Ekspert: “Dövlət qurumları statistik rəqəmləri şişirtməklə “yaxşı işləyirik” mənzərəsini yaratmağa çalışır”
“O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar. Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versə, artıq özlərini ifşa etmiş olacaq. Hökumət, əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmləri versələr, öz cəzalarını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çəksinlər”.
Bu fikirləri Prezident İlham Əliyev oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə səsləndirib. Belə anlaşılır ki, dövlət qurumlarının zaman-zaman açıqladığı statistika, ortaya çıxardığı göstəricilər ölkə rəhbərliyini də şübhələnməyə vadar edir.
Dövlət başçısının xəbərdarlıq xarakterli fikirlərini şərh edən iqtisadçı-ekspert Qadir İbrahimlinin sözlərinə görə, sosial-iqtisadi sahədə fəaliyyət göstərən qurumların fəaliyyətində həqiqətən də ciddi nöqsanlar var: “Əgər ölkədə normal iqtisadi siyasət yürütmək istəyirlərsə, real rəqəmlərə əsaslanan statistika verilməlidir. Statistika təbliğat vasitəsinə çevrilə bilməz. Statistika siyasiləşə bilməz. Misal üçün, yoxsulluq həddi 5% (500 min insan) kimi göstərilir. Reallıqda isə bilirik ki, vəziyyət belə deyil, göstərici daha yüksəkdir. Şişirdilmə deyil, bəs nədir? Əgər doğru rəqəmlər bəyan olunsa, onda Azərbaycan beynəlxalq kredit təşkilatlarından, fondlardan daha sərfəli şərtlərlə kreditlər götürə bilər”.
Ekspert ölkə əhalisinin sayının şişirdildiyini və bunun dövlət siyasətində problem yaratdığını da deyib: “Azərbaycan əhalisinin 10 milyon nəfər olduğuna inanmıram, çünki ölkədə ölüm yaşı cavanlaşıb, əvvəlki illərə baxanda doğumun sayı azalıb, azuşaqlı ailə modeli formalaşıb. Doğru statistika verilsə, onda adambaşına düşən büdcə xərcləri çoxalacaq, ümumi daxili məhsulun səviyyəsi də artacaq. Şişirdilmiş rəqəmlər dövlətin də xeyrinə də olmur, yəni sosial-iqtisadi vəziyyətin yaxşılaşmasına əngəl yaradır”.
“Əslində, dövlət qurumları statistik rəqəmləri şişirtməklə “yaxşı işləyirik” mənzərəsini yaratmağa çalışır. Halbuki, dediyim kimi, həm dövlətə, həm də cəmiyyətə ziyan vururlar”, - Q.İbrahimli vurğulayıb.
İqtisadçı-ekspert Rövşən Ağayev də müşavirədə səslənən iradlara, xüsusilə ölkə başçısının “islahatların alternativi yoxdur” mesajına münasibət bildirib. O, bu istiqamətdə fikirlərini belə izah edib:
“Həmişəki mövqeyimdə qalıram: gerçək islahatlardan söhbət gedirsə, 3 sütun öz yerində olmalıdır:
1. Əksmərkəzləşmə islahatı baş verməli, yerli və regional səviyyədə vətəndaşı, onların səsi ilə formalaşan, qarşısında hesabatlı və məsuliyyətli olan seçkili təsisatlar yönəltməlidir;
2. Büdcənin səmərəsiz və israfçı xərclənməsinin qarşısını, yalnız nəticə və proqram əsaslı büdcə mexanizminə keçidin təcili başa çatdırılması təmin edə bilər. Bu islahat isə 2 siyasi islahatın paralel baş verməsi ilə nəticəli olur: Birinicisi, hər bir nazir (dövlət agentliyi) öz proqram və strategiyası ilə parlamentdən vəsait istəyir, sonra da xərclədiyi vəsaitin hesabatını özü verir. Yoxsa Maliyyə naziri çıxıb bütün büdcə xərcləmələrinin məsuliyyətini öz üzərinə götürmür. İkinci ən vacib məqam - büdcəyə effektiv və peşəkar nəzarət imkanı olan, hər qəpiyin hesabını soran parlament formalaşır;
3. Effektiv ictimai nəzarət insitutlarına hər cür şərait yaradılır. Söhbət təkcə müstəqil və azad mediadan yox, eyni müstəqilliyə malik QHT-lərdən, alternativ siyasi institutardan gedir.
Gerçək islahat üçün ən təməl institusional şərtlər bunlardır. Gerisi artıq peşəkar texnokrat məmurların görəcəyi işdir. Ən sərt administrativ təzyiq rıçaqları belə, arzuolunan nəticəni əldə etməkdə gücsüzdür”.
ayna.az