Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Nəriman Əliyev yenə millət vəkili olsun, olmasın?



Əhəd Abıyev Nəriman Əliyevin millət vəkili olmasına necə “kömək etdi” və yaxud, indi N. Əliyevə baxanlar niyə Ə. Abıyevə şükür edirlər?

“Yaxşı deputat” masallılar üçün çoxdan öz dəyərini bitirib. Çünki, ən azından son 20 ildə Masallıdakı seçki dairələrindən deputat vəsiqəsi alanların heç biri bu adını ucalığında dayana bilməyib.

Məmmədəmin Rəsulzadənin, Əlimərdan Topçubaşovun, Fətəli Xan Xoyskininyaratdığı Ziya Bünyadov kimilərinin haqq səsini ucaldığı parlamentində əyləşməli olan kişinin bunu haqqı olmalıdır. Parlament hər hansı ticarətçinin meydanı deyil.

 

Nəriman Əliyev də 9 il öncə Milli Məclisə doğru qanad açanda seçicilər çox biganə idi. Çünki, Əhəd Abıyev 15 il Milli Məclisdə deputat kürsüsündə əyləşdiyi illərdə onlarla masallılının haqqını tapdalamış - kiminin əmlakını almış, kimini vəzifə vədi ilə oyuna salmış, kimini yersiz məhkəmə çəkişmələri ilə bezdirmişdi. Hələ ürək bulandıran çılxışlarını demirik. Belə məqamda Nəriman Əliyev yox, kimsə deputatlığa can atsaydı, ona çox da problem olmazdı. Ə.Abıyevin Nəriman Əliyevə “köməyi” bu oldu.

Nəriman Əliyev Milli Məclisə ayaq basan kimi “lal” və “lalabənzər”deputatların sırasında yer tutdu.

Xüsusən digər masallılı deputat Elmira Axundovanın odlu-alovlu çıxışları ilə müqayisədə Nəriman Əliyevin susqunluğu çox miskin görünürdü. Məhz belə məqamda rəhbərlik etdiyim “Cənubxəbərləri” qəzetində “Yerəmi batdı oğlum, göyəmi çıxdı oğlum?” başlıqlı yazı yazdım. Bəziləri “ürəyimizdən tikan çıxartdın” desələr də, qınayanlar da  oldu “hələ təzədir, bəlkə nəsə elədi” və sair. Bir müddət susduq.

Sonralar bu adam sanki unuduldu

Millət vəkili kimi nə Milli Məclisdə, nə Masallının ictimai-siyasi həyatında varlığı hiss olunmadı.

Nəriman Əliyev adı mətbuatda ən çox özünün keçmiş işçisi ilə əmlak “razborkasında” gündəmə gəldi. Onun haqqı-nahaqqa verməsi barədə onlarla yazı saytların gündəmini zəbt etdi. Onlarla harınlaşmış məmura gücü çatmayan Nəriman müəllim “qüdrətini” özünün sıravi işçisinə göstərməkdən çəkinmədi.

Daha sonra ağır xəstəlik keçirməsi, yenə də bir çoxlarını susmağa məcbur etdi.

Nəriman müəllimin müdafiəçiləri ən çox nəyi vurğulayır – çox səmimidir, heç kimə pisliyi keçməyib (bəs yaxşılığı?).

Bir anlığa düşünək bir polis işçisi çox səmimidir. Bir neçə nəfər bir-birini qırır, amma o polis, mehriban təbəssümlə bu davanı seyr edib, dalaşanları sakitləşdirmir. Beləsinə yaxşı polis demək olarmı?

Bizim Nəriman müəllimlə hər hansı doğmalığımız və ögeyliyimiz, “şərklimalımız” yoxdur.

Millət vəkili olana qədər sadəcə onu bildirdik ki,  İranla bağlı hansısa qalmaqallı  əməliyyatda  adı hallanıb, hətta bu olay  həmin vaxtın məşhur tele-kanalı ANS-də dəfələrlə nümayiş etdirilib.

