1968-ci ildə Rostovda silahlı banda peyda oldu. Onlar mağazalara, inkassatorlara və ya maaş günü müxtəlif müəssisələrə hücum edir, kassanı “təmizləyir” və yoxa çıxırdılar. Tanınmamaq üçün başlarına qadın corabı keçirdiklərindən o zaman populyar olan Fransa filminin personajına oxşadaraq, “Fantomaslar dəstəsi” deyirdilər. Ələ keçiriləndən sonra isə “Tolstopyatov qardaşlarının dəstəsi” dedilər. Çünki dəstəyə iki qardaş rəhbərlik edirdi - Vladimir və Vyaçeslav Tolstopyatovlar.
***
Qardaşlar arasında 16 il yaş fərqi vardı. Vladimir 1924-cü ildə, Vyaçeslav 1940-cı ildə anadan olmuşdu. Ataları Pavel Tolstopyatov Bryansk vilayətində milis zabiti idi. Müharibənin ilk aylarında həlak oldu. Ana və iki oğul alman işğalından qaçaraq şərqə köçdü və müharibədən sonra Rostovda, Naxalovka deyilən gecəqondu məhəlləsində məskunlaşdı.
Vladimir müharibədə iştirak etməyə də macal tapdı. Döyüş yolunu Şərqi Prussiyada, Köniqsberq ətrafında başa vurdu. O, qanunpərəst vətəndaş həyatı yaşayırdı, ta ki, kiçik qardaşı onu tovlayana qədər. Hə, onların nümunəsində təhrikçi kiçik qardaş oldu, tovlanan isə böyük.
Vayçeslav olduqca istedadlı idi, gözəl əl qabiliyyəti vardı. Kitablardakı illüstrasiyaların surətini çəkməyi çox sevirdi. Konstruktorluq qabiliyyəti də vardı. Gələcəkdə bacarıqlı rəssam və ya mühəndis, ixtiraçı ola bilərdi, amma cinayət yolunu seçdi.
O, əvvəlcə saxta pul əskinasları çəkməyə başladı. 50 və 100 rublluq əskinaslar çəkir, sonra onunla adətən alkoqollu içkilər alır, amma içkiyə həvəsi olmadığından şüşəni tullayır, qalıq kimi aldığı pulu özünə xərcləyirdi. Həqiqi pullarla ən çox aldığı şeylərdən biri də kitab idi - oxumağı çox sevirdi.
Sonra saxta pulu taksi sürücülərinə verməyə başladı. Adətən havanın qaranlıq vaxtını seçirdi. Bir yerə gedir, gediş haqqını 50 və ya 100 rublluq saxta əskinasla ödəyir, aldığı qalığı cibinə qoyurdu. SSRİ-də 1947-1961-ci illərdə dövriyyədə olan əskinasların xüsusi qoruyucu nişanları yox idi, su işarələrini isə Vyaçeslav məharətlə təsvir edirdi.
Həmin əskinaslar xeyli yekə idilər. Onları hazırlamaq, məsələn, 1961-ci ildə dövriyyəyə buraxılan əskinasları çəkməkdən daha çox vaxt və zəhmət tələb edirdi. Vyaçeslav vaxtına və zəhmətinə qənaət etmək istədi və bununla özünü ələ verdi.
O yekə əskinaslar həmişə bükülü verilib-alınırdı. Vyaçeslav fikir verdi ki, taksi sürücüləri əskinası açmayıb elə bükülü halda ciblərinə qoyurlar. Əgər belədirsə, daha niyə zəhmət çəkib əskinasın hər iki üzünü çəksin ki? O, bir şeyi nəzərə almadı: aldadılan sürücülər bunu öz həmkarlarına danışacaqlar, onlar da daha diqqətli olacaqlar.
Belə də oldu. Birüzlü əskinasları bir neçə dəfə uğurla işlədən Vyaçeslav 1960-cı il fevralın 23-də ilişdi. Sürücü əskinası açdı və arxa tərəfini bakir ağ görüb dondu. Sonrası aydındır.
Saxta əskinasların həqiqətən Vyaçeslav Tolstopyatov tərəfindən hazırlandığına əmin olmaq üçün milis şöbəsində istintaq eksperimenti keçirdilər. Ona lazım olan ləvazimatlar verildi və əskinas çəkməsi istənildi. 4 saatdan sonra hazır olan 100 rublluq əskinası milislər xalisindən ayıra bilmədilər.
