Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Vasif İsmayıl: “Qadının azadlığının qəti əleyhinəyəm” – Müsahibə


Kulis.az “İşdən kənar” layihəsindən tanınmış androloq-uroloq Vasif İsmayılla müsahibəni təqdim edir. Xatırladaq ki, layihədə müxtəlif peşə sahibləri ilə ədəbiyyat söhbəti aparılır.

- Doktor, Cərrahiyyə klinikasının önündə Qorkinin, Dostoyevskinin əsərlərindəki kimi ağır səhnələr gördüm: ağlaşanlar, ümidsizcə gözləyənlər, kədərli gözlərini ətrafda gəzdirənlər və s. Mənə bir ədəbiyyatçı kimi təsir elədi və bir anlıq həkim soyuqqanlılığı haqda düşündüm...

- Bizə sentimentallığı boğmağı öyrədiblər. Bizim işimizdə sentimentallıq olmaz. Cavan həkimlər olur ki, müalicə etdikləri xəstələri görəndə kövrəlirlər. Bizdə də bu cür yanaşma var: xəstələr həkimdən doğma münasibət istəyirlər. Bu, çox böyük səhvdir. Xüsusilə də cərrahlar üçün. Çünki biz bəzən qəti və dırnaq arası olmadan qəddarca qərarlar verməyə məcbur oluruq. Əlbəttə, biz xəstənin vəziyyəti haqda düşünürük. Ancaq digər adamlar kimi sentimental duyğular yaşamırıq.


- Həkimlikdən kənara çıxanda bəs?

- Əlbəttə, sentimentallıq bizim həyatımızın bir parçasıdır. İstər-istəməz bu bizə də yansıyır.

- Kitablardakı sentimentallıq necə? Tutaq ki, Dostoyevskinin əsərlərində bu, daha çox var. Ümidsiz, bədbin adamlar...

- Dostoyevskinin qəhrəmanlarında qəribə bir miskinlik var. Amma bu miskinliyin yanında bir əsilzadəlik də olmamış deyil. Bu cizgilər o xarakterlərə nifrət etməyə, yaxud da onlardan iyrənməyə imkan vermir. Mən Dostoyevskini sevmirəm. Tutaq ki, onun tərzində yazan Teodor Drayzeri sevirəm. Mən ümumiyyətlə havadan-sudan yazan yazıçıları sevə bilmirəm.

- Havadan-sudan deyərkən... 

- Çox məşhur bir əsər vardı, o vaxt mən tələbə olanda populyarlaşmışdı, mən də gedib almışdım.

- Hansı əsər idi?

- “Sofinin gündəliyi”. Mən o kitabdan heç nə başa düşə bilmədim. O demək deyil ki, o kitab heç nədir. Sadəcə mənlik deyildi.

- Sizlik kitab necə olur ki?

- Mən həmişə yazılan əsərdə sosial mesaj axtarıram. Bu mənada Drayzeri sevirəm. Özüm solçu deyiləm. Amma sevdiyim sənət adamları solçulardı. Onların etiraz səsi daha qabarıqdı. Havadan-sudan yazanlarda isə mən dediyim sosial mesaj yoxdu. Məsələn, Volter Skot. Onun bütün kitablarını oxumuşam. Sizə deyim ki, əslinə qalsa çox zəif kitablardı. Bu təbii, mənim fikrimdi. Sadəcə onun şotland ruhunu reklam etməsi və bunun arxasında dayanması mənə ləzzət eləyirdi.

- Sırf sentimentallığına görə sizə təsir edən hansı əsər olub?

- “Martin İden”, “Dahi”, hə, bir də “Səfillər”. Ancaq mənə elə gəlir, “Səfillər”i tam başa düşməmişəm.

- Niyə ki? Elə bir qurğusallığı olmayan, düz, realist bir əsərdir... 

- Təbii. Mən inanıram ki, onun qurduğu bütün süjetləri Hüqonun özü görüb. “Səfillər”də süjet çoxdur. Səhnənin çox olmağı başqa məsələ, süjetin çoxluğu isə başqa. Bu süjetləri birləşdirib insanın içində bir hissiyyat yaradır. Məncə, mən onun yaratdığı hissiyyatı tam olaraq içimdə bişirə bilməmişəm.

- Nə vaxt oxumuşdunuz “Səfillər”i? Tələbəlikdə? 

- Xeyr. İnstituta hazırlaşırdım. Olardı 15-16 yaşım.

