Çar rejimi onun öhdəsindən gəlməkdə çətinlik çəkdiyini görüb, fəndə əl atır...
18 Sentyabr 2024
Tarixi, uzun illər, bir əsrə yaxın gizlədilmiş tariximizi vərəqləyib, lap altda qalan səhifələri üzə çıxardıqca adam iliyinə qədər yansa da, daxilən qürur hissi keçirir. Qürurlanır ki, nəsilbənəsil məhv etməyə, soyqırımı etməyə çalışıblar, ediblər də, amma yenə həmin nəsillərin davamçıları dərin qatlardan zühur edib, eyni mübarizəni, müqaviməti göstəriblər.
Nə qədər ki, Azərbaycan sərhədlərini dədə-baba yerindən bərpa etməyib, əbədi azadlığına qovuşmayıb, “qonşular”ı öz yerində sona qədər oturtmayıb, bu yolda “qanını qaşığa qoyan” oğullar həmişə olacaq. Yenə doğulacaq, çünki kök həminkidir.
Pressklub.az-ın “Gizlədilmiş tarix” rubrikasında növbəti hekayətimiz o oğullardan daha biri haqqındadır. Daha bir gizlədilmiş tarixi aşkara çıxartmaqda bir addım atmağa iddialıyıq.
“Heç nədən” qətl
Onu Qaçaq Nəbidən, Qaçaq Kərəmdən, ümumən dövrünün qaçaqlarından fərqləndirən bir cəhət var ki, o da fəaliyyətinin müstəqillik illərinə qədər gizlədilməsinə səbəb olub. Bu cəhəti sonda qeyd edəcəm, bəlkə də oxucu özü hekayətin gedişatında duyacaq...
Qoçaqlığı, çılğınlığı, dəliqanlılığı ilk gənclik illərindən özünü bəyan edib. Dəli-dolu olduğuna və nəhayətdə pristavı “heç nədən” öldürdüyünə görə el arasında ona Dəli Alı deyiblər. Ona görə heç nədən ki, pristavın işi əhalini söyüb-təhqir edərək vergi almaq olub. Buna görə kimsə pristavı öldürmək fikrinə düşməzdi axı. O fikrə düşənə yəqin ki, dəli deyərlər. Kütlə ondan fərqlənənə ayama verər.
"Peterburqa gələr-gəlməz əlimə keçən "Novaya vremya" qəzetinin xüsusi əlavəsində neçə il qaçaq həyatı yaşamış gəncəli bir tatarın (türkün) şəklini gördüm. Şəklin altında belə bir yazı vardı: "Qaçaqlığı haqqında dastanlar söylənilən Dəli Alı - Qafqaziyyə şeytanı".
Bu sözləri 1906-cı ildə gəncəli millət vəkili İsmayılxan Ziyadxanov Peterburqda, birinci Dövlət Dumasının tribunasından söyləyib. Ardınca o, çar məmurlarının yerlərdəki özbaşınalığından, onlara güvənən ermənilərin nankor əməllərindən söz açıb. Bu haqsızlıqlara qarşı cəsarətlə mübarizə aparan Dəli Alı kimi qoçaqların rus mətbuatında təhqir olunmasını onların gözlərinin içinə baxaraq, pisləyib.
Alı 1875-ci ildə Şəmkir rayonunun Keçili kəndində, kasıb bir ailədə anadan olub.
Aslan adlı qardaşı ilə birlikdə Qovlarsarı kəndində bir varlının sürüsünü otarmaqla çörəkpulu qazanırmışlar. Səhərin gözünü kirpikləri ilə açan Alı işləməkdən və üstəlik hər gün aşağılanmaqdan, təhqir olunmaqdan boğaza yığılmışdı. Bıçaq sümüyə dirənən günlərin birində pristav onun atası Məhərrəmi gözləri qarşısında təhqir edib döyməyə başlayanda Alı daha dözə bilməyib, pristavı öldürür. İlk qaçaqçılıq da elə bundan sonra başlayır. Ailəlikcə köçürlər Goranboy rayonunun Qarasuçu kəndinə. Dəli Alı ucaboy, enlikürəkli, sərt baxışlı, cəld, yaraşıqlı və hazırcavab bir gənc olub. Beləsi çətin ki, çobanlıq etməklə həyat sürə. Uşaqlıqdan at çapmaq həvəskarı olduğundan, gəncliyində at belində quş kimi süzərmiş.
