- 15 minə eynək olar?
- Niyə təəccüblənirsiniz ki? Hələ bundan da bahaları var Bakıda. Bizdə isə hər qiymətə eynək tapa bilərsiniz. İstəyirsiniz sizə 30 manatlıqdan verim. Bizdə yoxdu, amma metrostansiyaların yaxınlığında hətta 10 manatlıq optik eynək də tapa bilərsiniz.
Bakıda optik mağazaların birində söhbətə şahid olan Lent.az -ın əməkdaşı ən çox təəccüblənənlərdən biri oldu. Və elə ona görə də bu istiqamətdə araşdırmaya başladı.
Araşdırmaya başlayarkən ən birinci onu müəyyənləşdirdik ki, Azərbaycan əhalisi arasında yaşından asılı olmayaraq çox yayılan xəstəliklərdən biri də göz xəstəlikləridir. Və göz xəstəliyi getdikcə gəncləşir. Mütəxəssislər bunu hazırkı gənclərin daha çox elektron avadanlıqlardan istifadə etməsi, dərs yükünün artması ilə izah edirlər. Oftalmoloqların ilk müalicəsi də elə eynəkdən istifadə ilə başlayır. Və bərk-bərk tapşırırlar ki, müalicənin effektli olmasını istəyirsinizsə keyfiyyətli eynək alın, saxta olmasın. Bəs biz saxta eynəklə keyfiyyətlisini necə ayırd edə bilərik? Maraqlıdır, Bakıda alıcılar ən çox haradan və nə cür eynəkləri alırlar? İnsanlar keyfiyyətə, yoxsa qiymətə daha çox önəm verirlər?
Bu suallara cavab tapmaq üçün paytaxtda yerləşən bəzi optik mağazalara üz tutduq. Mərkəzi mağazaların bir çoxunda optik şüşələrlə bağlı mütəxəssislər çalışır. Lakin bunu bütün mağazalar üçün söyləyə bilməyəcəyik. Bir çox mağazalarda eynəklərlə bağlı ən adi məlumatı verməkdə belə çətinlik çəkirlər. Belə olduğu zaman isə müştəri necə eynək alacağına qərar verməkdə çətinlik çəkir.
Qarşımıza çıxan mağazalardan birində satıcı deyir ki, ən çox satılan eynəklərin sadə və antiblik (şüalardan qoruyan) olanlardı. Həmin mağazada Türkiyə və Cənubi Koreya istehsalı olan məhsulların daha çox satıldığını və qiymətlərin ortalama 70-100 manat olduğunu öyrəndik. Satıcının sözlərinə görə, eynəklərin çərçivə və şüşələrini ayrı-ayrı da almaq olar. Bu zaman çərçivənin qiyməti 50-120, şüşələrin qiyməti isə 50-70 arasında dəyişir. Satıcı kompüter şüalarından qorumaq üçün olan eynəklərin nisbətən az satıldığını qeyd etdi.
Mağazadan ayrıldığımız zaman insanların qiymətə deyil, keyfiyyətə önəm verməsini fikirləşirdik ki... Növbəti mağazaya çatanda bu fikirlərimiz dəyişdi.
Baş çəkdiyimiz digər mağazalarda da ən çox satılan eynəklər məhz sadə və antiblik olanlardı. Bu mağazada mütəxəssis çalışır. Aytəkin Quliyeva dedi ki, bu sahədə istehsalçı ölkələr arasında illərdi Almaniya, Fransa və İtaliyanı keçən olmur: "Bu ölkələrin məhsulları çox təmizdir. Başqa ölkələrlə bağlı bunu deməyə çətinlik çəkərəm. Son zamanlar Türkiyə də brend markalardan lisenziya alaraq, “a klass” qiymətləndirmə dərəcəsində məhsul istehsal edir".
Məlum oldu ki, super qiymətləndirilməsə də Türkiyə məhsulları da, yüksək keyfiyyətli məhsullar sırasındadır. Həmsöhbətimizin sözlərinə görə, alıcıların geri qaytardığı keyfiyyətsiz, saxta eynəklər də olur:
"Saxta eynəyi bir müddət istifadə etdikdən sonra müəyyən etmək o qədər də çətin deyil. İstifadəçi hiss edir ki, gözləri yorulur və görmə qabiliyyəti əvvəlkindən daha da pisləşməyə gedir. Mən deyərdim ki, tam saxta olan məhsullar arasında Çin şirkətləri üstünlük təşkil edir. Onların əksər şirkətlərinin istehsal etdiyi çərçivə və linzalar saxtadır. Alıcı gəlir və qərarı özü verir ki, ucuz mal alsın, yoxsa bahalı. Təbii ki, keyfiyyətli eynək ucuz ola bilməz. Pula görə Çin istehsalı alırlar və bir müddətdən sonra əksəriyyəti şikayətçi olur".