- Bəlkə, “Səfillər”ə təzədən qayıtmaq ehtiyacı var? Onu tam dərk etmək və o hissiyyatı tapmaq üçün. Olub belə bir hiss? Hansısa əsəri təzədən oxumaq istəyi...

- Yox, elə bir ehtiyac duymuram. Sizə deyəcəyim bəlkə gülməli gələcək, ancaq indi mənim qayıtdığım kitablar bədii əsərlər deyil, sənədli əsərlərdi. İndi ancaq sənədli kitablar oxuyuram. 10 ildən çoxdu bədii kitab oxumuram. Dönüb-dönüb oxuduğum əsər isə Viktor Suvorovun “Akvarium” əsəridir.

- Niyə o əsər?

- Həm onun dilinə görə, yazı tərzinə görə, həm də təhlilçi qabiliyyətinə görə. Mən o kitabı öyrənmək üçün oxuyuram.

- Dediniz, indi bədii kitab oxumuram....

- Hə... Qəsdən oxumamağa çalışıram.

- Nədən?

- Çünki özüm nələrsə yazmaq istəyirəm. Qorxuram, mənə təsir eləyər.

- Bədii nəsə yazırsız?

- Yazmağa hazırlaşıram.

- Əvvəllər yazmısınız nəsə?

- Hekayə formasında nələrsə yazmışam. Ancaq onlar çap etməyə dəyəcək mətnlər deyil.

- İndi yazmağa hazırlaşdığınız nədir?

- Beynimdə qurduğum hekayələr və hətta bir povest var. Yaxın zamanda gözləyin. Yəni bir neçə il sonra yəqin ki, üzə çıxacaq.

- Maraqlıdır. Mövzusunu bilmək olar? Sirr deyilsə... 

- Mənim maraq duyduğum mövzular bunlardır: Azərbaycan XIX, XX əsrin əvvəllərində və Azərbaycan 90-cı illərin əvvəllərində... Mən 90-cı illəri ifadə edən ciddi bir əsər oxumamışam. Bəlkə də yazıçılarımız yazıb, amma mənim xəbərim yoxdur.

- Tarixi bir əsər kimi, ya necə?

- Xeyr, tarixi deyil. Bir insanın həyatıdır. Mənim, əslində üstündə durmaq istədiyim məsələ Azərbaycan cəmiyyətində qadının yeridir. Bu necə dəyişib? Bax bunu işləmək, yazmaq istəyirəm. Düzdü, hələ beynimdə tam bişirməmişəm. Ancaq eyni ailənin timsalında Azərbaycan cəmiyyətində qadının yerinin necə dəyişdiyini əks etdirən süjet düşünürəm və mən bunun şahidi olduğum üçün hesab edirəm ki, yaza biləcəm. Mən qarabağlıyam. Bizdə dədə-babadan qadın ciddi bir fiqur olub. Düzdü, ailədən kənara çıxanda ciddi fiqur kişi olur, amma ailənin içində qadının çox ciddi yeri vardı. Ailədən kənarda qadın... Bunu işləmək istəyirəm, görək necə olur.

- Qadın azadlığı mövzusu. Bu, bizim Cəfər Cabbarlıda ciddi işlənmiş tema idi. Əsərlərindən qırmızı xətt kimi keçirdi qadın mövzusu... 

- Çox ciddi yerə toxundunuz. Mən də elə düşünürəm ki, qadın mövzusunu ən yaxşı şəkildə yazmış və bu söhbəti qapatmış adam Cəfər Cabbarlıdır. Onun “Aslan və Fərhad” hekayəsini xatırlayıram. Əslində, bu hekayə iki qardaş haqqındadır. Ancaq orda qadın detalı elə oturub ki... Cəfər Cabbarlı qadına azadlıq verilməsinin əxlaqi normaları pozmadığını göstərib. Düzü, bu əsərdə qadın haqları birbaşa qoyulmayıb. Cəfər Cabbarlının sırf bu mövzuya həsr etdiyi əsərlər var. Ancaq hətta bu əsərdə belə Cabbarlı qadın mövzusuna toxunur. Daha doğrusu, alt qatda qadın hüquqları məsələsini qoyur.

- Patriarxal bir cəmiyyətdə yaşamışıq və hələ də yaşayırıq. Bu, bizim əsərlərdə də özünü göstərib. Sanki yazıçılarımız da o ənənədən qırağa çıxa bilmirlər... 

