Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

31 dekabr 2014-cü il. ÇƏPƏRÜSTÜ SÖHBƏT



- Mən bir balaca başqa müqayisə aparmaq istəyirəm. Məsələn, eşidirsən ki, Şri-Lankada oranın millət vəkili öz kəndində hüzr məclisinə girəndə heç kim, hətta hüzr sahibi də ayağa qalxmır, ona ehtiram göstərmir. Bizimkilər şükür edir ki, nə yaxşı bu tərəflərdə millət vəkilinə belə hörmətsiz münasibət olmur. Çünki bizlərdə millət vəkili xalq yolunda can qoyur, ədalətsizliyə qarşı haray qaldırır, hər yerdə gözəl nitqi, dəyərli çıxışları ilə “lal” millət vəkillərinə meydan oxuyur, seçicilərinə arabir xərclik də verir.




- İndi bizdə kimi dindirirsən, təhsil sahəsindəki rüsvayçılıqdan, buradakı alış-verişdən danışır. Amma şükür edənlər də var. Deyirlər, Somolidən, bir çox Afrika ölkələrindən pis deyil ki!? Az qala dünyada 100 milyonlarla uşaq məktəb nədir, təhsil nədir, bilmir. Qalıb ki, əlavə məşğələ, nə bilim məktəbdənxaric işlər ola. 5-10 bərkdən danışanı da gül kimi, Avropa standartlarına uyğun həbsxanalarımız alır qucağına. Dərhal bəzi naşükürlər başlayır Avropa Şurasına üz tutub haray-həşir salmağa. Şükür edənlər isə yenə özlərinə təsəlli verir - nə olub e? Qardaşları türməyə salıblar da, İran kimi daş-qalaq eləmir, dar ağacına asmır, çarmıxa çəkmirlər, İŞİD kimi başlarını kəsmirlər ki!? Məşhur lətifə də yəqin ki, çoxlarının yadındadır. 10 nəfəri dar ağacından asırlar. Sonucu asılacaq şəxs elə şükür eləyir. Asılanlardan biri soruşur ki, nəyə şükür edirsən, yəni asılmaqdan o tərəfə də bir şey var. Şükür edən deyir ki, dünyanın işini bilmək olmaz. 5-ci şəxs asılandan sonra şah əmr edir ki, yerdə qalan 5 nəfərin kürəyinə paz vurub asın. Şükür edən deyir: “Gördün, nəyə şükür edirdim?”

- Əslində bəzilərinə qarşı düz edirlər. Elələri var ki, onlara söz batmır - nazla deyirsən, başa düşmür, sözlə deyirsən, hırıldayır, sazla deyirsən, dingildəyir, məcbursan, pazla deyəsən ki, bəlkə başa düşə.

- Bizdə yaşamaq kefdir e. Xaricdə çoxları bayrağı o qədər müqəddəs bilir, onu evinin üstünə vurur, ən əziz sərvət kimi qoruyur, bizdə isə bəzən polislər bayrağı cırır, sonra ona 100 metrlik heykəl qoyurlar. Yaxud ABŞ-da sözə hörmət əlaməti olaraq ona 150 metrlik karandaş heykəl düzəldirlər, bizdə qələmi uca tutanın qələmini gözünə soxurlar.


- Ona görə, mənə elə gəlir ki, bizdə ən çox heykəl cücələrə qoyulmalıdır. Çünki əksəriyyətin cəsarəti elə cücə qədərdir. Bir çox kişilərin toyda-yasda tost demək üçün qırğın salmağına baxma. Haqqı müdafiə etmək zamanı gələndə çoxlarının cəsarət ölçüsü elə cücə qədər olur. Elə buna görə, hələ ki dünyada ən məşhur mahnımız “Cücələrim”dir.


- Hamı günahkar axtarır. Kimi dindirirsən, deyir ki, müxalifət hara baxır, müxalifət batıb? Amma aşkarda müxalifətlə salamlaşmağa qorxur, xəlvətdə ondan qəhrəmanlıq gözləyir. Desən ki, 5 övladından biri müxalifət partiyaya üzv olsun, məlum yerin büzə-büzə aradan çıxar, ya da min bəhanə gətirər. Hər rayonda yüzlərlə jurnalist var - əməkdar jurnalist, “Tərəqqi” medallı - onlardan bir umub-küsən yoxdur, bir nəfər balaca müstəqil yazırsa, ondan az qala Don Kixotluq tələb edirlər. Bu adam məhkəməyə düşəndə, xəstələnəndə isə qapısını açan olmur.

- Buna bənzər başqa bir misal deyim. İcra başçısı kəndlərə gedir, hər dəfə 50-100 adamla görüşür 2-3 ləbbeyçidən başqa kimsə danışmır, oradan çölə çıxan kimi deyir ki, başçıdan niyə döşəmirsən? Yolçu adlı biri var idi, ünvanlı yardımdan şikayətçi idi - bir asıb-kəsir, hələ özü ilə də 1-2 şikayətçi gətirirdi, ağzına bir şey atan kimi lal oldu. Müxbirlərdən biri dedi ki, gərək biz onun adına ciddi fikir verəydik.

- Deyirəm, elə buna görədir ki, indi danışanları türməyə, “lallar”ı Milli Məclisə yollayanda kimsənin cınqırı da çıxmır.

- Bu fikrinlə razı deyiləm. O türmə məsələsini də, deputatxanada “lal” olmağı da düz eləyirlər. Milli Məclisdə bəzi hədərə-hədərə danışanlara baxanda, elə lal olmaq yaxşıdır. Türməyə göndərilənlərlə də düz ediblər. Bir ayaqları xaricdə, biri rayonlarda idi. Konfrans, dəyirmi masa, treninq keçirməkdən lap əldən düşmüşdülər. İndi türmədə necə lazımdırsa, istirahət edirlər - biri namaz qılır, o biri quran öyrənir, başqa birisi ingilis dilini, nə bilim toxuculuq fəaliyyətinə başlayaraq əfv fərmanına düşməyin, əklil qoymağın sirlərini öyrənirlər.

- Biz o qədər müdrikləşmişik ki, hər kəsin hər şeyə görə öz bəhanəsi var. Məsələn, ölü mal-heyvanı 20-30 manata alan imansız deyir ki, bunu zooparka verəcəyəm. Guya vəhşi heyvanların hamısı ölü heyvan yeyir. Kürəyindəki namussuzluq damğasını görmür, daim qeyrətdən-namusdan sənə elə misallar çəkir ki, gəl görəsən.

- Ona görə, çoxlarının hapına-gopuna baxma. Heç kim “kökə” getmir, necə deyərlər, kökə ilişmək istəmir, “şəkilçilərlə” oynayır, özü də söz düzəldən yox, söz dəyişdirici şəkilçilərlə. Elə sən də elə et. Dünyanı sən düzəltməyəcəksən ki? Filosofların çoxu deyib ki, dünyada ədalət axtarmağa dəyməz - tıxaca düşərsən.

Elcan Zahir


 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10