Pirəsora dedikdə şübhəsiz ki, ilk olaraq planetimizin ən uzunömürlülərindən biri sayılan və 152 il ömür sürmüş Mahmud Eyvazov göz önünə gəlir.
Pirəsora Lerik rayonunun yaşayış məntəqələrindən biridir. Kənd rayon mərkəzindən 22 km cənub-qərbdə, rayonun Zuvand mikroregionunda, dəniz səviyyəsindən 1950 metr yüksəklikdə yerləşir.
Pirəsora kəndi Büzeyir, Hoveri, Divağac, Digah, Orand, Şinəband və Şonaçala kəndləri ilə həmsərhəddir. Ərazisi 1400 hektar, əhalisi təqribən 3 min nəfərə yaxındır.
Kənddə -
1829-cu ildə 10 ev, 1849-cu ildə 30 ev, 117 kişi (qadınlar siyahıya alınmamışdır), 1859-cu ildə 36 ev, 318 nəfər (k 163, q 155),
1904-cü ildə 39 ev, 360 nəfər (k 198, q 162), 1911-ci ildə 32 ev, 170 nəfər (k 104, q 66),
1921-ci ildə 22 ev, 48 kişi, 3 nəfər savadlı, 1933-cü ildə 41 ev, 149 nəfər (k 74, q 75), 1983-cü ildə 1427 nəfər,
1999-cu ildə 2017 nəfər, 2009-cu ildə 2580 nəfər, 2014-cü ildə 2700 nəfər qeydə alınmışdır.
Pirəsora hal-hazırda əhalisinin sayına görə Lerik rayonunun yaşayış məntəqələri (162) sırasında Lerik şəhərindən sonra ikinci yerdə durmaqla rayonun ən böyük kəndi sayılır.
Pirəsora yerli sakinlərin dilində Piəso adlanır. Pirəsora Piəsonun təhrifə uğramış adıdır. Talış dilində “pi” - pir, türbə, “ə” birləşdirici sait, “so”- həyət deməkdir. Piəso/Pirəsora talış dilindən Azərbaycan dilinə tərcümədə “pirin həyəti”, “ziyarətgah həyəti” mənasını verir.
Piəso/Pirəsora toponiminin izahı ilə bağlı müxtəlif mülahizələr vardır. Toponim həmçinin “ata həyəti”, “qoca, qocanın həyəti”, “yuxarı həyət” (talış dilində), “pirdən sonra”, “Suranın piri” (Azərbaycan dilində) mənalarında da izah olunsa da, əslində yuxarıda qeyd olunan mülahizələr daha çox xalq etimologiyası sayılır.
Qeyd edək ki, kəndin ərazisində “Pirəsaba” ocağı-ziyarətgahı yerləşir. Bu da yaşayış məntəqəsinin məhz “Pirəsaba” pirinin, ziyarətgahının yerləşdiyi məkan, yer, həyəti ilə bağlı Piəso adlandırıldığını söyləməyə əsas verir.
Pirəsora kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və qoyunçuluqdur. Hətta Pirəsora qoyun cinsi də vardır. Sovet dövründə kənddə kollektiv təsərrüfat yaradılmış və təsərrüfat əvvəl “Komsomol” kolxozu, sonra isə “Komsomol” sovxozu adlanmışdır. “Komsomol” kolxozu Pirəsora kəndini, “Komsomol” sovxozu isə Pirəsora ilə yanaşı Orand və Büzeyir kəndlərini də əhatə etmişdir.
Sovxozun iqtisadiyyatını maldarlıq-qoyunçuluq, taxılçılıq, kartofçuluq və meyvəçilik təşkil etmişdir. Lerikin relyefi dağlıq olduğundan Muğanda, Neftçala rayonu ərazisində rayonun təsərrüfatları, o cümlədən “Komsomol” sovxozu üçün torpaq sahəsi ayrılmışdır. Burada taxıl, xüsusilə arpa əkilmiş və həmçinin qışlaq kimi istifadə olunmuşdur. Sovxozun inzibati binası- idarəsi Pirəsora kəndində yerləşmişdir.
1997-ci ildə ölkədə həyata keçirilən Aqrar islahat nəticəsində kolxoz-sovxozlar və istehsalat kooperativləri ləğv edilərək, onların mülkiyyətində olan torpaqlar paybəlli torpaq sahəsi kimi pulsuz olaraq kəndlilərə paylanılmışdır.
Kənddə Pirəsora Dövlət Damazlıq İstehsal Müəssisəsi fəaliyyət göstərmişdir. Müəssisənin 2013-cü ildə 13 min baş qoyunu olmuşdur. Sonradan damazlıq təsərrüfatı ləğv edilmişdir.
Pirəsora kəndində sənət sahələrindən biri kimi toxuculuq-xalçaçılıq geniş yayılmışdır.