Nə isə, qaçaq düşəndən sonra Bağmanlarda İbrahim kişiyə çobanlıq edən Alı yayda sürünü Göyçənin Canəhmədli yaylağına apararkən erməni pristavı on iki nəfərlə onun yolunu kəsir. Alı təkbaşına onlarla döyüşüb, pristavı vurur. Atışma Alının gülləsi qurtarana qədər davam edir. Alı tutulur.
Dostu İsa onu Kəvər qalasından xilas edəndən sonra isə dağlara çəkilib həmtalelərini ətrafına toplayır. Həmin vaxt tarix 1898-ci ili göstərirdi.
Düşmənin önündə
Elə bil dövr idi ki, haqsızlıqdan, işləyib ac qalmaqdan təngə gələn, qovula-qovula “namərd olan”ların sayı günü-gündən artırdı. Ona görə də Dəlinin dəstəsi get-gedə böyüyür, ən mərd insanlar onun ətrafına toplaşırdı. Qardaşı Aslan, bacısı Zeynəb, xalası oğlu Məşədi İsmayıl, dayısı oğlu Məşədi Məmməd, bacanağı Xülüflü Məşədi, Balçılı Kəblə Əli, Qızılhacılı Allahverdi isə dəstəyə ilk qoşulanlar idi.
Dəstəni silah-sursatla gəncəli Miri oğlu Məmməd və Nainsaf oğlu Məhəmməd təmin edirdilər.
Günlər, aylar bir-birini əvəz etdikcə Alının və dəstəsinin şöhrəti bütün elata yayılır. Dəli Alı haqsızlıqla mübarizə aparır, nahaqdan incidilənlərə, zəhmətinin bəhrəsi əlindən alınanlara dayaq dururdu. Onun işi bəylərlə, xanlarla deyildi. Yəni özümüzünkülərin arxasında, düşmənin önündə durardı. Düşmən isə qat-qat güclü idi.
Bir gün ona xəbər çatır ki, Çaykənd daşnakları Balçılı kəndində arvad-uşağı əsir edib. Alı gecə ikən gedib onları xilas edir və namərd daşnaklara dərs olsun deyə, onların ən “görkəmli” adamlarından birini də girov götürür.
Samuxda "Qazaxqırılan" adlı yerdə vergi adı ilə kəndliləri çapıb-talayan yeddi nəfər kazakı öldürür. Qayıdarkən Palantökəndə başqa bir dəstə ilə üzləşir.
Alının qəhrəmanlığı daha çox 1905-ci ildə ermənilər açıq-aşkar baş qaldıranda bəlli olub. Mirmövsüm Nəvvab "1905-1906-cı illərdə erməni-müsəlman davası" əsərində yazır: "Teleqrafla xəbər verdilər ki, Gəncədə müsəlmanlarla ermənilər arasında qanlı toqquşma gedir. Qarabağdan gələn silahlı dəstənin başında duran Barsecin oğlu Sancan heç bir təqsiri olmayan üç nəfər müsəlmanı öldürübmüş. Gəncəlilər bazar-dükanı bağlayaraq, "Ya Allah" deyib, ayağa qalxırlar. Bu xəbəri alan kimi qaçaq Alı başının dəstəsi ilə köməyə gəlir. Tədbirli, taktikalı adam idi. Qabaqcadan yol-izi kəsir, körpüləri bağlayır. Kəməndə salınmış ermənilərin üstünə güllə yağdırmağa başlayır. Qaçaq Alı nər kimi döyüşür, namərdləri göz açmağa qoymurdu. Beləcə, ermənilərə tövbə dərsi verilir”.
