Uşaq pullarının verilməsinə 2006-cı ildən son qoyulub və o zamandan indiyə kimi uşaqpulu məsələsi zaman-zaman müzakirəyə çıxsa da, amma indiyə qədər hakimiyyət bu məsələyə münasibətdə müsbət mövqe sərgiləməyib
Hesab edirəm ki, uşaq pulu verilməlidir və bunu əsaslandırmaq üçün arqumentlərim ondan ibarətdir ki, Azərbaycanda uşaqlar normal qidalanmadan, eyni zamanda yaxşı təhsildən və keyfiyyətli tibbi müayinələrdən, müalicələrdən əziyyət çəkir. Bunun da başlıca səbəbi odur ki, hətta orta gəlirlərə malik olan ailələrdə uşaqların bu ehtiyaclarını qarşılamaq üçün kifayət qədər imkanlar mövcud deyil.
Azərbaycanda uşaq pulunun verilməsi üçün indiyə qədər səsləndirilən iki əks arqument diqqəti cəlb edir. Bir qrup hesab edir ki, Azərbaycanda əhalinin sayında artım var, buna görə də uşaq pulu verib əhalinin sayının artımını daha da stimullaşdırmağa ehtiyac yoxdur. İkinci qrup düşünür ki, Azərbaycanda ailələrə sosial müavinatlar verilir, bu cümlədən ünvanlı sosial yardım proqramları həyata keçilir. Və bu ailələr ki, sosial yardım alırlar, sosial proqramının iştirakçısı olurlar, onların uşaq pullarına ehtiyacı yoxdur. Çünki dövlət həm də həmin proqramlar vasitəsi ilə uşaqların sosial müdafiəsini təmin edir.
Birinci qrup fikrin, mövqenin sahibləri üçün demək istəyirəm ki, Azərbaycanda əhalinin sayında ümumi artım olsa da, 0-14 yaşlı uşaqların sayında 2000-ci illə müqayisədə azalma müşahidə olunur. Məsələn, 2000-cü ildə 0-14 yaşlı uşaqların sayı təxminən 2,5 milyon nəfərə qədər idisə, hazırda bu uşaqların sayı 2,2 milyon nəfərdən bir az çoxdur. Yəni ən azı bunu demək olar ki, uşaqların sayında demək olar ki, 2000-ci illə müqayisədə söhbət 0-14 yaşlı uşaqlardan gedir, azalma müşahidə olunur. Bu da ondan irəli gəlir ki, ailələrdə çoxuşaqlılıq ənənəsi demək olar ki, azalıb. Bütövlükdə götürəndə 4 və ondan çox uşaqları olan ailələrin ümumi uşaqlı ailələrdəki xüsusi çəkisi, cəmisi 9,7% təşkil edir. Hazırda daha çox ailədə 2 uşağın mövcudluğu müşahidə olunur və ümumiyyətlə Azərbaycan ailələrində 40%-də uşaqların sayı orta hesabla ikiyə çatır. 30% ailələrdə uşaqların sayı bir nəfərdən ibarətdir. 20% ailələrdə isə uşaqların sayı 3 nəfər təşkil edir.
Göründüyü kimi, Azərbaycanda çoxuşaqlılıq heç də geniş yayılmayıb. Bu baxımdan da hesab edirəm ki, birinci qrup uşaq pulu verilməsinin əleyhinə olanların arqumentləri çox zəifdir və həqiqətən Azərbaycanda əhalinin, cəmiyyətin qocalması prosesi müşahidə olunmaqdadır, uşaqların sayının artım tempində isə azalmanı biz artıq son 20 ildə daha açıq şəkildə müşahidə edə bilərik.
İkinci qrup uşaqpulunun verilməsinin əleyhinə olanlar hesab edirlər ki, Azərbaycanda uşaqpulları buna görə verilməli deyil ki, ünvanlı sosial yardım proqramı həyata keçirilir. Rəsmi statistik məlumatlara görə Azərbaycanda ünvanlı sosial yardım proqramlarının iştirakçılarının sayı ildən ilə azalır. Hətta 2018-ci ilin axrına olan məlumata görə ünvanlı sosial yardım proqramının iştirakçılarının sayı təxminən 50 min nəfər olub və bu, 50 min nəfər təbii ki, bütövlükdə götürəndə ünvanlı sosial yardım alan ailələrin sayıdır. Bu ailələrin heç də hamısı uşaqlı ailələr deyil və yaxud da çoxuşaqlılar deyil. Bu ailələrin bəziləri tənha ailələrdir, amma hətta onların hamısında çoxuşaqlılıq müşahidə olunsa da belə bütövlükdə ünvanlı sosial yardımın əhatə dairəsi Azərbaycanda uşaqların ehtiyacını ödəmək qədər geniş deyil. Çünki Azərbaycanda ünvanlı sosial yardım ən yaxşı halda çoxuşaqlı ailələrin 2 faizini əhatə edə bilər və bu da bütövlükdə götürəndə digər qrup ailələrin uşaqlarla bağlı həm təhsil, həm səhiyyə, həm də ki, istehlak məqsədli ehtiyaclarını ödənilməsi üçün kifayət edə bilməz. O ki, qaldı sosial müavinətlərin verilməsinə, ümumiyyətlə, uşaqlara birdəfəlik sosial müavinət uşaqlar doğulanda verilir. Amma aylıq sosial müavinətlər isə yalnız sağlamlıq imkanları məhdud olan uşaqlar üçün nəzərdə tutulub. Bu baxımdan da sağlamlıq imkanları məhdud olan uşaqlara verilən aylıq yardımlar daha çox onların tibbi ehtiyaclarını qarşılayır, həm də onların himayəçilərinə ayrılan vəsaitlər də onlara qulluq məqsədi daşıyır.
Başqa bir arqument ondan ibarətdir ki, ailə başçısını itirlənlər üçün də pensiyaların istifadəçiləri uşaqlardır, amma nəzərə almaq lazımdır ki, ailə başçısını itirdiyinə görə həm də ailəni gəlirlərinin azalması son nəticədə uşaqların belə bir ehtiyaclarının tam şəkildə məhz bu pensiyalarla heç də ödənilməsi demək deyil. Çünki adətən ailə başçılarını itirənlər gəlirlərinin böyük bir hissəsindən məhrum olurlar. Bu, gəlirlərin çox az bir hissəsi həmin pensiyalar vasitəsi ilə kompensasiya edilir və bunu da uşaq pulu ilə qarışdırmaq düzgün deyil. Ona görə də indiki halda ən vacib məsələ təbii ki, Azərbaycanda uşaq pullarının bərpa olunması və uşaqların dövlət qayğısının gücləndirilməsi ola bilər.