Azərbaycanda ən çox rast gəlinən ürək-damar xəstəklikləri infarkt, hipertoniya, kəskin koronar sindrom və ürək çatışmazlığıdır. Təəssüf ki, bu xəstəliklərdən əziyyət çəkənlərin sayı kifayət qədər çoxdur.
Cenub.az bildirir ki, bunu trend-ə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, tibb elmlər doktoru Gülnaz Dadaşova deyib. Onun sözlərinə görə, cavan insanlar arasında infarktların baş verməsi halları çox tezləşib. G.Dadaşova qeyd edib ki, əgər belə xəstələrə vaxtında müdaxilə edilərsə, gözlənilən ağırlaşmaların qarşısını almaq mümkündür: “Kəskin koronar sindrom stenokardiya ilə infarkt arasında keçid olan bir xəstəlikdir. Çox zaman xəstələr sinələrində göynəmə, yanğı ilə gəlirlər. Bu hallardan şikayət edən cavan insanların həkimə vaxtında müraciət etməməsi onlar arasında infarktın artmasına səbəb olur. Xəstə gecikəndə, vaxtında müdaxilə olmayanda – istər medikamentoz, istərsə də müayinə baxımından yardım olmayanda infarkt baş verir”.
Ürək çatışmazlığının bütün ürək xəstəliklərinin son mərhələsi olduğunu nəzərə çatdıran G.Dadaşova onun ölkəmizdə ən çox rast gəlinən xəstəliklərdən biri olduğunu söyləyib.
O bildirib ki, bəzən ürək xəstələrinin müalicələrinin düzgün aparılmaması, bəzi xəstələrin baxımsız qalması, dərmanlarını vaxtında qəbul etməməsi, öz xəstəliklərinə laqeyd yanaşması ürək xəstəliklərinin daha da inkişaf edərək ürək çatışmazlığı mərhələsinə gəlib çatmasına imkan yaradır. Bu isə öz növbəsində ölkədəki ürək çatışmazlığı xəstələrinin sayının getdikcə artmasına səbəb olur: “Təəssüf ki, ürək çatışmazlığı olan xəstələrin qeydiyyatını apara bilmirik. Çünki Azərbaycanda ürək çatışmazlığı xəstəliklərin kvalikasiyasında diaqnoz kimi deyil, yalnız ağırlaşma kimi qeyd edilir. Azərbaycanda bu ağırlaşmalara 53-55 yaşdan sonra rast gəlməyə başlanılır. Səhiyyənin daha çox inkişaf etdiyi Avropa ölkələrində belə ağırlaşmalar 60-70 yaşdan sonra əmələ gəlir. Həmin ölkələrdə ürək çatışmazlığı olan xəstələr Azərbaycandakı xəstələrlə müqayisədə özlərini daha yaxşı hiss edirlər. Çünki onlar dərmanlarını vaxtında qəbul edir, ayda, yaxud 3 aydan bir kardioloq müayinəsindən keçir, ən azından ildə bir dəfə qanlarında xolestereni, laxtalanmanı, gizli şəkəri yoxladırlar. Əgər xəstə nəzarətdə olarsa, belə xəstəliklərdən əziyyət çəkənlərin də sayı təbii ki, azalar”.
G.Dadaşova ürək xəstəliklərinə daha çox kişilər arasında rast gəlindiyini söyləyib: “Ürək xəstəlikləri daha çox kişilərin xəstəlikləri sayılır. Bu, bəlkə də kişilər arasında stress faktorunun daha çox olması ilə əlaqədardır. Bəllidir ki, qadınların orqanizmindəki estrogen hormonu müəyyən yaşa qədər onlar üçün qoruyucu rol oynayır. Hipertoniyaya qadınlarda, infarkta isə kişilərdə daha çox rast gəlinir. Amma əslində, hipertoniyanın ən böyük ağırlaşmalarından biri infarkt və insultdur”.
İnstitut direktoru əlavə edib ki, ürək-damar xəstəliklərindən ölüm hallarına daha çox kişilərdə rast gəlinir: “Kişilərin zərərli vərdişlərdən daha çox istifadə etməsi, avtomobillə gəzməyə meyl etməsi, piylənmə, qidalanmada olan problemlər kişilər üçün risk amillərini yüksəldir”.
G.Dadaşova digər maraqlı məqamı da açıqlayaraq qeyd edib ki, əslində, yaşlı insanda infarkt cavana nisbətən daha ağır keçməlidir: “Amma çox təəssüf ki, biz indi öz təcrübəmizdə paradoksal vəziyyət görürük. Eyni xəstəlik həm yaşlıda, həm də cavanda varsa, o, cavan insanda daha yüksək sürətlə inkişaf edir, cavanlarda daha çox ağırlaşmalara səbəb olaraq sonda ölümlə nəticələnir. Bu hal bəlkə də yaşlı insanların cavan vaxtlarında daha sağlam qidalanması, onların cavanlıq vaxtlarının ekoloji baxımdan daha təmiz dövrə təsadüf etməsi ilə, indiki cavanların isə genetik modifikasiya edilmiş məhsullarla daha çox qidalanması, transyağlardan istifadə etməsi ilə izah oluna bilər. Ancaq bunun dəqiq səbəblərini müəyyən etmək üçün genişmiqyaslı elmi tədqiqatlar aparılmalıdır”.