Vyaçeslavın gəncliyi, hər şeyi etiraf etməsi, qiraətli və cinayətkar aləm ədalarından uzaq olması, qonşularının onu tərbiyəli gənc kimi xarakterizə etməsi istintaqda təsadüfən cinayət yoluna yuvarlanması təəssüratı yaratdı. Müstəntiq işi məhkəməyə göndərərkən həm də müttəhimə az iş verilməsi haqda vəsatət də göndərdi.
SSRİ-də dövlətdən oğurlamaq, dövlətə maddi ziyan vurmaq vətəndaşdan oğurlamaqdan daha ağır cinayət sayılırdı Saxta pulkəsənlik də o cümlədən. Amma görünür, Tolstopyatov hakimdə də müsbət təəssürat yarada bildi və cəmi 4 illik həbslə qurtuldu. O, həbsdə keçirdiyi illərdə əməlindən peşman oldu və söz verdi ki, daha heç vaxt saxta pul hazırlamayacaq. Əvəzində dəstə yaradıb qarətlə məşğul olacaq, silahı da özü düzəldəcək.
***
1964-cü ilin fevralında həbsdən çıxan Vyaçeslav niyyətini böyük qardaşı Vladimir ilə bölüşdü. Vladimir də kiçik qardaşına öyüd-nəsihət vermək əvəzinə məmnuniyyətlə razılaşdı. Uçuq-sökük komalarının zirzəmisində silah emalatxanası da yaratdılar.
Vyaçeslav nə qədər istedadlı olsa da, bəzi detalları özünün hazırlaması mümkün deyildi. Çertyojunu çəkdiyi detallar üçün tanış frezerçilərə və tornaçılara üz tuturdu. İzah edirdi ki, hansısa məişət texnikasının təmiri üçün lazımdır. Bəzən də frezerçinin duyuq düşməməsi üçün çertyoja lazımsız element əlavə edir, detal hazır olanda həmin hissəni suvandla ləğv edirdi. Silahların lüləsini isə kiçik kalibrli Toz-8 tüfənginin lüləsini bir neçə yerə kəsməklə hazırladı. Bacardığı detalları və tunc güllələri Vyaçeslav özü hazırlayırdı.
Ümumən dörd kiçik kalibrli tapança və üç kiçik kalibrli pulemyot-tapança (avtomat) hazırlandı. Xüsusən sonuncular unikal konstruksiyaya malik idilər və zərbə gücləri o zaman mövcud olan bütün avtomat silahlardan çox idi.
Hazırlıq prosesi 4 il çəkdi. Qardaşlar özlərinə iki ortaq da tapdılar. Bunlardan biri onların köhnə tanışı Vladimir Qorşkov, digəri isə Vyaçeslavın həbs yoldaşı Sergey Samasyuk idi. Onlardan əlavə soyğunlarda iştirak etməyək yardımçı üzvlər də vardı - informatorlar, pusquda duranlar və s.
Dəstə mağazalara, inkassatorlara hücum etməyi planlaşdırırdı. Hücum planlaşdırılan obyekt haqqında əvvəlcə informasiya toplanılacaqdı. Bilavasitə qarətdə üç nəfər iştirak edəcəkdi. Böyük Tolstopyatov əvvəlcə pusquda duracaq, sonra da hadisə yerinə yığışan insanlara qoşularaq milisin hərəkətlərinə, əgər varsa, şahidlərə göz qoyacaqdı. Onların avtomobili yox idi. Plana görə, avtomobil ya soyğundan əvvəl, ya da soyğundan sonra ələ keçiriləcəkdi.
İlk cəhdlər uğursuz oldu. 1968-ci il oktyabrın 7-də edilən birinci cəhd zamanı dəstə üzvləri əvvəlcə maşın ələ keçirmək istədilər. Amma sürücü Dzeron Harutyunov üzərinə tuşlanan silahı görən kimi tormoza basdı və düşüb qaçdı. Onun milisə xəbər edəcəyini anlayan dəstə soyğundan imtina etdi. Vyaçeslav maşını gözdən uzaq yerə sürüb saxladı və avtomat-telefondan anonim şəkildə milisə zəng etdi. Maşının yerini xəbər verib dedi ki, sürücü ilə zarafat etmək istəyiblər, o isə oyuncaq tapançanı görən kimi düşüb qaçıb. Milis bu izahata inandı və cinayət işi açılmadı.
İkinci cəhd üç gün sonra edildi və yenə uğursuz oldu. Plana görə, Rostov ayaqqabı fabrikinin kassiri bankdan pul alıb çıxarkən qarət olunacaqdı. Amma gecikdilər və kassir onu gözləyən maşına minib, sağ-salamat fabrikə getdi.
