O, zəngin ailədə böyüyüb, əvvəllər hərbçi, istefaya çıxdıqdan sonra isə ticarətlə məşğul olan atası onun təhsilinə xüsusi diqqət yetirib. Bu diqqət sayəsində Aleksandr Yeqorov Samara gimnaziyasını bitirib, daha sonra Kazanda hərbi məktəbdə təhsil alıb. I dünya müharibəsində iştirak edib. Rusiya imperiyası ordusunda polkovnik rütbəsinə qədər yüksəlib.
Lenini “alman cəsusu” adlandıran Aleksandr Yeqorov 1917-ci il fevral inqilabından sonra hərbi-siyasi düşərgəsini dəyişərək bolşeviklərə qoşulub. Peşəkar hərbçi kimi vətəndaş müharibəsində fəallığı ilə fərqlənib.
1921-ci ildə 9-cu Ümumrusiya qurultayında Mərkəzi İcraiyyə Komitəsinə üzvlər seçilərkən Yeqorovun namizədliyi irəli sürüləndə qurultay nümayəndələrinin bir qismi onun vaxtilə Rusiya imperiyasına xidmət etdiyini xatırladıb. İosif Stalin isə etiraz edənlərə bir cümlə ilə cavab verib:
“Aleksandr Yeqorov pis kommunist ola bilər, amma o, yaxşı komandandır və yaxşı komandan kimi biz onun namizədliyini təsdiqləməliyik...”
1930-cu illərin ortalarına qədər Aleksandr Yeqorov hərbi karyerasında böyük uğurlar əldə edib. O, bu yüksəlişdə həmişə Stalinin qayğısını, dəstəyini, himayəsini hiss edib. Ukrayna və Belarusiya hərbi dairələrində komandan, Çində hərbi attaşe vəzifələrindən sonra Yeqorov 1931-ci ildə baş qərargah rəisi təyin edilib.
1935-ci ildə Sovet İttifaqı marşalı rütbəsi təsis ediləndə bu ali rütbəni alan ilk beş hərbçidən biri məhz Aleksandr Yeqorov olub. 1937-ci ilin may ayında marşal müdafiə komissarının (nazirinin) birinci müavini vəzifəsinə təyinat alıb. Həmin ərəfədə müdafiə naziri marşal Kliment Voroşilov olub və Yeqorovu özünə yaxın silahdaş sayıb.
Stalinin 1937-ci ildə yüksək vəzifəli hərbçilərə qarşı terror və repressiyası başlayanda Yeqorov bu kütləvi “tədbir”dən narahat olmayıb. Sözsüz ki, marşal özünə, öz əməllərinə görə arxayın olub. Amma o, yanılıb, bəlkə də hələ vətəndaş müharibəsi illərindən tanıdığı Stalinə yaxşı bələd olmayıb.
1937-ci ilin noyabr ayında Yeqorov Moskvanın məşhur “Rublyovka”sında yerləşən “Barvixa” sanatoriyasında istirahət edəndə müdafiə komissarının digər müavini Şadenko və komissarlığın tikinti idarəsinin rəisi (sonralar SSRİ-nin yollar naziri) Xrulyov onu ziyarət etməyə gediblər. Marşal qonaqlarını sanatoriya yaxınlığındakı restorana dəvət edib. Məclis qızışdıqdan sonra söhbət vətəndaş müharibəsi illərindən düşüb. Şadenko və Xrulyov bu müharibədə Stalinin və Voroşilovun əvəzsiz ximətlərindən, qəhrəmanlıqlarından ağızdolusu danışmağa başlayıblar. Həmkarlarının bu tərifi içkili vəziyyətdə olan Yeqorovu qıcıqlandırıb və o, səsinin tonunu qaldıraraq reaksiya verib:
“Bəli, bu sizə elə gəlir, hər yerdə Stalin və Voroşilov. Bəs onda mən kim idim? Nənəmin arxasında gizlənən polkovnik? Xeyr, səhv düşünürsünüz. Vətəndaş müharibəsində mənim xidmətlərimi Stalinin və Voroşilovun ayağına yazmaq ədalətsizlikdir, haqsızlıqdır. Sizin kimilər isə yalnız Stalin və Voroşilov deyib dururlar...”
