Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Səni tanımasaydım-Yaxud tanıdığın adamla tanımadığın adamın şeirlərini oxumağın fərqi



Yaşı artıq 70-ə yaxınlaşan, qocaldıqca daha cavanlıq ilhamı ilə yazan Əlizaman Baxışla tanışlığımızın uzun illər tarixi var. Çoxları yazır ki, 0, 4  kitabın müəllifidir (sonuncu bu günlərdə çapdan çıxıb). Amma, mən bilən onun ilk kitabı 50 il öncə “çap olunub”. Bu,  “Eşqdastanıdır”. Zarafat edirəm.  Belə bir kitabın nə kağız, nə elektron variantı var. Bu “kitab” onun hələ Lənkəranda təhsil alarkən könül bağladığı və 50 ilə yaxın eyni cəbhədə (həm məktəbdə, həm evdə) çalışdığı Xanım müəllimə ilə ömür yolunu əks etdirən yazılmamış bir kitab, bir eşq dastanıdır. O Xanım müəllimə ki, həm el anası, həm gözəl müəllim, halal bir insan kimi çoxlarının əzizidir.

Adətən belə yazıları oxumaq indiki oxucular üçün bir az maraqsızdır – nə eşq, nə  50 il. Ona görə, mətləbə keçirəm.


Əlizaman müəllim bu gün “Masallı Muğanının”ən seçilən ziyalılarından biridir. Niyəsi

Gözəl, olduqca saf, halal bir ailənin başçısıdır. 2-si öz zamanının ən savadlı, ən fədakar müəllimlərindən olub (çiyin-çiyinə çalışdığı Xaanım müəllimə ilə birgə).

El ağsaqqalıdır.  Bir çox kəndlər haqqında kitablar yazılsa da, onun boya-başa çatdığı Hacıtəpə kəndi haqqında yazdığı eyni adlı kitaböz mükəmməlliyi, səmimi ruhu ilə daha çox seçilir. Kənddə mərasim  evinin inşasında onun, hər bir xeyir-şər məclisində onun əməyi, xüsusi yeri var.

Əlzaman müəllim yaradıcı insandır. Bundan əvvəl “Hacıtəpə”“Qayaların dağ vüqarı”“Ömür kitabı” adlı əsərləri qələmə alsa da jurnalistika sahəsində də özünü sınamağı unutmayıb. “Cənub xəbərləri” qəzetindən müxbir, “Talisman” qəzetində redaktor kimi çalışıb.

Son vaxtlar isə şeir yazmağa daha çox meyillənib. Şair Əlzaman da pis görünmür. Onu şəxsən və yaxından tanıdığım üçün deyə bilərəm ki, Əlizaman müəllim həyatda nədirsə, şeirlərində də odur-həmin səmimiyyət, həmin  etirazçılıq, əmin humanizm. Daha nələr? Bax həmin “nələri” aşağıda təqdim etdiyim şeirlərdən tapa bilərsiniz.


ağıda sizə onun  bu günlərdə çapdan çıxan “Yaxşı ki varsan” kitabından bir neçə şeir tədimedirik:

DƏRD ARASINDA

 

Əlləri qoynunda dayanıb-durub,

İtmişik-batmışıq dərd arasında!

Necə düzəlsin ki, bu dünya, baba,

Yüz namərd gizlənir mərd arasında!

 

Aşına-aşına zombiləşmişik,

Qaşına-qaşına kombiləşmişik!

Vallahi, boşuna lobbiləşmişik –

bizdən yox dünyanın heç-harasında!

 

Elə görünürük, diriyik, guya,

Min mürdəşir çatmaz bu qanı yuya!

Özümüz vermişik yarmanı suya –

indi də qalmışıq üz qarasında!

 

Nə qədər bəzək vur, ha tərif eylə,

Şəninə dastan qoş, nəğmələr söylə!

Bu bədbəxt millətin, yetimin böylə -

rifah halını sor göz qorasında

 

Elə ki şişirik, altunlaşırıq,

Mamlı-matanlaşırxatunlaşırıq!

Ürəyi daşlaşır, betonlaşırıq –

dünyaya baxırıq pul-parasında!