İkinci onu məhşurlaşdıran məqam isə rayonun ictimai həyatın elə bir xidməti olmasa da, atasının adının  şəhərin məşhur küçələrdən birinə verilməsi və sonralar küçənin bərbadlığını görüb atasının adının oradan götüzdürülməsi oldu. (Bu barədə də  C.X qəzetində yazmışdıq)

Məşədi İbadla müqayisə

“O olmasın, bu olmasın” filmindəki məşhur suallardan biri yəqin ki, yadınızdadır –“Bilmirəm Sultan bəy, bu Məşədi İbadın nəyinə aşiq olub?” sualına verilən cavab da bəllidir.

İndi həmin kontekstdən Nəriman müəllimin deputatlığına nəzər salaq.

Nəriman müəllimin Siyavuş Novruzov,  Elman Nəsirov , Azad Mirzəzadə və digər bu sayaq deputatlar kimi hökumətin təbliği üçün “qılınc çala”bilmir.

Nəriman müəllim Hadi Rəcəbli, Aqil Abas kimi insanları çaşdıra bilən çıxışlar da bacarmır.

Nəriman müəllim Vahid Əhmədov, Qənirə Paşayeva, Əli Məsimov kimi xalqın bu günki taleyi ilə səsləşən dəyərli çıxışlar etməkdə də acizdir. (Ümumiyyətlə, onun bu 9 ildə Milli Məclisdə hər hansı cümləsini demirəm, bir kəlməsini xatırlayan varmı?)

Nəriman müəllim seçicisi olduğu dairələrdə hansı “yanan barmağa” su çiləyib?

Dünənə qədər xaraba gündə olan “Köhnəbazar” yolu,

adicə oturacağı, zibil qabı tapılmayan Xətai parkı, 

qaçqın düşərgəsinə bənzəyən oturacaqsız, ayaqyolusuz avtobus dayanacağı (qədim hamamın yaxınlığındakı), 

bərbad gündə, narkomanların məskəni olan Masallı şəhərinin yeganə tarixi abidəsi olan hamam binası,

onun deputat olduğu kəndlərdən biri-Xırmandalıda salamat yeri olmayan məktəb...

Masallı məhkəmlərindəki haqsızlıq, meşələrin talanı, 

narkotik alverçilərinin qorunması...

ordenli-medallı “saxtakarlıq yuvası” naçevrilən 1 saylı məktəb (hələ burada ötən ay 15 yaşlı bir azyaşlı ilə bağlı dolaşan və dərhal da ört-basdır edilən biabırçı olayı demirəm) və digər onlarla buna bənzər nöqsanlar Nəriman müəllimi zərrə qədər narahat etdimi?

Nəriman müəllimin təşkilatçılığı o qədər zəifdir ki, bəzən effekt alacağı işləri də deffektə çevirir. Belə ki, 1 ay öncə övladına rayonda pulsuz toy edəndə bura əksəriyyəti hacı olmaqla xeyli ağsaqqal yığmışdı ki, bəlkə bununla xal qazansın. Lakin bəzi stollarda spirtli içkilərin görünməsi bu effekti də deffektə çevirdi.

Nəriman müəllim bir dəfə də müstəqil fikirli ziyalıları, ağsaqqalları bir yerə yığıb fikirlərini öyrəndimi? Hansı istedada dəstək verib, Masallının hansı taleyüklü məsələsini həll edibmi və sairə?

Bəlkə Nəriman müəllimi xeyriyyəçi deputatlarla müqayisə edək?

Şəki rayonunda millət vəkili Cavanşir Feyziyev bəzi mənfiliklərinə baxmayaraq  70-dən artıq tələbəyə aylıq təqaüd verir.

Nəriman müəllim atasınının adına küçə verdirəndə Şamaxı rayonunda millət vəkili Elxan Süleymanovun Babası  Hacı Rəhimin  adına Xeyriyyə Fondu təşkil edərək yüzlərlə insan yardımçı olub.

