Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Macarıstanda Ramil Səfərova yardımdan kimlər imtina edib? (AÇIQLAMA)


Tanınmış vəkil, ADİSAD Hüquq firmasının rəhbəri Adil İsmayılov Azərbaycan Silahlı Qüvvələrinin Macarıstanda ömürlük həbs cəzası alan zabiti Ramil Səfərovun işinə qoşulmağının tarixçəsindən yazıb. 

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov 2004-cü il yanvarın əvvəlində Macarıstanın paytaxtı Budapeştə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqrami çərçivəsində kursa göndərilmişdi. O, həmin il fevralın 19-da eyni kursda təlim keçən erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını  təhqir elədiyinə görə qətlə yetirmişdi. Hadisə Ramilin Vətənə dönməyə 20 gün qalmış baş vermiş və elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuşdu. O, Budapeşt şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.

Ramil Səfərov 8 il sonra - 2012-ci il avqustun 31-də Budapeşt şəhərindəki həbsxanadan çıxarılaraq Bakıya gətirilib. Daha sonra prezident İlham Əliyevin sərəncamı ilə əfv olunub.

Bunun ardınca Azərbaycan Silahlı Qüvvələrində xidmətə bərpa edilib.

Qaynarinfo vəkil Adil İsmayılovun yazısını təqdim edir.

- Ondan başlayım ki, Ramil Səfərovun işinə qoşulmağım sırf təsadüf idi. 2004-cü ili yanvar ayında mənə Budapeştdə vəkillər, prokurorlar və hakimlər üçün təşkil edilmiş beynəlxalq təlimdə iştirak etmək təklifi gəldi, razılıq verdim. Məlum oldu ki, Azərbaycandan 3 nəfər vəkil, 4 prokuror və bir hakim gedəcək. Sonuncularla əvvəldən tanışlığım yox idi. Bundan sonra bəzi personajların adını bilərəkdən, bəzilərininkini unutduğum üçün yazmayacam, qüsura baxmayın. 

Vəkilləri isə yaxşı tanıyırdım, biri Elton Quliyev, o biri Vaqif Səmədov idi. Hər ikisi indi həyatda yoxdu, ikisinin də şəxsiyyətinə böyük hörmətim var və xoş duyğularla anıram. Allah ikisinə də qəni-qəni rəhmət etsin. 

İş belə gətirdi ki, son anda Elton müəllimin gedə bilməyəcəyi məlum oldu. Elton fevralın 29-da anadan olmuşdu və ad gününü 4 ildə bir dəfə qeyd edirdi, mənə yarıciddi-yarızarafat dedi ki, ad gününü təyyarədə qeyd etmək istəmir. Biz Macarıstana fevralın 29-da uçmalı idik, martın 7-də geri qayıdacaqdıq. Təlimi Amerika HüquqşünaslarAassosiasiyası(ABA CEELİ) təşkil etmişdi. 

Fevralın 10-da biz vizalarımızı aldıq. Fevralın üçüncü ongünlüyündə indi dəqiq tarix yadımda deyil, Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Budapeştdə erməni zabitini öldürməsi xəbəri yayıldı. Hadisə fevralın 19-da baş vermişdi. Müxtəlif şayiələr, söz-söhbətlər ildırım surəti ilə yayılırdı. Fevralın 26-da məni "Space” telekanalına canlı yayıma dəvət etdilər. İndi etməsinlər, o vaxt buna alışıq idim. Yayım Xocalı soyqırımına həsr olunmuşdu və bu konteksdə Ramil Səfərov olayından da söz düşdü. Mən fevralın 29-da Budapeştə gedəcəyimi və imkan daxilində Səfərovun işi ilə maraqlanacağımı dedim. 
Səhəri gün Səfərovun atası zəng edib mənimlə görüşdü. Təklif etdim notariusa gedək, mənim adıma etibarnamə versin ki, Budapeştdə lazım ola bilər. Onların ailəsi adından çıxış edə bilim. Biz 1 saylı notariat kontoruna gəldik. Oranın müdiri Famil müəllim bizim hansı məqsədlə gəldiyimizi bilən kimi dərhal etibarnamə hazırladı, ingilis dilinə tərcümə etdirdi və xaricdə istifadə edilə bilməsi ütün prosedurları özü həll etdi, xərcini də özü ödədi. 

