Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Imam Hüseyn(ə.s.) dünyaya nə vaxt və necə gəldi?..


Hicri 4-cü ilin Şəban ayında Həzrət Əli (ə) ilə Həzrət Fatimənin (s.ə) ikinci övladı dünyaya gözlərini açdı. Onun təvəllüd xəbəri Həzrət Peyğəmbərə (s) çatanda, Fatimənin (s.ə.) evinə tələsdi. Buyurdu ki, uşağı gətirsinlər. Əsma onu ağ parçaya bükdü və Əziz Peyğəmbərin (s) xidmətinə apardı. Həzrət (s) onun sağ qulağına azan və sol qulağına iqamə oxudu. Doğulduğu gündə ya da yeddi gündən sonra İlahi vəhy elçisi Cəbrayil yerə endi və buyurdu: “Salam olsun sənə, ey Allahın Rəsulu! Bu körpəyə Harunun kiçik qardaşının adını (Şəbir) ki, ərəb dilində Hüseyn deməkdir, qoy. Çünki Əli (ə) sənin üçün Harun Musa ibni Umran üçün nə idisə, odur, sənin peyğəmbərlərin sonuncusu olmağından başqa”. Beləliklə, Həzrət Fatimənin (s.ə.) ikinci övladının adını Hüseyn qoydular. Övladının yeddinci günündə onun üçün əqiqə qurbanı kəsdirildi. Onun saçını kəsib, o qədər gümüş sədəqə verildi.

İmam Hüseyn (ə) və Peyğəmbər (s)

Həzrət Peyğəmbər (s) İmam Hüseyn (ə) dünyaya gələndən altı il bir neçə ay sonra dünyasını dəyişir. Səlman deyir: “Gördüm ki, Peyğəmbər (s) Hüseyni (ə) dizinə qoyub, onu öpür və deyir: “Sən böyüksən, böyük insanın oğlusan, böyük insanların atasısan. Sən İmamsan, İmamın oğlusan və İmamların atasısan. Sən Allahın hüccətisən, Allahın hüccətinin oğlusan və doqquz nəfər olan İlahi hüccətlərin atasısan. Onların sonuncusu İmam Zamandır”.

Ənəs ibni Malik nəql edir: “Peyğəmbərdən (s) soruşanda ki, Əhli-Beytin hansını daha çox istəyirsən, buyurdu: Həsən (ə) və Hüseyni (ə)”. Peyğəmbər (s) dəfələrlə İmam Həsən (ə) ilə İmam Hüseyni (ə) sinəsinə sıxır və öpürdü.

İmamətin düşmənlərindən olan Əbu Hüreyrə etiraf edir: “Peyğəmbəri (s) gördüm ki, Həsənlə (ə) Hüseyni (ə) çiyninə otuzdurub, bizə tərəf gəlirdi. Bizə çatanda deyirdi: “Hər kim bu iki övladımı sevərsə, məni sevər, hər kim onlarla düşmənçilik edərsə, mənimlə düşmənçilik etmişdir””.

Həzrət Peyğəmbər (s) ilə İmam Hüseyn (ə) arasındakı səmimiyyəti Həzrətin bu sözlərindən daha aydın görmək olur: “Hüseyn məndəndir və mən də Hüseyndənəm”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10