Kulis.az Ömər Xəyyamın “Çöpçülər, yoxsa gopçular” adlı yeni yazısını təqdim edir.
Nə hikmətdirsə, əcnəbi uşaqların çöpü qalmır.
Əgər anatomik quruluş eynidirsə, bu əjdahadan niyə onlarda yoxdur?
Mütəxəssislər deyir ki, tənəffüs yoluna düşən yad cisimlər burun, burun/udlaq, valekula, armudabənzər ciblər, qırtlaq, traxeya (nəfəs borusu), bronxlarda qala, üstəlik, bu səbəblə bədənin hərarəti qalxa da bilər, prinsipcə, hava təzyiqi ilə zir/zibili burundan üfürmək də olar və elə çöpçü də məhz belə eləyir.
Açığı, mən hələ də bilmirəm, bu nəsə plasebo - özünü təlqin məsələsidir, yoxsa ağızdan o tərəfə həqiqət. Nədən ki, suallarım həp cavabsız qalıb.
Məsələn, Yeldanın çöpü qalanda gözünün altı qaralır, kefsiz olur, iştahasız yeyir, bir də görürsən, ögüyür.
At oluram, it oluram, eyni açılmır, üstəlik, ağzından kəsif iy gəlir.
Olsun ki, sizin uşaqda belənçi deyil; ya öz/özünə, ya həkim məsləhətiynən ötüb keçir. Gəl ki, mən qızımı çöpçüyə aparmasam, daha da ağırlaşır.
Həkimlər dərman yazıb, iynə yazıb, - heç zad, təzədən çöpçüyə zəng etmişəm.
Söz ağızdan-ağıza düşürsə, mikrob ağızdan o tərəfə keçər, üstəlik, bala da qoyar. Çöpçü xanımın ağzının içində nə var-nə yox, özü bilir, fəqət mən nəfəsə/enerjiyə inanıram, bəlkə, uşaq özü də inanır, inanırıq, ona görə şəfa olur, bəlkə də, eləcə xurafatdır, ancaq kor-kor, gör-gör, çöpçü üfürəndən sonra qızım düzəlir; mıs/mırığını yığışdırır, yeyir/içir, eyni açılır.
O məşhur sualı özümə də vermişəm. Sonra fikirləşmişəm ki, ola bilər, bu vərdiş məsələsidir, onlar həkimə gedir, biz çöpçüyə. Ola bilər, coğrafiya, orqanizm məsələsidir, - hər nədir, bilmirəm, bir onu bilirəm ki, bir dəfə çöpçüyə getdinsə, yenə gedəcəksən.
Həkim/otorinolarinqoloq Sevinc Cəfərovanın sözlərinə görə, alətlərin sterilliyindən narahatlıq hissi keçirən valideynlər “çöpçü”yə gedəndə gigiyenik qaydaları fikirləşmirlər:
“Əgər burunun bir dəliyindən gələn ifrazat qoxulu və qanlıdırsa, valideynlər uşağın burnunda yad cisim qaldığından şübhələnə bilərlər. Yad cisim qırtlaq və daha aşağılara düşdükdə isə uşaq öskürməyə başlayır. Belə olan halda öskürək qoruyucu mexanizm rolunu oynayır, orqanizm yüksək təzyiqli hava axını sayəsində yad cismi xaric etməyə çalışır. Həmin əlamətlər müşahidə edildikdə mütləq həkimə müraciət etmək lazımdır. Təəssüf ki, valideynlər “çöpçü”yə üz tuturlar.
Həkim/mütəxəssis deyir ki, uşaqlara çeynəmə vərdişini öyrətmək vacibdir:
“Nəzərə almaq lazımdır ki, uşağa hər şeyi əzib, parçalayıb verəndə onun çeynəmə əzələlərinin funksiyası zəifləyir. Həmçinin, yemək zamanı danışmaq və ya gülmək qida hissəciyinin aspirasiyasına səbəb olur. Aktiv fiziki hərəkət zamanı ağız boşluğunda heç nə olmamalıdır. Uşaqlar saqqız çeynəyə-çeynəyə hərəkət edə, qaça bilməzlər. Eyni zamanda, oyuncaq seçərkən onun kiçik detallardan ibarət olmamasına, yaş qruplarına uyğun istifadəyə yararlı olmasına fikir vermək lazımdır”.
