Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ərkivanla Qəriblər sərhəddində nə tikirlər?



Biri deyir ki, şitillik salırlar, 2-ci deyir çiyələk əkəcəklər, başqa birisi idman salonu, lap uzağa gedənlər Yanacaq Doldurma Məntəqəsi olacağından danışır. Bəs normalda nələr olur?

Normalda, bir çox yerlərdə, hətta Azərbaycanın paytaxtında nə isə inşa ediləndə qarşısına lövhə vurulur ki, filan təşkilat burada filan bina inşa edəcək, tikinti filan vaxt başa çatacaq. Hələ mədəni olanlar müvəqqəti çətinliyə görə üzr də istəyirlər.

İkincisi, ölkə başçısı cənab  İlham Əliyevin 2006-cı il “İnformasıya əldə etmək haqqında” Qanununa əsasən hər icra hakimiyyəti başçısının öz saytı yaradıldı və  həmin saytlara şərt qoyuldu ki, hər icra hakimiyyəti hər gün imzaladığı sərəncamları, əmrləri ora yerləşdirsin. Yəni, bu imkandan istifadə edib istənilən şəxs həmin sayta girib öyrənsin ki, kimə  (kimlərə)   dükan yeri, kimə bazar yeri verdilər, hara hansı təyinat olur. Heyf ki, İHB saytları öz səhifələrinə ayda 4-5 yazı qoyurlar ki, bunların da çox matəm günləri və ənənəvi tədbirlərlə bağlı olur. Qısası, aşkarlıqdan əməlli-başlı qaçırlar. Bu, ölkə başçsının “Açıq hökumət”lə bağlı  sərəncam və tapşırıqlarına da açıq-aşkar ziddir. Mətbuatın da, xalqın da ətrafında baş verənlər barədə dolğun, ətraflı məlumat əldə etmək istəyi onun hüququdur.

 Gələk Ərkivanla Qəriblər 

sərhəddində (daha dəqiq desək, “Dəştvən” otelindən  Qəriblərə tərəfə 100 metrlik məsafədə) inşa edilən tikiliyə


Əgər burada idman kompleksi tikirlərsə, nə yaxşı. Məsələn, 3 il öncə Ərkivanın dəyərli oğlanlarından sayılan Rafiq Babayev öz vəsaiti hesabın Bağlaküçə məhəlləsində mini-futbol meydançası tikdi, mətbuata da geniş məlumat verdi, hamı da alqışladı.

İkincisi,  şitillik-tinglik tikirlərsə, onlarla adamı işlə təmin edəcəklərsə, bu da yaxşı. Aşkar desinlər, xalq da bəyənsin. Daha niyə gizlənpaç oynayırlar ki?

Amma buradakı inşaat işləri ilk baxışdan əsaslı tikinti aparılmasından xəbər verir.

Onu da xatırladaq ki, həmin ərazi payıbəlli torpaqlardır, orada əsaslı tikinti aparmaq olmaz.

İkincisi, həmin ərazi Ərkivan kurqanlarının yaxınlığında yerləşir. (Hazırda həmin kurqanın lap yaxınlığında şəkildə göründüyü kimi quyu qazılır).  Azərbaycan Sovet Ensklopediyasında yazılıb- “Ərkivanda tunc dövrünə aid “Balaca təpə”, “Papuş təpə”, Dəmir dövrünə aid “Qaratikan təpə”, “Yekə təpə”, kurqanlar.... və s. var.... ASB.   IV cild. Səh 228” Bu abidələrin ünvanı isə həmin ərazidir. Burada belə əsaslı tikinti işləri aparılsa, gələcəkdə orada arxeoloji qazıntıların aparılması, mümkünsüz olacaq.

 Təəssüf ki, bu, Masallıda  tariximizə, bu günümüzə ilk biganəlik deyil

Yada salaq ki, Ərkivan qəsəbəsi həm də ölkənin tanınmış abidələrindən olan “Ərkivan qalası”nın da (Talış xanlığının ordugahının yerləşdiyi ərazi) ünvanıdır. Lakin həmin qalanın da ətrafı qazılaraq, dağıdılaraq elə günə salınıb ki, orada qalalıqdan bir nişanə də qalmayıb. (Hələ qalanın yerləşdiyi ərazinin qonşuluğunda - Bədirli məhəlləsində viran edilən, 10 hektarlarla payıbəlli və əkinə yararlı torpaqları demirəm.  Hələ də “korrupsiya”) idarəsi yoxlayır.

Necə deyirlər, Masallıya daha geniş gözlə baxsaq, görürük ki, son vaxtlar Qızılavar kəndində müharibə veteranlarının abidəsi vəhşicəsinə  dağıdıldı (Dağıdanı da “cəzalandırıb” vəzifəsini yüksəltdilər). Qəriblər kəndində stadion ev yeri kimi satıldı. Masallı şəhərinin mərkəzindəki yeganə abidə - XIX əsr hamamı hələ də narkomanları oylağı və zibilxanadır. Bu məsələnin həllində də guya hökumət qurumu sahibkara uduzub. (Uzun söhbətdir). 

Məsələni çox uzatmayıb, birini də deyim- Xırmandalıdakı zəngin tarix-diyarşünaslıq muzeyi də bərbad gündədir.

Deyə biləsiniz ki, bəs möhtəşəm Masallı-Tarix Düyarşünaslıq Muzeyinin  adını niyə çəkmirsiniz? Bəli, o bina möhtəşəmdir, muzeyin rəhbəri rəhmətlik Rəhim müəllimin qızı Əntiqə xanım da çox işgüzardır. Heyf ki, həmin muzeydə Masallının təhsil, səhiyyə, mədəniyyət, idman, mətbuat... tarixinə aid lazımi məlumatları əldə etmək çətindir.

Söz ki, tariximizdən düşdü, bir məqamı da xatırlayım. Ötən ilin sonunda ölkədə birinci olaraq Masallıda rayonun elektron tarixini (buna rayonun elektron ensiklopediyası da demək olar) əks etdirən Masallılar.az saytı yaradıldı. Yüksək səviyyədə təqdimatı da oldu. Rayon rəhbərliyi saytın yaradılması üçün kifayət qədər vəsait ayırdı, təşkilati işlərə kömək göstərildi. İndi həmin sayt olub “bozbaş” sayt. Demək  tarixilikdən savayı nə qədər nimdaş yazılar varsa- süni mayalanmadan, çəltiyə qədər yazıları bu sayta yerləşdirirlər. Doğrudanmı, o böyüklükdə icra hakimiyyətində bu işin mahiyyətini duyan bir şəxs yoxdur ki, desin, ay bala voleybol meydançasında xokkey oynamırlar. Həqiqi mənada ürək bulandırıcıdır. (Bu mövzuya ətraflı qayıdacağıq).

Söhbət deyəsən çox uzandı. Sadəcə diqqətə çəkmək istəyirdim ki, tariximizə Masallıda hansı “sevgi” var.

Sonda onu da bildirim ki, yuxarıda adı çəkilən tikinti ilə bağlı icra hakimiyyətinin müvafiq şöbəsinə, Ərkivan ərazi nümayəndəsinə,  qəsbə bələdiyyəsinin sədrinə  və bu işdə müxtəlif səviyyədə rolu olan digər şəxslərə  müraciət etdik. Heç birinin dediyi bir-birinə düz gəlmədi. Bir az da səbir edək, görək “torbadan” nə çıxacaq.

Qeyd: Bir mahnıda deyilmişkən, bəlkə mən düz eləmirəm. Məlumatı olan varsa, desin, biz də bilək.

Zahir Əmənov







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10