 

Gəzib-dolanırıq kütlər sayağı,

Elə sadiqiq ki, itlər sayağı

Daraşıb yeyirlər bitlər sayağı –

beləsin görməzsən Yer kürəsində!

 

 

Demokl qılıncı verin

 

Mənə bir Demokl qılıncı verin – 

XXI əsrdə düzəldilmiş olsun!

Qurtarsın məni 

pis vərdişlərdən,

köhnəlmiş, saralmış işlərdən!

Başlasın lap elə dilimdən!

Haqdan, ədalətdən danışa bilməsin -

onsuz da köhnəlib...

Hələ neçəsi zindanlar küncündə

iylənib..!

... Sonra kəssin əllərimi,

             halal çörək kəsməsə!

(Onsuz da tapa bilməyəcək!!)

Nəyimə lazım belə əl,

            karıma gəlməsə..!

...Verin Demokl qılıncını,

kəsib, atsın artıq əzalarımı!

Ayaqlarımdan olum,

yerişimi itirim –

yolu əyri gedəcəksə, 

         neylirəm onları!

Qamətimi düz ortadan bölsün,

duruşumu itirim –

şax gəzə bilməyəcəmsə

yıxılsam yaxşıdır!

Çıxartsın gözlərimi –

oğul-uşağın gözünə 

           dik baxa bilməyəcəmsə,

kor olsam, yaxşıdır! 

... Demokl qılıncı gətirin,

XXI əsrin olsun!

Kəssin, doğrasın, biçsin!

Ürəyimi çıxartsın,

lap qanımı da içsin!

Başıma dönsün o qılınc!

Lap atom bombası olsun, 

partlatsın, dağıtsın

cəmdəyimi!

Alsın əlimdən hər nəyimi!

Amma

əqlimi, əqidəmi, vicdanımı,

şərəfimi, ləyaqətimi, adımı,

Vətənə içdiyim andımı,

insanlara olan sevgimi,

ədalət, həqiqət, mərifət 

haqqında bilgimi

ala bilməyəcək!

Onlar 

     mənimlə o dünyaya gedəcək!!

Qayıtmaq üçün!

İnanıram buna!

Axı inamıma çatanda 

       korşalmışdı o qılınc,

kəsə bilməmişdi!!

İnamım ölməmişdi!!!!!!!

 

Qul adamları

 

Bəxtəvər başına, müsəlman qardaş,

Ölkəni bürüyüb qul adamları!

Bütün avropanı gəzsən, görməzsən,

Tək burda qudurdur pul adamları!

 

Əlləri qoynunda duran burdadı,

Yol üstə boynunu buran burdadı,

Bizi məğmun edən İran burdadı –

yoldan çıxarıbdı bol adamları!!

 

Burdadı nəyi var, qızıla bükən,

Cədd-əqrabayçün saraylar tikən,

Əslində yetimin evini sökən,

Sonra da verənlər hül, adamları. 

 

Burdadı dostuna min hiylə quran,

Arxalı köpəyin yanında duran.

Qarnını başından yüksəkdə görən,

Yal-yalaq yalayan yal adamları!!

 

Baxırsan, zahirən sanki bütdülər!

Saqqallı-hicablı mentaltetdilər!

Fikri, düşüncəsi, zehni kütdülər,

Allah bura verib mal adamları!

 

Hamının birinə işləyən yerdə,

hazırın naziri dişləyən yerdə,

dünyanın axırı başlayan yerdə

başa çıxacaqlar dal adamları!!

 

  Nə vermişik Vətənə

 

Vətən bizim qəlbimizdən keçəndə, 

Vətən bizi adam bilib seçəndə,

Vətən bizə verdiyini biçəndə -

Heç bilmirəm, biz Vətənə nə verdik?

Belə-belə etibarı itirdik!

 

Vətən, dərdin ürəkləri dağlayır!

ATƏT, AŞPA orda basıb-bağlayır! 
Bu halını görən gözlər ağlayır -

Tor gəlibdi anaların gözünə!

Necə baxır namərd sənin üzünə!

 

Ozan olduq:”VətənVətən!” deməkdən!