- Məncə, bizim heç birimiz cəmiyyətin şinelindən qurtula bilməmişik. Mənim özüm də patriarxal biriyəm.

- Aha. Amma sizi liberal fikirli biri kimi tanıyırıq... 

- Bəli, mənim danışdıqlarımda liberal fikirlər olub. Ancaq mənim yaşayışım tamamilə patriarxaldır. Bu da ənənədən gələn bir şeydi. Mən də belə bir adamam.

- Evdə xanımınıza qadağalar qoyursuz o zaman?

- Mən yaşadığım xanımın işləməsini və işində bacarıqlı olmasını istəyirəm, bunun üçün çalışıram. Ancaq yemək bişirmək, yaxud “mənə çay gətir” kimi iş bölgüsü qoyuram və bunu ondan tələb edirəm. Düzdü, bundan ötrü dünyanı dağıtmaram, ancaq hər halda tələb edərəm. Belə baxanda seksist yanaşmadır...

- Bu qadının vəzifəsidir? Belə hesab edirsiniz?

- Yox, vəzifə bölgüsü kimi düşünürəm. Düzdü, bu fikirləri ortalığa demək olmur, adamı asıb-kəsərlər. Ancaq nə edim? Mən də beləyəm. Şikayət eləmək istəyən varsa, buyursun, eləsin. Mənə elə gəlir ki, Azərbaycan patriarxallığı – mən bunu Qafqaz patriarxallığı adlandırardım – heç də qəddar bir bölgü deyil, əksinə çox gözəl bölgüdür. Qadın azadlığını da qısıtlamır. Hər kəsin öz yeri var burda. Düşünürəm ki, hər kəs əxlaq çərçivələrində dayanmağı bacarmalıdır. Sadəcə, istismara yol vermək olmaz. Nə kişi qadını, nə də qadın kişini istismar etməməlidir. Hətta ailənin övladı belə istismar etməyinə qarşıyam. Məsələn, bizim evdə yoldaşımla nə üstündə dava düşə bilər? Uşağın üstünə qışqırsa. Uşağı nəinki vurmaq, hətta üstünə qışqırmaq mənim üçün yolverilməzdir.

- Maraqlıdır... 

- Sizə deyim ki, mən Azərbaycan ailəsinin patriarxallığının deyil, matriarxallığının əziyyətini çəkmişəm. Mənim öz beynimdə vuruşduğum obraz ana obrazıdır. Ata fiqurundansa, ana fiquru daha problemli olub.

- Çox vaxt əksini düşünürlər. Qəribə gəldi bu fikriniz... 

- Sadə bir şeydi. Mənim anam öz anasından əziyyət görüb, mən də öz anamdan. Tipik Qafqaz ənənəsidir və bu davam edir. Və mən də belə bir yerdə böyümüşəm. Düzdü, Avropa təhsili almışam, o cür düşünməyə çalışıram. Ancaq buralıyam. Və mənə elə gəlir, Qafqaz təfəkkürü Avropanın insan hüquqlarına uyğun gəlir. Sadəcə özümüzə çəki-düzən verməliyik. “Mənim arvadım”, “mənim övladım” deyə bilərsən, amma “mənim”i qabartmamalısan, mənimsəməlisən. O da sənin kimi insandır. Qarşılıqlı hörmət prinsipi. Siz sadəcə bir yerdə yaşayırsınız.

- Doktor, Azərbaycan ədəbiyyatında xüsusi sevdiyiniz yazıçılar varmı? Hansı ki, onlarda o dediyiniz sosial mesajı görmüsünüz.... 

- Əlbəttə. Əbdürrəhim bəy Haqverdiyev. Bir də çox klassik olacaq, amma Mirzə Fətəli Axundov. Məncə, Haqverdiyevin haqqını tam verməmişik. O, tipik Azərbaycan obrazı yaratmağın ustasıdır. Axundovu elə də dəhşət oxumamışam. Amma onun da yaratdığı obrazlar misilsizdir. Sənə ya süjet maraqlı olur, ya da müəllifin yazı tərzi. Məsələn, mən Balzakın yazı tərzini heç sevmirəm, oxuya bilmirəm. Amma süjeti maraqlıdır. Eləsi də var ki, süjet yoxdur, amma yazı tərzi əladır. Müasir Azərbaycan ədəbiyyatı deyəndə bu yada düşür. Cümlələr, yazı tərzi çox gözəl, ancaq süjet yoxdur, məna yoxdur. Azərbaycanın müasir yazarlarında süjet problemi var. Mən süjeti maraqlı olan əsəri oxumağı sevirəm. Düzdü, dünyada süjet sayı çox deyil. Ancaq yazıçı gərək ora duz qatsın. Məsələn, “Ölülər”in süjeti şedevrdir. Məncə, dialoq yazmağın özü belə çox çətindir. Bu mənada “Ölülər” möhtəşəmdir.

