimiz də imkan verəcək ki, həbs müddətinin üçdə ikisini çəkdiklərinə, özlərini yaxşı apardıqlarına görə azad olunsunlar. Və çıxan kimi yenə başlayacaqlar öz işləri ilə məşğul olmağa – növbəti ölümə qədər.
Mən deyirəm ki, gəlin, ölkəyə saxta qida məhsulları gətirənləri, kustar üsulla qida və içki istehsal edənləri şəriət qaydaları ilə cəzalandıraq. Avropa, Qərb bizi qınamasın deyə, adını başqa cür qoyaq, amma bu qaydaları məhz qida məhsulları məsələsində təbiq edək. Şəriətin işlədiyi ölkələrin birində kişi qadının üzünə “kislota” töküb onu kor və şikəst edir. Məhkəmə qərar çıxarır ki, həmin qadın da kişinin üzünə “kislota” töksün. İndi təsəvvür edin ki, məhkəmənin qərarı ilə bu viskidən ölən adamların övladı həmin viskini istehsal edənə və satanlara içirdir. Ya da saxta yağlarla və digər məhsullarla anamızı ağladan istehsalçılara və onların ailəsinə uzun müddət bu məhsulları yedirdirsən.
Düzdür, liberal deyil, amma ədalətlidir və daha təsirli metoddur. Bundan sonra hansı insan özünü və ailəsini riskə ataraq, saxta məhsulla pul qazanar? Bəlkə yoxlayaq? Niyə də yox?!
ayna.az