Utanmadıq duz-çörəyin yeməkdən!

Əlin üzüb bizdən gələn köməkdən! 

Dartışdırıb biz yeyirik mış kimi,

O da dözür sanki qarğınmış kimi!

 

Namərd adam, danışmağa dilin var?

Neçə evdə ermənidən gəlin var!

Sənin burda nə yurdun var, elin var –

çıx get burdan, ay erməni yanşağı,

get, axtar, tap öz tayını – daşnağı!

 

Əlin qanlı, torpaqları satıbsan!

Tülkü, çaqqal kölgəsində yatıbsan!

Xırtdəyəcən sən çamura batıbsan –

indi gəlib mənə nağıl deyirsən,

hansı üzlə sən özünü öyürsən!!??

 

Hamı bilir, balıq başdan iylənir!

Hazırların nazirləri piylənir –

zalım oğlu gəlib biznən əylənir!

“Bəsdir!”“Yetər!,“Dayan daha!” deyən yox!

Danlayan yox, dansayan yox, söyən yox!

 

Külək belə əsir, bunun sonu yox!

Haqsızlığın nə sayı yox, sanı yox!

Xalq can verir, damarında qanı yox –

iynə salıb boş yerdən qan gəzirlər,

bu Şümürlər, ibn-Ziyad, Yezidlər!

 

Top atılır, diksindirmir milləti,

Tərpənməyə yoxdu daha taqəti!

Harda qaldı bəs bu xalqın qeyrəti –

Cahanşümül fatehləri necoldu?

Nədən xalqın intiqamı gec oldu??

 

 

Vallah, təmiz qandı bizim qanımız!!!!

         Allah sənə rəhmət eləsin, Sabir Baba!

 

Biz söz ilə dağ yaradan ərlərik,

İş gələndə başımızı girlərik!!

Dil-dil ötən dilli dilavərlərik!

Qadoy alım, yandı bizim canımız,

Vallah, təmiz qandı bizim qanımız!!!!

 

Yeri gəldi-gəlmədi, hey bannarıq,

Sərf-siyasət nədigec annarıq!

Erməninin axçilərin yannarıq –

Bu işdə vardır adımız-sanımız,

Vallah, təmiz qandı bizim qanımız!

 

Kim kimədir, söz demərik heç kimə,

Arxa kimə, böyür kimə, iç kimə?

Tapsan əgər, ürəyini aç kimə -

Yoxdu daha nə şahımız, xanımız,
Vallah, təmiz qandı bizim qanımız! 

 

Diringədən ayılmayır baş daha!

Çəyirtgədən düzəldirik əjdaha!
Ümidləri bağlamışıq dərgaha –

İtirmişik, kimdi bizim panımız?

Vallah, təmiz qandı bizim qanımız!

 

Çox deyirik, qeyrət bizim eldədi,

İnanmayın, hər nə desək, dildədi!
Nə qədər ki torpağımız əldədi –

Öldü, bala, şöhrətimiz,  şanımız,
Vallah, təmiz qandı bizim qanımız!!!!

 

... BEŞDƏ BİR CÜR

 

Fırlanırıq bu dünyanı,

üçdə bir cür, beşdə bir cür!

Başqa-başqa adamlarıq,

evdə bir cür, işdə bir cür!

 

Kim istəsə, əyilirik,

Qapaz altda döyülürük!

Elə rahat yeyilirik –

şişdə bir cür, dişdə bir cür!

 

Qaş altında göz kimiyik,

Deyilməmiş söz kimiyik!

Gedilməmiş iz kimiyik –

gəldə bir cür, keçdə bir cür!

 

Yerli-yersiz qazlanırıq,

muçqururlar, sazlanırıq!

Aradabir pazlanırıq –

quruda bir, yaşda bir cür!

 

Böyüdürük sözümüzü,

Bərəldirik gözümüzü,

Şişirdirik özümüzü –

çoldə bir cür, içdə bir cür!

 

Şirinlikdən bal dadırıq,

Çoxlarına yal dadırıq!

Özümüzü aldadırıq –

işdə bir cür, gücdə bir cür! 

