Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Eyni vaxtda evli olduğu kişilər onun yasında tanış oldular


 “Həyatı film olanlar” layihəsində amerikalı yazıçı Henri Miller haqda çəkilən iki filmi təqdim edirik.
Alman mühaciri ailəsində doğulan Henri Millerin (1891-1980) əsərləri dövründə qalmaqallar doğurub. Hazırda 100 ən yaxşı romandan biri sayılan “Xərçəng tropiki” (1934) daha çox avtobioqrafikdir, yazıçının Parisdəki çətin həyatını anladır. Romanda şüur axını fəndindən istifadə edən yazıçı bu əsərini birinci şəxsin dilindən yazıb. “Xərçəng tropiki” müəllifin seksual təcrübəsinin açıq, ifadəli təsvirinə görə Amerika və İngiltərədə qadağan olunub. Amerikada yalnız 1960-cı ildə məhkəmə prosesindən sonra romanın nəşrinə icazə verildi. Konseptual roman sayılan “Qara bahar” sənətkarın tənhalığı, həyatın, sevginin mənasını axtarmaq cəhdləri haqdadır. O, əsərini “kainatın üzündə çapıq qoymaq cəhdi” adlandırıb. “Oğlaq bürcü” əsərində qəhrəmanın özünü yazıçı kimi axtarması, arvadı Cun ilə münasibəti əsas xəttdir. Bu roman da Amerikada 1961-ci ilədək intim təsvirlərə görə qadağan edilmişdi.
...Henri Miller məktəbi bitirdikdən sonra universitetdə daxil ola bilməyib, Nyu-York şəhər kollecində incəsənət tarixi ilə bağlı kurs keçib. Daha sonra Kaliforniyada sitrus plantasiyalarında işləyib. Burda siyasi aktivist və yazıçı Emma Qoldmanın mühazirələrində iştirak edib, Nitsşe, inqilabçı anarxist Pyotr Kropotkinin əsərləri ilə tanış olub.
Gallery
1924-cü ildə rəqqasə Cun Edit Smitlə evliliyi Millerin yaradıcılığına təsir edir. Cunun təkidi ilə Miller ancaq yazıçılıqla məşğul olmağa başladı. Henri və Cun tez- tez psixoanalizin, seksual azadlıqların müzakirə olunduğu klublara gedirdilər. Sonradan Cunun rəssam Cin Kornski ilə romanı başlayır. Mara adı ilə tanınan bu qadın Millerlərin mənzilində yaşayır. Henri seks münasibətlərində mühafizəkar idi və qadınlar arasında ehtimal etdiyi lesbi sevgini çətin qəbul edirdi. Qadınlar ondan xəlvəti Parisə gedirlər. Ancaq Cunla Maranın münasibətləri alınmır, o, yenidən ərinə qayıdır.
Cun təkid edir ki, əri “Ağlını itirmiş xoruz” əsərini Parisdə bitirsin. O, Parisdə yazıçılar Alfred Perle, Maykl Frenkellə, Anais Ninlə tanış olur. Ninin zənginliyi onu maddi problemlərdən xilas edir. “Xərçəng tropiki” əsəri 1934-cü ildə Ninin ön sözü ilə yayımlanır. Yazıçılar arasında eşq macərası yaşanır. Nin savadsız və vulqar Cunun əksiydi. Miller intellektual ailədə böyümüş Ninə heyran idi. Sevgiləri bitsə də, onlar ömürlərinin axırınadək dost qalıblar.
Cun Millerdən Nyu-Yorka geri dönməyə xahiş etsə də, o razılaşmır. Cütlük ayrılır və yalnız 1940-cı ildə Amerikaya qayıdan Miller daha bir neçə uğursuz evlilik yaşayır. Uzun illərdən sonra 1961-ci ildə o, Cunla görüşür. Cunun fiziki və psixi baxımdan dəhşətli vəziyyəti Milleri şoka salır. Onlar daha görüşmür. Amma Miller ona maddi baxımdan həmişə kömək edir.
Gallery
Layihədə Henri Miller haqda təqdim edəcəyimiz ilk film fransız rejissoru Klod Şabrolun “Klişidə sakit günlər” (1990) filmidir. Film Millerin eyni adlı avtobioqrafik əsəri əsasında ekranlaşdırılıb. Yeri gəlmişkən, onun həyatını ekrana gətirən ilk rejissorlardan biri danimarkalı Yens Yorgen Torsen olub. Torsen bu avtobioqrafik əsər əsasında filmi 1970-ci ildə lentə alıb. Amma Şabrolun rejissor kimi əhəmiyyətini nəzərə alaraq layihədə məhz onun versiyasının üzərində dayandım.
