Azərbaycan parlamentinin sabiq sədri, çağdaş tariximizin ən mürəkkəb dövründə prezident səlahiyyətlərini icra etmiş professor Yaqub Məmmədov müsahibə verib.
– Yaqub müəllim, artıq neçə vaxtdır ki, Azərbaycan hökumətində ciddi kadr dəyişikliklərinə başlanılıb, gəncləşmə prosesi gedir. Təcrübəli şəxs kimi müşahidə olunan bu prosesi necə xarakterizə edirsiniz?
– Mən bunu müsbət qiymətləndirərəm, təqdir edirəm. Çox yaxşı haldır ki, idarəçilikdə gəncləşmə siyasəti aparılır. Artıq köhnə kadrlar öz missiyalarını yerinə yetiriblər, çoxu yaşlanıb. İdarəçilikdə belə dəyişikliklərə gedilməlidir. Mən bunu müsbət hal hesab edirəm.
– Bu addımlar Azərbaycana müsbət mənada nə verə bilər?
– Hesab edirəm ki, pozitiv mənada çox şey verə bilər. Ölkəyə çox böyük və bütün sahələrdə müsbət dəyişikliklər gətirə bilər. Gənclərin hakimiyyətə və vəzifəyə gətirilməsi ümumilikdə çox müsbət prosesdir.
– Bəzi mütəxəssislər deyir ki, idarəçilikdə həddən artıq gəncləşmə təcrübə baxımından müəyyən problemlər də gətirə bilər…
– Bunu deyənlər nəzərə almalıdır ki, kadr dəyişikliyi kütləvi getmir, tədricən gedir. Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələn kimi bir ay içərisində bütün kadrları dəyişdi və ölkəni də pis vəziyyətə qoydu. Hazırda proses bu şəkildə getmir. Əksinə, çox ağıllı formada, tədricən dəyişməklə gedir. Məncə, bu yaxşı haldır və təkamül prosesidir.
Hesab edirəm ki, kadr dəyişiklikləri elə bu şəkildə həyata keçirilməlidir. Amma gəncləşmənin müsbət təsiri o zaman olar ki, irəli çəkilənlər layiqli kadrlar olsun, həqiqətən də o kadrlar yaxşı işləsinlər, problemləri dərk edib ondan baş çıxara bilsinlər. Hər gənci də gətirib ora qoymaqla demək olmaz ki, hər şey əla olacaq. Gənc var, gənc var. Bu mənada kadrların seçilməsində çox diqqətli və həssas olmaq lazımdır. Hər adamdan nazir, icra başçısı olmaz. Burada insanın gənc, orta nəsil və ya yaşlı olmasının fərqi yoxdur. Əsas odur ki, intellektual, layiqli, savadlı və hadisələrdən baş çıxara bilən kadrlar olsun.
Mən arzu edirəm ki, kadr seçimi zamanı düzgün prinsiplər götürülsün. Hər şey kadrlardan asılıdır. Yaxşı kadrlar yaxşı, pis kadrlar pis əməlləri ilə tanınır. Son təyinatlarda mənim tanıdığım bir neçə yaxşı kadrlar var. Baxaq, görək digərləri necə işləyəcək. Bütün hallarda düz və yaxşı işləyənə qiymətini vermək lazımdır. Məsələn, vergilər nazirinin yaxşı işlədiyi haqda xəbərlər az deyil. Mən də bunu qiymətləndirirəm. O yaxşı kadrdır, işini də bilir. Vergilər naziri kimi yaxşı işlədiyi üçün vəzifəsini böyütdülər və ona daha geniş səlahiyyət verdilər. Kadrlar yaxşı işləyəndə onlara yaxşı da qiymət vermək lazımdır.
– Uzun illər Prezident Administrasiyasının rəhbəri postunu tutan Ramiz Mehdiyev vəzifəsindən getdi və hazırda AMEA-nın prezidenti kimi davam edir. Bu dəyişikliyə münasibətiniz necə oldu?
– Mən bu haqda nə deyə bilərəm? Hələlik akademiyaya təzə gəlib. İşləsin, baxaq görək hansı addımlar atacaq.
– Yerli media Ramiz Mehdiyevin akademiya sistemində islahatlara başladığını yazır…
– Ramiz Mehdiyev elə əvvəlki vəzifəsində olarkən islahatları aparıb, ölkəni bu günə qoymuşdu… Ramiz Mehdiyev akademiyada nə islahatı aparacaq? Digər tərəfdən, hər gələn akademiyada islahatlar aparsa, akademiyadan əsər qalmaz ki… Ramiz Mehdiyev ölkənin idarə edilməsində əsas şəxslərdən biri olub. Və akademiyaya da onun özü nəzarət edir, iclasların hamısında iştirak edirdi. Elə islahat aparırdırsa, indiyə qədər aparardı da.
