Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yarımçıq rahib, pinəçi şəyirdi, qanıçən diktator...



Porfirio Dias SSRİ-də yaxşı tanınan azsaylı Latın Amerikası diktatorlarından biridir. Cek Londonun möhtəşəm “Meksikalı” hekayəsini oxuyan hər kəs boksçu Felipe Riveranın mübarizə apardığı qanlı diktatorun qorxulu obrazını yadda saxlamaya bilməz.

Meksikanın sahibinin parlaq portretini çəkmək üçün yazıçıya bir neçə ştrix lazım olub. Bu zaman Cek London həqiqətə xəyanət etməyib: Porfirio Dias məhz onun təsvir etdiyi kimi olub. 

Dias kimi tiplərin hakimiyyətə gəlişi Latın Amerikasındakı keçmiş ispan koloniyalarının siyasi transformasiyası nəticəsində mümkün olurdu. İspaniya kralına qalib gələnlər öz azadlıqları ilə baş-başa qalanda nə müstəqil idarə edə (çox vaxt ən primitiv vergi yığımı sistemi belə yox idi), nə də rəqabət aparan elit qruplar arasında balans yarada bilirdilər. 

Beləcə səhnəyə kaudilyolar, xalq qəhrəmanları çıxırdı. Onlar hərbi qüvvəyə və şəxsi xarizmaya söykənərək, ölkədə qayda-qanun yaratmağı vəd edirdilər. Argentinada Xuan Manuel de Rosas, Paraqvayda Xose Qaspar de Fransiya və Kolumbiyada Rafael Nunyes belə tiplər idi. Meksika da öz kaudilyoları ilə zəngin idi. Amma Porfirio Dias hamısından seçilməyi bacardı. Meksikalılara xas olmayan qapalılığa görə Diası “sfinks” adlandırırdılar. Müasirlərinin və tarixçilərin Diasın ayağına yazdığı bütün xidmətlərə baxmayaraq, ölkədə onun adına bircə küçə də yoxdur. Bunun da ciddi səbəbləri var.  

Pinəçidən generala

Dias son dərəcə coşqun və maraqlı həyat yaşayıb. O, 1830-cu ildə sənətkar ailəsində anadan olub və bir tərəfi döyüşkən mikstek hindu qəbiləsindəndir. Məktəbdə oxuyarkən çəkməçi və xarrat şagirdi işləyib. Bir müddət sonra katolik seminariyasına daxil olub, amma keşişlik həvəsinin olmamasını anlayaraq, oranı tərk edib. 

Daha sonra Oaxaka ştatının hüquq məktəbinə daxil olub. Meksika tarixinin ən görkəmli xadimlərindən olan Benito Xuares burada professor idi. 

Bu məktəbi bitirən Porfirio Dias vəkillik üçün imtahan verir və Benito Xuaresin sadiq tərəfdarı olur. Diasın siyasi karyerasının əvvəllərində Xuares onun üçün müəyyən dərəcədə kumir idi. 

Liberal hökumət və mühafizəkar elitaların konfliktindən doğan Vətəndaş müharibəsi (İslahat müharibəsi) başlayanda Dias təhsilini yarımçıq qoydu və hərbi xidmətə başladı. Liberallar, əsası hələ 1855-1856-cı illərdə Xuares və Lerdo qanunları ilə qoyulan sekulyarizasiya tərəfdarı idilər. Bu qanunlar katolik kilsəsini mülkiyyətə malik olmaq hüququndan məhrum etdi və kilsəni dövlətdən ayırdı. Daha sonra 1857-ci il Konstitusiyası qəbul edildi: sənəd kreol elitaların hüquq və imtiyazlarını xeyli qayçıladı, ruhanilərə qarşı repressiv qanunların müddəalarını təsdiqlədi. Bu, kilsə və mühafizəkarların sərt reaksiyasına səbəb oldu. Prosesə təsir edə bilmədikdə, onlar 1857-ci ildə liberallarla müharibə başladılar ki, o da ikincilərin qələbəsi ilə yekunlaşdı. 

Dias bu qələbəyə böyük töhfə verdi və Xuares onu “Oaxakada ən görkəmli adam” adlandırdı. 

General Diasın başı üçün milyon peso!