Gəncəlilər təşəkkür olaraq Dəli Alıya zərgər Ağamirzənin düzəltdiyi, üstündə "Alı mərdi-mərdanə, budur girdi meydana" sözləri yazılmış qızıl xəncər bağışlayırlar.
Dəli Alı on beş il Qazandağ, Qarasuçu, Hazırəhmədli, Samux, Zincirli, Burunqovaq, Qırxbulaq, Çaldaş, Naltökən, Malboyunu adlı yerlərdə məkan dəyişməklə imperiya cəlladları ilə, ermənilərlə mübarizə aparıb.
Onun adı rus-erməni birləşmələrini təşvişə salırdı. Dəli Alının döyüşçüləri "Difai"yə yaxından kömək edirdilər. Bu işdə o, gəncəli Ələkbər bəy Rəfibəylinin məsləhəti ilə hərəkət edərdi.
“Kimsən a, qapımı döyən, qapımı bağlayansanmı..?”
1905-ci ilin qanlı olaylarında Gəncənin erməni basqınlarından xilas edilməsində Dəli Alının xüsusi rolu olub. Hər bir yaşayış məntəqəsində Dəli Alının tərəfdarı var idi. Dəstəsindən olmayanlar da yeri gələndə Alı ilə bərabər mübarizəyə qoşulardılar. Onun bu taktikası Gəncə bölgəsində azərbaycanlıları ermənilərin törətdikləri soyqırımından xilas etmişdi.
Milli hərəkatın öncüllərindən olan mühacir Hüseyn Baykara "Azərbaycanın istiqlal mücadiləsi xatirələri" əsərində yazır: “Çarın yüksək rütbəli məmurları erməniləri silahlandıraraq, azəri türklərinə qarşı hücuma təhrik edirdilər. Ermənilərin törətdikləri vəhşilikləri görən Dəli Alı onların başına od ələyirdi. Öz igid döyüşçüləri ilə o, Gəncəbasarın əsas erməni kəndləri sayılan Bayanı, Çardaqlını və başqa yerləri ələ keçirdi. Qadınlara, uşaqlara və qocalara toxunmadan silahlı ermənilərə layiqli cavab verdi”.
İş o yerə çatır ki, qonşu ölkələrdən Gəncəyə minnətçilər gəlir ki, erməni kəndlərinin mühasirəsini dayandırın. Yalnız bundan sonra Alı ermənilərin yaşayış yerlərindəki mühasirəni götürür. Nağı Şeyxzamanov yazır ki, Dəli Alı ağ atın belində, öz dəstəsinin önündə camaatın alqışları altında Gəncənin küçələrindən möhtəşəm bir qalibiyyətlə keçərək, dağlara qayıtdı.
Həmin hadisədən sonra Aşıq Ələsgər "Dəli Alı" adlı bir dastan yazır.
Dəli Alı bir sədd açır,
Şah Abbas dövranı kimi,
Yanında yoldaşları var,
Azərbaycan xanı kimi.
Bir dəfə bir knyaz heç cür yaxalaya bilmədiyi Qaçaq Nağı (Qandal Nağı) adlı qəhrəmanı öldürməsi üçün Dəli Alıya sifariş verir. Dəli Alının xarakterində naqislik olmazdı, kiməsə haqsızlıq etməz, kimsəyə qarşı oyunda iştirak etməzdi. Cavab verir ki, bir türk qaçağını yaxalayıb ələ vermək mənim üçün namussuzluqdur, mən bu oyuna getmərəm. Sonradan Qandal Nağı elə həmin knyaz tərəfindən namərdliklə, öz nökərinin əli ilə qətlə yetirilib. Gəncədə onu qəhrəmana xas hörmətlə dəfn ediblər.
1907-ci ildə Dəli Alı Kərbəla ziyarətindən qayıdarkən Şimali Qafqaza göndərilən xristian osetin alayı onu mühasirəyə alıb. Tərəfdaşları ilə birlikdə alayı məğlub edən Alının müvəffəqiyyəti nüfuzu ilə bərabər dəstəsinin də böyüməsinə səbəb olurdu. Çar əsgərləri üzərində qazandığı qələbələr onu xalqın xilaskarına çevirmişdi.