- Müasir ədəbiyyatı bir balaca tənqid etdiniz. Oxuduğunuz imzalar varmı? İzləyirsinizmi?

- Seymur Baycanı oxumaq istəyirəm.

- Yəni heç oxumamısınız, hazırlaşırsınız oxumağa... 

- Bəli, istəyirəm oxuyam. Mən müəyyən bir işə hazırlaşmağı xoşlayıram. Nəyisə vaxt keçirmək üçün etmərəm. Mənə elə gəlir ki, Seymur ciddi fikirlər irəli sürür, hərdən onun yazıları ilə qarşılaşıram. Fikirlər xoşuma gəlir və hazırlaşıram ki, onu əməlli-başlı oxuyum.

- Doktor, əsəri yazanın şəxsiyyəti sizin üçün önəmlidir? Son vaxtlar bu cür polemikalar yaranır, ona görə soruşuram. Yəni şəxsiyyət və yaradıcılıq bir yerdə - bütöv şəkildə olmalıdırmı? Yoxsa, əsas mətndirmi?

- Mən kiməsə yarlıq yapışdıracaq qədər ağıllı deyiləm. Kiməsə pis də deyə bilmərəm. Tutalım, mən deyə bilərəm ki, Nazim Hikmət Lenin adına kommunist məktəbini bitirdiyi üçün və oranı bitirənlərin sovet agentləri olduğunu deyə bilərəm, ancaq mən Nazim Hikmət agentdir sözünü deyə bilmərəm. İkincisi, Nazim Hikmət agent olduğu üçün onun yaradıcılığı xoşuma gəlmir fikrini heç deyə bilmərəm. Mənim üçün şəxsiyyətin önəmi yoxdur. Şəxsiyyət o adamın ətrafı üçün gərəklidir.

- Bəs o şəxsiyyət ictimai mənada ziyanlıdırsa... 

- Bəli, kiminsə şəxsi mövqeyi məndə rəğbət, yaxud nifrət hissi oyada bilər. Amma yenə də bunun yaradıcılığa heç bir dəxli yoxdur. Mən bunları bir-birindən çox asanlıqla ayıra bilirəm. Məsələn, mən “Pink Floyd” qrupunu çox sevirəm.

- Mən də... 

- Və onları təbliğ edirəm. Təsəvvür elə ki, sən kapitalist sistemdə milyarder olasan, amma səhnəyə çıxanda kommunist şüarlar səsləndirəsən. Eyni zamanda, kommunist olmağına baxmayaraq, anti-kommunist bir yazıçının əsərini bütöv albom eləyəsən.

- Corc Oruelin “Heyvanıstan” əsərini... 

- Bəli. Bu, super bir şeydi. Dürüst olmaq lazımdır. Biz bir şeyi anlamalıyıq, həqiqət var, ancaq ona təkbaşına getmək olmur. Gərək kollektiv zəkayla həqiqətə çatasan. Şəxsi mövqeyini ortaya qoyarsan, bu mənim xoşuma gəlməz. Ancaq çox gözəl bir əsər yazarsan, mən o mövqeyə baxmadan, əsəri oxuyaram.

Tutaq ki, Səməd Vurğun istedaddır da. Elə Zəlimxan Yaqub da. Ancaq mənə elə gəlir, Zəlimxanın tarixdə elə bir obrazı qalmayacaq. Ancaq şeirlərinə söz ola bilməz. Bilirsiniz, arpa doyurucu bir şey deyil, amma çox arpa insanı doyura bilir. Ancaq bu yavandı da...

- O zaman Səməd Vurğunla Zəlimxan Yaqub yavan ədəbiyyatdı?

- Zəlimxan Yaqub, hə. Düzdü, atam onu çox sevirdi. Atamın da şeirləri vardı. Kitabları da çap olunub.

- Şair idi?

- Həvəskar deyək. Rafael İsmayıl. Mən onu çox qabartmamışam. Özü də elə iddialı adam olmayıb.

- Şeirə münasibətiniz necədir?

- Şeirə qarşı çox tələbkaram, ona görə də oxumuram.

- Necə ki?