Kənddə sosial obyektlərdən tam orta məktəb, kitabxana, klub, mədəniyyət evi, həkim ambulatoriyası, poçt şöbəsi, ATS, məscid, mağaza-dikanlar və digərləri vardır. Məktəb 1934-cü ildə ibtidai məktəb kimi fəaliyyətə başlamışdır. Bir neçə il öncə kənddə müasir tələblərə cavab verən ikimərtəbəli məktəb binası inşa edilmişdir.
Pirəsora kəndində icra nümayəndəliyi fəaliyyət göstərir. Kənd ilk əvvəl Mistan kənd Cəmiyyətinin, sonra isə Nuravud kənd Sovetliyinin tərkibində olmuşdur. Pirəsora kənd inzibati ərazi dairəsi Pirəsora mərkəz olmaqla Pirəsora və Büzeyir kəndlərini əhatə edir.
2000-2024-cü illərdə Pirəsora bələdiyyəsi də fəaliyyət göstərmişdir. Bələdiyyə 2000-2010-cu illərdə tək Pirəsora kəndini əhatə etmişdir. 2010-cu ildə Büzeyir bələdiyyəsi Pirəsora bələdiyyəsinə birləşdirilmiş və bələdiyyə Pirəsora və Büzeyir kəndlərini əhatə etmişdir. 2025-ci ildə Pirəsora bələdiyyəsi ləğv edilərək Qosmalıan bələdiyyəsinə birləşdirilmişdir. Qosmalıan bələdiyyəsi 29 kəndi – Aşağı Amburdərə, Büzeyir, Çökərə, Digah, Digov, Digovdərə, Divağac, Göydərə, Halabın, Hoveri, Hiveri, Hiledərə, Hüseynabad, Xəlifəkənd, Xocaday, Kəlvəz, Kələxan, Qışlaq, Qələsər, Qosmalıan, Lələhiran, Məhləabad, Mistan, Rəzgöv, Şonaçala, Tatoni, Yuxarı Amburdərə, Pirəsora və Pirəsora/Pirzadə (Mistan kənd İƏD) kəndlərini birləşdirir.
Kəndlə bağlı Pirəsora “Zirvə” İctimai Birliyi fəaliyyət göstərir. Birlik kənddə xeyriyyə işləri həyətə keçirir.
Pirəsora kəndi Qarabağ müharibəsində üç şəhid (Azər Təhməzov, Bəxtiyar Bayramov, Ruslan Ağayev) vermişdir. Salyan və Neftçalada dəfn olunan Qarabağ şəhidləri Nurəddin Şıxəliyev (Salyan) və Yunis Orucov (Neftçala) əslən Pirəsora kəndindəndirlər.
İkinci Qarabağ-Vətən müharibəsi zamanı Rusiya Federasiyasında yaşayan pirəsoralı İlham Haqverdi oğlu Xalıqov Azərbaycan Ordusuna 200 min manat pul köçürmüşdür.
Mahmud Eyvazovdan bəhs edən “Səadət yolu ilə” (1956) və “Onun 150 yaşı vardır” (1958) filmləri Pirəsora kəndində çəkilmişdir.
Cənub TV (indiki ARB Cənub TV) “Səyyah” proqramı üçün 2014-cü ilin yanvar ayında kənddə çəkiliş aparmış və proqramda Pirəsora kəndi haqqında geniş məlumat verilmişdir. “Səyyah”ın Pirəsora kəndinə həsr olunan verilişi You Tubedə yerləşdirilmişdir (30.01.2014).
Pirəsora kəndinin tanınmışlarına misal olaraq planetimizin ən uzunömürlülərindən biri, 152 il yaşamış Mahmud Eyvazov (1808-1960), Əməkdar kənd təsərrüfatı işçisi Hacı Meyxos Hüseynov, SSRİ-nin yüksək təltiflərindən olmuş Lenin (iki dəfə), Qırmızı Əmək Bayrağı və Oktyabr İnqilabı ordenləri ilə təltif edilmiş Hacı Sərxan Hüseynov, filologiya üzrə fəlsəfə doktoru, dosent Qədim Rufullayev, şairlər Firudin Ağazadə, Möhübbət Güneyli, iş adamı İlham Xalıqov, tanınmış həkim-nefroloq, Bakı şəhərindəki Yeni Klinikanın direktoru Barat Yusubov, 29 kq çəki dərəcəsində yeniyetmə taekvondoçular arasında Avropa çempionu Zəhra İsayeva və digərlərini göstərmək olar.
İldırım ŞÜKÜRZADƏ
Lənkəran rayonunun Havzava kənd tam orta ümumtəhsil məktəbinin müəllimi, tədqiqatçı-tarixçi, Bələdiyyə və AJB-in üzvü
P. S. Pirəsora kəndi ilə bağlı müəyyən məlumatların və şəkillərin əldə edilməsində yardımçı olmuş müəllim-şair Möhübbət Güneyliyə təşəkkür edirik!