“Yeni filmlərimiz” layihəsində “Yazıçı” bədii filmini təqdim edirik.
Süjet: Nəşriyyatda redaktor işləyən Ulduz (Cahan Məhərrəmova) adlı gənc qadın günlərin birində yoxa çıxır. Onun qaldığı binanın gözətçisi (Ağaxan Şərifov) bu barədə bacısı Rənaya (Zülfiyyə Eldarqızı) xəbər verir. Rəna elmi işçidir, detektiv əsərlərin tədqiqatçısıdır. O, bacısını qohumlardan, tanış-bilişlərdən soraqlasa da tapa bilmir. Və onun itkin düşməsi barədə polis orqanlarına xəbər verir. İşi cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili Adil Teymurov (Azad Şükürov) aparır.
Adil itkin düşmüş qadının izinə düşə bilmir. Bu halda prosesə Rəna qoşulur. O, bacısının əşyaları arasında bahalı libaslar görəndə təəccüblənir. Çünki Ulduz az maaşla belə bahalı geyimlər ala bilməzdi. Sonra Rəna onun kompüterinin də yoxa çıxdığını fərq edir. O, bacısının redaktoru olduğu, detektiv yazıçı Polad Ziyafətin (İbrahim Əliyev) bir kitabını oxuyanda yalnız onların ailəsinə məxsus olan xatirələrin təsvirini görür. O, güman edir ki, Ulduzun itkin düşməsində bu yazıçının əli var...
“Yazıçı” detektiv filminin rejissoru və ssenaristi Yusif Zeynalovdur və film 2013-cü ildə çəkilib. Boynuma alım ki, mənim üçün ən çətin şeylərdən biri keyfiyyətsiz, pis film haqda təhlil yazmaqdır. Özəlliklə də, əgər film həddən artıq pisdirsə, nədən başlayacağını bilmirsən...
Əvvəlcədən deyim ki, “Yazıçı” detektiv yox, sadəcə rejissorun bu janrda çəkməyə cəhd etdiyi filmdir. Detektiv spesifik janrdır, onun təməl prinsiplərini, şərtlərini əla mənimsəməlisən. Amma mənimsəmə belə yetərli deyil. Tamaşaçını nəqlinə inandırmağı, süjeti canlı etməyi bacarmalısan.
Detektiv ekran əsərlərində baş vermiş cinayət hadisəsini bəzən qurbanın yaxın qohumu, dostu da araşdırır. “Yazıçı” filmində yoxa çıxmış Ulduz barədə təhqiqatı bacısı Rəna aparır. Ona görə Rənanın detektiv əsərlərin araşdırmaçısı kimi göstərilməsi təsadüfi deyil. Ancaq problem ondadır ki, Rəna obrazı aktrisanın fakturasına uyğun gəlmir. Əvvəla Rəna faktura etibarı ilə alimdən çox şou biznes nümayəndəsinə oxşayır. Hətta eynək taxması belə ona alimlik görüntüsü vermir. Epizodlardan birində müvəkkil ona xəbərdarlıq edir ki, o, miss Marpl olmaq sevdasına düşməsin. Ceyn Marpl Aqata Kristinin əsərlərində detektiv həvəskarı olan qoca qadındır. Marpl yaşlı olsa belə, çevikdir, güclü xarakteri, analitik qabiliyyəti var, hər şeylə maraqlanır, bu da ona müəmmalı hadisələri açmaqda kömək edir. Və Marpl rolu oynamış aktrisalar zahirən bu xarakterə uyğun seçilir.
Rəna rolunun ifaçısı isə anladığım qədərilə nəinki öz obrazının mahiyyətini anlamayıb, ümumiyyətlə, onun ömründə detektiv kitab oxumaması təəssüratı yaranır. O, bacısının yoxa çıxmasına sıradan, gündəlik hadisə olmuş kimi reaksiya verir, onun mexaniki oyun tərzi dərhal gözləri narahat edir. Müvəkkillə tanış olduğu ilk gündə Rəna onunla klassik detektivlər haqda bayağı müzakirəyə həvəslə qoşulur. Polad Ziyafət final səhnələrində qadına bacısının öldürdüyünü deyəndə, kamera Rənanı göstərmir, nəticədə biz onun hansı hisslər keçirdiyini görmürük, bu isə əhvalatın emosional təsirini azaldır.
