Səudiyyə Ərəbistanı Suriyada İran bazalarını vurdu, müharibə olarsa, hansı ölkələr zərbə altında qala bilər?
Ötən şənbə günü Səudiyyə Ərəbistanına məxsus neft terminalının vurulması ilə başlayan gərginlik davam edir. Sentyabrın 18-də Səudiyyə Ərəbistanı hökuməti hücuma görə İranı ittiham edib. Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, polkovnik Türki əl-Maliki keçirdiyi mətbuat konfransında “Abqaiq” neft terminalına hücumla bağlı detalları açıqlayıb.
Sözçü deyib ki, terminallara hücumda istifadə olunan 18 pilotsuz aparat və 7 raket və pilotsuz uçan aparatları İranda istehsal olunub. Türki əl-Maliki raket və dronların şimaldan İran tərəfdən göndərildiyini deyib. O, daha detallı məlumatın istintaq bitdikdən sonra məlum olacağını bildirib.
İran tərəfi isə bu iddiaları təkzib edir. Tehran rəsmiləri mətbuat konfransında nümayiş olunan raket və PUA qalıqlarının istənilən ölkəyə aid ola biləcəyini deyib. İran prezidenti Həsən Ruhani isə ABŞ və müttəfiqlərinin yalan ittihamlarla İrana qarşı hərbi əməliyyatlar başlamaq istədiyini bildirib. Ruhani deyib ki, İran Yaxın Şərqdə yeni münaqişə ocağının alovlanmasını istəmir. Və əlavə edib ki, hücum olarsa, İran milli maraqlarını mütləq qoruyacaq.
Qeyd edək ki, hələlik istintaq başa çatmasa da, ABŞ rəsmiləri də hücuma görə İranı ittiham edir. Tramp bu hücuma görə cavab zərbəsinin hər an endirilə biləcəyini deyib. Sentyabrın 18-də Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyanın şimalındakı Əlbukamal rayonunu bombalayıb. Bu barədə Britaniyanın “İndependent” qəzetinin ərəb redaksiyası məlumat yayıb. Qəzetin iddiasına görə, təyyarələr Əlbukamalda yerləşən İrana bağlı silahlı qrupları bombalayıb, ölü və yaralıların olduğu, silah anbarının partladığı bildirilir.
İddialara görə, hava zərbələri ötən həftə “Abqaiq” neft terminalına hücumun həyata keçirildiyi nöqtə vurulub. Qərb mənbələri qəzetə bildirib ki, ötən həftə baş verən hücumların məhz Əlbukamaldan həyata keçirildiyi ehtimal olunur. Bu bölgədə “Fəylək əl-Quds” silahlı qrupuna aid raket batareyaları və anbarlar var.
Qeyd edək ki, Suriya İnsan Haqları Müşahidə Evi (SOHR) məlumat yayıb ki, sentyabrın 18-də səhər saatlarında hansı ölkəyə məxsus olduğu müəyyən edilməyən təyyarələrin Əlbukamal bölgəsini bombalayıb. Müşahidəçilər bu hücumları neft terminallarına hücuma cavab reaksiyası kimi qiymətləndirir. Hava zərbələri həm də regionda toqquşmanın real olduğunu göstərir. Üstəlik, Səudiyyə təyyarələri Suriya ərazisini bombaladağı vaxt İranın raket qüvvələri həyəcan siqnalı ilə hazır vəziyyətə gətirilib. Bu arada İsrail mediası İranın Yaxın Şərqdəki hərbi əməliyyatlarına rəhbərlik edən “Qüds Briqadası”nın komandanı, general Qasım Süleymaninin sentyabrın 16-da Bağdada səfər etdiyi və burada “Həşd-Şabi” komandanları Faleh Fəyyaz, Hadi əl-Amiri, Əbu Mehdi əl-Muhəndis və keçmiş baş nazir Nuri əl-Maliki ilə görüşdüyü haqda xəbər yazıb. İddia olunur ki, bu görüşdə İsrailin İraq, Suriya və digər ölkələrdə müqavimət qüvvələrinə hücumlarına qarşı cavab zərbələri endirilməsi müzakirə olunub.
