Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

18 sentyabr 2015-ci il. Cəpərüstü söhbət


- Qıza, deyirlər, ilanın zəhləsi yarpızdan gedir, o da gəlib bitir ilanın yuvası ağzında. Bizim kişinin də zəhləsi deyingənlərdən gedir, onlar da harada olsa, kişinin qarşısına çıxır. Bu yaxınlarda kişi ortabab yeməkxanaların birində sup içirmiş, 2 nəfər də gəlib oturur o əyləşən stolda. Borşdan-zaddan sifariş verəndən sonra başlayırlar iş yerindən gileylənməyə. Biri danışır ki, direktorla davaya çıxıb, amma normal dərs saatı ala bilməyib. Direktor deyib ki, yaxşı pul verməsən, sənə dərs yoxdur. Bu adam da deyib ki, sənə niyə pul verməliyəm? Əsəbiləşən direktor qışqıra-qışqıra bildib ki, ona görə pul verməlisən ki, mən bu direktorluğun əmrini almaq üçün 2 yanıbalalı inəyi satmışam. Bildin?
- Maraqlı söhbətdir. Amma biz tərəflərdə bu məsələni daha rahat həll edirlər.
- Yəni necə?
- Yəni mütləq deyil ki, yanıbalalı inəyini satasan. Elə həmin inəkləri təhsil şöbə müdirinə versən, daha şərafətli olar. Çünki o, təhsildən daha çox ala-bula inəkləri sevir, elə ona görə də təhsili qoyub ala-bula günə.
- Sən də hər söhbətin içindən bir qənbərqulu çıxardırsan. Onsuz da əksər aparıcı vəzifələrə belə həlləm-qəlləm adamları seçirlər. Əmi uşaqlarından biri Yaşıl burun adalarına gedib. Soruşub ki, burada bələdiyyə sədri kimdir, onu necə seçirlər? Camaat da deyir ki, hamı yığışır, şəhərin ən ləyaqətsiz, ən şərəfsiz adamı kimdir, kim daha çox söyüş söyə və söyüş yeyə bilir, onu gətirirlər bu vəzifəyə.
- Bəs rayon rəhbərliyi, ziyalılar bu məsələyə necə baxır?
- Birincisi, belələri rəhbərin sağ əli olur. Onlar ədəbdən, mərifətdən kasıb olsalar da, pul yığmaqda, saxtakarlıq etməkdə çox ustadırlar. Adi dükan yeri 15-35 min arası dəyişir. Bu pula görə yerli rəhbərlər ən yaxın adamını da ayaq altına atmağa, necə deyərlər, dəvəni eşşəyin quyruğuna bağlamağa hazırdırlar ki, təkcə pullarına xələl gəlməsin. Mənəviyyat güzgüsündən baxanda belələri əslində özləri ləkə, çirkabdır. Neynəyəsən ki, bəzi rəhbərlər də pula görə bu ləkələrə şərik olurlar. Qaldı ki, ziyalılara, onlar hamısı susur. Başa düşürlər ki, şahın təlxəyinə sataşmaq olmaz. Bir də gördün, şah qondarma bir bəhanə ilə səni verdi məhkəməyə.
- Mənə elə gəlir ki, belə ucuz, sısqa yolla pul qazananları və onlara himayədarlıq edənləri çox sadə yolla cəzalandırmaq olar.
- O, hansı cəza növüdür elə?
- Belələrini yığırsan bir qəşəng otağa, qənşərlərinə çaydan, kofedən qoyursan və məcbur edirsən ki, hər gün ən azı 80-100 səhifə kitab oxumalısan. Çünki bizdə bəzi yerlərdə mənəviyyatsızlıq o həddə çatıb ki, kimə “kitab oxu” deyəndə, elə bil dədə-nənəsini qəbirdən çıxardıb üzünə söyürsən.
- Bəlkə, kitab oxumayanları nərd, domino oynamaqdan məhrum etsinlər?
- Yox, bu böyüklükdə cəzaya dözə bilməzlər. İndi kiminin ürəyi gedər, kimi infarkt keçirər, bizi də intihara məcburetmə maddəsiylə cəzalandırarlar.
- O qədər bu kitab-mitabdan danışırıq, yuxuda da kitab görürəm. Demək, ötən axşam yuxuda görürəm ki, o dünyadayam, ölülərin çoxu cənnətdə fısqırıq çıxardır. Bir dəstə adam isə küçədə, Qır qazanı-Qıl körpüsü Beynəlxalq kompleksinin yaxınlığındakı oturacaqlarda kitab oxuyur. Soruşdum ki, bunlar kimdir? Dedilər ki, sizinkilərdir. O dünyada peyğəmbərimizin elm, kitab barədə dediklərinə əməl etmədikləri üçün indi onlara zorla kitab oxutdururlar. Yəni Qıl körpüsü-Qır qazanı kompleksini onlara göstərib deyirlər – ya oxumaq, ya Qır qazanı? Həm də o dünyada kitaba arxa çevirən bu dünyada Qır qazanının qorxusundan kitab oxuyanların çoxu savadsız biznesmenlər, bələdiyyə sədləri, bir çox ərazi nümayəndələri, geydirmə ziyalılar və sairlərdir.