Çöpçü Leyla Əliyevanın sözlərinə görə, çöpçülük vergidir:
“Bəzən uşaqların burun/boğazında çöp, tum, sancaq ilişib qalır. Ondan sonra uşaq qusur, qızdırması qalxır, qarnı ağrıyır. Uşaqları həkimə aparırlar. Həkimlər görürlər ki, uşağın qızdırmasını sala bilmirlər. Məcburiyyətdən deyirlər ki, çöpçüyə aparın. Uşağı çöpçüyə gətirirlər, çöpçü də üfürüb zir/zibili çıxarır. Ondan sonra uşağın qızdırması düşür, qarın ağrısı kəsir, yemək yeməyə başlayır. Əlbəttə, yalançı çöpçülər də var.
Pediatr Nigar Abdullayeva isə uşaqları çöpçüyə aparmağı doğru hesab eləmir. Onun sözlərinə görə, heç bir ölkədə çöpçü yoxdur:
“Çöpçü nəfəsini uşağa üfürərkən öz tənəffüs yollarındakı infeksiyaları uşağa keçirə bilər. Məsələn, vərəm xəstəliyindən əziyyət çəkən bir çöpçü uşaqları yoxluxdurub. Mənim öz praktikamda da belə bir xəstəm olmuşdu. Uşaq 5 il idi ki, öskürəkdən əziyyət çəkirdi. Ondan hər gün yaşıl bəlğəm çıxırdı. Dəfələrlə müalicə olunmuşdu. Rentgendə uşağın ciyərinin aşağı payında ciddi bir problem gördüm. KT müayinəsi (kompüter tomoqrafiyası) etdik. Daha sonra bronxoskopiya (bronxların vizual müayinəsi) lazım oldu və uşaq cərrahına göndərdik. Məlum oldu ki, çöpçü üfürəndən sonra qida qalıqları dərində ilişib və iltihablanıb. O uşağın ağ ciyərinin aşağı payı əməliyyatla götürüldü. Həmçinin, çöp qida tənəffüs yollarına düşə və uşaq anidən ölə bilər…”
Dediyim kimi, həqiqətən, kömək edən çöpçülər var, fəqət valideynlər potensial təhlükəni də nəzərə almalıdırlar. Bəlkə, elə çöpçü vərəmdir? Bu "peşə"nin spesifikliyini nəzərə alsaq, onun xəstə olmağı mümkündür, belə ki, gün ərzində 10-20 uşağı üfürür…
"Çöp ciblərini bağlamaq” söhbəti isə tamamilə uydurmadır, belə bir şey fizioloji olaraq mümkün deyil.
Adamın burnunu üfürməklə, bəzi müdaxilələrlə ağız, boğaz, burun nahiyələrindəki yad cisimləri çıxarmaq olar, fəqət bu hər həvəskarın işi deyil. Üstəgəl, sanitariya qaydalarına riayət olunmalıdır.
Məsələn, çöpçü sağlamlığı haqqında arayış təqdim etməlidir.
Çöpçülüyün vergi olduğuna, çöpçünün hansısa müqəddəsin əli, ağzı ilə üfürdüyünə inanlar, əlbəttə, cahildir. Özünü belənçi təqdim edən çöpçülər, sözsüz fırıldaqçıdırlar.
Düzü, çöpçülüyün tarixini öyrənməyə cəhd etsəm də, tutarlı cavab tapmadım. Mütəxəssislərin fikirlərinə nəzərən demək olar ki, prinsipcə, üfürməklə yad cismləri xaric etmək olar, fəqət diqqətli olmaq lazımdır. O nəfəs şəfalı da ola bilər, cəfalı da. Əlbəttə, çöpçüdən əvvəl həkimə müraciət etmək lazımdır.