Üçüncü cəhd qismən uğurlu oldu. Dəstə Mirnı qəsəbəsindəki mağazaya hücum etdi. Onlar tavana atəş açaraq, kassadakı pulu tələb etdilər. Kassir isə pulun çoxunu gizlətməyə imkan tapdı, “olanı budur” deyərək quldurlara cəmi 526 rubl verdi. Güllə səsini eşidən Qori Çumakov adlı müharibə veteranı əlinə dəmir boru götürərək soyğunçuların qarşısını kəsmək istədi və Vyaçeslavın tərəddüd etmədən açdığı atəşlə öldürüldü.
Hadisə yerinə gələn milis nəfərləri mağaza işçilərinin ifadələrindən şoka düşdülər. Onların təsvir etdikləri silah milislərə məlum deyildi. Əcaib silahlar haqqında xəbər tezliklə bütün şəhərə yayıldı və soyğunçuların xarici diversantlar olması əfsanəsi yarandı. Həm də məhz bu qarətdən sonra başlarındakı coraba görə onlara “fantomaslar” deyildi.
Noyabrın 5-də planlaşdırılan cəhd də əvvəldən yarımçıq qaldı. Vyaçeslav Tolstopyatov və Samosyuk bir maşını saxladılar, Samosyuk qabaqda sərnişin yerində oturdu, Vyaçeslav isə sürücünün qapısını açdı, silahla hədələyərək maşından düşməsini istədi. Bu dəfə də soyadı Harutyunov, adı isə Viktor olan sürücü soydaşından fərqli davrandı: qaza basdı və yerdən götürüldü. Samosyuk atəş açaraq onu yaralayandan sonra maşını saxladı. Quldur düşüb qaça bildi.
İyirmi gün sonra maşın qaçıran üçlük Dövlət bankının Oktyabr rayon şöbəsinin qarşısına getdilər. Buradan çıxan və kassir olduğu anlaşılan qadının silahla qorxudaraq əlindəki çantanı aldılar və maşına oturub aradan çıxdılar. Çantadan 2700 rubl çıxdı. Dekabrın 29-da isə ərzaq mağazasına basqının qazancı isə 1498 rubl oldu.
1969-cu ilin qışında dəstə ilk itki verdi, amma, necə deyərlər, məsləkləri ilə əlaqəli olmayan itki. Samosyuk sərxoş halda dalaşdığına görə həbsxanaya yollandı. Buna baxmayaraq, “fantomaslar” daha bir cəhd etdilər. Onlar Rostovun böyük müəssisələrindən olan Oktyabr inqilabı adına kimya zavodunu qarət etmək niyyətində idilər və bu zaman 100 min rubldan çox aparacaqlarını düşünürdülər.
Aksiya ciddi-cəhdlə hazırlandı. Vyaçeslav işə düzəlmək bəhanəsi ilə zavoda gedir, burada xeyli vaxt keçirərək əmək haqqı verilən günü, pulu gətirən maşını öyrəndi. Plana görə kiçik Tolstopyatov və Qorşkov zavodun həyətinin girəcəyində kassir qadını və mühafizəçini qarşılayıb silahla təhdid edərək torbanı qadından alacaq və elə onların maşını ilə uzaqlaşacaqdılar.
Amma plan baş tutmadı. Torbanı kassir yox, mühafizəçi daşıyırdı. O, müqavimət göstərərək özünü keçid budkasına sala bildi və silahını çıxarıb atəş açmağa başladı və Qorşkovu yaraladı. Qarətçilər qaçaraq işıqforun qırmızı işığında dayanan təsadüfi maşını ələ keçirdilər və uzaqlaşa bildilər.
Qorşkovun kürəyindən aldığı yaranı sonralar dəstə üzvləri ilə birlikdə müttəhimlər kürsüsünə əyləşəcək həkim müalicə etdi. Yara ağır idi. Həm buna görə, həm də Samosyukun həbsdə olması üzündən dəstə qarətlərə iki illik fasilə verməli oldu. Bu dövrdə onlar silahlarının sayını artırdılar və onları daha da təkmilləşdirdilər. Hətta əl qumbarası düzəltdilər. Vyaçeslavın 1972-ci ildə düzəltdiyi lüləsi qatlanan avtomat silah xüsusilə unikal idi.
1971-ci ilin yayında dəstə yenidən cəm oldu. Onlar avqustun 25-də UNR-112 adlı tikinti idarəsinin kassirini qarət etdilər və 17 min rubl apardılar. Həmin il SSRİ-də orta aylıq əmək haqqının 126 rubl olduğu nəzərə alınsa, yetərincə böyük məbləğ oğurlanmışdı.