- Bilirsiniz, nəsr və nəzm deyəndə, çox vaxt nəzmin daha asan olduğu deyilir. Nəzmin qaydaları var – iki vur ikidir. Riyaziyyatdır da yəni. Əgər bir şey bu qədər asan və bəsitdirsə, sən onun içərisinə daha çox istedad qoymalısan. Bəli, nəsr yükdür, zəhmətdir. Ancaq onu birtəhər düzəltmək olar...

- Şeirdə isə ya var, ya yox. Elə?

- Bəli. Ya var, ya yox. Yəni ya şairsən, ya yox. Məsələn, Nazim Hikmət. Bu adamı sevən birinin şeirə olan tələbi necə olmalıdır? Bu gün pazar, bu gün beni ilk defa güneşe çıkardılar. Görün necə gözəldi? Yaxud bir şeirində deyir e. Yaşamayı ciddiye alacaksın, bir sincap gibi mesela. Sən bunun ardından çox ciddi bir şey gözləyirsən. Amma şair gör neyləyir? Bir sincab kimi... Qeyri-adi və gözlənilməzdi. İşin-gücün yaşamaq olacaq. Əslində, sincabın da işi-gücü yaşamaqdı və yaşamağı ən ciddiyə alan da elə sincabdı.

- Deyəsən, ən çox Nazim Hikməti sevirsiniz... 

- Nazim Hikmət, Xəlil Rza, bir də Sabahattin Ali. Mən şeir deyəndə bu üç şairi yadıma salıram. Üçünün də taleyi gətirmədi. Nazim Hikmət qürbətdə, Sabahattin Ali döyülərək, Xəlil Rza çərləyərək öldü. Ancaq məncə, onlar öz işlərini gördülər, möhürlərini qoydular.

- Sizcə, bunların arasında ən zəif şair hansıdır?

- Sabahattin Ali. Çünki mənə görə, o missiyasını bitirə bilmədi. Nazim Hikmət də, Xəlil Rza da nöqtəsini vurmuşdu. Amma Sabahattin Alidə bu alınmadı.

- Siz özünüz şeir yazmısınız?

- Uşaq vaxtı yazmışam. Hamı kimi... Bir də hərdən ona-buna yazıram. Pis də yazmıram, açığı.

- Ona-buna deyərkən... 

- Dost-tanışa...

- Sərbəstdə, ya hecada?

- Heca. Mənimki hecadı. Azərbaycanlıyam da. Bu, bizim genimizdən gəlir. Sərbəst yaza bilmirəm deyə üzə çıxarmıram bu şeirləri. Sərbəst bizə asan gəlir, əslində çox çətindir. Əruz yazmaq asandır. Qəlibi bildin, yazırsan. Heca da bir az elədi. Düzdü, hecaya bizim xalq çox gözəl tryuklar gətirib, ona görə də gəlin aşağılamayaq. Dodaqdəyməz, təcnis, qoşma və s. Bu bizim xalqın istedad göstəricisidir.

- Axırıncı oxuduğunuz şeir hansıdır?

- Aqşin Yeniseyin “Sənə məktub yazıram” şeiri. Və sizə deyim ki, o şeirdir.

- Doktor, hansısa yazıçını hesab edirsiniz ki, qəsdən şişirdiblər? Və o yazıçılar bu münasibətə layiq deyillər. Bəzən qiymətini lazımınca almayanların yerinə elə də istedadı olmayan birini nəyəsə görə şişirdirlər və sonradan həmin yazıçının əslində o zirvədə olmadığını izah etmək müşkülə çevrilir... 

- Mən yalnız bir oxucu kimi fikir bildirə bilərəm. Məsələn, Markesi oxumamışam. Bəlkə də çox böyük yazıçıdır, amma oxumadığım üçün bir şey deyə bilmərəm. Kafkanı da eləcə. Oxumamışam. Oxumaq fikrində də deyiləm. Yaxud da Con Steynbek. Atam çox sevirdi bu yazıçını. Amma mən oxumaq istəmirəm. Bizimkilərdən də Mirzə İbrahiomov, Süleyman Rəhimov.

- Niyə bəs?

- Maraqlı gəlməyib mənə. Onların yaxşı, yaxud pis olduğu fikrinə gəldiyim üçün deyil bu. Sadəcə, bu yazıçılar məni özlərinə çəkməyiblər.

- Yəni onları araşdırmısınız və görmüsünüz ki, sizlik deyil... 

