Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dağılan tifaq||--||


Dağılan tifaq||--||

 


Sərçənin də ölümünə qıymazdı


6 yaşından himayəsində yaşadığı, özünə doğma anası kimi əziz bildiyi dayısı arvadı Gülsüm xanımın göz yaşları içində dedikləri:

- Heç vaxt onu balalarımdan ayırmadım. Onu böyük oğlum bilirdim O qədər gülərüz, xoşxasiyyət, rəhmli, səxavətli idi ki... hətta sərçəyə tələ quranda yalvarardı ki, söküm. Deyirdi, yazıqdır, onu da Allah yaradıb.

... Bu o qədər qəmli hekayətdir ki, ən buz ürəklilər də onu sakitliklə dinləyə bilmir. Ömrü boyu qəlbində ana nisgili, ata həsrəti daşıyan, daim üzü gülən, qəlbi ağlayan, hələ aşağı siniflərdən şeirlər, hekayələr qaralayan, gözəl rəsmlər çəkən, kəndin ən ucaboy gənclərindən sayılan İbrahim (onun boyu 1,88 metr olub) bir saatın içində, təsadüfi bir ölümün qurbanı oldu.


İbrahimin tərcümeyi-halı cəmi bir neçə cümləyə sığır - 6 aprel 1991-ci ildə Cəlilabad rayonunun Ocaqlı kəndində anadan olub. 6 yaşı olanda anası yanğın nəticəsində dünyasını dəyişib. Atası bundan sonra kənddən gedib, başqa yerdə ailə qurub. İbrahimi ana nənəsi və dayısı böyüdüb. 2010-cu ildə hərbi xidmətə gedib. Bir aydan sonra kəndə ölüm xəbəri və tabutu gəlib.


İbrahim hərbi and içməmiş hərbidə nədən öldü?

Bir ayın əsgərinin ölümünün rəsmi səbəblərini Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Abbas Şirinov belə açıqlayıb: Həkimin ilkin rəyinə görə, əsgər Əliyevin vəfatına damardan qan sızması ilə müşahidə olunan kəskin iltihab səbəb olub. Onun Donuz qripindən vəfat etməsi haqda deyilənlər doğru informasiya deyil. Meyiti Ocaqlıya gətirən zabitlər isə ailəyə bildiriblər ki, guya əsgər fevralın 4-də sırada durarkən birdən-birə halı dəyişib. Onu dərhal hansısa hospitala və yaxud xəstəxanaya götürüblər və əsgər orada vəfat edib. Meyit həmin yerdə yarılıb və ilkin rəylə ölüm haqda tibbi arayış verilib. Arayışda əsgərin qaraciyər ödemindən vəfat etdiyi yazılıb.

Yaxınları isə bunu cəfəngiyat adlandırır. Dayısı bildirdiyinə görə İbrahimin ölümü bir dərddirsə, onun ölüm səbəbinin saxtalaşdırılması başqa bir dərddir. Balamız belə ağır xəstə idisə, onu niyə hərbi xidmətə apardılar. Amma hamımız bilirdik ki, İbrahim sap-sağlam oğul idi. Qaraciyər xəstəsi ağır iş görə bilməz, təngnəfəs olar. İbrahim isə mişar daşlarını oyuncaq kimi oynadırdı. Bəziləri İbrahimin döyülərək öldürüldüyünü iddia etsə də, bu da inandırıcı deyil. Adının çəkilməsini istəməyən şəxslər bizə bildirdilər ki, hərbiyə yeni gələn gənclərə Donuz qripinə qarşı peyvənd vurulub. Bu iynə vurulandan bir qədər sonra şok verib və o, dünyasını dəyişib. Buna görə onun meyitində döyülmə əlamətləri olmasa da, su çiçəyinə bənzər xeyli ləkələr və yaralar var idi.

Cəlilabad rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, əsgər Ibrahim Əlifağa oğlu Əliyev hərbi xidmətə çağırılan vaxta qədər xəstəxanaya sağlamlığı barədə müraciət etməyib. Ümumiyyətlə, mərhumun nə uşaq vaxtı, nə də ki yetkinlik yaşında rayon tibb müəssisələrində müalicə olunması və yaxud həkimlərə müraciət etməsi barədə heç bir məlumat yoxdur. Əsgər I. Əliyev tam sağlam və hərbi xidmətə tam yararlı gənc olub.

Eyni fikri Ocaqlı kənd xəstəxanasının baş həkimi Aydın Cəfərov da bildirir: Ibrahim bizim xəstəxanaya heç zaman müraciət etməyib. Uşaq vaxtı da sağlam olub. Valideynlərini də yaxşı tanıyıram. Yaxşı nəslin nümayəndəsidir. Tərbiyəli və qabiliyyətli idi.

