İndi Hüseyn Cavidin əsərləri xalqa hava-su kimi lazımdır… Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır.
Heydər ƏLİYEV
Azərbaycan xalqının ümummilli lider
Azərbaycan xalqının dünya ictimai fikir və mədəniyyət tarixinə bəxş etdiyi çoxsaylı görkəmli şəxsiyyətlərdən biri də böyük romantik şair Hüseyn Cavid Rasizadədir. Onun çoxcəhətli və zəngin yaradıcılığı humanist ideallara xidmətinə görə ön sıralarda dayanmaqdadır.
1882-ci il oktyabrın 24-də Naxçıvan şəhərində anadan olan Hüseyn Cavid Rasizadə (1882-1941) Azərbaycan ədəbiyyatında romantizm cərəyanının qüdrətli nümayəndələrindən biri və bayraqdarı kimi geniş şöhrətə malikdir. Çoxcəhətli və zəngin yaradıcılığa malik Hüseyn Cavid ilk qələm təcrübələrinə lirik şeirlə başlayaraq “Gülçin”, “Salik” imzaları ilə şeirlər yazmış, ədəbiyyat tariximizdə misilsiz şair olaraq tanınmışdır. Onun böyük istedadla yazılmış zəngin dramatik əsərləri Azərbaycan ədəbiyyatının qızıl fondunu təşkil edir. Böyük dramaturq kimi şöhrətlənən Hüseyn Cavid “Ana”, “Şeyx Sənan”, “Uçurum”, “İblis”, “Topal Teymur”, “Peyğəmbər”, “Xəyyam”, “Səyavuş” və başqa dram əsərlərinin, “Azər” poemasının müəllifidir. Hər bir əsərində böyük humanist ideyalarla çıxış edən görkəmli dramaturq bütün bəşəriyyətin xilası və nicatını məhəbbətdə, sülh və barışda görmüşdür. “Məhəbbətdir ən böyük din” fikri “Ədalət istərəm, yalnız ədalət” çağırışları ilə dövrünü silkələyən Hüseyn Cavidin yaradıcılıq şüarı və proqramı idi. “Din bir olsaydı yer üzündə əgər, Daha məsud olurdu cinsi-bəşər” misrası da şairin bütövlükdə bəşəriyyətin xoşbəxtliyi və firavan yaşayışı üçün irəli sürdüyü əsas humanist ideya idi.
İdeoloji tələblərlə pərçimlənmiş Sovet dövründə də yazıb-yaradan Hüseyn Cavid quru, boş, hay-küylü sosializm şüar və yaradıcılıq pafosundan kənar, özünəməxsus, inandığı ideal və ideyalar işığında ədəbi fəaliyyət göstərmişdir. Onun “Knyaz”, “Peyğəmbər”, “Topal Teymur”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı” pyesləri, “Azər” poeması məhz bu dövrün məhsulları olsa da, bu əsərlərdə sosializm şüarlarından fərqli olaraq ictimai həqiqət olan sülhə, humanizmə, ədalətə inam və çağırışlar yer tuturdu. Dünyanı parçalayan və hökm edən qüvvələri “İblis” əsərində göstərən Cavid dünyanı birliyə və xoşbəxtliyə dəvət edən yolu da göstərirdi. “Dərdə bax, millətə bax, niyyətə bax. Ölülərdən ölülər feyz alacaq” misrası ilə hər cür münaqişə və ayrı-seçkiliklərə nifrət və qəzəb yağdıran humanist şair kin və ədavət yaradan hər şeyə lənət yağdırmaqla “İblis nədir? Cümlə xəyanətlərə bais… Ya hər kəsə xain olan insan nədir? İblis…” – deyə acı qənaətini irəli sürür, bütün bəşəri günahlarda elə bəşərin – insanın özünü günahkar və məsul bilirdi. Bu baxımdan ədib dərin ictimai-məzmun, mənəvi əhəmiyyət kəsb edən və estetik tərbiyə gücü olan “Peyğəmbər” əsərində dünyanın xoşbəxtlik və səadət içində yaşayışı üçün öz ideallarını, inandığı yolu