- Bəli. Kriteriyam çox bəsitdir: mənə maraqlı olan cavabları axtarır, ya yox. Məni maraqlandıranlar: cəmiyyət, cəmiyyətdə insanın yeri, insan və cəmiyyət əlaqələri, insanmı, yoxsa cəmiyyətmi üstündür və s. Həqiqət axtarışı da vardı. Amma indi mənim üçün həqiqət axtarışı sönüb. Çünki həqiqəti tapmaq ifadəsinin özü yalandı mənə görə. Bir də qadının yeri mənə görə xüsusidir. Xarici ədəbiyyatda bunu rahatlıqla tapa bilirəm. Çünki Qərb cəmiyyəti çoxdan bu məsələni həll edib. Ancaq bizim ədəbiyyatda mən qadının yerini axtarıram. Eyni zamanda uşaq hüququ. Əslində bizdə bu məsələ də qabardılmır. Məsələn, uşağın baş örtüyü örtməsi. Bunu nə dərəcədə müzakirə etmişik? Uşağın gərək, öz seçimi olsun. Məncə, sünnət hər kəsin öz qərarı ilə olmalıdır.

- Məsələn, sizin oğlunuzun qərarı olsa ki, sünnət olmaq istəmirəm. Razılaşacaqdınız?

- Əlbəttə. Amma mən onları elə vaxt sünnət elətdirdim ki, qərar verəcək yaşda deyildilər. Mənim ortancıl oğlum o günləri bilib ki, oğlan uşaqları bu cür doğulmurlar. Uşaq başı aldadırıq. Mən isə deyirəm: uşağın da öz seçimi, qərarı olmalıdır.

- Aha... Azad fikir olmalıdır deyirsiniz... 

- Bəli. Amma deyəcəksiniz ki, öz oğullarını sünnət elətdirib, burda müstəqil qərardan danışır. Mən bunu qəbul edirəm, ancaq özüm də həyatda tətbiq edə bilmirəm. Tutaq ki, qadının seksual azadlığının qəti əleyhinəyəm. Öz xanımımın azadlığının da. Ayrılsın, nə istəyir eləsin. Mən buna etiraz etmirəm. Ancaq mənimlə bir yerdə olanda buna razı ola bilmərəm. Əslində, liberal düşüncə daha çox problemlidir. Patriarxal, mühafizəkar ənənə ilə yaşamaq hər iki tərəf üçün bəsitdi.

- Amma bunun fəsadları var. Qadın üçün çətindi və s. 

- Hər kəs üçün çətindi. Elə bil qandalda yaşayırsan. Ancaq azadlıq daha çox məsuliyyət yükləyir adama. Mühafizəkar cəmiyyətdə sənin məsuliyyətin o qədər də çox deyil. Bilirsiniz, bəzən insanlar azadlığı görüb məsuliyyəti unudurlar. İnsan azad olmalıdır, bəli. Ancaq insanı azad edən onu ictimaiyyət arasındakı yeridir. Və burda ədəbiyyat köməyimizə çatır. Nazim Hikmət nə deyir? Yaşamak...

- ...bir ağaç gibi tek ve hür ve bir orman gibi kardeşcesine... 

- Bu sözlər bir şüar kimi hər yerdə yazıla bilər.

- Bəşəriyyətin şüarı... 

- Eynən. Hər bir insan həm fərddir, həm də bir “orman kimi qardaşcasına” yaşamalıdır. Bax tüklərim biz-biz oldu e... (gülür)

- Doktor, sonda... Həkim yazıçılardan soruşmaq istəyirdim. Çexov, Bulqakov...

- Həkim yazıçılar da tarixdə iz buraxıblar. Çexov həyatın nəbzini tuta bilməyib, bir az az qazanıb və onda bundan gələn bir sinir var. Ancaq bu əsəbi o necə möhtəşəm təsvir edib. Bulqakov isə həyatdan doymuş adamdı. Bulqakov daha dərindən vurur. Genişdir bu mənada. Çexov minlərlə iynəni sancır. Bulqakovu özümə daha yaxın hiss edirəm. Onda konformist düşüncə var. Bu məndə də elədir.

- Və bir də bizim Rafiq Tağı... 

- Mənim ictimai həyata gəlməyimdə və yetişməyimdə Rafiq Tağının köməyi olub. Açığı, heç onun özü ilə görüşməmişdik də, şəxsi tanışlığımız da yox idi. Mən onu öldürüləndən sonra tanımışam və çox sevmişəm o adamı.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10