- Qıza, Allah şükür ki, bu fevral ayı başa çatdı. Ən zəhləm gedən aydır. Elə il olmur ki, bu ayda nə isə xoşagəlməz bir iş baş verməsin.
- Amma səni bilmirəm, fevral ayında mənim başıma çox maraqlı fikirlər gəlir.
- İndi beynində hansı fikir şahlıq edir?
- Bir neçə gün əvvəl televizora baxırdım-gördüm ki, bir nəfər danışır ki, yaxın vaxtlarda Günəş enerjisi ilə işləyən təyyarələr buraxacaqlar.
- İndi yer-göy belə xəbərlərlə doludur.
- Amma mənim bu barədə daha səmərələşdirici təklifim var. Necə deyərlər, daha ucuz, daha tükənməz.
- O nə təklifdir elə?
- Mənə elə gəlir ki, günəş enerjisindənsə yalanla, hap-gopla işləyən təyyarə düzəltsələr daha ucuz və faydalı olar. Dünya üzrə nəinki belə təyyarələrin, hətta raketlərin də enerjisini yalanla təmin etmək mümkündür. Şəxsən mən bilirəm ki, elə ölkələr var, onun başçısından tutmuş süpürgəçinə qədər hamısı yalan danışır. Hər yerdə, hər tində, hər kitabda, hər qəzetdə o qədər yalan var ki, bunu enerjiyə çevirsələr həm çox iş qaydaya düşər, həm təyyarə biletləri ucuzlaşar, həm də xeyli yalançı normal pul qazanar. Təsəvvür elə, təyyarə göydə uçur, yanacaq qurtarmaq üzrədir, təyyarəçi salona balaca mesaj verir ki, mümkünsə bir az yalan danışın, yanacaq problemini həll edək. Dərhal yalanlar sıraya düzülür, enerjiyə çevrilir, məsələ həll olunur.
- Yaxşı təklifdir. Mənə elə gəlir ki, bu sahədə bəhanələrdən də istifadə etmək olar. Çünki bizim hər işə min bəhanəmiz var. Məsələn, indi hamı manatın ucuzlaşmasından dad çəkən vaxtda bəzi vicdanını samanlıqda gizlədənlər deyir ki, bizdə hər şey qaydasındadır, bahalıq-filan hiss eləmirik. Hətta bəzilər müqayisə aparır ki, bahalıq müharibədən, sunamidən pis deyil ki? Odur e, Ukraynada, Suriyada gündə yüzlərlə adam ölür, Yaponiyada sunami zamanı neçə milyoner suda batdı, amma hələ manatdan ölən olmayıb.
- Sənin sözün yadıma İranda müalicə alan bir nəfərin söhbətini saldı. Demək, bu şəxsə çox göynədici bir iynə vururlar, bu da “ağrıdır, ağrıdır” deyə qışqırır. Kənarda dayanan tibb qardaşları isə bu ağrıyan şəxsi ələ salıb deyirlər – heç məni ağrıtmır. O biri deyir ki, heç məni də ağrıtmır. Xəstə də deyir ki, ay abırsızlar, iynəni mənə vururlar, səni niyə ağrıtmalıdır? İndi bizdə də, başının altından kisələrlə dollar olanlar deyir ki, heç məni ağrıtmır.
- Eh, onsuz da bizdə hər şey kəlləmayallaqdır. Bizim şəhərdə milyonerlərin yaşadığı bir küçə var, azı orada 15-20 bərkgedən, pula-pul deməyən adamlar yaşayır.
- Ha tərəfdədir e o küçə?
- Ünvanı neyləyirsən? Bir az yağış yağan kimi, rayonu fırlan, harada palçığa lap çox batsan, bil ki, həmin milyonerlər küçəsindəsən. İşdir şayəd, tapa bilməsən, keçmişdə “Vahid bank” adlanın binanın yanından içəriyə gedən küçənin yanına gələrsən (gələ bilsən), orada deyərəm. Bəziləri deyir ki, burada yaşayan hər milyoner bura bir çalov qum atsa, küçə abadlaşar.
- Söz ki palçıqlı, çala-çuxurlu küçələrdən düşdü, bir maraqlı əhvalat da mən danışım. Deməli, bir nəfər uzaqdan cənuba gəzməyə gəlmək istəyir. Nabələd olduğu üçün dostuna zəng edir ki, siz tərəfə gələndə birdən işıqlar sönsə, yol, ünvan işarələrini görmək çətin olsa, sizi necə tapım? Dostu da deyir ki, problem deyil, İstər axşam olsun, istər gecə yarısı, istər piyada olsun, istər maşınlı olsun, harada ki, hər 2 metrdən bir çalalara düşürsən, “quruntavoyda” çapalayırsan, bil ki, artıq bizim torpaqdasan. El arasında bura palçıqlıq sovxozu da deyirlər.
- Vallah səni bilmirəm, mən bu çala-çuxurlara, palçığa elə öyrəşmişəm ki, heç bilmirəm yollar düzəlsə, necə yaşayacağam?
- Narahat olma, bizdə palçıqlı küçələr düzəlsə də, vicdanı, cəsarəti, qeyrəti – qisası, mənəviyyatı palçıqlılar, savadı, mədəniyyəti “quruntavoy” olanlar istənilən qədərdir.