göstərmişdi. Peyğəmbərin fikirləri, yolu, mübarizə üsulları timsalında dövrün yeni cəmiyyət qurucularına kitab, mədəniyyət və mərifətdən ibarət ibrət dərsi verən böyük sənətkar “Şeyx Sənan” əsərində olduğu kimi müəyyənləşdirdiyi mənəvi yolu, düşüncə tərzi və ideyasını bu əsərində də davam və inkişaf etdirmişdir. Peyğəmbər obrazı ilə özünün mənəvi, ictimai mücadiləsini sanki təqdim edən görkəmli ədib yeni cəmiyyət, yeni həyat qurmaq haqqında fikirlərini ortaya qoymuşdur. Buna görə düşünürük ki, Hüseyn Cavid Sovet dövrü yaradıcılığında dövrün konkret ideoloji tələbləri çərçivəsində yox, ədəbi-estetik tələbləri çərçivəsində yazmağa cəhd etmişdir. 30-cu illərdə sənətin və ədəbiyyatın qarşısına qoyulan yeni cəmiyyət və həyat haqqında tapşırığa uyğun olaraq Cavid də öz ideallarını təqdim edirdi. Həmin dövrdə konkret olaraq Leninin, Stalinin rəhbər olaraq ideyalarını həyata keçirməklə yeni cəmiyyət və yaşayış qurmaq istəyən bolşeviklərə böyük sənətkar öz təbirincə rəhbər və yol timsalında Peyğəmbəri və onun ideyalarını təqdim edirdi.
İnsanları bir-birindən,
Ayırammaz altun, gümüş.
İştə bizi ayırd edən,
Yalnız bilgidir, düşünüş, –
deyə insanları, xüsusilə rəhbər, başçı, liderləri bir-birindən fərqləndirmək meyarı ortaya qoymuşdur. Romantik sənətkar “Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü”, – deyə rəhbərlik missiyası və fəaliyyətini müəyyənləşdirəcək meyarları da təqdim etmişdir. Bəlkə elə ədibin:
Öylə bir əsr içindəyəm ki, cihan
Zülmü vəhşətlə qavrulub yanıyor.
Yüz çevirmiş də Tanrıdan insan,
Küfrü haq, cəhli mərifət sanıyor.
Dinləməz kimsə qəlbi, vicdanı,
Məhv edən haqlı, məhv olan haqsız…
Başçıdır xalqa bir yığın cani,
Həp münafiq, şərəfsiz, əxlaqsız –
fikirləri ilə konkret dövrdə ideologiya qüvvələrinin idarəçilik və yeni cəmiyyət quruculuğu fəlsəfəsinə münasibət ifadə etmiş, bir milli ziyalı kimi ictimai proseslərə olan konkret rəyini göstərmişdir. Hətta, fikrimizcə, Cavid “Topal Teymur”, “Səyavuş” kimi əsərlərində hökmdar və xalq problemini də əhatəli şəkildə göstərməklə ədaləti idarəçiliyin təməli kimi göstərib, hökmdarlığı nöqsanları və doğruları ilə birlikdə təqdim edərək tövsiyə və ibrət verməyə çalışmışdır. Fikrimizcə, böyük sənətkarın “Azər” poeması da öz qorxu və dəhşətlərilə insanlara hakim kəsilən ictimai-tarixi şəraitlə daha çox barışıq missiyası həyata keçirir, yeni cəmiyyət quruculuğuna münasibətini ifadə edirdi. Lakin poemada Azərin davranışları və fikirləri böyük şairimizin özünəxas ideya, fikir və davranışlarının təbiri kimi çıxış edərək bolşeviklərə nümunə göstərirdi. Azərin “Rəqsi təlim ediyor axsaqlar” kimi aforistik ifadələri də, fikrimizcə, Cavidin yeni cəmiyyət qurmaqda canfəşanlıq edən dilbilməz, yolbilməz bolşevik gənclərə ünvanladığı tənqid və tövsiyələrdən ibarət idi. Buna görə ədib:
Bən məhəbbət əsiriyim… hər an,
Hər zaman özlərim bir öylə cahan
Ki, bütün kainatı eşq olsun,
Gönül uçduqca etila bulsun.