Nümunə üçün, onun haqqında hansı ictimai rəyin olmasından asılı olmayaraq etdiyi xeyriyyə işlərinin qısa  xülasəsini sadalayaq:

 Elxan Süleymanov Şamaxıda və qonşu rayonlarda 10-dək məktəb binasını inşa və təmir etdirib. 

Məktəblər
- Şamaxı rayon Ərçiman kəndində 2015-ci ildə;

- Şamaxı rayon Məlcək kəndində 2017-ci ildə;

- Göyçay rayon Qaraman kəndində 2017-ci ildə Avropa standartlarına uyğun məktəb;

-  Şamaxıda 5 orta məktəbin qəzalı vəziyyətdə olan binasının təmirini həyata keçirib;

Şamaxının  10-a yaxın dağ kəndinin içməli su təminatını həyata keçirib. Hansı ki, on illərdir o kəndlərin əhalisi su sarıdan korluq çəkirdi;

-Şamaxılı şairlərinin adına bulaq tikdirib, təqaüdlər təşkil edib , heykəllərini bərpa etdirib;

- O, ölkə üzrə hazırda 100-dən çox şagirdə əlaçı təqaüdü verir. Bu təqaüdlər heç də simvolik məbləğlər deyil, bir şagirdin dəftər-kitab xərcləri ilə yanaşı, hətta ailəsinə kömək edə biləcək qədərdir. 

-Sabir yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsi keçirib ki, ümumilikdə 70-dən çox şəxs onun mükafatçılarıdır;

- 10-dan çox imkansız ailələrdən olan tələbənin təhsil haqqını ödəyir;

-Bakıda, Şamaxıda, Göyçayda və digər regionlarda onlarla kimsəsiz, ehtiyacı olan ailələrə illərdir yardımlar təyin edib. Bir neçə şəhid ailəsini tam himayəyə götürüb.

- Eyni zamanda hər il azı 10 ağır xəstənin müalicəsi, əməliyyatı üçün büdcə ayırır.


Bəlkə Nəriman müəllimin belə xeyriyyəçilik üçün maddi imkanı zəifdir?

Taxta-şalban bazarı deyəndə Nəriman müəllim,
Ştutqart  mağazası deyəndə Nəriman müəllim
Digər bir neçə obyekti deyəndə də Nəriman müəllim yada düşür. 

Son vaxtlar bu siyahıya biri də əlavəolunub. Onun nəzarətində olan quruma   hər dana kəsən 20, hər qoyun kəsən 6 manat ödəyir. İndi bu rəqəmi birlikdə kəsilən 100-dən danaya, 200-300 qoyuna, sonra da günə, aya vurun, görün hansı rəqəm alınır.

Nəriman müəllimin digər obyektləri haqqında isə daha ətraflı yazını bir qədər sonra təqdim etməyə çalışacağıq.

Bu gün ölkə başçısının, vitseprizidentin sosial şəbəkələrdə öz səhifəsi var. Bəs Nəriman müəllimin? 

 

İnternet resuslarının axtarış sistemində onun  adı yazılan kimi onlarla mənfi yüklü informasiyalar adamın üstünə gəlir

(Bu isə ayrıca yazının mövzusudur)

 

Nəriman müəllim nəinki bu şəbəkələrdə yoxdur, mən böyük əminliklə deyərəm ki, o heç bunları izləmir də.

Nəriman müəllimin orta məktəbi bitirdikdən xeyli sonra Rusiyada, rus dilində təhsil alması da hələ də suallar doğurur. Onun yaxınları Nəriman müəllimin son illər hansı kitabı mütaliə etməsini də çətin xatırlayır.

 

Qaldı ki, yarım başlığa çıxartdığımız Əhəd Abıyev söhbətinə.

Onun nöqsanları Nəriman Əliyevə necə “kömək” etmişdisə, bu günkü “yazıqdeputata” çevrilən Nəriman müəllimin  halı hətta o həddə çatıb ki, az qala bəziləri indi Əhəd Abiyevin xiffətini çəkir.