- Bacı qurban, Bakıya baxanda bizə şükür. Bunları dərd eləmə. Qoy, sənə təzə yaradılmış atalar sözü deyim, kefin açılsın.
- O hansı məsəldir elə?
- Əvvəllər deyərdilər ki, dostunu göstər, deyək necə adamsan. İndi deyirlər ki, 1-ci müavini, nə bilim təhsil şöbə müdirini, deputatını göstər, deyim necə insansan.
- Şəhərdə təzə nə xəbər-ətər var?
- Elə köhnə-hamam, köhnə tasdır Hamı künc-bucaqda asıb - kəsir, amma diktofonu ona tərəf uzadan kimi lal olur. Elə 2-3 gün öncə otağımızın yanında 4-5 kişi manatın ucuzlaşmasından, bahalıqdan, haqsızlıqdan basıb-bağlayırdı. Dedim, qardaş, bəlkə bu dediklərini diktofona deysən... Bir də gördüm ki, yavaş-yavaş əkildilər. Amma heç kim danışmasa da, istəyirlər hamının əvəzinə biz danışaq.
- Deyirlər danış da, əvvəllər necə danışırdın, indi niyə danışmırsan? Düz demirlər?
- Bacı qurban, sən ki yaxşısını bilirsən. Birincisi, gözü çıxan qardaş-bacıların taleyini görüb, hesabımı aparıram. İkincisi, xorul-xorul yatan kişiləri bu şirin qış gecələrində ayıltmaq heç də insafdan deyil. Üçüncüsü, o vaxt Ərkivanın, Sığdaşın, Kalinovkanın... məktəb direktorlarını yıxıb sürüdüm, nəticəsi nə oldu? Birini təhsil şöbəsinə müdir, o birilərini də inspektor-filan verdilər. DSMF deyilən bir idarə var e. Onun rayon təşkilatını az qala alt-üst elədim. Bir çoxları məni qınadı ki, nə işinə qalıb. Xeyli rüşvət alsa da, adamlara illər boyu alacaq müftə pul-saxta pensiya düzəldir. Kənd var, az qala yarısı gözdən 1-ci qrup əlildir. Guya o pullar hökumətdə qalsa idi nə olacaqdı ki? Oliqarxlar hansısa məşuqəsinə bir dənə də villa tikəcəkdi. Bütün bunlara görə, düşündüm ki, bu yazı-pozu düşmən qazanmaqdan başqa bir şey deyil. Əslində tənqid etdiklərim gərək mənə görüm baxım edələr-kimi tənqid edirəm, vəzifəsi yüksəlir
- Düz deyirsən, qadan alım, zəmanə dəyişib. Keçmişdə adamı hədələyəndə deyərdilər səni işdən çıxartdıraram, həbs elətdirərəm, nə bilim, döyərəm, əzərəm. İndi nə günə qalmışıq ki, bəzi müdirlər adamı hədələyəndə deyir ki, elə etmə, üstünə 2 narkoman göndərim, səni daşa bassın. Günümüzə bax da. Əvvəllər deputatlar xalqın içinə gələr, onların dərd-sərinə şərik olardı. İndi deputat nədir, onun heç köməkçilərinə zəng etmək olmur. Yerlərdə ofisləri olsa da, özləri sirri-xudaya dönüblər. Heç bilmirəm bu seçkilərdə xalqın qabağına hansı üzlə çıxacaqlar?
- İndi zaman elədir ki, elə bil kəndirbaz kimi ipin üstü ilə gedirsən, bu tərəf təhlükəli olsa o tərəfə əyilirsən, o tərəf təhlükəli olsa, bu tərəfə. Gərək hər vəziyyətdən çıxmağı bacarasan-hər şey dava-dalaşla olmur ki. Məsələn, bizim bir kənd uşağı var, Moskvada gedib pullu yerlilərin yanına ki, kasıblamışam, 200 dollar verin, çıxım gedim xarabama. Həmin pullular da buna əhəmiyyət verməyib, otaqdan qovmaq istəyiblər. Həmin şəxs vəziyyətin xarab olduğunu görüb, fənd işlətməyə başlayıb. Deyib ki, indi mənə 200 dollar vermirsiniz, mən də həyatdan bezib gedib özümü Moskva çayına atsam, heç olmasa meyitimi tapmaq, tabut düzəltdirmək, təyyarə ilə yollamaq üçün 1000 dollar pulunuz çıxacaq. Adam balası kimi deyirəm, 200 dollar verin, buradan cəhənnəm olum da. Problem o təklif edən kimi həll olunur.
- Hamı ağıllı olsa idi, nə dərdimiz var idi ki. Adam var pul qazanır, adam var başqalarının pulunu sayır.
O günlər biri hansı qəzetdə oxuyub ki, bir ildə ölkə üzrə 76 min nəfərə sürücülük vəsiqəsi verilib. O da götürüb bu rəqəmi vurub “prava”nın indiki qiymətinə-min manata, bu da edib 76 milyon manat. Sonrada həmin 76 milyonu bölüb 6-7 dənə “prava” satan idarəyə, hər birinə təxminən 10 milyondan bir az çox düşür.
- Bizə nə. Onun dərdini çək ki, 1-2 gündən sonra qadınlar bayramıdır. Görəsən qapımızı açan olacaqmı?
Elcan Zahir