Bu gün Ulu öndər Heydər Əliyevin anım günüdür. Bu münasibətlə mərhum prezidentin yazıçılarla bağlı maraqlı əhvalatlarını təqdim edirik.
Yer
1991-ci ilin martında Bakı Filarmoniyasında Azərbaycan Yazıçılar Birliyinin növbəti Qurultayı keçirilirdi. O zaman Moskvada vəzifədən uzaqlaşdırıldıqdan sonra Naxçıvana qayıdıb, Muxtar Respublikadan Azərbaycan Ali Sovetinə deputat seçilmiş Heydər Əliyev Bakıda olduğundan qurultayda iştirak edirdi. Qurultay başlayanda şair Məmməd Aslan ayağa durub iclasın sədrindən Heydər Əliyevin rəyasət heyətinə dəvət olunmasını xahiş etdi. Yazıçılar bu təklifə qoşularaq əl çaldılar. Heydər Əliyev ayağa durub dedi:
- Burada mənim yerim rahatdır. Mən həmişə yuxarılardan aşağılara baxmışam, indi aşağılardan yuxarılara baxmaq istəyirəm.
Şah qapısı
Həmin qurultayda, fasilə zamanı Heydər Əliyev foyedə şair Xəlil Rza ilə görüşüb ondan soruşdu:
- Bəs niyə Naxçıvana gəlmirsən? Dəvət edirəm! Buyur, gəl!
Xəlil Rza cavab verdi:
- Ustad Cəlaləddin Ruminin bir kəlamı var:
Şair şah qapısında gədadan gəda,
Şahsa şair evində ucadan uca!
Heydər Əliyev gülümsədi:
- Şükür Allaha, nə mən şaham, nə də sən saray şairi. On dörd il (1969-1982) “şahlıq” etdim, səni bircə yol da Mərkəzi Komitənin həndəvərində görmədim. İndi mən məmləkətin yox, onun bir bölgəsinin başçısıyam. Buyur, gəl!
Müxalifət təpəsi
1994-cü ildə Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndələri Çin Xalq Respublikasında rəsmi səfərdə olarkən görüşlərdən sonra qonaqları ekskursiya məqsədi ilə məşhur Çin səddinə aparırlar. Onlar ayaqla bir neçə təpəni aşandan sonra qabaqdakı hündür təpəyə qalxmaq gözünə duran deputat-yazıçı Yusif Səmədoğlu öndə gedən Heydər Əliyevə deyir:
- Cənab Prezident, bəlkə qayıdaq?
Heydər Əliyev keçmiş müxalifətçi Yusif Səmədoğluna eyhamla belə cavab verir:
- Yox, Yusif bəy, bu hündür təpəyə qalxacağam, görüm müxalifət gəlib mənə çatacaqmı?
Çörək və “Manas”
1995-ci ildə Türk dünyasının möhtəşəm eposu “Manas”ın Qırğızıstanda keçirilən 1000 illik yubileyinə Prezident Heydər Əliyevin başçılığı ilə Azərbaycan nümayəndə heyəti də dəvət almışdı. Nümayəndə heyətinin tərkibində həmin tədbirdə olmuş, “Manas” dastanından bir neçə parçanı dilimizə çevirmiş Adil Cəmil danışır ki, səfər zamanı Prezident Heydər Əliyev onun tərcüməsində təzəcə çapdan çıxmış on altı səhifəlik “Manas” kitabını (dastandan bir parça) əlinə alıb vərəqləyə-vərəqləyə ondan soruşur:
- O boyda nəhəng “Manas”ı sən nə balacalaşdırmısan?
Həmişə kəsə danışan Adil Cəmil fikrini birbaşa bildirir:
- Cənab Prezident, imkanım yoxdur, vallah, bilmirəm uşaqlarıma çörəkpulu qazanım, yoxsa, “Manas”ı tərcümə eləyim?!
Heydər Əliyev deyir:
- Sən uşaqlarına çörək qazan, çörək “Manas”dan irəlidir!