– Deməli, Mehdiyevin PA rəhbəri postundan getməsini Siz müsbət qarşılayıbsınız…
– Təbii ki. O da yaşlı adamdır. Uzun illər idarəçilikdə işləyib, indi də yerinə nisbətən gənc kadr gəlməlidir və gəlib də. Mən bir daha qeyd edirəm ki, aparılan dəyişikliklərdən gözləntilərim böyükdür. Hesab edirəm ki, bu dəyişikliklərin ölkədə gedən bütün proseslərə müsbət təsiri olacaq. Həm də indi vəzifədən gedənlərin çoxu postlarına təyinat alanda gənc idilər də. Onlar elə yaşlı deyildilər. 25-30 il vəzifədə oldular. Bu müddətdə neylədilər?
– Gedənlərlə, məsələn elə Ramiz Mehdiyevlə, Hacıbala Abutalıbovla, Əli Həsənovla şəxsi tanışlığınız olubmu?
– Hamısı ilə bu və ya digər formada tanışlığım və münasibətim olub. Ancaq vəzifədə olanda mənə yaxşı münasibət göstərmədilər. Mənə qarşı və mənim kimi o dövrdə tanıdıqları, işlədikləri və bildikləri adamların əksəriyyətinə qarşı.
– Konkret olaraq sizə bir pislik ediblərmi?
– Bu məsələni bir kənara qoyaq. Özünüz bilmirsiniz ki, mənə nə ediblər? Düzünü deyim ki, mənim Hacıbala Abutalıbovla vəzifədə olanda ünsiyyətim olmayıb, ona heç müraciət etməmişəm və ondan keçəcək işim də olmayıb ki, pislik və ya yaxşılıq görəm. Əli Həsənov da onun kimi. Əsas Ramiz Mehdiyev idi, oturmuşdu Prezident Administrasiyasında. Özü də onunla köhnədən yaxşı münasibətlərimiz var idi, amma ondan bir yaxşılıq görmədim.
– Nisbətən yaşlı adamlar sanki vəzifədən ayrılmağı psixoloji olaraq qəbul edə bilmirlər. Bunun səbəbi nədir?
– Əslində bu, çox çətindir. Vəzifədən ayrılmaq hamı üçün çətindir və o cümlədən də onlar üçün. Bilirsinizmi, Azərbaycanda vəzifə hər şey deməkdir. Ona görə də, heç kim vəzifədən ayrılmaq istəmir. Prezident özü çıxışı zamanı bildirdi ki, özləri müraciət etsinlər, istefaya getsinlər, gənclərə yol açsınlar. Amma görürsünüz ki, işdən getməklə bağlı özü müraciət edənlər çox az oldu.
Çoxu müraciət etmək istəmir. Yəni vəzifəsini itirmək istəmir. Heç kəs istəmir ki, könüllü getsin. Ona görə də, vəzifə xalqa xidmətlə bağlı olmalıdır. Vəzifə yaxşı şərait yaratmaq, ətrafına öz adamlarını toplayıb kef etmək üçün olmamalıdır. Belə olmasa, əslində könüllü getməyə həvəskar da çox olar. Amma indi vəzifə hər şeydir – şan-şöhrətdir, hörmətdir, var-dövlətdir, ad-sandır. Belə olanda heç kəs getmək istəmir. Mən Prezidentin addımlarını təqdir edirəm, bunlar düzgün addımlardır.
– Siz uzun illər rəhbər postlar tutmusunuz, hətta bir müddət Prezident səlahiyyətlərini icra etmisiniz, amma Sizi çox zaman küçədə insanlar arasında görmək olur. Bəs, Sizcə son aylar yüksək postlardan gedən sabiq məmurlar necə, insanlar arasında sərbəst dolana biləcəklərmi?…
– Hər bir vəzifədə olan şəxs bunu əvvəlcədən düşünməli, elə işləməli və yaşamalıdır ki, sonra camaatın içinə çıxmağa üzü olsun. Şəxsən mən çalışmışam elə yaşayım və işləyim ki, sonradan camaatın içinə çıxmağa üzüm olsun. İndi insanların arasına çıxıram da, ünsiyyətdə də oluram və hamıdan da hörmət görürəm. İndi hərə bir cür olur, hər kəsin bir xasiyyəti var. Mən də belə yaşamışam. Ağlı olan bu cür yaşamalıdır. Mən belə hesab edirəm və belə də yaşamışam.
azpolitika.info