Leyla Sarabi
Təbiətin ən dağıdıcı hadisəsi zəlzələ deyil. Müqəddəs kitabını salamat saxlayıb insanını parçalayan fırtınası, sunamisi də deyil.
Bu dünyanın ən ağır dərdi savaşdır. Müqəddəs kitabların motivə etdiyi yurd uğrunda, din yolunda savaşlar. Yer üzünə gələnlərin də ən ali məqamı savaşla sovrulmaqdır. Bu məqamı rəhbər tutsaq, müqəddəs kitablar sağ qalsın deyə insanlar ölməlidir.
Bu gün cəmiyyətlərin ən şərəfli səhifələri qanla yazılır. Bu gün toplumlar qırmızı kitablar yazmaq uğrunda vuruşur. Nə qəribə, bu gün dünya hətta savaşları susdurmaq üçün də savaşır.
Üçüncü sinif insanların qan gölündə çimən ən "sivil" sinifdəqalmışlar elə həmin insanları savaş silahları ilə bəzədikləri muzeyləri gəzdirir. Baxın, bu almazla bəzədilən 500 yaşlı qılıncdan kimlər keçib kimlər... Hələ o top nə yurdları viran qoyub. Amma neynək, biz qan ilə yoğrulmuşuq.
Bu gün dünya turistlərinin tarixinə ən çox vurulduğu ölkələr sırasında Türkiyə öndədir. Görürsənmi, hətta heyranlıq da vurulmağın sinonimidir. Bələdçi deyir ki, insanları qardaş ölkəyə çəkən səbəb həm də tarixi mövzuda çəkilən savaş seriallarıdır. Sırf həmin dizilərin çəkildiyi məkanlara səfər etmək üçün cibindəki son qəpiyinin dizini qıranlar var. Nəfəsi fəzadan silinən iki ordunun didişməsinin imitasiyasının vaqeə etdiyi çəkiliş meydançası belə geni qana susamış insan oğluna eyforiya daddırır.
Tarix amansızdır. Hakimiyyət çirkabdır.
Saray taxtlarından törəyən bütün ata xaqanlardan oğullarına yalnız bir eşq keçib - müharibə.
Osmanlı sultanı, ekranların ulduzu Qanuni Süleyman hələ şahzadə ikən zinət əşyalarına dərin sevgi bəsləyərmiş. Bir gün atası Sultan Səlim Süleymanı yanına çağırıb məsxərəyə qoyur. Validənin bütün qızılları sənin üstündədir, bəs o nə taxacaq? Sən get, ov ovla, quş quşla, qan töküb torpaq fəth et - deyir. Süleyman atasının quşlama fəlsəfəsini özəyindən vurub sevgisini şahzadə oğlunun qanı ilə bəzəyir.
Nə fərq edər? Fəqir, sultan, alim, cahil... İnsanın savaş partnyoru ona atasından da, oğlundan da bir köynək yaxındır. İnsan içi savaş meydanıdır. O viranədə güllələr susmur, uçqunların tozanağı gözündən axır, hər küncündə unudulmuş körpə zarıyır, meyitlərin üfunəti od olub burnundan tökülür. Bu savaşın işğalı da, düşməni də, girovu da, milçək darışan quru cəsədi də özünsən. Milyon dəfə öldürüb basdırdığın, silah gücünə silahdan qoruduğun əsirin də, ilə dönən saatın da, göz qırpımı əsrin də sahibisən.
Ona görə sən özünlə hər savaşı 1000:1 ölüm hesabı ilə öz xeyrinə uduzursan. Ürəyini deşən güllələrin səssizliyi pıçıldayır hər gecə - Bu dünyanın puçluğundan savayı hər nə varsa dünya boyda bir puçdu.
publika.az