Bu görüş haqqında Şadenko Voroşilova yazılı şəkildə məlumat verib. Və sözsüz ki, Voroşilov da öz növbəsində Stalini məlumatlandırıb.
Həmin görüşdən təxminən iki ay sonra 1938-ci ilin yanvarın 20-də Kremldə keçirilən tədbirdən sonrakı ziyafətdə Stalin vətəndaş müharibəsinin qəhrəmanlarının şərəfinə badə qaldırıb, o cümlədən marşal Yeqorovun da adını xüsusilə qeyd edib. Yeqorov bir daha əmin olub ki, Stalin ona qarşı səmimi və xoş münasibətdədir. Amma cəmisi iki gündən sonra hadisələr başqa istiqamətə cərəyan edib.
Stalin yüksəkçinli hərbçilərlə keçirdiyi müşavirədə marşal Yeqorovu sərt tənqid edib:
“Bildiyiniz kimi, Yeqorov marşal rütbəsi daşıyan beş hərbçidən biridir. Amma o, bu rütbəyə layiq olmayıb. Biz ona vətəndaş müharibəsindəki xidmətlərinə görə bu rütbəni verdik. Yeqorov hərbçi ailəsindən çıxıb, polkovnik olub və bizə o biri düşərgədən keçib. O, öz nüfuzunu bundan sonra da xalqın qarşısında belə səxavətlə sərf etsə, xalq özü onu tarixdən siləcək...”
Bu ifadələr Yeqorov üçün ciddi xəbərdarlıq demək idi və elə müşavirədən bir neçə gün sonra marşal müdafiə komissarının birinci müavini vəzifəsindən azad edilərək Qafqaz hərbi dairəsinə komandan göndərilib. Əmrdə Yeqorovun vəzifəsinin öhdəsindən gəlmədiyi, baş qərargahın işini iflic vəziyyətə salması göstərilib.
Marşalın cəzası vəzifəsinin aşağı salınması ilə bitməyib. 1938-ci ilin fevral ayında Yeqorovun həyat yoldaşı Qalina Tseşkovskaya Polşanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunaraq həbs edilib. Mart ayında isə növbə marşalın özünə çatıb, Yeqorov həbs olunub.
Marşal bir neçə dəfə özünə yaxın silahdaş saydığı Kliment Voroşilova məktub göndərib, ondan Stalinlə görüşməyinə şərait yaratmağı xahiş edib. Məktublar cavabsız və nəticəsiz qalıb.
1938-ci ilin iyul ayında “NKVD”-nin rəhbəri Nikolay Yejov güllələnməyə razılıq almaq üçün 139 nəfərin adı olan növbəti siyahını Stalinə təqdim edib. Həmin siyahıda Yeqorovun adı da əks olunub. Stalin siyahını nəzərdən keçirdikdən sonra dərkənar qoyub: “Marşal Yeqorovu çıxmaq şərtilə icra edin”.
Maraqlıdır, Stalin hansı səbəbdən həbs etdirdiyi Yeqorovu siyahıdan çıxarıb?
Bəzi araşdırmaçıların qənaətinə görə, Stalin Yeqorovdan “aradan götürülməyi” nəzərdə tutulan marşal və generalların əleyhinə ifadə almaq məqsədini güdüb. Digərləri isə bunu Stalinin “mərhəməti” ilə bağlı olduğunu bildiriblər, Stalin hələ bir müddət də öz silahdaşına dəmir barmaqlıqlar arasında olsa da yaşamaq şansı verib.
Həqiqət isə tam fərqlidir, nüfuzlu rütbə sahibləri Stalini narahat edib, qorxudub, Stalin özünü ən nüfuzlu adam kimi hiss etmək istəyib, mütləq hakimliyini də silahdaşlarını məhv etməklə təmin edib.
22 fevral 1939-cu ildə SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası marşal Aleksandr Yeqorovu casusluqda, hərbi çevrilişə cəhddə ittiham edərək onu güllələnmə hökmünə məhkum edib.
Səhərisi gün, fevralın 23-də ordunun və hərbi dəniz donanmasının yaranması günü Stalin Kremldə hərbçilərin şərəfinə badə qaldıranda, ən yüksək rütbəli hərbçi, 55 yaşlı marşal Aleksandr Yeqorov güllələnib.
1956-cı ilin mart ayında Aleksandr Yeqorov (ölümündən sonra) tam bəraət alıb. /musavat.com/