Vətəndaş müharibəsi sonadan milli-azadlıq müharibəsinə çevrildi: Meksika konqresi 1861-ci ildə xarici borc üzrə ödənişləri iki illik dayandırdığını bəyan etdi. Ölkə tam bankrot idi, hətta ordusuna maaş verə bilmirdi. Borcların əsas hissəsi İsveçrə bankiri Jan Batist Jekkerin idi. O, Fransanın İkinci imperiyasının nüfuzlu məmurlarına borc verməsi ilə məşhur idi. Məsələn, istiqrazların 30 faizi III Napoleonun ögey qardaşı hersoq de Morninin əlində idi. O da imperatoru Meksika hökumətini borcları ödəməyə məcbur etmək üçün bu ölkəyə intervensiyaya təhrik etdi. 

Mühafizəkarlar məğlubiyyətlə barışmırdılar və hakimiyyəti əldə etmək üçün xarici qüvvələrlə də əməkdaşlığa hazır idilər. Buna görə III Napoleonu dəvət etdilər, o da özünün məşhur əmisi I Napoleon kimi şöhrət qazanmaq və Yeni dünyada Fransa müstəmləkə imperiyasını yaratmaq istəyirdi. Fransa qoşunları 1862-ci ildə Verakrus ştatında sahilə çıxdılar, 1864-cü ildə isə Habsburqlar cütlüyünü - imperator I Maksimilianı və arvadı Şarlottanı gətirib prezident Xuaresin yerinə taxta oturtdular. 

Dias isə Pueble döyüşündə fərqlənərək, milli qəhrəmana çevrildi: burada İqnasio Saraqosanın komandanlıq etdiyi Meksika qoşunları Şarl de Loransenin komandanlığı altındakı fransız qoşunlarını paytaxtdan uzaqlaşdırdılar. 

Dias müdaxiləçilərə qarşı öz gerilyasını aparırdı. O, bacarıqlı komandir kimi şöhrət qazandı. İmperator Maksimilian “general Dias”ı dəfələrlə öz tərəfinə çəkməyə çalışdı, amma o, imtina etdi. Hakimiyyət onun başı üçün bir milyon peso həcmində mükafat təyin etdi. 

Dias isə müharibə zamanı populyarlıq qazandıqca keçmiş müəllimi, idarəçilik metodlarını anlamadığı və qəbul etmədiyi Benito Xuaresdən get-gedə uzaqlaşırdı.  

Məğlub olan imperator Maksimilianı edam etdikdə və liberalların qoşunu Mexikoya daxil olanda, Dias əyalətdə qaldı və prezidentin devrilməsini planlaşdırdı. O, tək deyildi: müharibə zamanı kiçik kaudilyoların yeni nəsli böyümüşdü. Onlar kağız üzərində özlərini liberallara aid edərək əldə silah fransızlarla döyüşmüşdülər. Xuares sadiq generallar vasitəsilə onları yerlərinə oturtdu, amma uzun müddət belə davam edə bilməzdi. 

Xuares və Dias arasında iki mühüm fərq vardı: birincisi liberal idi və hüququn aliliyinin tərəfdarı idi. Onun üçün qanun müqəddəs bir şeydi, onu tapdamaq olmazdı. Dias isə tamamilə başqa adam idi: o, məqsədlərinə və hakimiyyətə çatmaq üçün qanunun üzərindən keçməyə hazır idi. 

Dias Xuaresin 1871-ci ildə təkrar prezident seçilməsini mübahisələndirmək istədi, amma bir şey alınmadı. Liberalların lideri növbəti ildə öləndə isə yeni şans yarandı. Yeni prezident Sebastyan Lerdi de Texada Xuaresdəki siyasi kapitala və populyarlığa malik deyildi. Onu devirmək daha asan idi. Dias ətrafına kiçik kaudilyolar toplayaraq, müharibəyə başladı. De Texada 1876-cı ilin noyabrında ölkədən qaçdı. Dias Meksikanın tam hüquqlu sahibi oldu. 

Böyük Meksika barbeküsü

Hakimiyyətə gələn Dias fransızlarla müharibədə qızğın müdafiə etdiyi xalqa deyil, zəngin torpaq sahiblərinə - latifundistlərə və ABŞ-dan, Böyük Britaniyadan olan xarici investorlara söykənməyi qərara aldı. O, rejimini dəstəklənməsi müqabilində amerikalılarla səxavətli davrandı: 1880-cı ildə dəmiryollarının tikintisi konsessiyası onlara verildi. 