Göründüyü kimi, başqa sahələrin əsasən, saxta istehsalçısı olan Çin burada da öz sözünü deyir. Növbəti mağazalarda olduğumuz zaman da apardığımız müşahidə onu göstərdi ki, alıcılar keyfiyyətə fikir vermədən ucuz məhsul axtarır.
Qiymətlərə gəlincə, Almaniya, Fransa və İtaliyanın orijinal şüşələrinin 80 manatdan 10000 manatadək, çərçivələrinin isə 10 manatdan 5000 manatadək olduğu bildirildi. Məsələn, bir eynək sizə 15 min manata başa gələ bilir. Artıq bu sizin öz seçimsizindən asılıdır. Qiymət baxımdan isə Çin istehsalı olan keyfiyyətsiz şüşələrin 30 manat, çərçivələrin 10 manat, orijinalı 400-500 manat olan və orjinalla heç bir fərqi olmadığı deyilən Türkiyə çərçivələrinin isə 150-200 manat olduğunu müəyyən etdik.
Mağazada çalışanlardan biri onu da dedi ki, qiymət bahadır deyə malın keyfiyyətli olmasına tam əmin olmayın:
"Bütün bahalı mallar keyfiyyətli olmur. Çox təəssüf ki, indi ortaya bəzi dələduzlar çıxıb. Ucuz Çin malını sizlərə alman şüşəsi kimi də təklif edə bilərlər".
Bəs saxta eynəkləri necə müəyyən etmək olar?
Mütəxəssis Aytəkin Quliyeva deyir ki, bu fərqi ilk baxışla müəyyən etmək o qədər də asan deyil: "Saxta məhsulu əlinizə alın. Və onu cızmağa çalışın. Şüşənin tez cızılması, əl və toz ləkəsinə tez bulaşması və.s fərqlərin olduğunu görəcəksinizsə, deməli bu keyfiyyətsiz eynəkdir. İndi alıcılar arasında xeyli uşaqlar da var. İllər əvvəl belə deyildi. Ona görə də ikiqat diqqətli olmaq lazımdır".
Məsələnin digər maraqlı tərəfi isə, pasientlərə eynək istifadə etməyi tövsiyə edən oftalmoloqların məsələyə münasibətidir. Zənn etdik ki, saxta eynəklərlə bağlı problem məhz göz həkimlərini daha çox narahat edir.
Oftalmoloq Cavid Allahverdiyev optik mütəxəssisdən fərqli olaraq düşünür ki, eynəklərin keyfiyyətini ilk baxımından ayırd etmək çox çətindir və hətta mümkünsüzdür: “Pasiyentlərə konkret olaraq hansı məhsulu almaları barədə bizim fikir bildirmək ixtiyarımız yoxdur. Çünki insanlara verdiyimiz tövsiyə birmənalı qarşılanmaz və hər hansı mənfəət güdməyimiz barədə düşüncə formalaşar. Ancaq bunu deyə bilərəm ki, eynəklərin keyfiyyətli, yaxud saxta olduğunu kimsə müəyyən edə bilməz. Onu yalnız dövlət qurumları - Gömrük Komitəsi və Səhiyyə Nazirliyi müəyyən edir. Təbii ki, orijinal məhsulun üzərində nişan olur. Ancaq ola bilər ki, üzərində nişan olmasa da, məhsul keyfiyyətli olsun. Keyfiyyətsiz eynəklər orqanizmə mənfi təsir edir. Onlar texniki baxımdan tez sıradan çıxacaq, xəstəyə isə yorğunluq verəcək”.
Həkim ölkəyə eynək idxal edən firmalara da səsləndi: "Vicdanınız olsun, bu saxta malları ölkəyə "keyfiyyətli eynək" adı ilə gətirməyin".
Oftalmoloq Qabil Zülfiyev isə saxta optik eynəklərin göz xəstəliyindən əziyyət çəkənlərə vurduğu ziyandan danışıb: “Əgər eynəyin dərəcə ölçüsü həkimin təyin etdiyi rəqəmlə uyğundursa, elə də böyük ziyandan söhbət gedə bilməz. Ancaq təbii ki, keyfiyyətli, yaxud saxta məhsul öz sözünü deməlidir. Bilmək lazımdır ki, saxta eynəklər kənar ultra şüaları udurmu, ya yox? Əgər udmursa, demək ki, ziyanı var. Bu halda gözün görmə faizini daha da zəiflədə bilər”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsi 2018-ci il üzrə ölkədə 76.952 nəfər göz və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkən olduğunu açıqlayıb. Statistikaya əsasən, ölkə üzrə hər 10000 nəfərə 78.4 nəfər göz xəstəsi düşür.