“Klişide sakit günlər” Şabrolun digər filmlərindən seçilir. Yeni fransız dalğasının yaradıcılarından biri, Hiçkokun, Fritç Langın, Ernst Lyubiçin kinematoqrafiyasından təsirlənən Şabrol kriminal triller janrında özünün təkrarsız üslubunu yaradıb. Onun filmləri adətən şəhər, ya təbiət iddilliyasının təsvirləri ilə başlayır. İdillik təsvirlər tədricən, işgəncəylə, cinayətlə, iyrənc hadisələrlə yüklənməyə başlayır. Şabrol əsərlərində müasir ailə institutunun riyakarlığına vurğu edir.
Gallery
Bu filmində isə rejissor 1930-cu illər Parisində yaşayan Millerin (Endryu Makkarti) seksual təcrübəsini önə çəkir. Ancaq digər filmlərində olduğu kimi burda da insanın ibtidai, heyvani instinktlərini araşdırır. Şəxsi həyatından sıxılan, uğursuzluqlarını unutmaq istəyən yazıçı erotik fotolar çəkən polyak fotoqrafı Karlla (Naycel Hevers) tanış olur, onunla birlikdə bordellərdə, barlarda gün keçirir, hedonist həyat yaşayırlar. Onun həyatında ancaq seks, qadın bədəni var və bunlar ancaq fiziki anlam daşıyır. Şabrol o dövrün ab-havasını – bohem həyat tərzini (yaradıcı mühitə məxsus adamların maddi dəyərlərə önəm verməyən, ümumi qaydaları rədd edən azad həyat tərzi) dolğun vermək üçün qırmızı rəng həllinə, parlaq, gözqamaşdıran interyerlərə, erotik rəqslərə söykənir. Bohem həyat tərzi reallıqdan qopmaq, ağrılarını unutmaq istəyən insanların dekadentliyi kimi də ifadə olunur. Amma eyni zamanda dekadentlik gündəlik həyata alternativ yaşam tərzi - protest kimi də meydana çıxır.
Filmdə əhvalat qocalmış Millerin dilindən danışılır. Gəncliyinə olan xiffət onu xəyalən Parisə qaytarır.
Müəllif dövrün siyasi dəyişikliklərini də təsvir edir: Almaniyada Hitlerin hakimiyyətə gəlişini, siyasi toqquşmaları, faşistlər və kommunistlərin qarşıdurmasını. Rejissor maraqlı qadın obrazları yaradır: Bodleri sevən, şeir yazan bir qadın vəcdə gələrək Milleri və dostunu öldürmək istəyir. Parisə nifrət edən fahişə isə ekzistensial xiffət yaşayır.
Film onunla bitir ki, Miller sonda bordelə gələrək rəqs edir.
Amerikalı rejissor Filip Kaufmanın “Henri və Cun” (1990) filmi yazıçı Anais Ninin eyni adlı memuarı əsasında çəkilib.
Əhvalat 1930-cu illərin Parisini təsvir edir. Gənc yazıçı Anais Nin (Mariya de Medeyruş) ingilis yazıçısı Devid Lourens haqda kitab yazır. Lourens ingilis ədəbiyyatının əhəmiyyətli nümayəndələrindən sayılır, onun 1928-ci ildə yazdığı “Ledi Çatterleyin məşuqu” romanı əxlaqsızlıq damğası vurularaq, intim səhnələrin detallı təsvirinə, acıq-saçıq ifadələrə, əhvalatın məğzinə görə bəzi ölkələrdə uzun müddət qadağan olunub.
Gallery
Nin eyni zamanda özünün seksual təcrübəsini, erotik fantaziyalarını gündəliyində qələmə alır. O, daima yeni sevgililər, ona həyəcan gətirən erotik münasibətlər axtarışındadır. Günlərin birində Parisə amerikalı yazıçı Henri Miller (Fred Uord) gəlir. Bank işi ilə məşğul olan ərindən sıxılan Anaisi Millerin düşüncələri cəlb edir. Zəngin həyat tərzi keçirən qadın romantik, sentimental, Miller isə əksinə, sinik və vulqardır. Onların sevgi macərası başlayır və sonradan münasibətə Millerin son dərəcə seksual, gözəl arvadı Cun (Uma Turman) da daxil olur. Və beləliklə, ikili münasibət məhəbbət üçbucağına keçir.