Belə görünür ki, artıq toqquşmanı hər iki tərəf gözləyir və buna görə hazırlıq həyata keçirir. Əlbəttə, rəqiblərin İrana birbaşa zərbə endirəcəyi və ya Tehranın regiondakı dəstək güclərini vuracağı məlum deyil. Əlbukamala hücum onu göstərir ki, Səudiyyə Ərəbistanı İranla qarşıdurmaya girmək istəmir. Lakin o da aydındır ki, bu zərbələr davamlı olarsa, Tehran qarşılıq verəcək və bu da hər an regionda müharibəni alovlandıra bilər. Bu arada, Yəmən ordusu da açıqlama yayaraq Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə məxsus strateji hədəfləri müəyyən etdikləri və hər an zərbə endirməyə hazır olduqlarını bəyan edib. Yəni Yaxın Şərq “çəlləyinə qığılcım düşməsi” təhlükəsi çox yüksəkdir.
Qərb mediasının yazdığına görə, Vaşinqton Səudiyyə Ərəbistanını İrana zərbə endirməyə həvəsləndirsə də, Ər-Riyad təkbaşına bu riskə getmək istəmir. Səudiyyə Ərəbistanı, daha əvvəl İsrail də İrana ABŞ-ın zərbələr endirməsini istəmir. Çünki ABŞ olmasa, bu ölkələrin savaşı daha böyük risk doğura bilər. Ancaq məsələ ondadır ki, bu risk amerikalılar üçün də var. Bu səbəbdən də Vaşinqton hələlik iqtisadi-siyasi təzyiq variantına əl atır. Lakin proseslərin gedişatı toqquşma riskini günü-gündən artırır.
İran 1,648 milyon kv.km ərazisi ilə çox geniş və mürəkkəb ərazi quruluşu olan ölkədir. Cənubda və qərbdə dənizlərlə əhatə olunan İranın ərazisinin genişliyi hərbi əməliyyat riskli edir. Bu səbəbdən də ekspertlər İranın mühüm obyektlərinin aviasiya və artilleriya ilə vurula biləcəyini qeyd edir. Və təbii ki, hər dəfə İrana qarşı hərbi müdaxilə mövzusu gündəmə gələndə aktual bir sual ortaya çıxır: ABŞ İranı hansı ölkə üzərindən vuracaq?
Hazırda faktiki olaraq İranın dörd bir tərəfində ABŞ hərbi bazaları yerləşir. Türkiyə, İraq, Küveyt, Bəhreyn, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Omanda rəsmi şəkildə mövcud olan ABŞ hərbi bazaları var. Bundan başqa, Hind okeanında ABŞ qüvvələri mövcuddur. Ancaq İranın digər qonşularında da bu ölkəyə hücum zamanı istifadə edilə biləcək potensial zərbə nöqtələri də var.
Yeri gəlmişkən, ötən ilin payızında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz regionuna səfərində əsas məqsəd bölgə dövlətlərinə Vaşinqtonun İranla bağlı mövqeyini bildirmək idi. Hər halda ekspertlər belə düşünürdü.
Aydın məsələdir ki, İranla böyük sərhəd xəttinə malik və eyni zamanda bu ölkə ilə etnik və dini bağlılığı olan Azərbaycan İranda müharibə istəmir. Çünki müharibənin gətirdiyi zərərlərlə yanaşı, Azərbaycana kütləvi qaçqın axını və o tayda çoxlu sayda soydaşımızın ölümü bu tərəfə də təsirsiz ötüşməyəcək.
Digər tərəfdən, Azərbaycan öz ərazilərindən İrana qarşı istifadə üçün icazə verib, savaşın və zərbələrin riskini ala bilməz. Bu baxımdan Bakının bu plana “yox” dediyi aydındır. Gürcüstanın isə İranla birbaşa sərhədi yoxdur. Azərbaycan və Ermənistanın hava dəhlizi vermədiyi təqdirdə, Gürcüstan ərazilərindən istifadənin bir faydası ola bilməz.
Rusiyanın hərbi bazalarının yerləşdiyi Ermənistanın İrana hücum üçün koridor verəcəyi inandırıcı deyil. İranın digər şimal sərhədində Orta Asiya ölkəsi Türkmənistan yerləşir. Ancaq bu ölkədə ABŞ-ın təsdiqlənmiş hərbi mövcudluğu yoxdur, eyni zamanda Aşqabadın adı İrana qarşı hücumda hallanmayıb.
Sırada olan növbəti ölkə Əfqanıstandır. 2001-ci ildə ABŞ ordusu tərəfindən işğal olunan Əfqanıstanda hazırda rəsmi rəqəmlərə görə, 14 min ABŞ hərbçisi mövcuddur. Kabil, Qəndəhar, Məzari-Şərif, Barqam kimi ərazilərdəki aviasiya bazalarında ABŞ ordusunun aviasiya və raket sistemləri mövcuddur. Yəni Əfqanıstan bu mənada ABŞ-ın əlindədir.