Dekabrın 16-da fantomaslar əmanət kassasının yanında inkassatorlara hücum etdilər. İnkassatorlar müqavimət göstərdilər, nəticədə onlardan biri öldürüldü, Qorşkov isə iki yerindən yaralandı. Elə inkassatorların maşını ilə cinayət yerindən uzaqlaşan dəstənin qazancı 20 min rubl oldu. Bu hadisədən sonra Vyaçeslav Tolstopyatov Qorşkovu “güllə tutan” adlandırdı.
***
Dəstəni tutmaq üçün hətta Moskvadan da kriminalistlər ezam olunsa da, uğurlu nəticə yox idi. Bunun əsas səbəbi o idi ki, fantomaslar yeni üsullarla cinayət törədirdilər, milislər isə onları köhnə üsullarla tutmağa çalışırdılar. Nəticədə ziddiyyətli şahid ifadələrindən, heç yerdə rast gəlinməyən silah təsvirlərindən və güllələrdən başqa dəlil-sübut toplaya bilmirdilər.
Bundan əlavə, dəstə üzvləri də ağıllı davranırdılar. “Zampolit” (hərbi və hərbiləşdirilmiş hissələrdə komandirin siyasi məsələlər üzrə müavini) dedikləri Vladimir Tolstopyatov onları dəfələrlə xəbərdar edirdi ki, özlərini sakit aparsınlar, heç yerdə bədxərclik etməsinlər, sual doğuracaq bahalı şeylər almasınlar. Onlar, aralarında milis agenturasının olduğuna şübhə etmədikləri cinayətkar aləmlə də əlaqə saxlamır, ümumi kassaya - “obşak”a - ödəniş etmirdilər.
Doğrudan da bütün sahə müvəkkillərinə avtomobil və başqa bahalı şeylər alan adamlar haqda məlumat vermək tapşırılmışdı. Restoranlarda və başqa ictimai-iaşə müəssisələrində işləyən agentlər bədxərclik edən müştərilərə göz qoymalı idilər. Cinayətkar aləmdəki agenturadan da informasiya istənilirdi, amma faydalı olacaq heç nə yox idi.
Milislə müqayisədə cinayətkarlar daha çox informasiyaya malik idilər. Qanunpərəst vətəndaş imicinə malik müharibə veteranı Vladimir Tolstopyatov milisin ştatdankənar köməkçisi kimi tez-tez şöbədə olurdu. Bu, ona müəyyən informasiya toplamaq imkanı verirdi.
Daha ətraflı və etibarlı informasiya mənbəyi isə qonşuluqda yaşayan sahə müvəkkili idi. Vladimir onu vaxtaşırı yeyib-içməyə dəvət edir və Rostovda hamının maraqlandığı fantomaslar barədə suallar verirdi. Bəzən heç sual verməyə ehtiyac yox idi, sahə müvəkkili içəndən sonra özü danışırdı. Belə söhbətlərin birində böyük Tolstopyatov çox mühüm informasiya eşitdi.
Milisdə anlamışdılar ki, amerikansayağı qanqsterlərlə Amerika polisi kimi mübarizə aparmaq lazımdır. Qarət xəbərinə daha operativ reaksiya vermək üçün Rostov şəhəri 20 kvadrata bölündü. Hər kvadratda PMQ (səyyar milis qrupu) - içində iki əməkdaşın olduğu milis maşını keşik çəkirdi. Maşınların bir hissəsi radioəlaqə ilə təchiz edilmişdi ki, bu da bütün SSRİ-də ilk dəfə idi.
Vladimir PMQ-lərin operativliyini yoxlamağı qərara aldı. O, bir neçə dəfə avtomat telefondan milisə zəng edərək müxtəlif ərazilərdə qarət baş verdiyini söylədi və vaxtı təsbit etdi. Aydın oldu ki, səyyar qrup hadisə yerinə 7-10 dəqiqəyə gəlir. Vladimir müşahidələrini ortaqları ilə bölüşdü və bildirdi ki, bundan sonra qarətləri maksimum tez həyata keçirməlidirlər. Dəstə PMQ-lər yaranandan sonra da bir neçə qarət həyata keçirdi. Ümumən onlar 1973-cü ilin yayına qədər 14 uğurlu qarət həyata keçirmiş və 150 min rubl aparmışdılar.
