Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bir təcavüz, min biganə||--||



Təsəvvür edin - Bakıdan 3 saatlıq bir məsafədə ağlasığmaz faciə baş verib 3 uşaq anası polis tərəfindən vəhşicəsinə döyülüb təhqir edilərək zorlanıb və bu cinayət hüquq mühafizə orqanları tərəfindən ört-basdır edilib. Olay kifayət qədər ictimailəşdirilib. Ölkəmizdə qadın hüquq müdafiəçilərindən isə soraq yoxdur. Bəlkə eşitməyiblər?

Bu olay öncə regional qəzet Cənub xəbərlərində işıqlandırılıb. Və onun saytında yerləşdirilib.

Daha sonra ölkənin aparıcı müxalifət qəzetlərindən olan Azadlıq qəzetində

manşet yazısı kimi çap olunub.

Ölkənin tanınan saytlarından olan Qaynar.info-da yerləşdirilib.

Bakıda bununla bağlı Mətbuat Konfransı keçirilib.

Məlumatı Turan agentliyi bir neçə dildə yayıb.

Zerkalo qəzeti olayı araşdıraraq bu mövzuda rus dilində yazı çap edib.

Azadlıq radiosu dekabrın 25-də bu olayı verilişin baş xəbəri kimi yayıb, sonra da zərərçəkən qadının şəkli və səsi ilə birgə öz saytında yerləşdirib. Məhz həmin saytda dünyanın onlarla ölkəsindən həmvətənlərimiz olaya münasibət bildirib.

Lakin Bakıdakı hüquq müdafiəçilərindən, xüsusən qadın hüquq müdafiəçilərindən soraq yoxdur. Onlar az qala ayda bir dəfə xarici ölkələrə səfər edə bilir, amma Bakıdan 3 saatlıq məsafədə yerləşən Cəlilabada gedə bilmir. Cəlilabad ki, şükürlər olsun, hələ ki, Naxçıvan deyil, Bənənyar kimi mühasirəyə də alınmayıb. Bəs niyə heç bir qadın hüquq müdafiəçisi bu olayla maraqlanmır?

Region qəzetini oxumursunuz, başa düşdük.

Bəlkə Azadlıqı, müxalifət qəzetini, yaxud Azərbaycan dilində olan qəzeti də oxumursunuz? Bunu da başa düşmək olar.

Axı, həmin yazı rus dilində işıq üzü görən Zerkalo qəzetində də çap olunmuşdu.

Əgər heç qəzet oxumursunuzsa, heç olmasa Turan Agentliyinin məlumatını alanda, Azadlıqradiosu-nda, onun saytında baxaydınız.

Xatırladım ki, olayla bağlı yazı adı çəkilən mətbuat vasitələrinin baş yazıları kimi çap olunub.

Deməli, belə çıxır ki, bizim hüquq müdafiəçiləri nə radioya qulaq asır, nə qəzet oxuyur, nə də saytlara baxır.

Bu yaxınlarda qəzetimizə müsahibə verən bir xanım hüquq müdafiəçisinə bu biganəliklə bağlı sual verəndə, cavabında bildirdi ki, həmin qadın bizə müraciət etməyib. Məgər, əyalətdə haqsızlıqdan çırpınan bu insanlar yazmaq bilir, QHT bilir. Gecə-gündüz qadınlara qarşı zorakılıqdan danışır, onlarla seminar keçirdirsiniz, beynəlxalq təcrübədən misallar çəkirsiniz, qrantlar alırsınız... amma fakt gözə girir, heç kim cınqırını çıxartmır.

Bir daha deyirəm, Bənənyara gedən yollar bağlıdır, Cəlilabada yollar açıqdır. Cəmi 20-30 manat pulunuz çıxacaq, 5-10 saat da vaxtınız itəcək.

Məhz bu biganəliyin nəticəsidir ki, Xanbala adlı müxbir meydanı xəlvət görüb, həmin təcavüzə məruz qalmış qadının qayınatasından və özündən hinduşka və toyuq-cücə çırpışdırıb. Təəssüf ki, hər hansı məmurun çağırışına dərhal reaksiya verib onlarla qəzeti reket elan edən Mətbuat Şurası az qala quldurluq edən müxbiri, onun sahibi olduğu Qanunun aliliyi qəzeti haqqında heç bir tədbir görmür. Həmin gəlinin qayınatası Əlisahib Niftullayevin bizə bildirdiyinə görə olayı ölkə mətbuatında işıqlandırsa da, Masallı polis şöbəsinə və Azərbaycan Mətbuat Şurasına yazılı müraciət etsə də, heç birindən soraq yoxdur.

Məhz ciddi ictimai nəzarətin olmadığını görən hüquq mühafizə orqanlarının sözçüləri olayla bağlı şablon, gözdən pərdə asan məlumatlar yayırlar olay araşdırılıb, fakt təsdiq olunmayıb, qadın döyülməsi haqqında şikayət etməyib və sair. Azadlıq radiosunun saytında bu məsələyə münasibət bildirən bir qadın isə belələrinə çox sərt sual verib. O sayt vasitəsilə soruşur ki, görəsən, belə açıqlama verən polis rəsmilərinin öz ana-bacılarına qarşı da belə hərəkət edilsəydi, onlar bu cür bəyanatlar verəcəkdilər?

Hələ hüquqi yardım bir yana, ehtiyac içində boğulan bu ailəyə maddi yardım edən belə tapılmır. Kanaldan su götürüb çay qaynadan, evində elektrik işığı, bir stuldan başqa mebeli olmayan bu ailəyə maddi yardım edən də yoxdur. Bu ailə illərdir ki, ünvanlı sosial yardım da ala bilmir.

O da sirr deyil ki, bu cür zorakı namussuzluq halları yeganə deyil. Belə əməlləri edənlər arxayındır ki, çoxları abrına bükülüb şikayət etməyəcək. Həyatını, taleyini riskə qoyub müraciət edən qadının da taleyi göz qabağındadır. Bundan sonra təcavüzə məruz qalanlardan kim səsini çıxardar? Onların çoxu açıqca deyir ki, Rəna dilləndi nə oldu ki, biz danışanda nə olacaq. Hamı taleyi ilə barışmalıdırmı? 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10