Həmidə Xanım Cavanşirin “Xatirələrim” kitabından (tərcüməçi: Mehriban Vəzir) Mirzə Cəlilin ömrünün son illəri ilə bağlı bir hissəni təqdim edirik.
Mirzə Cəlil son vaxtlar həkimin tövsiyələrinə əməl edir: ciddi pəhriz saxlayır, çoxlu piyada gəzir, tramvayda gedirdi. Bir neçə dəfə məni Suraxanı vannalarına da ötürmüşdü. O, yayda bizimlə bərabər təbiətinə heyran olduğu Şuşaya getməyi arzulayırdı. Doktor Balayan bir şərtlə icazə vermişdi ki, əvvəlcə üç həftə Şuşanın ətəyində yaşasın, sonra Şuşanın özünə qalxsın. Müzəffər ilə Münəvvər də bizimlə bərabər getməyə hazırlaşırdılar. Onlar Mirzə Cəlilə məktub yazıb xahiş edirdilər ki, əvvəlcə bizə - Kürdəmirə gəl, sonra yığışıb bir yerdə Şuşaya gedək.
Nəhayət, biz toparlandıq və 1931-ci il iyulun 7-də yola düşdük. Kürdəmirdə Mirzə Cəlili Müzəffərlə Münəvvər qarşıladı.
Mirzə Cəlil onlarda qaldı, mən isə yolumu davam etdim ki, qabaqcadan gedib ev tutum, xəstənin rahatlığı üçün lazım olan hazırlıqları görüm.
Şuşada mən qəssab Şamilin evinə düşdüm. Orada mənim qohumlarım yerləşmişdilər və böyük zalı mənim üçün kirayələmişdilər. Bir neçə gündən sonra Tiflisdən nəvələrim Rəşid və Murad da yanıma gəldilər.
Qəmərin köməyi ilə Mirzə Cəlil üçün Şuşanın ətəyində sonradan çox bəyənəcəyi uyğun bir ev tapdıq. Bu, çayın qırağında, “İsa bulağı”ndan aşağıda, Aleksanbəy bağı adlanan bir yer idi. Mən Mirzə Cəlilə teleqramla xəbər etdim, o da Münəvvərlə birgə bizim yanımıza gəldi.
Mirzə Cəlil solğun və yorğun idi, lakin hamı ilə iltifatla və nəzakətlə davranırdı. Gecəni narahat yatdı. Onlar üçün qablaşdırdığımız əşyaları, aldığımız ərzağı sübh tezdən atlara yüklədik. Mirzə Cəlil başqa bir ata əyləşdi. Münəvvər və o biri uşaqlar isə piyada getdilər. Deyəsən, elə ilk gündən çox yaxşı yerləşdilər. Onun ilk məktubu belə idi:
“Həmidə, dərmanı aldım. Sənin çaydanını itirdik. Amma söz verirəm ki, Bakıya gələn kimi eynilə belə birisini sənin üçün alacam. Biz hələ yerbəyer olmamışıq. Sabah bizim ev sahibi Rəhim Şuşaya gedəcək və sizin ev sahibi Şirin xanımdan alaçıq üçün vəd etdiyi keçəni alıb gətirəcək. (Əsədzadə bilir bunu...)
Mən özümü babat hiss edirəm və düşünürəm ki, hündürlüklə bağlı krizis keçib getmişdir. Biz yerbəyer olan kimi sən də gəlib burada bizimlə qala bilərsən. Bura ecazkar bir məkandır, suyu da “İsa bulağı”nın suyundan geri qalmır. Burda yaxşı tut var. Elə mənə də bu lazım idi. Qəməri göndər bizim üçün 5 funt düyü alsın, Rəhimlə bizə çatdır. Əliş, Süleyman kişinin oğlu mənə onların evində qalmış və özünü hazırladığı yodu göndərməlidi (ikisi də ağ rəngdədir). Ənvərdən və Midhətdən nə xəbər var? Ürəyim ikisini də yaman istəyir.
Yola düşəndə o qədər həyəcanlandım ki, heç səninlə vidalaşmadım da. Heç özümdən asılı olmadı, sən buna görə məndən incimə!
Əsədzadə,(Şuşanın xalq hakimi) bizim bu bağda mövsümün sonuna qədər olan müddətin kirayə haqqını ödəyəcəyimizi əvvəlcədən Rəhimlə danışsaydı pis olmazdı. Bir də alacağa görə kimə və nə qədər ödəyəcəyik? (Əlbəttə, alaçığın gətirilməsi üçün o baş-bu baş ödəmələr də öz yerində). Bunları qabaqcadan danışmaq lazımdır ki, sonradan söz-söhbət çıxmasın. Sən bu məsələni yubatma. 10 funt kartof, bir az da kömür göndər. Sağ ol! Münəvvər salam göndərir! Bir az da təzə lobya göndər, bir 5 funt.
Cəlil.
Qəmərlə 20 rubl göndərdim.”
Bir gün sonra Mirzə Cəlilə məktub və ərzaq göndərdim, həm də səhhətini xəbər aldım. Bir sözlə o, çox məmnun idi. Münəvvər atasının vərdişlərini və zövqünü bildiyindən ona çox gözəl qulluq edirdi. Bir aya kimi o xəlvətxanada qaldılar. Nəhayət, Midhətdən xəbər gəldi. Onun xəstələnmiş yoldaşlarından biri Şuşaya istirahətə gəlmiş və bizə ondan məktub və bir qutu şokolad gətirmişdi. Mirzə Cəlil uşaq kimi sevinirdi, ürəyi yerinə gəlmişdi. Elə yaxşılaşdı ki, birdən-birə Şuşaya, bizim yanımıza köçmək istədi. Düz 2 həftə bizimlə Şuşada qaldı. Hamımız – uşaqlı, böyüklü ona qulluq edir, ən kiçik istəklərini belə yerinə yetirirdik. Mən hər gün onunla gəzməyə çıxırdım... Sanki tamam sağalmış kimi görünürdü.
O günlərin birində şəhərin qərb sərhədində, Stepanakertin və “İsa bulağı”nın göründüyü yerlərdə gəzərkən Mirzə Cəlil aşağıdan axan çayın sahilindəki Aleksanbek bağını göstərib gülər üzlə dedi: “Orada yaman yaxşı və sakit keçdi vaxtım. Oraların çox saf suyu, tamlı meyvəsi var. Ev sahibləri də yaman qanacaqlı adamlar idi.” Sözünə bir qədər ara verib geri döndü, şəhərin bu yerdən görünən bütün tərəflərinə, sonra “Cıdır düzü”nə nəzər saldı, dərin bir ah çəkib dedi: “Mən öləndə bu təpələrin birinin üstündə bəni quyuluyun”.
Bu yerdə mövzunu dəyişməyə tələsdim və biz yavaş-yavaş evə tərəf yönəldik. Ertəsi gün axşamüstü biz axırıncı dəfə birlikdə gəzməyə çıxmışdıq. Heç 300 addım getməmişdik ki, şimşək çaxdı, ildırım guruldadı və iri-iri yağış damlaları torpağı döyəcləməyə başladı. Biz evə dönməli olduq. Avqustun axırları idi.