“Soyuq müharibənin yekunlarına dair qənaətbəxş tənzimləyici mexanizmin olmaması Rusiya-Amerika qarşıdurmasının əsas səbəbidir. SSRİ adı altında soyuq müharibəni uduzan Rusiya ABŞ-ın kiçik tərəfdaşı qismində Amerika sisteminə inteqrasiya etməkdən imtina edib, üstəlik, zamanla böyük güc statusunu bərpa etməyə cəhd göstərib. Amerika isə soyuq müharibədə qələbə qazandıqdan və böyük beynəlxalq güc kimi Rusiyanı faktiki olaraq hesabdan sildikdən sonra Moskvanın təklif etdiyi paritet şərtlər daxilində Rusiya ilə tərəfdaşlığın yolverilməz olduğunu hesab edib. Əsas səbəb budur. Subyektiv səhvlər və nöqsanlar hər iki tərəfdə olub, ancaq onlar elə də böyük əhəmiyyət daşımır”.
Bu barədə Karnegi Moskva Mərkəzinin direktoru Dmitri Trenin yazır.
“Rusiya ilə ABŞ arasında qarşıdurma əsrin ruhunu əks etdirsə də, ABŞ və Çin arasında gərginləşən, dərinləşən qarşıdurmadan fərqli olaraq müasir dövrün əsas münaqişəsi deyil. Məhz Amerika-Çin süjeti yeni dünya nizamının formalaşmasında mühüm amilə çevrilib. Amerika, həmçinin Çin ilə müqayisdə Rusiya nisbətən kiçik ölkədir”, – Dmitri Trenin yazır.
“Bununla belə hazırda dünyadakı geosiyasi və hərbi balansa ən çox təsir göstərən üç dövlət məhz onlardır. ABŞ və Çin iqtisadi və texnoloji sahələrdə açıq-aşkar dominantlıq edir. Rusiyanın burada rolu nisbətən kiçikdir. ABŞ-ın əsas rəqibi, potensial düşməni məhz Çindir.Bu cür vəziyyət Rusiya üçün həm risk daşıyır, həm imkan yaradır”, – məqalədə deyilir.
“Rusiya yeni Vaşinqton-Pekin-Moskva üçbucağında Amerika və Çin ilə fərqli münasibətlərə baxmayaraq, hələlik müstəqil rol oynmağa çallışır. Amerika istiqamətində Moskva-Pekinin fəaliyyətinin koordinasiya səviyyəsi ABŞ-ın siyasətindən asılıdır. Rusiya Çinlə münasibətlərə önəm verir və Çin Xalq Respublikasına qarşı ABŞ-ın tərəfini tutmayacaq. Kissincer (Henry Kissinger) “üçbucağı”nın ABŞ-a sərf edən ikinci nəşri olmayacaq”, – məqalə müəllifi qeyd edir.
Analitik hesab edir ki, Rusiya ayaqları üstdə dura və strateji müstəqilliyini saxlaya bilsə, uzaq gələcəkdə ABŞ ilə münasibətlər məhsuldar ola bilər. ABŞ-ın dünyanın müxtəlif guşələrində – Yaxın və Orta Şərq, o cümlədən Fars körfəzi zonası, Əfqanıstan, Şimal-Şərqi Asiya və Avropada təhlükəsizlik boşluqları yaratmaqla beynəlxalq məsələlərə qloballıqdan uzaq, milli maraqlara yönəlik mövqeyi məhdud Rusiya-Amerika tərəfdaşlığı üçün zəmin yarada bilər”.
“Beləliklə, Ukrayna münaqişəsi həll edilsə, Avropada tarazlığa nail olmaq mümkündür. Bunun üçün Krımın rus statusu faktiki tanınmalı, 2015-ci ildə əldə olunan Minsk sazişi çərçivəsində Donbas Ukraynanın tərkibinə qaytarılmalıdır”, – ekspert qeyd edir.
“ABŞ Yaxın və Orta Şərqdə İsrail, İran, Səudiyyə Ərəbistanı, Türkiyə və başqa regional oyunçularla əməkdaşlıq etdiyi kimi zamanla Rusiya ilə birgə fəaliyyətə başlaya bilər. Moskva və Vaşinqton hələ də regionda nüvə silahının yayılmamasını dəstəkləyir. Nə Rusiya, nə ABŞ İran-Səudiyyə Ərəbistanı müharibəsindən uzunmüddətli gəlir əldə edəcəyinə ümid etmir. Və əlbəttə ki, Yaxın və Orta Şərq radikalizm, ekstremizm və terrorizm ocağı olaraq qalır. Sonuncu fikirlər Əfqanıstana da aiddir”, – məqalədə deyilir.
“Çinin güclənməsi fonunda Şimal-Şərqi Asiyada rus-yapon münasibətlərinin möhkəmlənməsi ABŞ maraqlarına sərf edə bilər. Moskvanın Tokio ilə tərəfdaşlığı, habelə Dehli ilə sıx əməkdaşlığı Asiya, Sakit və Hind okeanı hövzələri və Arktikada balanslı vəziyyətin formalaşmasına imkan yaradır”, – Trenin yazır.
Məqalə müəllifinin fikrincə, XXI əsrin ortalarına doğru Rusiya səbirli olmalı, əsas diqqətini daxili məsələlərə yönəltməli, həmçinin daha güclü Çinlə balanslı münasibət qurmalıdır.
“Ola bilsin, yaxın 20 ildə həm ölkə daxilində, həm beynəlxalq arenadakı dəyişikliklər ABŞ-ı “modus operandi”sini (fəaliyyət rejimini) milli maraqlarına doğru dəyişməyə məcbur edəcək, ancaq Vaşinqton siyasətində dəyər imperativindən tam imtina etməyəcək. Ola bilsin, ABŞ Rusiya üçün qarşılıqlı fəaliyyət baxımından ən çətin dövlət olaraq qalacaq, lakin Rusiyanın da daxili ehtiyaclarını təmin etməyə diqqət ayırması qarşıdurmanı zəiflədə, ən azından Amerika ilə rəqabəti onunla əməkdaşlıq elementləri ilə qismən tarazlaşdıra bilər”, – məqalənin sonunda deyilir. (Xpressa)