Həmin gün tanımadığım bir nəfər də zəng edib dedi ki, mənə Budapeştdə kömək edə biləcək şəxslə məni görüşdürmək istəyir. Biz həmin adamla görüşdük. Adam milliyyətcə yəhudi olan Azərbaycan vətəndaşı idi. Məlum oldu ki, Budapeştdə onun milliyyətcə yəhudi olan dostu yaşayır, onunla danışıb və mənə yardımçı olmasını xahiş edib. Dostunun telefonunu verdi və mənim zəngimi gözləyəcəyini dedi.

29 fevralda bazar günü Budapeştdə olduq. Martın 1-də təlim başladı. Təlim Budapeştdə keçmiş Polis Akademiyasının binasında keçirilirdi. Elə orda Akademiyanın binasında qalır, yeməkxanasında yeyirdik. Həmin gün Budapeştdə mənə verilən nömrə ilə əlaqə saxladım, mənə kömək edəcək şəxslə üçüncü gün görüşəcəyimizi planlaşdırdıq. Biz üçüncü gün Akademiyanın qarşısında görüşdük. 

O, mənim gəlişimin məqsədindən və Ramilin işindən xəbərdar idi, dediyinə görə macar qəzetlərində hadisə geniş işıqlandırımışdı, özü də mənfi çalarlarla. Mən Səfərov üçün vəkil tutmaq istədiyimi dedim. O, tanış vəkili olduğunu bildirdi və onunla danışmağı məsləhət gördü. Vəkilin milliyyətini yəqin ki,yazmağa ehtiyac yoxdu. Biz birlikdə vəkilin ofisinə getdik. Onunla işin detallarını və qonorarın məbləğini danışdıq. Bundan sonra vəkil dedi ki, elə indi polis idarəsinə gedib Ramiı Səfərovla görüşə bilərik. Açığı bunu gözləmirdim, Azərbaycanda nəinki müqavilə bağlayan şəxsi, heç vəkilin özünü müvəkkilin yanına bu tezliklə buraxmırlar. Vəkilin soyadı Zalay, adı Peter idi. Zalay dedi ki, biz Ramillə görüşəndə, sonuncu onun prosesdə iştirakına yazılı razılıq verməlidi. Vəkilin ailəsi tərəfindən dəvət edildiyini, həm müstəntiq, həm də Səfərovun bilməsi üçün orda mənim iştirakım da vacib idi. Zalay mənim yanımda Polis İdarəsinə zəng etdi, müstəntiqin kimliyini öyrəndi, onunla telefonda danışdı, gələcəyimizi dedi. Biz birlikdə polis idarəsinə gəldik, müstəntiq Səfərovun hələ ki polis idarəsində yerləşən müvəqqəti saxlama yerində qalmasını demişdi. Biz vəkillə birlikdə müstəntiqin kabinetinə qalxdıq. Kabinetə girəndə növbəti dəfə təəccübümü gizlədə bilmədim. Divarlarda adət etdiyimiz şəkilləri görmədim, təbiət və qadın şəkilləri vardı, ümumiyyətlə, öyrəndiyimiz rəsmiyyətdən əsər-əlamət yoxidi. Müstəntiq telefonla zəng edib, Səfərovun gətirilməsi barədə göstəriş verdi.

Müstəntiqin otağında səbirsizliklə Ramil Səfərovun gəlməsini gözlədim, bir neçə dəqiqədən sonra onu gətirdilər. Beləcə tanış olduq. Hiss olunurdu ki, günlərdi yatmayıb və çox yorğundur. Bununla belə, qürurunu pozmadı, özünü təmkinli aparırdı, həyəcanını gizlətməyə çalışırdı. Müstəntiq vəkili ona təqdim etdi. Məlum oldu ki, buna qədər onun hüquqlarını dövlət hesabına təyin edilmiş vəkil müdafiə edib. Ramilin sözlərindən başa düşdüm ki, hadisədən bir və ya iki gün sonra onun yanına Azərbaycanın Avstriyadakı səfirliyinin iki əməkdaşı gəlib, vəziyyəti ilə maraqlanıblar. O vaxt Macarıstanda Azərbaycan səfirliyi yox idi. 

Ramilə valideynlərinin salamını çatdırdım, evdə hər şeyin qaydasında olduğunu dedim. Hadisə barədə mənə qısaca bilgi verdikdən sonra izah etdim ki, bundan sonra hüquqlarını mənimlə gələn vəkil Zalay müdafiə edəcək, bütün məsələləri onunla müzakirə etsin, onun iştirakı olmadan heç bir ifadə verməsin. Səfərov onun müdafiəçisi kimi Zalayın iştirak etməsinə yazılı razılıq verdi. 

