Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Öz yodaşlarını məhv edən piratı tərifləyən Stalin, Xruşovun ehtiyatsız replikası – Memuardan parçalar



11 il ərzində SSRİ-nin başçısı olmuş və Stalin repressiyalarını araşdıraraq mühakimə etmiş Nikita Xruşov 1966-cı ildə yazdığı memuarda Sergey Mironoviç Kirovun, eləcə də Leninlə işləmiş köhnə bolşeviklərin kütləvi şəkildə məhv edilməsinə dair təfərrüatlı şəkildə qələmə alıb. Cenub.az həmin memuarın maraqlı parçalarını təqdim edir.

***

Say komissiyasına seçkilərin nəticələrini saxtalaşdırmaq göstərişini kim vermişdi?

Əvvəli burada (https://konkret.az/kirovun-qetlinin-icraci-ve-sahidlerinin-hamisi-gullelenmisdiler-xrusovun-arasdirmasi)

Mən tamamilə əminəm ki, Stalinsiz heç kim buna getməzdi. Əgər səsvermənin nəticələrini, Şeboldayevin Kirovla söhbətini əlaqləndirsək və Leninin məşhur xəbərdarlığını, Stalinin hakimiyyətdən sui-istifadə etməyə qadir olduğu barədə dediyini nəzərə alsaq, hər şey yerinə oturur. Kirovun Nikolayev tərəfindən öldürülməsi də, Kirovu qoruyan komissarın qətli də, komissarı istintaqa aparan üç çekistin güllələnməsi də öz məntiqi izahını tapır. Dərhal aydın olur ki, bu, nəyə görə baş verib. Stalin ağıllı adam idi, başa düşürdü ki, əgər partiyanın XVII qurultayında onun əleyhinə 260 və ya 160 adam səs veribsə, demək, partiyada narazılıq yetişir.

Kim Stalinin əleyhinə səs verə bilərdi? Bunu yalnız Leninin kadrları edə bilərdilər. Güman belə etmək olmazdı ki, Xruşov və onun kimi Stalin tərəfindən irəli çəkilən, Stalini ilahiləşdirən və onun ağzına baxan gənc kadrlar ona qarşı səs verə bilərlər. Bu, heç cür ola bilməzdi. Amma Leninlə ünsiyyətdə olmuş, onun rəhbərliyi altında işləmiş, Lenini yaxşı tanıyan və onun vəsiyyətini həmişə yaddaşlarında saxlayan köhnə partiyaçılar barışa bilməzdilər ki, Leninin ölümündən sonra Stalin XVII qurultaya qədər bu cür güc yığıb və onlarla hesablaşmağa son qoyub, ümumiyyətlə, Vladimir İliçin dediyi xarakter cizgilərini nümayiş etdirməyə başlayıb. Bax, görünür, onlar buna görə Kirovla danışmaq və Stalinə qarşı səs vermək qərarına gəliblər. Stalin anlayıb ki, rəhbərlikdə olan köhnə kadrlar ondan narazıdılrlar və əgər alınarsa, onu dəyişmək istərdilər. Bu insanlar partiyanın növbəti qurultayının nümayəndələrinə təsir edə və rəhbərlikdə dəyişikliyə nail ola bilərdilər. Budur, Kirov öldürüldü, daha sonra isə kütləvi qırğın başladı.

Əgər indi o zamanlar həbs olunanların soyadlarına baxsaq, bütün bu cəza aktlarının hər şeydən öncə köhnə bolşeviklərə, Lenin məktəbinin partiyada aparıcı mövqelər tutan və həlledici sahələrdə yerləşdirilən adamlarına toxunduğunu görərik. Stalin kimlərin ona qarşı səs verdiyini düzgün təxmin etmişdi. O üzdən məhz o adamların, köhnə bolşeviklərin başı getdi. Onlar xalq düşməni elan edildilər və vətəndaşlarımız, partiyaçılar və bitərəflər bunu bəyəndilər. Sonradan Çində Mao Tzsedun da eyni şeyi etdi, ancaq orada onları “xalq düşmənləri” adlandırmadılar, “mədəni inqlabın düşmənləri” adlandırdılar.

