- Sadəcə imtina edirdilər. Hərdən “bədii cəhətdən zəifdi”, “bunu siz yazmamısınız”, “kimisə təqlid eləmisiniz” kimi şeylər deyirdilər... Yeddi-səkkiz il keçdi. Çap olunmamaq məni ruhdan salmışdı... Gəl səninçün bir şey danışım, bunu birinci dəfə sənə deyirəm. Bir dəfə atam soruşdu ki, nə olub sənə, kefin yoxdur? Dedim, yazıram, çap eləmirlər. Soruşdu, nə üçün çap eləmirlər? Dedim, mənim adamım-filanım yoxdur da, ona görə. Dedi, Sabir bu işə baxır da. Mənim atamla Sabir Rüstəmxanlının anası xalaoğlu-xalaqızıdı. Atam mindi atına, Sabirin anasının yanına getdi. İş həll oldu, ilk kitabım “Bahar küləkləri” çapdan çıxdı. Kitabımın rəyçisi də Rəhim Əliyev idi. Rəhim müəllimin bir hekayə xoşuna gəlməmişdi, onu kitabdan çıxartmışdı, yerinə başqa hekayə saldım, o hekayənin də rəyçisi Vidadi Babanlı oldu. - Yox, “Bahar küləkləri” çap olunan ilk hekayələrim idi. Düzdür, ondan qabaq bir dəfə “Kənd həyatı” jurnalında bir hekayəm çap olunmuşdu. Bu jurnalda hər rayondan yazıçı-şairlər çap edirdilər. Növbə bizim rayona çatanda “Mart” adında hekayə yazıb göndərdim. Jurnal gəldi. Bəlkə də, inanmayacaqsan, açıb baxdım, hekayədən təkcə adı qalmışdı. Jurnaldakılar nə üçünsə hekayəmi atmışdılar bir qırağa, özlərindən təzə hekayə yazıb mənim adımla vermişdilər. Sonluğu da belə bitirdi: “Sevgilisi qıza deyir, sən çox gözəlsən, amma kəndimiz səndən də gözəldir”. Təsəvvür edirsən? Aslan Quliyevin adından belə bir hekayə gedib. Başqa heç nə. Sonra ikinci kitabın materialını qovluqda götürüb getdim Vilayət Quliyevin yanına. Dedim, oxu, fikrini de. Kitab çap olunandan sonra tənqid etməyin yolumu bağlayır. Dedi, yaxşı, sənə söz verirəm, necə var, elə də yazacağam. Özüm də aparıb nəşriyyata verəcəyəm, sən heç gəlmə. Dediyi kimi, yazıb verdi nəşriyyata. Bir də gördüm, Mustafa Çəmənli məni çağırır. Mustafa o vaxt nəşriyyatda nəsr şöbəsinin müdiri idi. Sabir Rüstəmxanlı artıq getmişdi nəşriyyatdan. Mustafa dedi ki, Vilayət çox təntənəli rəy yazıb, kitabını ikinci rəyçiyə göndəririk. Verdilər Akif Hüseynova. Üç-dörd aydan sonra Mustafa yenə məni çağırdı, dedi, Akif Hüseynov bəyənməyib, mənfi rəy yazıb. Məsələn, yazmışam ki, oğlan ağlayırdı. Akif altından xətt çəkmişdi, yanından üç-dörd dənə nida qoyub yazmışdı ki, göstər də necə ağlayır. Bilmirəm mən kino çəkirdim, ya yazı yazırdım. Nəsə, hər səhifədə belə qeydlər yazmışdı, ağ yer qoymamışdı. Getdim Vidadi Babanlının yanına, vəziyyəti danışdım. Mustafa Çəmənlini çağırdı, soruşdu ki, Vilayet Quliyev rəy yazıbsa, kitabı niyə ikinci dəfə Akif Hüseynova göndərmisən? Mustafa dedi, Vilayət çox şişirdib Aslanı. Vidadi soruşdu ki, sənə kim deyib ki, Akif Vilayətdən böyük tənqidçidir? Mənə dedi ki, get, narahat olma. Kitabı gecə özüm oxuyacağam. Səhər gələrsən. Səhər gəldim, Vidadi dedi ki, kitabı bütün oxumadım, amma lazım olan yerlərini oxudum. Heç kim sənin qabağını kəsə bilməz. Kitabın çap olunacaq. O çap olunan, bu çap olunan, kitab çap olunmadı. Neçə ildən sonra Əkrəm Əylisli qovluğu qaytardı mənə. Sovet vaxtı başqa heç nəyim çap olunmadı. Bilirsən, indi durub deyirlər ki, biz dissident idik. Bütün komsomol mükafatlarını almışdılar, ev-eşik almışdılar, kitabları çap olunurdu, amma indi deyirlər, dissident idik. Belə şey olmur axı. Bax, həmin adamlar mənim hekayələrimi çap eləmirdilər. Çünki hekayəmin axırında personaj deyirdi ki, lənətə gəlsin belə həyat. Sosializm cəmiyyətində belə şey yazmaq olmazdı axı. Bir dəfə də hekayəmi vermişdim “Ulduz”a, Seyran Səxavət çap eləmirdi ki, hekayənin qəhrəmanı sərxoşdur. Sabirə dedim, o da Seyranla danışdı, amma yenə çap eləmədilər. İndi mən bunları danışanda, yazanda zəng edirlər, deyirlər, niyə yazırsan bunları? Unudaq getsin. Niyə unudaq? Həmid, bu mənim həyatımdır. Bir şeyi də danışım. “Zəng çiçəkləri” povestimi apardım “Yazıçı” nəşriyyatına. Sabir dedi ki, nəsr şöbəsində Elçin adlı oğlan var, ver povesti ona, oxuyub cavab desin. Nə desə, odur. Üç gündən sonra Elçin çağırdı, getdim, ovcuma baxdı, dedi ki, sənin ovcundakı izlər bir-birinə paralel deyil, bu da o deməkdir ki, səndən heç vaxt yazıçı olmayacaq. Çox yazacaqsan, amma heç vaxt heç yerdə çap olunmayacaqsan. Soruşdum ki, povesti oxumusan? Dedi, oxumağa ehtiyac yoxdur ki, gördüm də nə var, nə yox. Amma onun peyğəmbərliyi düz çıxdı. Çox yazdım, alınmadı. Bunların hamısını “Onlar məni öldürdü” xatirə yazımda yazmışam.