***
Rostov fantomaslarının son hədəfi “Yujqiprovodxoz” elmi-tədqiqat institutu idi. Burada 4000 nəfər işçi olduğunu öyrənən Vyaçeslav Tolstopyatov hesabladı ki, altı rəqəmli məbləğdə pul apara bilərlər. Dəstə üzvləri üç ay müşahidə apardılar. Kassanın yerini, ora aparan dəhlizi müəyyənləşdirdilər. Ayda iki dəfə - 7-də və 22-də avans və maaş verildiyini öyrəndilər, pulun gətirilməsinə göz qoydular.
İyunun 7-də Samasyuk və Qorşkov institutun daxilində kassiri gözləyirdilər. Onun gəldiyini görəndə başlarına corab keçirdilər və hücum çəkib pul torbasını aldılar. Artıq kassanın yanında növbə tutan bir neçə işçi silahı görüb, müdaxilə etmədilər. Amma quldurlar uzaqlaşanda qışqırmağa başladılar.
Qonşuluqdakı ərzaq mağazasının fəhləsi Vladimir Martovitski səs-küyü eşidib, iki quldurun qarşısını kəsdi. Çöldə ortaqlarını gözləyən Vyaçeslav Tolstopyatov atəş açaraq 27 yaşlı gənci öldürdü. Amma problem bununla bitmədi.
Atəş səsini yaxınlıqdakı səyyar milis qrupunun üzvləri eşitdilər. Kiçik serjant Aleksey Rusov özünü daha tez çatdırdı və quldurlarla atışmağa başladı. Fantomasların silahları bir sıra unikal xüsusiyyətlərə və misilsiz zərbə gücünə malik olsa da, ciddi bir çatışmazlıqları vardı: dəqiq atəşlə seçilmirdi və yalnız yaxından atəş üçün yararlı idi.
Rusov isə yaxşı atıcı idi. O, Samosyuku və Qorşkovu yaralaya bildi. Vyaçeslav yoldan keçən “Moskviç-402” avtomobilini saxladı və ortaqlarını da oturdaraq sükan arxasına keçdi. Öz avtomobilləri bir qədər uzaqda olan Rusov da xoşbəxtlikdən nəqliyyat tapdı: yanğından mühafizə xidmətinin QAZ-69 maşını. Onun hadisə yerinə bir qədər gec gələn PMQ ortağı leytenant Yevgeni Kubışta başqa maşın saxlamalı oldu.
Quldurları yaxalamaqda milislərə təsadüf də kömək etdi. Sürətlə uzaqlaşmağa çalışan kiçik Tolstopyatov maşınını “QAZ-21” markalı taksiyə sürtdü. Taksi sürücüsü günahkarı saxlamaq üçün ardınca sürdü və tezliklə çataraq səkiyə tərəf sıxdı. “Moskviç” altı bordürə dəyərək dayandı. Tolstopyatov və Qorşkovun düşüb qaçmaq cəhdinin qarşısı alındı. Maşına yaxınlaşan milislər Sergey Samosyukun aldığı yaradan öldüyünü gördülər. Onun yanında içində 125 min rubl olan torbalar vardı.
***
Tolstopyatov qardaşları dəstəsinin istintaqı 10 ay çəkdi. Məhkəmə 1974-cü ilin aprelində başladı. Müttəhimlər kürsüsündə iki qardaş və Qorşkovdan savayı daha 8 nəfər oturmudu. Onlar müxtəlif yardımçı əməllərdə günahlandırılırdılar.
Məhkəmə iyulun 1-də çıxardığı hökmlə Vladimir Pavloviç Tolstopyatovu, Vyaçeslav Pavloviç Tolstopyatovu və Vladimir Nikolayeviç Qorşkovu edam cəzasına, digərlərini müddətli həbsə məhkum etdi. Kasassiya şikayətləri və əfv xahişləri rədd ediləndən sonra hökm 1975-ci il martın 6-da yerinə yetirildi. Filmdəkindən fərqli olaraq, Rostov fantomasları cəzasız qalmadılar.
Aleksey Rusovu SSRİ daxili işlər naziri Nikolay Şelokov şəxsən qəbul etdi. Nazir kiçik serjanta birbaşa leytenant zabit rütbəsi verilməsi haqda sərəncam imzaladı, bundan əlavə ona pul mükafatı və “Spidola” radioqəbuledicisi verildi. Rusov 1986-cı ilin aprelində Kiyevdə təkmilləşdirmə kursunda ikən Çernobıl qəzasının nəticələrini aradan qaldırılması işlərinə cəlb olundu. Burada radiasiyaya məruz qalan zabitin səhhəti korlandı və o, 2000-ci ildə 48 yaşında vəfat etdi.