Kaufman da Şabrol kimi daha çox seksual məsələlərə diqqət çəkir. Əgər Şabrolun filmində seksuallıq hedonizmdirsə, Kaufmanın ekran işində, daha çox Anaisin simasında seks – fərdin öz bədənini, intimliyini tanımaqdır. Anaislə münasibət Millerə yaradıcı çıxılmazlıqdan qurtulmağa kömək edir. Lesbi münasibətlərin də yer aldığı ekran əsərində açıq səhnələr yüksək estetika ilə lentə alınıb. Təsadüfi deyil ki, film məhz operator işinə görə “Oskar” mükafatına nominant olub.
Yuxarıda dediyim kimi Cun Millerin yazıçı kimi formalaşmasında rol oynayıb. Bir epizodda Cun ərinin yeni əsərini oxuyanda, onun obrazını romanda yaxşı vermədiyinə görə qəzəblənir: “Mən Dostoyevskinin əsərlərindəki kimi olmaq istəyirəm. Məni gözəl personaj elə”. Miller isə “Sənin kimi qadınla kimsə Dostoyevski ola bilməz” deyir.
Gallery
Filmdə Anaslə Millerin yazıçı kimi rəqabəti təsvir olunur. Hər iki yazıçı Cunun daha realist obrazını yaratmaq barədə bəhsə girirlər. Miller Anaisi melodramatik olduğuna görə tənqid edirdi. Anais isə onun tənqidinə qısqanclıq kimi yanaşırdı. Ümumiyyətlə, film həm Millerin, həm Anais Ninin yaradıcılığına maraq oyadır.
Filmdə eyni zamanda maraqlı ədəbi mübahisələr, səssiz filmlərdən sitatlar var. Qəhrəmanlar kinoteatrda Karl Dreyerin “Janna Darkın iztirabları”, Luis Bunuelin “Əndəlus köpəyi”, avstriyalı rejissor Leontine Saqan “Uniformalı qızlar” (kino tarixində ilk lesbi film) filmlərini izləyirlər. Luis Bunuelin oğlu Xuan Bunuel ilk epizodlardan birində naşir rolunu oynayır.
Kaufman Anais Ninlə hələ 1962-ci ildə tanış olmuşdu. İkinci Dünya Müharibəsi başlayandan sonra Nin tamamilə Fransadan köçür, Nyu-Yorka yerləşir, burda özünün yaradıcı ambisyalarını reallaşdırır.
Özünün açıq-saçıq romanları ilə məşhur olan Nin erotik motivli gündəliyini 11 yaşından yazmağa başlayıb. Və ömrünün sonuna kimi onu yazmağa davam edib. Əri Huqo ona pərəstiş etsə də, Anais özünü xoşbəxt saymırdı. O, gündəliyində yazırdı: “Adi, güdəlik həyat məni maraqlandırmır. Mən onun daha yüksək təzahürlərini, ifadəsini axtarıram. Sübut eləmək istəyirəm ki, düşüncə, fikir sonsuzdur, dünya çoxölçülüdür. Indi mən yaşadığımı hiss eləmirəm”.
Gallery
Anaisin dövrünün nəbzini tutmaq istedadı vardı. O, dəb olan mövzulardan yazırdı. Məsələn, psixoanaliz 1930-cu illərdə dəb idi və Anais bu barədə yazırdı. Onun şüarı “Fəth eləmək və atmaq” idi. O, gənc nəslin mənəvi liderinə çevrilmişdi, feminizm, seks, homoseksualizm, narkomaniya haqda mühazirələr oxuyurdu. 1977-ci ildə bestsellər olan “Veneranın deltası” adlı erotik hekayələr toplusunu nəşr etdirir. Elə həmin il şöhrətinin zirvəsində xərçəngdən ölür.
Anais Nin eyni zamanda iki kişi ilə evli olub. Amma kişilərin bundan xəbəri olmayıb. 1955-ci ilə özündən 16 yaş balaca aktyor və tənqidçi Rupert Pola ərə gedir. Əri Huqo ilə nikah pozulmadığı üçün bu evlilik qeyri-qanuni idi. Anaisin ölümündən sonra onun ikinci əri olduğunu bilən Huqo sarsılır. Hər ikisi Ninin ölümündən sonra tanış olurlar.
Bir çox tənqidçiyə görə Nin qadın erotik ədəbiyyatının ən yaxşı yazarıdır.
Onun yazıçı sevgililəri arasında Henri Millerdən başqa, fransız yazıçısı, teatr nəzəriyyəçisi, rejissor Antonin Arto, amerikalı yazıçılardan Edmund Uilson, Qor Vidal və başqaları olub.
KULIS





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10