Əməkdaşlarımız Azərbaycanın sərhəd qapısı olan Astaranın problemlərini araşdırıb; başçı isə üstü bəzəkli bulvarla öyünür, altı təzəkli rayona baxmır...
“İranı bazarına, ayda azı bir dəfə gedirik. İcazə verilib ki, ayda cəmi 1 gün 30 kilo məhsul keçirmək olar. 30 kilo qidadan əlavə, qeyri-yeyinti məhsulları da gətirmək olur. Onu da satıb dolanırıq”.
Azərbaycanın cənub qapısı olan, İranla sərhəd Astara rayonunda həmsöhbətimiz Həsən ümumi vəziyyəti belə dəyərləndirir.
Onun 34 yaşı, iki övladı var. Deyir ki, gah avtoyuma məntəqəsində işləyir, gah arabaçı olur. Amma əsas dolanışıq yeri İran bazarıdır.
“Neynim axı? Gedirəm İranın Astarasına, ordan evə azuqə gətirirəm, ucuz qabyuyan, şampun alıram, sonra xalçadan, qab-qacaqdan gətirim satıram, dolanırıq”, - deyən Həsən Astarada işsizlik probleminin ən ağır diaqnozda olduğunu söyləyir.
Onun sözlərinə görə, İrandan ayda 30 kilo məhsul gətirmək də gündəlik qayğılara ciddi təsir eləmir: “Başqa yolumuz da yoxdur. Xeyli adam tökülüb İran yoluna. O adamların içində neçəsi narkotiklə həbs olunur. Heç gözləmədiyin adam eşidirsən ki, narkotiklə tutulub.
Hər gün bazarda, yolda, çayçıda rastlaşırsan, ağlına gəlmir ki, bu adam bu o zəhəri keçirib, satmaq istəyər. Hər həftə İranla sərhəddə kimsə həbs olunur. Bu dəqiqə iki bəlamız var: işsizliyə görə İran bazarına axışanlar, işsizliyə görə narkomaniya yayanlar...”
Həsənin İran bazarlarından camaatın dolanması barədə dediklərinə özümüz də şahid olmuşuq. İran səfərimizdə hazırladığımız silsilə reportajlar zamanı vətəndaşların nələri ölkəmizə gətirdiyini, satdığını görmüşük.
Ancaq o taydan bu taya məhsul gətirib ailəsini dolandıran astaralılar deyirlər ki, rayonun böyük iqtisadi potensialı var. Əgər ciddi sosial proqramlar həyata keçirilərsə, İran bazarlarından asılılıq azalar.
“Biz demirik ki, camaatın ayağı İran bazarlarından kəsilsin, ya üzümüzə bağlasınlar. Əksinə, qonşu dövlətdəki ucuzluqdan faydalanmağımız yaxşıdır. Belə götürəndə Qusar əhli Rusiya, Qazax camaatı Gürcüstan tərəfdən ucuz mallar gətirir. Amma cənub zonası qədər ola bilməzlər. Bu asılılığı azaltmaq lazımdır, tək ümid yerimiz ora olmamalıdır”, - deyə Tahir regionun iqtisadi şəraitini izah edir.
Onun dediyinə görə, Astaranın turizm imkanları genişdir. Bundan əlavə, balıqçılıq təsərrüfatını inkişaf etdirməyə ehtiyac var.
Tahir bildirir ki, kəndlərdə pay torpaqları ilə bağlı problemlər var: “Astara kəndlərində pay torpaqları camaata verilmir. Vətəndaş adi bir sənədi almaq üçün Lənkərana getməlidir. Çünki regional idarələr oradadır. Bu da bir ayrı dərddir. Kasıbçılıqdır, Lənkərana getməyə yol xərci lazımdır.
Elə bil ki, Astara cənubun unudulmuş rayonudur. Sərhəd bölgəsi olanda nə olar, gərək problemlərə diqqət eləməsinlər?!
Bax, narkomaniyanın yayılması da işsizlikdən doğur. Gül kimi təbiətimiz var, turizmi dirçəltsinlər, nə qədər adam işə götürülər, evinə çörək aparar.