İranın daha bır böyük qonşusu Pakistandır. İmran Xanın baş nazir seçilməsindən sonra Tehran-İslamabad əlaqələrində istiləşmə meylləri açıq şəkildə özünü göstərsə də, Pakistanın Tehran üçün əlverişli ortaq olacağını demək çətindir. Ancaq Pakistanın eyni zamanda ABŞ-la münasibətləri də xeyli dərəcədə soyuqdur. İndiki şərtlərdə Pakistanın öz ərazilərindən ABŞ-ın İrana qarşı istifadəsinə icazə verməsi az inandırıcıdır.
İranın qərb sərhədində qonşusu Türkiyədir. Türkiyədə ABŞ-ın hərbi varlığı olsa da, Ankaranın da öz ərazisindən İrana qarşı istifadəyə icazə verməsi inandırıcı deyil. İranın digər qərb qonşusu İraqdır. Hazırda rəsmi olaraq İraqda 5000 ABŞ hərbçisi var. Ancaq Bağdadın öz ərazisindən İrana qarşı istifadəyə icazə verəcəyi real görünmür. Çünki hətta hökumət versə belə, İraq siyasətində və ordusunda böyük sayda İran təsiri var.
Qeyd edək ki, ABŞ-ın hazırda regionda 70 və 120 min arasında hərbi qüvvəsinin olduğu güman edilir. Yaxın Şərq regionu ABŞ ordusunun Mərkəzi Qüvvələr Komandanlığı, başqa adla SETCOM ərazisinə daxildir. Fars körfəzi, Oman dənizi, Qırmızı dəniz və Hind okeanında təxminən 20 milyon kv.km əraziyə nəzarət edən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanması İranın “bir addımlığında”, Bəhreyn dövlətində yerləşir. 5-ci donanmada 20 minə yaxın hərbi qulluqçu və 20 döyüş gəmisi xidmət edir.
İraqın cənubunda, Fars körfəzi sahillərində yerləşən Küveytdə bir neçə ABŞ hərbi bazası mövcuddur. Bunlardan ən məşhuru Əhməd əl-Cabir hərbi hava bazasıdır. Hansı ki, amerikalılar bu bazadan İraqa qarşı müharibədə geniş şəkildə istifadə edib.
Körfəzin ən sakit ölkəsi Omanda “ərəb baharı” prosesində təxminən 26 min ABŞ hərbçisi yerləşirdi. Səudiyyə Ərəbistanında isə paytaxt Ər-Riyad yaxınlığındakı ABŞ hərbi bazasında hələ də 5 minə yaxın amerikalı hərbçi və təyyarə mövcuddur. BƏƏ-nin Dubay əmirliyi və eyniadlı şəhərində də ABŞ hərbi bazası və “nimts” sinfinə aid aviadaşıyıcısı var. Qətərdə yerləşən əl-Udeyd hərbi hava bazasında isə 13 min hərbçi xidmət edir. ABŞ ordusunun regiondakı ən böyük aviabazasına bir neçə gün əvvəl nüvə bombası daşıyan 4 ədəd B-52 bombardmançıları yerləşdirilib.
Əgər ABŞ İrana zərbələr endirərsə, qeyd olunan ölkələr həm hücum nöqtələri, həm də birbaşa hədəfə çevrilə bilər. Yeri gəlmişkən, ötən ay İran parlamentinin sədri, ölkə siyasətinin nüfuzlu şəxslərindən biri olan Əli Laricani deyib ki, əgər İrana hücum olarsa, Tehran Yaxın Şərqdəki ABŞ hərbi bazalarını hədəfə alacaq.
Qeyd edək ki, Azərbaycanda rəsmi olaraq ABŞ hərbi mövcudluğu yoxdur. Rəsmi Bakı dəfələrlər bəyan edib ki, öz ərazilərindən 3-cü ölkəyə qarşı istifadəyə icazə verməyəcək. Ötən ay İraq “Həşd-Şabi” qüvvələrinin komandanı Əbu Mehdi əl-Muhəndis İraqda onların hərbi bazalarını vuran dronların Azərbaycandan göndərildiyini iddia etsə də, bu məlumat təkzib olunub. Azərbaycan İranla sərhəd qonşuluğu və digər amillərə görə bu ölkəyə qarşı müharibəni dəstəkləmir. Çünki belə bir əməliyyat Azərbaycan üçün humanitar, ekoloji, hərbi və digər sahələrdə böhrana səbəb ola bilər.
(musavat.com)