Birincisi, Avropaya meyxanaçı maraqlı olsaydı, çoxdan özünə meyxana kimi bir sənət düzəltmişdi. Ki, heç buna ehtiyac da yoxdur, rep var. İkincisi, bu adamlar avropada meyxanaçı kimi doğulsaydılar, tamamən lazımsız bir şey olacaqdılar. Avropa qazandığını film, idman, texnologiya sektorundan qazanır. Onlara iki adamın bir-birinin nənəsini söyməsi, yaxud da bəlli həqiqətlər üzərindən təkrar söz emal etməsi maraqlı deyil. Üçüncüsü, ən vacibi isə Azərbaycanda bu meyxanaçılar layiqincə, hətta layiq olduğundan da artıq dəyər verilir. Yazılı ədəbiyyat nümayəndələrinin hansı biri 150 minlik maşın sürür? Hansının cibinə 50 manatlıqlar basılır? Heç birinin. Amma ağzına gələni deyə-deyə 150 minlik maşın sürən, restoranda verdiyi hesabla gündəmə gələn azı beş-on meyxanaçımız var. Nədən narazısınız? Azərbaycanda dəyəri görən bir meyxanaçılardır, bir də səsi studiyada düzəldilən əldəqayırma müğənnilər.