Nəriman müəllimlə müsahibə söhbəti


Özü də, köməkçisi də dəfələrlə bildirib ki, mənə və rəhbərlik etdiyim mətbu orqanına hörmətləri var. Biz də bu “hörmətdən” yararlanıb, Nəriman müəllimlə müsahibə almaq, seçiciləri ilə virtual olsa da onun görüşünü təşkil etmək istədik. Bir ay müddətində, vəd etsə də, istər Masallıda, istər Bakıdabizimlə görüşməyə dəfələrlə cəhd etsək də, daim bizdən qaçdı.

Nədən çəkinirsiniz Nəriman müəllim? Millət vəkili belə cəsarət sahibidirsə, başqalarından nə gözləyək?

Sabah bir müstəqil mövqeli şəxslə tele-debata çıxsanız, xarici səfərdə erməni siyasətçisi ilə üz-üzə qalsanız, halınız necə olar?

230 minlik əhalisi olan Masallıya belə millət vəkili layiqdirmi?

Bəs bu sahədə meydanı kimə verək

Hamı susur.

Bir mətbu orqanına bu dərəcədə hörmətsizlik, laqeydlik, 9 il millət vəkili olan şəxsin bu qədər cəsarətsizliyi, xalqa deyiləsi sözünün olmaması, eləcə də ona veriləcək sualları cavab verməyə özündə güc tapmaması hansı təsəvvürlər yaradır?

Necə edək ki,  özümüzü yeni nərimanlardan qoruyaq?

Zahir Əmənov

Bütün yazılanlara rəğmən biz peşəkar jurnalistikanın qanunlarına rəğmən yazının sayta qoymadan öncə Nəriman müəllimin köməkçisinə yolladıq. Dərhal da cavab gəldi. Dostumuz, Nəriman müəllimin köməkçisi Mirnizam Vahabov mesaj yolladı ki, bir neçə gündür xəstədir. Bizə də böyük hörməti var. Bununla yanaşı “faili-muxtarsınız, necə istəyirsiniz, elə də edin”.

Təbii ki, yazılanlara təkcə MirNizam doktor yox, Nəriman müəllim özü də cavab verə bilərdi.

Görünən odur ki, ya deyilənləri təkzib etməyə sözləri yoxdur, ya da ictimai rəy, bunlar üçün tam mənasız bir şeydir. Çünki bunları xalq seçməyib ki, xalqın nə düşündüyünün də fərqində olsunlar.

Bəzilər bəlkə də bizi qınayar ki, niyə indi, – Milli Məclis özünü buraxandan sonra yazırıq. Yuxarıda da qeyd etdim ki, biz bir aya yaxındır Nəriman müəllimlə müsahibəyə can atırdıq.  Bir də ötən yazımdakı bir abzası xatırlamağa məcburam – Quranı ölüllər üçün yox, dirilər üçün oxuyurlar. Bu yazılanlar da təkcə Nəriman müəllim üçün yox, həm də gələcəkdə deputat olmaq istəyənlər üçündür ki, görsünlər və eşitsinlər ki, heç nə unudulmur.

Mətbuatda yayılan son məlumatlara görə YAP-dan seçilmiş deputatlardan Milli Məclisdə yer ala bilməyəcək deputatların sırasında Nəriman müəllimin adı yoxdur. Yəni, yenidən  seçilməyə şanslıdır. Ola bilsin bu dəfə səhvlərin düzəldib, nə isə dedi.

Son əvəzi. Bəlkə, nə isə düz yazmadıq? Buyurun, əziz izləyicilər, siz də sözünüzü deyin.

Eləcə də hələ ki, millət vəkili Nəriman müəllimin yazdıqlarımızla bağlı hansı giley-güzarı, fərqli fikri, təkzibi olarsa, ona da yer ayırmağa hazırıq.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10