Müstəntiq Zalaya işin materiallarını təqdim etdi. Bizsə Ramillə bir qədər ordan-burdan söhbət etdik. Söz verdim ki, yaxın vaxtlarda imkan olan kimi Budapeştə qayıdacam. 

Ramillə sağollaşdıqdan sonra geriyə Zalayın ofisinə qayıtdıq. Zalayla işin detallarını Ramilin ifadəsini müzakirə etdik. Məlum oldu ki, Macarıstanın qanunvericiliyi cinayət işinin materialları ilə bu mərhələdə də tanış olmaq, hətta surətlərini almaq imkanı verir. Zalay söz verdi ki, ertəsi gün Səfərovun ifadəsinin, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin və digər sənədlərin surətlərini alacaq və mənə də verəcək ( Bu mənim növbəti təəccübümə səbəb oldu, çünki bizdə belə şey olmur və qanunlar fərqlidir. Maraqlısı o idi ki, müstəntiqin sənədlərin surətini verməsi üçün vəkil rəsmi qaydada sənədin hər səhifəsi üçün pul ödəməli idi). 

Zalayla qonorarın məbləğini də dəqiqləşdirdik, vəkil demişdi ki, qonorar məsələsini Ramil onun iştirakına razılıq verdikdən sonra danışaq. Razılığa gəldik ki, ona istintaqda iştirakı üçün 5.000 dollar ödəniləcək. Mən pulun bir hissəsini 3000 dollarını sabah sənədləri almağa gələndə verəcəyimi, qalanını isə Bakıya qayıdandan sonra bank vasitəsi ilə göndərəcəyimi dedim. Biz ayrıldıq və yeni tanışımla Akademiyaya qayıtdım. Burda təlimə gələn yoldaşlar məni gözləyirdi. 

Ramillə görüşdüyüm və ona vəkil tuta bildiyim üçün sevincli idim. Sevincimi həmyerlilərimlə bölüşdüm. Vəkillə danışığımı, Ramillə görüşümüzün təfərrüatını onlara çatdırdım. Budapeştə gələndə özümlə hər ehtimala qarşı 3000 dollar pul götürmüşdüm. Yoldaşlarıma dedim ki, vəkilə sabah bu məbləğdə pul verməliyəm. Təklif etdim ki, pulun 2500-nü mən qoyum, 4 prokuror və 1 hakim hərəsi 100 dollar olmaqla qalan 500-nü versinlər. Mən Vaqif Səmədovun imkanlarını bildiyimdən ondan pul almaq istəmirdim, 500 dolları isə özümə ehtiyat üçün saxlayacaqdım. 

Yoldaşlardan heç biri pul verməyə razı olmadılar, arqument də bu oldu ki, biz nə üçün pul verməliyik, dövlət bu işi özü həll etməlidi. Səmimi deyim ki, onların hərəkəti mənim üçün gözlənilməz idi. Adamlar indi də vəzifə sahibləridi. İllərdir bu barədə danışmamışam, indi də ürək ağrısı ilə yazıram. Pul vermədikləri bir yana, mənə məsləhət də verməyə başladılar. Deyirdilər ki, "vəkil səni tanımır, sən də onu, sənə Ramil Səfərovla görüşmək lazım idi, Allaha şükür onu da baçardın. İki gündən sonra geri qayıdırıq, vəkil səni hardan tapacaq. Azərbaycana qayıdandan sonra vəziyyəti deyərsən, sonra dövlət bu işlə məşğul olar”. 

Dedim ki, hadisədən sonra Macarıstanda onsuz da barəmizdə pis fikir formalaşıb, indi vəkilə də atsaq, bizə nə deyərlər, deməzlərmi ki, azərbaycanlılar dələduzdurlar. Qərara aldım ki, sabah öz pulumun hamısını vəkilə verəcəm. Bu vaxt rəhmətlik Vaqif Səmədov mənə yaxınlaşdı və dedi ki, "narahat olma, mənim 300 dollarım var, onun yarısını götür”. Səhər vəkilin ofisinə gedib ona vəd etdiyim pulu verdim (sonradan Müdafiə Nazirliyi bu pulu mənə qaytardı), sənədlərin surətlərini götürdüm, bazar günü martın 7-də biz Bakiya qayıtdıq. 

Budapeştdə olduğumuz vaxt Azərbaycan telekanallarından mənə zənglər oldu, mən Ramillə görüşdüyümüz və ona vəkil tutduğum haqda məlumat verdim. Şənbə günü mənə baş prokurorun birinci müavini zəng etdi və qayıdanda baş prokurorun mənimlə görüşmək istədiyini dedi... 

davamı olacaq





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10