Leninin ünsiyyətdə olduğu nə qədər insan “xalq düşməni” çıxdı!

Mərkəzi Komitənin və Siyasi Büronun üzvü Kosior;

Siyasi Büro üzvlüyünə namizəd, köhnə bolşevik, nüfuzlu insan, Leninin böyük hörmətlə yanaşdığı Rudzutak;

Güclü iqtisadçı və təşkilatçı Mejlauk – o, Dövlət Plan Komitəsinə rəhbərlik edirdi və hesab edirəm ki, Plan komitəsinin sədrlərinin içində Kuybışevdən sonra ən yaxşısı o idi;

Daha bir hörmətli şəxs, köhnə bolşevik, Leninin yaxını Vlas Çubar;

Petrovski – o, öz əcəli ilə öldü, ancaq əvvəlki vəzifəsindən kənarlaşdırılmış və üçüncü dərəcəli vəzifəyə göndərilmişdi. Petrovski inqilabdan sonra partiyada aktiv təşkilatçı sayılmırdı. O, partiyanın ikonu rolunu oynayırdı. Ona görə də Petrovski Stalin üçün təhlükəli deyildi və onun başını İnqilab muzeyində qatmaq kifayət etdi.

Pavel Postışev – aktiv insan;

Eyxe –  partiyanın Novosibirsk diyar komitəsinin katibi, sonradan kənd təsərrüfatı komissarı. Onu həbs edəndə Stalin demişdi: “Baxın, biz Eyxeni kommunist hesab edirdik, onu dindirəndə isə o deyir: “Nə istəyirsiniz məndən? Mən komunist deyiləm və heç vaxt kommunist olmamışam”.

Vareykis – onun haqqında da danışırdılar ki, o, təxribatçıdır.

Bir sözlə, həbs olunan bütün insanları ləkələyirdilər və onların kommunist olmadıqlarını, təxribatçı olduqlarını bildirirdilər.

Bax, əslində Stalinin törətdiyi qırğının qaynağı Leninin narahatlığını təsdiq edən məsələdir. Vladimir İliç demişdi ki, Stalin öz postunda qalarsa, o zaman hakimiyyətdən sui-istifadəyə qadir olacaq. Partiya Leninə qulaq asmadı və buna görə bədəl ödədi. Ancaq təkcə partiya kadrları məhv edilmədi: hamını doğradılar. Əgər kimsə kefinin duru vaxtı artıq-əskik nəsə deyirdisə, bu, bəs edirdi ki, o, müvafiq siyahıya düşsün və sonra sürgün edilsin və ya güllələnsin.

Stalin onları nə üçün məhv edirdi? O, onları ona görə məhv edirdi ki, Stalinin dəyişdirilməsi üçün şərait yaranırdı. Demokratik mərkəziyyət əsasında qurulmuş proletar partiyasının həyatında nizamnaməyə uyğun iş metodları istifadə olunur. Demək, partiyanın qurultayında və ya Mərkəzi Komitənin plenumunda həmişə bir şəxsin digəri ilə əvəz edilməsinə dair məsələ qoyula bilər. Əgər partiya üzvlərinin rəhbərliyi dəyişmək haqqı tanınmasa, o zaman bilmirəm, partiya nəyə çevrilə bilər. Bu cür partiya kütlələri özünə cəlb edə bilməz, ona görə ki, bu, artıq fəhlə-kəndli sinfinin diktaturası olmayacaq, şəxsiyyətin diktaturası olacaq.

