Müəllif; Vasif Əlihüseyn
AYB – nin üzvü, prezident təqaütçüsü, Cəlilabad rayonu.
Yadımdan çıxmırsan nə edim axı,
payız da yağışın, qış da qarımın.
Mən hansı küçəyə baxsam nə fayda,
reklam lövhəsisən qayğılarımın.
Durub, taleyimə baxıram indi,
səni sevməsəydim, gülə bilərdim.
Ürəyim komputer yaddaşı olsa,
mən ordan adını silə bilərdim.
Geriyə dönməyə çalışma daha,
bəlkə gənc olmuşam, yolu azmışam.
Mənə eylədiyin xəyanət üçün,
ömrümə ən yeni virus yazmışam.
Özümü dəyişdim, başdan ayağa,
sənə ağlamaqdan daha doymuşam.
Qapı dəstəyini qırma əzizim,
bütün arzuları koda qoymuşam.
ŞƏHİDLƏR ÜÇÜN
Bu yazı hardan yazılıb,
bu acı yüz dərd bitirir.
Oğlunu itirmiş anam,
məzara köynək gətirir.
Qoy başını bu şəkilə,
bu şəkilin üzündən öp.
Bu şəkilin biri azdı,
bu şəkilin yüzündən öp.
Öldü qurtardı adamlar,
bəy idi...gəlindi... Allah!
Bu qədər canından keçən
bəs sənin nəyindi, Allah?
KƏNDİMİZ
Bu ildə qar yağdı,
Bu ildə,
İsinməyə ümüd gəzdi
kəndimiz
Aldatdılar...
Qaz da çəkmədilər
kəndimizə.
Babamdan yadigar,
“Tut” ağaclarının,
budaqlarını qırdıq,
yenə də.
bacalar tüstülədi göylərə,
soyuqdan
Ərləri xaricə
çörək dalıyca getmiş,
gəlinlər.
Bir toyuq başı kəsdirməyə,
kişi tapmadılar.
sünnət olunmamış uşaqlara,
“Bismillah” deməyi,
bir də “Qiblə”ni göstərdilər.
Beləcə hər qış,
kəndimiz neçə ağac
yandırıb
çəkdi ciyərlərinə.
Ümüdləri
bir az daha çox
qırıldı gəlinlərin
toyuq başı kəsən uşaqların
sayı artıqca.