Şeyx yorulub
Rafael Hüseynov danışır ki, 1995-ci ilin iyununda Respublika Prezidenti Heydər Əliyev Səudiyyə Ərəbistanında rəsmi səfərdə ikən Həcc ziyarətində də oldu. Mən də nümayəndə heyətinin tərkibində idim.
Həccdə olanlar bilir ki, ziyarət qaydalarından biri də zəvvarların Kəbə ətrafındakı Mərv və Səfa dağlarının başına yeddi dəfə dolanmasıdır. Şeyx Hacı Allahşükür Paşazadə başda olmaqla bizim zəvvar dəstəmiz bu ayini icra etməkdəydi. Məsafə uzundu, isti adamı əldən salırdı, çoxumuz təngnəfəs olmuşduq. Mərv və Səfa dağlarının başına beş dəfə dolanandan sonra Şeyx dönüb Heydər Əliyevə dedi:
- Heydər müəllim, bu ayini yerinə yetirərkən oturub dincəlmək də olar. Bu, günah sayılmır.
Hamının gözü Prezidentə dikildi.
Heydər Əliyev hamıya göz gəzdirib, baxışları ilə irəliyə işarə edərək dilləndi:
- Gedək! Görünür, Şeyx yorulub, özünə görə belə deyir.
Söz vaxtı
1995-ci il iyunun 26-da Filarmoniyada şair Fikrət Qocanın 60 illik yubileyi keçirilirdi. Gecədə Respublika Prezidenti Heydər Əliyev də iştirak edirdi. Tədbirin şirin yerində arıq bir kişi sıradakı yerindən durub arxa cərgədə əyləşmiş Heydər Əliyevə sarı gəldi və ona nəsə demək istədi. Prezident onu qabaqlayıb kəskin şəkildə dedi:
- Tədbirə gəlmisiniz, oturun tədbirdə iştirak edin! Məclisi pozmayın! Hər sözün öz yeri var!
Cəlil Məmmədquluzadənin heykəli
1996-cı il oktyabrın 29-da Prezident Heydər Əliyev dövlət xadimləri və ziyalılarla birgə ötən əsrin otuzuncu illərinin repressiya qurbanı olmuş, 1982-ci ildə onun tərəfindən xüsusi komissiya yaradılaraq nəşi uzaq Sibirdən gətirilib doğulduğu şəhərdə dəfn edilmiş Hüseyn Cavidin məqbərəsinin açılışında iştirak etmək üçün Naxçıvana gedəndə təyyarədə alimlərlə söhbət edirmiş.
Söhbətdə iştirak edən Rafael Hüseynov üzünü ölkə rəhbərinə tutub deyir:
- Möhtərəm prezident! Yaxşı olardı ki, Bakıda Cəlil Məmmədquluzadənin də heykəli qoyulsun. Çünki o, müstəsna şəxsiyyətdir.
Heydər Əliyev dillənir:
- Nəsimi də, Cabbarlı da, Nərimanov da müstəsna şəxsiyyətlərdir. Onların Bakıda heykəllərini qoydurdum. Sonra on bir il Bakıda olmadım, buradakı rəhbərlər barmaq-barmağa vurmadılar. Müstəsna şəxsiyyətlərin heykəllərini yalnız mən qoydurmalıyam?!
Rafael Hüseynov deyir:
- Bəli! Çünki, siz də müstəsna şəxsiyyətsiniz!
Heydər Əliyev alimi arxayın edir:
- Tələsmə, Bakıda Cəlil Məmmədquluzadənin də heykəli qoyulacaq!
Pul söhbəti
1997-ci il yanvarın 8-ci günü Opera və Balet Teatrında şair Qabilin 70 illik yubileyi təntənə ilə keçirilirdi. Prezident Heydər Əliyev yubiley başa çatandan sonra şair və onun ailəsi ilə görüşdü. Həmin görüşdə şair Qabil söhbət zamanı sözü məqamına salıb dedi:
- 1995-ci ildə deputatlığa namizədliyimi irəli sürdüm, ancaq keçə bilmədim. Hörmətli Prezident, yadınızdadırmı, bir dəfə sizinlə görüşəndə Milli Məclisin sədrinə dedim ki, mən deputat seçilən deyildim, arada on dörd “şirvan”ım (140 min manat - rüsum haqqı) getdi. Deputat seçilmədim, heç olmasa, on dörd “şirvan”ımı qaytarın. Siz gülə-gülə spikerə dediniz ki, qaytarın bunun on dörd “şirvan”ını. O, az sonra işdən çıxdı, getdi xaricə.
