Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Həsən Turabovun öz qızına faciəvi münasibəti - Sevda qadın haqları və erkən nikahlardan yazır...


Kulis.az Sevda Sultanovanın erkən nikahlar mövzusunda yazısını təqdim edir.

Qızların erkən və ya məcburi şəkildə ərə verilməsinin bir səbəbi mentallığın dəyişməyən qanunlarıdırsa, digər səbəbi ailələrin sosial iqtisadi vəziyyətinə bağlıdır.

Mental aspekt: Maraqlıdır ki, istər Xalq Cümhuriyyəti, istərsə də sovet hakimiyyəti dövründə qadınlara azadlıqlar verilsə də, onların təhsil, seçmək, seçilmək hüququ olsa da, sonrakı dönəmlərdə qız uşaqlarına yük kimi baxmaq stereotipi dəyişmədi. Qız yenə də ailənin, nəslin namus daşıyıcısıdır və bu namus anlayışı hər şeydən əvvəl onun cinsiyyət orqanının nəzarətdə saxlanması ilə şərtlənir. Və qız ailəsi tərəfindən hələ də yük kimi qəbul olunur, lazımsız əxlaq çərçivələrinə salınır.


Qadına patriarxal münasibət təkcə əyalətlərdə özünü göstərmir. Bu yaxınlarda Kulis.az da Həsənağa Turabovun qızının müsahibəsində bir fikir diqqətimi çəkdi: “Atam həmişə deyirdi ki, qız nədir, aktrisalıq nədir? Xoşu gəlmirdi elə şeylərdən. Düzdür, mən ərköyün olmuşam. Amma qardaşlarım da aktrisa olmağıma imkan verməzdirlər. Üç kişinin içərisində böyümək bir az çətindir. Məktəbə də, universitetə də məni maşınla aparıb gətirirdilər”. Misalçün, səslənən fikri, əyalətdə yaşayan kişinin deməsini təbii qəbul etmək olardı. Ancaq bunu azad fikrin, müxtəlifliyin daşıyıcısı olan sənət nümayəndəsinin deməsi əsl mənada faciədir. Bu, bir daha təsdiqləyir ki, keçən əsrin əvvəllərində başlardan çadra atılsa da, qadına hüquqlar verilsə də, ümumilikdə cəmiyyətin altşüurunda qadına mülkiyyətçi münasibət dəyişmədi. Müasir dövrdə də erkən nikahların və ya məcburi ərə verilməsinin kökündə daha çox qadına mülkiyyət kimi yanaşılması dayanır.

İstər qadın olsun, istər kişi – əksərində belə təsəvvür var ki, qadın sərbəst, müstəqil olsa, o, özünü idarə edə bilməz, mütləq hansısa pis yola düşər. Hətta ata məsəlimiz var: Qızı özbaşına qoysan, ya halvaçıya gedər ya zurnaçıya. Çünki “ənənəvi ailədə qız “gəlin” qismətində dünyaya gəlir və onun bütün həyatı bu vəzifəni mərhələ-mərhələ həyata keçirməklə bağlıdır. Onun demək olar ki, uşaqlığı, şəxsi həyat modeli, azad məhəbbət seçimi yoxdur. O, yeni, yararlı ailənin təməlini qoymaq üçün dünyaya gəlir. Qızı daim nalayiq (qadına yaraşmayan) hərəkətinə görə utandıraraq, ona son dərəcə qapalı əxlaq məcrasından kənara çıxmağa imkan vermirlər. Bu cür tərbiyənin nəticəsində valideynlərlə qız uşağı arasında məxfi razılıq əldə olunur: mümkün qədər tez ərə getmək yaşamağın ən yaxşı formasıdır” (Həsən Quliyev, Arxetipik azərilər: mentalitetin simaları).

Sosial-iqtisadi aspekt: Milli kinomuzun “Yay günlərinin xəzan yarpaqları” adlı çox da populyar olmayan bir filmi var. 1986-cı ildə lentə alınıb, rejissoru Tofiq İsmayılovdur. Kəndlərdən birində baş verən əhvalatda törəmə süjet xətlərindən biri erkən nikahlardır. Səkkizinci sinif şagirdini ailəsi ərə verməyə hazırlaşır. Çünki anası qızına yük kimi baxır və onun erkən ərə verilməsinin səbəbi maddi motivdir. Ananın uşaqlarının qayğısına qalmaq üçün yetərli iqtisadi dayaqları yoxdur, dövlət isə sosial yardım ayırmır.

Bu problem sovet dövründən indiyədək aktuallığını itirmir. Bir müddət əvvəl rayonlardan birində hazırlanan reportaj izləmişdim. Reportajda ailə başçısı çarəsizcə azyaşlı qızlarının erkən ərə verilməsinin maddi durumunun yetərli olmaması ilə izah edirdi.

Normalda nikah iki insanın könüllü birlikdəliyidir. Azərbaycanda istər qız, istər oğlan nikaha daxil olmazdan əvvəl ailəsinin, bütün qohum əqrəbanın müdaxiləsinə, mənəvi zorakılığına məruz qalır. Ona görə bütün hallarda erkən və ya məcburi nikahın qaynaqlandığı səbəbləri aradan qaldırmaq üçün, məsələ dövlət və cəmiyyətin iştirakı ilə kompleks şəkildə həllini tapmalıdır. Bunu yalnız ailələrin üzərinə atmaq olmaz.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10