…Qandan əsla görünməsin də əsər… –
deyə özünün yeni cəmiyyət və yaşayış ideallarının məzmununu və tələblərini ifadə edir, sevgi, məhəbbət konsepsiyasının məzmununu açırdı. “Məhəbbətdir ən böyük din” konsepsiyası məqsədli olaraq Sovet dövrü ədəbiyyatşünaslığında başqa səmtə təhlil və izah edilərək müəllifini panislamist kimi təqdim edirdilər. Halbuki ədib dramaturji yaradıcılığının “Şeyx Sənan” tarixindən başlayaraq yeni cəmiyyət, həyat və yaşayış haqqında düşünür, öz fikir və düşüncələrini təqdim edirdi. Fikrimizcə, ədibin əsərlərində tez-tez müraciət etdiyi “təriq”, “din” kimi fikirləri də öz ilkin mənasında deyil, yol, ideya mənasında ədibin bədii-estetik idealı başa düşülməlidir. Görkəmli cavidşünas Rafael Hüseynovun sözlərilə desək: “Peyğəmbər idim ümmətim olsa”, – deyən Cavid yerdə qələmi ilə, ölməz kitabları ilə insana mərhəmət və şəfqətin üzərində qibləgahı, pənahı, ilahisi Gözəllik və Sevgi olan yeni Təriqət, Yeni Din yaratdı – Məhəbbət Dini! Bu da Caviddən bizə qalan ən munis dua: Mənim Tanrım Gözəllikdir, Sevgidir!”
Dövrünün yalançı ideoloji kampaniyasına uymayan Cavid öz sənət idealına sədaqət göstərərək ədəbiyyat tarixində “söz və fikir zadəganı” olaraq qaldı. Özünü mənsub olduğu xalqının maariflənməsi, inkişafı və azadlığı üçün həsr edən Hüseyn Cavid həm də böyük maarifçi idi. Publisist əsər və məqalələrində, eləcə də bədii əsərlərində şair maarif, tərbiyə tərəfdarı kimi çıxış edirdi. “Türkə qılıncdan daha kəskin, ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət” fikri böyük şairin maarifçilik şüarlarını irəli sürürdü. O, mənsub olduğu xalqının gələcəyini oxumaqda, məktəbdə, tərbiyədə görür, özünün müəllimlik peşəsi ilə də bu ideallara yorulmadan xidmət edirdi.
Repressiya qurbanı olan Cavid öz yaradıcılıq idealı ilə ədəbiyyat üfiqlərində bir Günəş kimi əbədi olaraq yaşadı. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinə qədər unudulan Hüseyn Cavidin əsl bəraətini də məhz ədəbiyyatımızın böyük hamisi ulu öndər Heydər Əliyev vermişdir. Məhz bu böyük şəxsiyyətin xalqına bağlılığı və sənətə sonsuz sevgisi işığında bəraət alaraq xalqının milli sərvəti kimi təqdim və təbliğ edilən Hüseyn Cavid ardıcıl dövlət qayğısı ilə əhatə olunmuşdur. 24 oktyabrın Cavid Poeziya Günü olaraq qeyd edilməsi də bu böyük sənətkara olan ehtiramın bariz ifadəsidir. Ədəbiyyatımızın böyük korifeyi Hüseyn Cavid şəxsiyyəti və sənətinə verdiyi misilsiz qiymətin ifadəsi olaraq ümummilli lider Heydər Əliyev Hüseyn Cavid irsinin öyrənilməsi və təbliğinin əhəmiyyətini vurğuluyaraq demişdir: “Bizim hamımızın borcu, xüsusən müəllimlərin, məktəbliləri, gənc nəsli tərbiyə edənlərin borcu ondan ibarətdir ki, Hüseyn Cavidin əsərlərini hamıya çatdırsınlar, xüsusən bizim gənclərə. Məktəblərdə Hüseyn Cavidin əsərləri xüsusi yer tutmalıdır. …Çünki onun hər bir əsərində bir dünya var və bu barədə bizim müəllimlərimizin üzərinə çox böyük vəzifə düşür”.