Heydər Əliyev qımışdı:
- Onda da mənim üstümdə pul yox idi, indi də!
Adlar
Naxçıvanda şair-dramaturq Hüseyn Cavidin məqbərəsinin açılışı zamanı Prezident Heydər Əliyev mərasim başlamazdan qabaq onu əhatə edən naxçıvanlıların arasından Bakıdan özü ilə gətirdiyi yazıçıları bir-bir tribunanın ətrafına çağırmağa başladı. Şair Rəfiq Zəka Xəndanı təqdim edəndə yumorla pauza verə-verə dedi:
- Rəfiq... Zəka... Xəndan... Gəl keç bu yana... Sənin də cürbəcür adların var.
Mənim İşim
1997-ci il yanvarın 19-da Respublika Prezidenti Heydər Əliyev Qədirli xəstəxanasında yatan şair Bəxtiyar Vahabzadəyə baş çəkdi. Türkiyədən yenicə müalicədən qayıtmış şair onunla söhbətdə dedi:
- Cənab Prezident, Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəllə görüşümdə, o mənə bildirdi ki, mən siz azəri ziyalılarından narazıyam. Ona görə ki, siz Prezident Heydər Əliyevə lazımi səviyyədə dəstək vermirsiniz.
Heydər Əliyev arxayın-arxayın cavab verdi:
- O da sağ olsun, siz də sağ olun! Amma kimin dəstək verib-verməməsindən asılı olmayaraq mən öz işimi aparıram.
Bilmək istəyirsinizsə...
Prezident Heydər Əliyev xarici ölkəyə rəsmi səfəri zamanı təyyarə salonunda cərgələr arasında gəzə-gəzə yol yoldaşları ilə görüşüb hal-əhval tutur, kəlmə kəsirmiş. Heydər Əliyevin ön sırada oturmuş məşhur müğənnilər Fidan və Xuraman Qasımova bacıları ilə söhbəti bir qədər uzandı.
Hamının diqqətini öz üzərində hiss edən Heydər Əliyev birdən geri dönüb salondakı kişilərə müraciətlə soruşdu:
- Siz bilirsiniz qadın nədir?
Qəfil sualdan hamı tutuldu. Heç kəsdən səs çıxmadı. Hər kəs münasib cavab tapmağa çalışırdı. Handan-hana Heydər Əliyev öz sualına gözlənilməz və qəribə bir cavab verdi:
- Əgər qadının kim olduğunu bilmək istəyirsinizsə, Hüseyn Cavidi oxuyun!
Həmişə səhnədə
1998-ci ilin aprelində Milli Dram Teatrında şair Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” tamaşasının premyerası oldu. Tədbirdə iştirak etmiş Prezident Heydər Əliyev tamaşadan sonra yaradıcı heyətlə görüşdü. O, müəllifi, əsəri səhnələşdirənləri təbrik etdi, teatrın qayğıları ilə maraqlandı. Söhbət Milli Dram Teatrının direktoru, görkəmli aktyor Həsənağa Turabovun üstünə gəlib çıxanda Prezident dedi:
- Həsənağa Turabovun anadan olmasının 60 illiyini təbrik etmişəm. O, buna layiqdir. Təəssüf ki, mən indi Turabovu səhnədə, rolda görmürəm. Turabovu vaxtilə biz nə qədər gözəl rollarda görürdük və səhnədəki xidmətlərinə görə mən həmişə ona böyük hörmət edirdim və bu gün də o, teatrı inkişaf etdirən şəxslərdən biridir. Arzu edirəm ki, o, salonda oturmasın, səhnədə olsun. Görürsünüz, mən həmişə səhnədəyəm. Hərənin öz səhnəsi var. Mən siyasət səhnəsindəyəm, səhnədən də düşmürəm.