Axır illərdə yadıma gəlmir ki, bir çay fabriki açılsın, balıq kombinatı fəaliyyətə başlasın, yaxud hansısa aqro mərkəz açılsın, düyüçülük, çayçılıq üçün şərait yaradılsın. Bunları eləmək lazımdır. Elə bil Astarada həyat dayanıb və hamı İran bazarına oksigen, son nəfəslik kimi baxır. Neçə illərdir ki, Astara dəyişmir. Yəqin ki, əvvəllər də gəlmisiniz. İndi dəyişən nəsə görürsünüz?”
***
Doğurdan da Astaraya növbəti gəlişimizdir və həmsöhbətimizin söylədikləri həqiqətdir. Gördüklərimizə ötən dövrlə müqayisə edəndə istərsə zahiri, istərsə problemlər baxımdan dəyişən bir mənzərənin şahidi olmuruq: yenə küçələr bərbad, baxımsız, kələ-kötür, abadlıq-quruculuq yox, insanların üzündən əzab, üst-başından nimdaşlıq yağır.
Rayon iki istiqamətdə dinamikdir: bazara və sərhədə doğru. Qalan küçələrdə məzarlıq sükutu hökm sürür. Çayxanaların və taksilərin hər tin başı qarşımıza çıxması sosial vəziyyətin yuxarıda söylənənlər kimi olduğunu təsdiqləyir.
Sakinlər deyirlər ki, Astarada yeganə yaraşıqlı yer bulvardır. Yerli icra hakimiyyəti də təkcə bulvarla öyünür. İntəhası, fəxr edilməli hal da yoxdur.
Bulvardan çıxan kimi səliqəsiz, çala-çuxur yollarla qarşılaşırsan. Məsələn, Ziya Bünyadov küçəsində elə bil ağır döyüşlər olub, asfaltdan tanklar keçib.
Küçənin dəlmə-deşik yerlərini yaxınlıqdakı obyektlərdə işləyənlər yamaq ediblər, çuxurları daş parçaları ilə doldurublar ki, növbəti avtomobil qəzası olmasın. Demə, neçə dəfə maşınlar bu çuxurlara düşüblər, qəza ediblər, avtomobillər sıradan çıxıb. Çünki Z.Bünyadov küçəsində işıqlanma da yoxdur, yol zülmətdir, buradan axşam keçən maşınlar həmin deşikləri görməyib düşürlər.
Hə, bu küçənin əhəmiyyəti təkcə astaralı görkəmli alimin adını daşıması ilə bağlı deyil, həm də İrana gedən minik və yük maşınlarının əsasən buradan keçmələridir.
Di gəl Z.Bünyadov küçəsi tənha deyil, onunla eyni dərdi bölüşən digər küçələr də var. Rayonun mərkəzi və daxili yollarının əsaslı şəkildə təmir olunmasına ehtiyac var.
Biz hələ Brejnevin vaxtından qalmış elektrik dirəklərini, əyilmiş, köhnəlmiş taxta şalbanlarını söyləmirik. Bunlar da yenilənməyib. Ümumiyyətlə, Astara təzədən qurulmalıdır.
Sakinlər deyirlər ki, Astaranın icra başçısı Qəzənfər Ağayev rayonun inkişafı üçün təşəbbüs göstərmir: “O, Masallıdan bu rayona təyinat alıb. 2012-ci ildən rəhbərlik edir. Amma 7 il ərzində hər hansı iş görməyib. Heç rayonun mərkəzinin baxımsızlığından da xəbəri yoxdur”.
Astaranın kəndləri də onun ayda-ildə bir dəfə problemləri ilə maraqlanmasını istəyirlər. Həm yolların, həm qaz, işıq, pay torpaqları məsələlərinin həll olunmasını gözləməkdədirlər.
Kəsəsi, Astaranın astarı da, üzü də eynidir: sıxıntılar, sosial çətinliklər, qazanc dərdi, İran bazarı və narkomaniya bəlası...
musavat.com