“Yazıçı” klassik detektiv süjetlərinə xas fəndlə başlayır. Bir qadın müəmmalı şəkildə itkin düşüb və məsələni araşdırmaq üçün prosesə müvəkkil və Rəna qoşulur. Müvəkkil araşdırma prosesində demək olar ki heç nə eləmir, fəaliyyətsiz qalır. Rəna öz şübhələri haqda Adilə danışsa da, o, ehtimalları qulaqardına vurur. Hətta Rəna Adilə təcili görüşməyin lazım olduğunu deyəndə, müvəkkil nahar fasiləsinin yetişdiyini, yeməyin onun üçün işdən vacib olduğunu sezdirir. Rəna Adillə görüşəndə isə o, qadını laqeydliklə qarşılayır. Detektiv filmlərdə bəzən işinə laqeydlikə yanaşan, ya da hansısa məqsədə görə cinayətin açılmasını istəməyən polis obrazları olur. Və müəllif obrazların davranışına bəraət verir. “Yazıçı”da isə rejissor Adil obrazını mənasız ziddiyyətlə yükləyir, nəticədə obrazın nə istədiyi, məqsədinin nə olduğu anlaşılmaz qalır. O, gah qayğıkeş görünür, gah işinə biganə yanaşır. Qısacası müvəkkilin davranışı əsaslandırılmır. Və sonda Adilin tənbəlliyini, bacarıqsızlığını onun qocalığı ilə əsaslandırmağa çalışır. O, finalda təqaüdə getməyi qərara alır.
“Yazıçı”nın ən böyük qüsurlarından biri burada dərin müəmmanın, tempo-ritmin, atmosferin olmamasıdır. Rəna kələfin ucunu tapanda belə onun üzündə, nəsə tapan adamın gərgin, düşüncəli ifadəsi yox, saxta, mexaniki heyrət hissi yaranır. Rejissor dramatizm, hadisəlilik anlayışlarına etinasızlıq göstərərək, süjeti dözülməz sxematik sürətlə inkişaf etdirir. Polad tərəddüdsüz filansız, asanlıqla Rənanın onunla görüşmək təklifinə razılaşır. Polad Ziyafət polis nəzarətində olan binaya gələndə, lap Adilin burnunun altından keçir və guya müvəkkil onu görmür.
Əhvalatda anlaşılmaz qalan başqa məqamlar da var. Polad əvvəl məşhur aktyor imiş. Sonra arvadı onun yerinə detektiv əsərlər yazırmış və Poladın fanatları bu kitabın aktyorun yazdığını güman edib onları alırlarmış. Arvadı öləndən sonra o əlacsız qalır. Və həyatında Ulduz peyda olur. Bu dəfə cazibədar, istedadlı Ulduz Poladın yerinə detektiv əsərlər yazıb, əvəzində ondan pul alırmış. Əhvalatda Ulduzun Poladın yerinə arvadının əsər yazmasını hardan bildiyi aydınlaşmır. Və o, sonradan necə olursa (bu da əsaslandırılmır ki, Ulduz niyə onunla evlənmək istəyirdi, məqsədi nəydi) yaraşıqsız, xarizması olmayan Polada ərə getmək istəyir. Ümumiyyətlə isə filmdə əsaslı konflikt, tamaşaçını həyəcanlandıracaq, düşündürəcək bir detal belə yoxdur. Rejissor hadisəni təmkinlə danışmaq əvəzinə, onu mexaniki işləyərək, sanki filmdən yaxasını qurtarmağa çalışıb.
İlk epizodlarda Rəna müstəntiqə qapını açanda, onun kimliyini soruşmadan evə dəvət edir. Özü də dəvəti qəribə bir rahatlıqla edir, sonra heç nə olmamış kimi, səbəbsiz filansız qonağı otaqda bir neçə dəqiqə tək qoyub harasa niyəsə yoxa çıxır. Rejissor bu vəziyyəti ona görə qurur ki, Adil evə ətraflı göz gəzdirsin. Amma rejissor ona evə göz gəzdirməyə şərait yaradırsa, onda Adil məntiqlə evdən nəsə tapılmalıydı. Amma o nəsə tapmır. Tənbəl-tənbəl sorğu sual edir və dramaturji zərurət olmadan qadından ərdə olub-olmadığını soruşur.
Belə təsəvvür yaranır ki, “Yazıçı” filmi Yusif Zeynalov üçün sadəcə, kino sahəsində yüngülvarı bir məşqdir, nəinki ciddi iş.