Hinduların icma torpaqlarını su qiymətinə latifundistlərə satdı. Bu zaman hinduları ərazilərindən zorla qovurdular, bəzilərinə qarşı isə əsl savaş aparırdılar. Tarixçilər Bencamin Kin və Keyt Xeyns Diasın Meksika elitalarına bu dönüşünü “Böyük Meksika barbeküsünə dəvət” adlandırırlar. 

Nüfuz və hakimiyyətə malik hər kəs Diasın tərəfini tuta bilərdi. Bunun müqabilində onlara gəlirli yerlər, səxavətli müqavilələr, iqtisadi və hüquqi məsələlərdə dövlətin yardımı kimi kökə düşürdü.

Elitalardan kimsə “yanlış seçim” edərdisə, Diasın gizli polisi həmin adama səhv etdiyini dərhal başa salırdı: onu San Xuan de Ulua həbsxanasının zirzəmisinə atırdılar ki, oradan da az adam sağ çıxırdı.  Porfirio Dias özü bunu “çörək və ya kötək” (pan o palo) adlandırırdı. 

Latifundistlərdən və xarici kapitalistlərdən savayı ölkədə Diasa loyal olan texnokratlar qrupu yarandı. Onlar tarixə Sientifikos adı ilə düşdülər. Bu adı dövləti və iqtisadiyyatı elmi üsullarla idarə etməyə üstünlük verdiklərinə görə qazandılar. Ən nüfuzluları 15 nəfər idi, onların da arasından Manuel Romero Rubio və maliyyə naziri, Diasdan sonra Meksikada ikinci şəxs olan Xose İv Limantur seçilirdilər. Limantur dövlət büdcəsini balanslaşdırdığına və bütün borcları ödədiyinə görə məşhurlaşmışdı. 

Həmin dövrdə Latın Amerikasında ölkələrin əhalisini irqçi meyarlar üzrə bölən pozitivist və irqçi nəzəriyyələr populyar idi. Bu meyarlar əsasında irqlərin “elmi əsaslandırılmış ierarxiyası” yaradılırdı: yuxarıda avropalılar və kreollar, aşağıda hindular. Texnokratlar hesab edirdilər ki, hindular geridə qalmış, müdrik rəhbərlik olmadan keçinə bilməyəcək irqdir. Diasın hindulara yönəlik siyasətinin əsasında bu dururdu. 

Yukatan QULAQ-ı və kaballada

Don Porfirio parlamenti öz əmrlərini itaətlə yerinə yetirən orqana çevirmişdi. O, konqresi mehribanca “öz tövləm” (caballada) adlandırırdı. Demək istəyirdi ki, ondan icazəsiz orada bir kəlmə də deyilməz. Konqres hinduların icma torpaqlarını özəlləşdirməyə imkan verən bir sıra qanunlar qəbul etdi. Yakilər qəbiləsi şiddətli müqavimət göstərdi, amma məğlub oldu və onları Yukatan yarımadasında çətənə, tütün plantasiyalarına qul kimi satdılar. 

Çəkinmədən “Yukatan QULAQ-ı” adlandırmaq mümkün olan bu kədərli praktika amerikalı jurnalist Con Kennet Törnerin “Barbar Meksika” adlı jurnalist araşdırmasında əksini tapdı. Bu kitabın çapı Amerika ictimaiyyətinə və hökumətinə ayıldıcı təsir göstərdi. Bu da Dias rejiminə dəstəyin kəsilməsinə və ABŞ həbsxanalarındakı bir sıra meksikalı dustaqların azad edilməsinə səbəb oldu. 

İcma torpaqlarının özəlləşdirilməsi sayəsində kiçik pay torpaqlarına yiyələnən kəndlilərə gəlincə, onlar da çox vaxt  mülkədarlardan borc asılılığına (peonaj) düşürdülər. Borc irsən ötürülürdü, bu da kəndliləri daimi muzdura çevirirdi. 

Dias, istənilən klassik diktator kimi, polis və hərbi birliklərin formalaşmasına xüsusi önəm verirdi: axı diktaturalarda əsas düşmənlər xaricdə yox, daxildə olur. Don Porfirio “rurales” polisinin strukturunu yaratdı. 

Onlar qayda-qanun tətbiq etməklə məşğul olur, banditizmlə (baxmayaraq ki, özləri yarıkriminal elementlər idi) və qiyamçı hindular kimi rejim düşmənləri ilə mübarizə aparırdılar. Rurales qəddarlıqda ad çıxarmışdı, hərçənd ölkədə asayiş yarada bildilər və buna görə bir çox tədqiqatçılar Diası tərifləyirlər. 