- Bunu lap sadə yolla elə bu dünyada da edə bilərdilər. O, İŞİD-di nədi, onlardan 5-6 nəfəri çağırırsan, onlar da şərt qoyurlar, ya kitab oxuyacaqsınız, ya da o məsələ. Bu millətə xoşluqla heç nəyi başa salmaq olmur da.
- Bu dediklərinin hamısını qoy bir kənara, sənə bir maraqlı sualım var. Bilirsən ki, gündüzlər görüb, gecələr görməyənlərin bir maraqlı xəstəlik adı var – toyuq xəstəliyi. Bəs gecələr görüb, gündüzlər gözə girən nöqsanları görməyənlərin xəstəliyinə nə deyirlər?
- Nə gic-gic suallar verirsən? Bəlanı Allah verir, adını insan. Nə ad verirsən, ver də - anac (toyuq) xəstəliyi, yarasa xəstəliyi, cırcırama xəstəliyi, qıcqırma xəstəliyi və sair.
- Adam 5-10 dərdi çözələyir, deyir, daha dərd qurtardı. Amma görürsən yox, dərdlər bitib-tükənmək bilmir. Rəhmətlik Böyükxan Pərviz demişkən, dərd bizə qonaq gələndə arvad-uşaqla gəlir.
- İndi təzə nə dərd tapmısan?
- İndi ən böyük dərdlərdən biri lay divar oğlanların özlərinə arzu etdikləri qızı tapa bilməmələridir. Qız ki bir az gözəgəlimli oldu, bir də görürsən, qonum-qonşu elə məktəb vaxtı əlbasdı eləyir. Ali məktəbdə-zadda oxudu, keçmişinə mikroskopla baxırlar, yaşı bir az keçdi, xəyallar daha uzaqlara gedir. İndi babat qızı haradan tapasan. İlah ki, oğlan hündürboy ola, ona uyğun qız tapmaq lap müsibət olur.
- Elə mən də o dərdəyəm. Bacıoğluna qız almaq istəyirik, bu da uca boylu, qəddi-qamətlidir. Hansı qızı göstəririk, deyir ki, ondan elektrik ala bilmədim. Deyirəm, ay bala, bəlkə, transformatorun xarabdır?
- Biri o gün məndən soruşur ki, necə edim, uşaq gələcəkdə rüşvətxor olmasın. Dedim, birincisi, belə mənasız şeylərə baş qoşma. Bizdə uşaq
anadan olmamış, tibb dili ilə desək, patronaj gedişlərdən başlamış, doğuşa qədər ana-ata onun üçün levi pul xərcləyir. Öləndə də qəbir üçün yer pulu, mənasız ehsanlar, ölənin adına düzələn pensiyalar... Ən yaxşısı isə odur ki, uşaq anadan olan kimi onu rüşvətə öyrədəsən ki, yetkin yaşına çatanda bunları tərgitsin.
- Amma keçmişdəki kişilər belə deyilmiş. Rəhmətlik Zeynalabdin Tağıyev öz millətindən dilənçi görəndə pul verməzmiş ki, onlar ələbaxımlığa, köləliyə öyrənməsinlər, zəhmətləri ilə dolanıb, məğrur yaşasınlar. Amma bizimkilər az qala oturduqları kreslonu da satırlar. Hamı tələsir, elə bil 4-5 aydan sonra bunları silib-süpürəcəklər. Əvvəllər sözü satardılar, indi səsi satırlar, keçmişdə əşyanı satardılar, indi vicdanı, namusu, ləyaqəti satırlar... Küçələrdəki dilənçiləri doyuzdurmağa, maşına yükləyib başqa rayona tökməyə nə var e. Dərd kabinetlərindək kraxmallı, qalstuklu, hacılı, kərbəlayılı dilənçiləri zərərsizləşdirməkdir. Elə yanacaqdoldurma və qazdoldurma məntəqəsi olmasın ki, orada fır-fırıldaq olmasın, amma hamısının sahibi ya hacıdı, ya kərbəlayı...
- Düz deyirsən bacı, özü də bu işi elə təkmilləşdiriblər ki, adam onların saxtakarlıqlarına heyran qalır.
- Bax böyüklərin, daha orijinal saxtakarlıqları, afyorluqları haqqında gələn dəfə daha ətraflı söz açarıq.
Elcan Zahir






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10