Cəlilabad rayon hərbi komissarlığının həkimi Kamil Hüseynov da bizimlə söhbətində mərhumun orqanizmi haqda ancaq xoş sözlər işlətməyin mümkünlüyündən danışdı: Ibrahimin 78 kq çəkisi, 1.88 metr boyu olub. O, tam sağlam halda xidmətə yola salınıb, heç bir xəstəliyi olmayıb.

Azadlıq qəzetinin bu barədə verdiyi yazıdan

Mərhumun dayılarından biri dedi ki, az əvvəl onlar hərbi hissədə bir nəfərlə söhbətləşib. Həmin şəxs gənc əsgərin ölümünün səbəbini danışıb: O bizə dedi ki, Ibrahimgilə həmin gün iynə vurulub. Nə iynəsi olduğu bilinmir. Iynə vurulandan heç on dəqiqə keçməmiş Ibrahim elə sıradaca keçinib. Çox güman ki, Ibrahim anaflaktik şok keçirib. Həkimlər isə onu bu vəziyyətdən çıxara bilməyib.

Dayısı Əliqulu:- Ibrahim ölümündən bir neçə gün əvvəl evə zəng vurub bildirdi ki, hər şey normaldır. Biz bu nisgilli balamızın ölümünə bais olan şəxslərin cəzalanmasını tələb edirik və təkidlə də tələb edəcəyik. Ordu rəhbərliyi bunun üçün cavabdehlik daşıyır. Qədim bir rəvayətdə deyilir ki, əgər hər hansı bir məmləkətdə bir qurd bir quzunu yeyirsə bunun da günahkarı hökmdardır-yəni, o ya quzunun təhlükəsizliyini təmin edə bilməyib, ya da elə şərait yaradıb ki, qurd lazım olduğundan çox qudurub.

... Biz Ocaqlıya İbrahimin 7 mərasimi verilən günü getmişdik. Dayıları, digər qohumları ilə xeyli söhbət etdik. Xüsusən onu öz himayəsində böyüdən 80 yaşlı Ağanisə nənəni, onu öz balalarından ayırmayıb böyüdən dayısı arvadı Gülsüm xanımı dinləmək çox ürəksızladan idi.

80 yaşlı Ağanisə nənə (dünyaya 13 övlad gətirən bu qadın Qəhrəman anadır) göz yaşları üzündəki qırışlardan süzülə-süzülə - Balam rəssam olmaq istəyirdi. Daim şəkil çəkirdi. Ağac əkməyi, gül əkməyi o qədər xoşlayırdı ki, bütün həyət-bacanı yaşıllığa qərq etmişdi. Heç kimi özündən incitməzdi. Ürəyi qubarlı olsa da, üzü həmişə gülürdü. Tanımayan elə bilərdi ki heç dərdi-səri yoxdur

Onu böyüdən Gülsüm xanım:

- O qədər səxavətli idi ki, hərbi xidmətə gedəndə qohum-tanış cibinə nə qədər pul qoymuşdusa hamısını dostlarınıa xərcləyib, ya da kənddəki atasız-anasız uşaqlara bağışlamışdı. Bir neçə qol saatı var idi, onları da dostlarına paylamışdı. Kənddə nə qədər kimsəsiz, imkansız uşaq var idi, onlara daha çox yardım edərdi. Onlara həmişə deyərmiş ki, mən bilirəm anasız böyümək nə deməkdir. O gah aktyor, gah rəssam, gah da şair olmaq istəyirdi.

...Biz İbrahimin 7-sindən qayıdanda onun yaxınları bizə 40 səhifəlik dəftər verdi. Bu İbrahimin 16-17 yaşında yazdığı şeirləır idi. Təbii ki, peşəkar yaradıcılıq nümunəsi olmasalar da bu şeirlərdə və hekayələrdə o qədər nisgil, qubar var idi ki. 5 hekayədə sanki öz tərcümeyi-halını qələmə alıb. Nə yazıbsa, hamısında bir ana nisgili var. Hərdən isə anasının dilindən də yazıb.

Sonuncu hekayəsində isə balaca qeydlə bitirib; ardı var... lakin o heç vaxt bu hekayənin ardını yaza bilməyəcək.

Şeirlərində isə nəinki kədərlni canlandırıb, sanki ölümünü də duyub:

Anam öldü cavankən,

Yetim qaldım cavankən,

Ölüm Allah işidir

Bəlkə öldüm cavankən.

...Bircə sevgi şeiri olmasa da, Vətən, Qarabağ, dostluq, mərdlik, ətrafdakı haqsızlıqlar barədə çoxlu şeirləri var. Dayıları deyir ki, hələ oktyabrda təkidlə deyirdi ki, mütləq hərbi xidmətə gedəcəyəm. Rusiyadakı dayıları onu özü ilə yanlarına aparmaq istəyirdi. O isə təkidlə deyirdi ki, hərbi xidmət edim, sonra. Mənim bu vətənə borcum var. Həm də onu ana kimi böyüdən Gülsümə xanıma deyirmiş ki, bu vaxta qədər sən məni böyütdün, bundan sonra mən səni saxlayacağam.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10