Çar rejimi buna görə Dəli Alının öhdəsindən gəlməkdə çətinlik çəkirdi. Ona görə də qalib gələ bilməyəcəyini görüb, fəndə əl atır. Adətləridir...
1913-cü ilin əvvəlində Peterburqdan Gəncəyə xüsusi tapşırıqla gələn knyaz Qolitsın Dəli Alı ilə görüşüb, imperatorun adından ona hədiyyələr bağışlayır. Deyir ki, imperator Alının igidliyini və cəsarətini yüksək qiymətləndirərək, Romanovlar sülaləsinin üç yüz illiyi münasibətilə onu əfv etmək qərarına gəlib.
60-dan artıq çar məmuru öldürən Alı Romanovlar çarlığının 300 illiyi münasibətilə keçirilən mərasimə dəvət edilir. Səlim Rəfioğlunun Dəli Alı ilə bağlı məqaləsində qeyd edilir ki üstəlik, Petroqradda Qolitsın onu təntənə ilə çara təqdim də edir. Bu barədə o vaxt Türkiyədə yaşayan siyasi mühacirlər öz xatirələrində bəhs edirlər.
Dəli Alı, özünün qoyduğu şərtə əsasən silah gəzdirmək icazəsi verilməklə, çar tərəfindən bağışlanır. Belə bir barışıq pərdəsi altında çar hakimiyyəti Adıgözəl İsmayıloğlu adlı bir nəfəri hədə-qorxu ilə ələ alıb, ona Dəli Alını aradan götürmək barədə tapşırıq verir.
Adıgözəl İsmayıloğlu isə Alının yerini hər dəfə müəyyən edəndə təcili adam yollayaraq, Dəli Alıya kəndi tərk eləməyi məsləhət görərmiş. Sonra da özü həmin yerə gedib “onu tapmazmış”.
Dəli Alı da bütün qəhrəmanlar kimi namərdliklə öldürülür. Kürəkçayın yaxınlığında, Hazırəhmədli kəndində onu arxadan vururlar. Gəncə xəstəxanasında həyata gözlərini yuman qəhrəman Dəli Alı İmamzadə məzarlığında dəfn olunur.
Dəli Alının doqquz övladı var idi. Beş oğul, dörd qız. Qardaşı Cahangir Azərbaycan Cümhuriyyəti ordusunda xidmət etdiyinə görə eyni düşmənin bəlasına gəlib, qətlə yetirilib.
Dəli Alının ortancıl oğlu Məmməd Məhərrəmov isə İkinci Dünya müharibəsində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bu da bir qətliam…
Yuxarıda dediyim fərqə gələk... Sovet dönəmində Qaçaq Nəbini tanıyırdıq, haqqında film çəkilir, dastan yazılırdı, çünki o, öz xanlarımıza, bəylərimizə qarşı döyüşmüşdü, bu olay sovet quruluşunun çırağını yandırırdı. Dəli Alı isə bizim bəylərdən, xanlardan dəstək alıb daşnaklara, çara və onun yerlərdəki əlaltılarına qarşı mübarizə aparıb. Bu fərqdən və səbəbdən 70 il biz onun haqqında heç nə bilməmişik. Şərəfli tarixi gizlədilib, yerini sərfəli qəhrəmanlarla doldurublar...
İstinad:
1."Azərbaycan yurd bilgisi" dərgisi 23-cü sayı. 1933-cü il. İstanbul. Azərbaycan türkcəsinə uyğunlaşdıran: Almaz Həsənqızı, f.e.d.
2.Vüqar Dəmirbəyli “Dəli Alının yuxusu”- Bakı Kitab Klubu -2024
Əvvəlki yazılar burada:
Əlifbanın yaradıcısı, Tağıyevi tənqid edən, Ağaoğlu ilə yola getməyən sultan övladı – GİZLƏDİLMİŞ TARİX
Üsyançı zabit, bacıların heyrətamiz igidliyi, qürbətdə bitən ömür - Bir qəhrəmanın hekayəti