Vüqar Əlioğlunun Qara ciyər çatışmazlığından əziyyət çəkən 5 yaşlı Qüdrət Nəbiyevin adından Tanrıya yazdığı məktubu təqdim edirik. Xatırladaq ki, bir il bundan öncə Qüdrətin iki yaşlı bacısı eyni xəstəlikdən dünyasını dəyişib.
Salam Allah baba
Mənim adım babam Qüdrətin adıdır. Mənim beş yaşım var. Hamının sözünə baxıram, heç kimi incitmirəm. Hələ mənim bir bacım da var indi yanımızda yoxdur. Bir gün “gizlən qaç” oynayırdıq O, gizləndi mən qaçdım. Sonra onu tapa bilmədim. İndi onun üçün çox darıxıram. Hər dəfə ata və anamdan bacım Aydanı soruşanda onlar ağlayırlar. Bəs mənim bacım hardadır?
Bizim evdə durmadan hamı ağlayır ele bil evimizə qaranlıq çöküb. Allah baba sənə bu məktubu yazıram ki, bacımı geri qaytarasan. Biz onunla yenə əvvəlki kimi oynayaq. Atam, anam, nənəm daha ağlamasın. İstəmirəm atamın anamın gözündə yaş olsun. İstəmirəm atam gizlində göz yaşlarını gizləsin. Daha evimiz də maraqsız olub. Bizə gələn qonaqlar da ağlayırlar.
Bircə ona sevinirem ki, atam məni təyyarəyə mindirib, məni Türkiyəyə aparıb amma orda da mənə iynə vururlar. Ağrıdır o iynələr məni. Nə olar onlara de ki məni incitməsinlər. Allah baba elə et ki, evimizdə yenə hər şey yaxşı olsun, hamı gülsün. Bacım Aydan da gəlsin. Ona təyyarədən danışacam. Allah baba mən sənə inanıram ki, sən bizə kömək edəcəksən. Allah baba eşidirsən məni...