Kələkidə yubiley
“Gülüstan” sarayında yazıçı Yusif Səmədoğlunun 60 illik yubiley qonaqlığı keçirilirdi. Prezident Heydər Əliyev də məclisə dəvət olunmuşdu. Məclis qurtaranda Prezident sağollaşdığı qonaqlar arasında yubilyarın qardaşı, həmişə fikirli görünən, müxalifətçi şair Vaqif Səmədoğluna gülə-gülə dedi:
- Vaqif, fikir eləmə, sənin də 60 illik yubileyini Kələkidə keçirdərik.
Qeyd: O zaman üç il idi ki, eks-prezident Əbülfəz Elçibəy prezident postunu tərk edib, doğulduğu Kələki kəndinə sığınmışdı.
Nahar fasiləsi
Yazıçı, Baş nazirin müavini vəzifəsində çalışan Elçin danışırdı ki, bir dəfə fasilə vaxtı evdə nahar edərkən Prezident Heydər Əliyev hökumət telefonu ilə zəng etdi və soruşdu:
- Elçin, niyə işdə yoxsan?
Mən cavab verdim:
- Heydər Əliyeviç, mən hər gün günorta nahar etməyə evə gedirəm.
Heydər Əliyev təəccüblə soruşdu:
- Mən vaxtilə Nazirlər Kabinetinin işçiləri üçün böyük yeməkxana tikdirmişəm, bəs niyə orada nahar etmirsən?
- Düzü, cənab Prezident, - dedim - işdə nahar edəndə elə bilirəm ki, boşqabla, çəngəl-bıçaqla iclas eləyirəm.
Heydər Əliyev pauza verdi. Sonra dilləndi:
- Deməli, mən uzun illər nahar vaxtı boşqabla, çəngəl-bıçaqla iclas eləmişəm...
Və o, telefonu qapatdı.
Ən böyük dissident
Yazıçıların X qurultayında çıxış edən Heydər Əliyev sovet dövründə Azərbaycan yazıçılarının cəsarətindən söhbət açıb dedi:
- Əslində, o dövrdə elə siz hamınız dissident olmusunuz.
Rəyasət Heyətində oturmuş yazıçı Anar ayağa durub, üzr istəyərək Heydər Əliyevin fikrinə qoşuldu:
- Hörmətli Prezident, bir dəfə çıxışınızda dediniz ki, sovet dövründə ən böyük dissident mən olmuşam.
Heydər Əliyev məmnun halda Anarın sözünü təsdiqlədi:
- O da doğrudur! O zaman Kommunist Partiyası daxilində ən böyük dissident mən idim!
Yoxlatdırar ha...
Yetmişinci illərin axırlarında Azərbaycanın dövlət rəhbəri Heydər Əliyev o zaman Azərbaycan Yazıçılar İttifaqının birinci katibi işləyən İmran Qasımovun başçılığı ilə bir neçə yazıçını qəbul edirmiş. Heydər Əliyev yazıçılara bir-bir söz verirmiş və onlar ədəbiyyatımızın problemlərini açıqlayırmışlar. Növbə şair Nəriman Həsənzadəyə çatanda o, yumşaq-yumşaq deyir:
- Yoldaş Əliyev! Mən bura sizin yanınıza gələndə məktəbli qızım mənə dedi ki, ata, məndən Heydər babaya salam apar! Ata, sənin Heydər babanın yanına gedəcəyini bilib mən bu gün dərslərimdən “beş” almışam. O “beş”ləri Heydər babaya sovqat göndərirəm...
Ertəsi günü İmran Qasımov Nəriman Həsənzadəyə zəng vurub deyir:
- Nəriman, yoxlatdırar ha... Birdən dünən qızın dərslərindən “beş” almaz, biabır olarıq.
P.S. Əhvalatlar yazıçı Əjdər Olun "Heydər Əliyev haqqında müdrik əhvalatlar" kitabından götürülüb.
Kulis.az