Bir sözlə, Diasın dövründə kiçik qrup elitaların rifahı yüksəlir, əhalinin çoxu isə çətinliklə dolanırdı. Meksikalıların hesabına latifundistlərin, komformist fabrikantların və xarici investorların bu banketi sonsuz davam edə bilməzdi. 

“Meksika əcnəbilərin anası, meksikalıların ögey anasıdır” populyar ifadəsi də o zaman dillərə düşdü.

Porfiriat dövrünün sonu

Dias rejiminin fiestasının sonu artıq 1906-1907-ci illərdə başladı. Birləşmiş Ştatlardan sıçrayan iqtisadi böhran ölkəni bürüdü. Kütlələr sürətlə kasıblaşır, bədbəxtlərin və narazıların sıralarına qatılırdılar. Ölkə aclıq astanasında idi. Dias özü xüsusi problem görmürdü, hərçənd istirahətə çəkilmək niyyətində idi. O, bunu 1908-ci ildə “Pearson’s Magazine” jurnalisti Ceyms Krilmana söyləmişdi. Dias dedi ki, daha bəsdir, meksikalılar daha hakimiyyəti öz əllərinə ala bilmək üçün yetişiblər. Ölkədə demokratiya qurulmalıdır. Deyirdi ki, 1910-cu ildə hakimiyyət yüyənini daha layiqli namizədə verməyə hazırdır. Doğrudur, bir “əmma” vardı: müsahibə daxili auditoriya üçün deyil, xaric üçün nəzərdə tutulmuşdu. Xəbər Meksikaya çatan kimi ölkədə əsl mərəkə qopdu ki, sonda Diasın istefasına səbəb oldu. 

Xəbər əsilzadə və zəngin ailədən çıxmış Fransisko Maderonun xüsusilə ürəyincə oldu. O, Dias rejiminin ölkəni fəlakətə apardığına çoxdan əmin idi və növbəti seçkidə bəxtini sınamaq istəyirdi. Madero özü yetərincə ekssentrik idi: spiritik seanslar zamanı ruhlarla ünsiyyət qurmağı sevirdi. Belə seansların birində ruhlar ona “xəbər verdilər” ki, Meksika prezidentinin kreslosunu tutacaq. O vaxtdan Maderonun qətiyyəti artdı və seçki kampaniyasına başladı. Dias onu təhlükəsiz hesab edir və qarışmırdı. Amma seçki kampaniyası o qədər uğurlu alındı ki, Madero San Potosi həbsxanasına salındı. Don Porfirio 1910-cu ilin sentyabrında yenidən və sonuncu dəfə seçilənə qədər orada qaldı.

Madero ABŞ-a, San Antonio şəhərinə qaçdı, oradan inqilaba rəhbərlik etmək niyyətində idi. Amma Meksika sərhədini keçəndə onu cəmi 25 tərəfdarının gözlədiyini gördü. Madero rüsvayçılıqla geri döndü, sonra da Avropaya getdi. Ancaq tezliklə Çixuaxua ştatında Panço Vilya üsyan qaldırdı. Onun ardınca Morelos ştatında Emiliano Sapata silaha sarıldı. O, icma torpaqlarının qaytarılacağı vədi ilə həvəslənən hindular və kəndlilərdən ibarət ordu topladı. Madero təcili geri qayıtdı.

Dias Maderonun nümayəndələri ilə barışıq haqqında razılığa gəlməyə cəhd etdi. Maddero razılaşdı, amma qiyam inqilaba çevrilmiş və nəzarətdən çıxmışdı. Diasın ordusu dalbadal məğlubiyyətə uğrayırdı. 

Dias özü təslim olmaq istəmirdi. Yalnız mayın 23-də Syudad-Xuares şəhərinin itirilməsi xəbəri paytaxta çatanda və bu şad xəbəri bayram edən nümayişçilər küçələrə çıxanda, Dias onları güllələməyi əmr etdi. 200 nəfər həlak oldu. Sonra kabinetinə qapandı və gecəyarı istefa ərizəsi yazdı. Porfiriat erası sona çatdı.

Pressklub.az-dan: Porfirio Dias Fransaya mühacirət etdi və 1915-ci il iyulun 2-də ölənə qədər burada yaşadı... 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://novayagazeta.ru/articles/2024/07/08/don-porfirio-i-ego-khleb-i-palka 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10