 

Döyüş vaxtıdır

 

Yığılın , a dostlar, gedək döyüşə,

Düşmən qarşısında duruş vaxtıdır!

Açaq sinəmizi verək irəli,

Yurd, Torpaq uğrunda vuruş vaxtıdır!

 

Çox yağlı sözlərə aldandıq, bəsdir!

Yanlış ünvanlara yollandıq, bəsdir!

Saxta imzalarla qollandıq, bəsdir!

Haqqı tələb etmək, soruş vaxtıdır!

 

Nahaq yelə verdik illərimizi,

Gedək, azad edək ellərimizi!

Zəngəzur, Dilican gözləyir bizi,

Göyçə mahalında görüş vaxtıdır!

 

Barışmaq, qarışmaq sədaları var!

Papulist, yalançı nidaları var!

Bu qədər qanı var, qadaları var – 

Bu necə qardaşlıq, barış vaxtıdır????

 

Xəcalət təridir tökdüyüm bu tər,

De hansı gün olar bu gündən betər??

Nə qədər səbr edək, bəsdirin, yetər!
Qalxın, silahlanın, dönüş vaxtıdır!

 

Hər qaya dibində saysız izim var,

Minlərlə Fəridim, Mübarizim var!

Cəngə hazır olan oğlum, qızım var!

Durmayın, düşmənin eniş vaxtıdır!

 

Qaldırın Dərbənddən Dəmir qapını,

Topçu meşəsindən tüfəng sapını!

Eşidək Təbrizin şirin lafını,

İrəvan üstünə yürüş vaxtıdır!

 

Tomrisəm, Babəkəm, Salur Qazanam!

Düşmənə qəzəbəm, dosta amanam!

Mən ƏLİ dostuyam, hökmü-ZAMANAM!

Artıq cəng zamanı, döyüş vaxtıdır!!!!

 

       DÜŞÜR

 

Fikri ürəyində düzüb-qoşan mən,

Söz gedib qələmim ucuna düşür!

Sahibsiz it kimi veyillənir o,

Gəlib bir naşının qucuna düşür!

 

Taleyin təxtini tərs döndərən kim?

Hər işi səmtinə yönləndirən kim?

Göydən bircə dənə daş göndərən kim –

Toxundan yan keçir, acına düşür!

 

Həyatda kef çəkir nadan-naşılar,

Nüfuzlu olublar taxta-başılar!

Dünyanın qiymətli daşı-qaşı var –

Şahların taxtına-tacına düşür!

 

Hələ inanırsan nağıl dünyaya,

Şəkərli-qaymaqlı noğul dünyaya!

Öyrədə bilməzsən ağıl dünyaya –

Sənin dediklərin vecinə düşür!??

 

Yırtırlar dünyanı vaşaqlar kimi,

Amma gör edirlər daş-qalaq kimi?

Hələ gözləyirik uşaqlar kimi –

Üç alma gör kimin ovcuna düşür!?

 

Satana lənət

 

Həya pərdəsini çəkib üzündən

Arı, namusunu atana lənət!

Çörək əvəzinə abrını yeyən,

Qeyrəti çeynəyib udana lənət!

 

Dostlar arasında nifaq salana,

Yalandan hamıya “qardaş” olana,

Güc verib böhtana, şərə, yalana

Hər yerdə aranı qatana lənət!

 

Yalandan gözümə kül üfürənlər,

Dünya banklarına pul üfürənlər,

Milləti özünə nökər görənlər,

Torpağı, ölkəni satana lənət! 

 

Aldandı şöhrətə, dünya malına,

Baxıb həvəsləndi cəh-cəlalına!

Yalmana-yalmana özgə yalına,

Uca rütbələrə çatana lənət!

 

Hər sifət istəsən, göstərə bilən,

Sırtala-sırtala ada yüksələn,

Hər gün neçə dəfə ölüb-dirilən,

Tülkü kölgəsində yatana lənət!

 

Özgə hesabına hürən, haykıran,

Gözə girsin deyə, əl-çəpik vuran,

Hər zaman Şeytanın yanında duran,

Günaha, çamura batana lənət!

 

Əlizamaan Baxış






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10