Faktiki olaraq Stalinin dövründə belə idi: partiya artıq öz iradəsini ifadə edə bilmirdi. Mərkəzi Komitə real olaraq işləmirdi, MK-nın plenumları və partiyanın qurultayı illərlə çağrılmırdı. Yerlərdə partiya hələ də əvvəlki həyatıyla yaşamaqda davam edirdi, ancaq rəhbərlik artıq partiya tərəfindən seçilmirdi, MK tərəfindən təyin olunurdu. Stalin nə istəyirdi, edirdi: istəsə edam edir, istəsə – bağışlayırdı.

Yadıma Leninin Stalinin xasiyyəti haqqında yazdığı vəsiyyəti təsdiqləyən bir epizod düşür.

Biz Stalinlə birlikdə müxtəlif kinofilmlərə çox baxırdıq. Bir dəfə müstəmləkə İngiltərəsinin həyatından bəhs edən filmə tamaşa edirdik. Mən bu filmin məzmununu yadda saxlamışam. Film hansısa qiymətli bir şeyin Hindistandan İngiltərəyə gətirilməsindən bəhs edirdi. Ancaq Hindistandan gələn gəmilərin keçdiyi yol dəniz quldurlarının – piratların nəzarətindədir. O zaman İngiltərədə həbsxanada yatan məşhur pirata müraciət edirlər və ona deyirlər ki, bu riskli işi həyata keçirməyi öz boynuna götürsün. Bunun əvəzində ona lazımi vəd verirlər. Pirat razılaşır, ancaq şərt qoyur ki, həbsxanada birlikdə yatdığı dustaqlar arasından öz mülahizəsinə uyğun komanda yığmalıdır. İngiltərə hökuməti razılaşır, pirat özünə komanda düzəldir, ona gəmi verirlər, o, Hindistana gəlir, qiymətli şeyi gəmiyə yükləyir və geriyə, İngiltərəyə qayıdır. Yolda o, öz həmfikirlərini öldürməyə başlayır.

Onun üsulu beləydi: qurbanı müəyyən edir və onun şəklini öz masasının üstünə qoyur. Beləcə, o yavaş-yavaş bu banditlərin bir xeylisini məhv edir… Filmin nümayişi başa çatandan sonra Stalin adəti üzrə onun “yaxın” bağına getməyi təklif etdi. Malenkov və Beriya Stalinlə eyni maşına mindilər, Bulqaninlə biz isə mənim maşınımda onların ardınca getdik. “Yaxın” bağa çatdıq, dərhal əlimizi yumağa getdik və həmişəki kimi, ayaqüstü söz mübadiləsi etdik. Beriya dedi: “Qulaq as, bilirsən, biz yol gələndə Stalin nə dedi? Dedi ki, o kapitan heç də axmaq oğlan deyildi, nə etdiyini bilirdi”. Beriya məni dilə tutdu ki, bu mövzunu masa arxasında qaldırım və deyim ki, o pirat sırf alçaqdır. Mən tərəddüd etdim, sonra razılaşdım və masa arxasında dedim: “Yoldaş Stalin, o kapitan necə bir alçaq idi, öz yaxın yoldaşlarını məhv etdi”. Stalin mənə baxdı və heç bir cavab vermədi. Mən də bu təhlükəli söhbətə son qoydum.

Burada bir paralel görünür: Stalin həmin pirat-kapitan kimi, özü üçün siyahı (ona şəkillər lazım deyildi) tərtib etmişdi və öz əlaltılarına kimin növbəsi çatdığına dair əmr verirdi. O, hara, həmin quldur hara! O balaca quldur on, ya on beş adam öldürmüşdü, Stalin isə yüz minlərlə insanı məhv edib. Dəqiq deyə bilmərəm, nə qədər. Ancaq Stalin öləndə həbs düşərgələrində 10 milyon insan vardı. Orada, əlbəttə, cinayətkarlar da, hərbçilərimiz – keçmiş hərbi əsirlər də saxlanılırdı. O qədər çox sayda insan vardı ki, onlar ingilis piratın yuxusuna belə girməzdi.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10