Ümumiyyətlə, Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsi, əsərlərinin nəşri, tədqiqi, təbliği, dünyada tanıtdırılması istiqamətində həyata keçirilən çoxşaxəli və möhtəşəm tədbirlər bu gün də davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə dahi şairin yubileylərinin qeyd edilməsi, əsərlərinin dəfələrlə nəfis tərtibatda çap olunması, əsərlərinin teatr repertuarlarında oynanılması, yaradıcılığının latın qrafikalı əlifba əsasında nəşr edilərək bütün ölkə kitabxanalarına hədiyyə edilməsi və digər işlər dahi şairə və ölməz sənətkara qayğının dövlət siyasəti olduğunun bariz təcəssümü kimi razılıq doğurur. Ölməz sənətkarımızın doğma vətəni Naxçıvan Muxtar Respublikasında da Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsi, ədəbi irsinin tədqiq və təbliği istiqamətində ciddi işlər görülmüş və görülməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə və onun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq həyata keçirilən çoxsaylı tədbirlər Hüseyn Cavid sənətinə və şəxsiyyətinə hərtərəfli dövlət qayğısının ifadəsidir. Görkəmli ədibinin əziz-xələf və nakam övladı Ərtoğrol Cavidin anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı Sərəncam və təsdiqlədiyi Tədbirlər Planı da bu görkəmli şəxsiyyətə ehtiramın bir nümunəsi olaraq razılıq doğurur. Azərbaycan ədəbiyyatının qüdrətli söz sənətkarı Hüseyn Cavidin 130 illik yubiley tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Hüseyn Cavid nə yazmışsa, Azərbaycan üçün, Azərbaycan oxucusu üçün, Azərbaycan xalqı üçün yazmışdır. Millilik, vətənçilik, Azərbaycançılıq onun yaradıcılığının ruhunda və qanındadır. Cavidin şeir dili təmiz Azərbaycan – türk dilidir. Hüseyn Cavid əsərlərinin mövzusunun və qəhrəmanının hansı dövrü və ya hansı mühiti təmsil etməsindən asılı olmayaraq, bu əsərlərdə irəli sürülən ideyalar, birinci növbədə, azərbaycanlı oxucunun özünü dərk etməsinə, Vətən tarixini, onun milli dəyərlərini öyrənməsinə, mədəni irsə sahib çıxmasına yönəlmişdi”.
…Naxçıvan şəhərinin mərkəzində ağ rəngdə, əzəmətli bir türbə ucalır… Özü də sülh, səadət rəngində. Bu türbə altında isə bir ailə uyuyur… xoşbəxt, səadət dolu günlərdəki kimi. Bu türbə altında yaşayır Cavid ailəsi. Ailəsini başına yığıb, sevimli balaları Ərtoğrolu və Turanın boyunlarına qolunu dolayıb öz evində xoşbəxt-xoşbəxt yaşayır. Əsrdaşlarına isə uca səslə səslənir: Məhəbbət! Məhəbbət! Əvət, bütün bəşəriyyəti xilas edəcək yalnız məhəbbətdir. Məhəbbətlə çırpınan bir çoban qəlbi kin və ədavət püskürən bir sultan qafasından daha şərəflidir. Əgər dünyanın şanlı çarpışmaları, qanlı vuruşları nəticəsində bir məhəbbət fövqəlbəşər bir məhəbbət doğurmayacaqsa… bütün həyata, bütün kainata nifrətlər olsun!!!