Bu gün görkəmli rejissor, yazıçı, ssenarist Həsən Seyidbəylinin anım gündür.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, sədri olmuş rejissor Həsən Seyidbəylinin yaradıcılığına ümumi nəzər yetirmək, rejissorun yaradıcı proseslərlə bağlı fikirlərini, maraqlı tarixi faktları diqqətinizə çatdırmağa qərar verdik.
Kulis.az bu münasibətlə Tofiq İlkinin"Həsən Seyidbəyli" adlı məqaləsini təqdim edir.
Bir gün Mircəfər Bağırov Seyidbəyli soyadına görə Həsən Seyidbəylini Mərkəzi Komitəyə çağırıb. O vaxt Azərbaycanda Seyidbəyli soyadı bir onda, bir də əslən qarabağlı olan nəsildə vardı. Onlar Sibirə sürgün olunublar. Mircəfər Bağırov da rejissoru çağırıb həmin nəsildən olub-olmaması ilə maraqlanıb. Biləndə ki, o, bakılıdır, sərbəst buraxıb.
Ölümü ani baş verib. Otuz saniyənin içində dünyasını dəyişib. Naharını edəndən sonra qəfildən halı pisləşib. Həyat yoldaşı ona iynə vursa da, vəziyyəti düzəlməyib. Bir-iki dəfə möhkəmdən qışqırandan sonra oğlu Ziyanın qucağında can verib. Onda 1980-ci il iyunun 25-i idi və Həsən Seyidbəylinin 59 yaşı vardı...
HƏSƏN SEYİDBƏYLİ YAZIÇI KİMİ
Həsən Seyidbəylinin yazıçı kimi Azərbaycan ədəbiyyatında xüsusi yeri var. Onun ilk kitabı – “Kənd həkimi” 1950-ci ildə çap edilib və sonralar 20-dən artıq kitab yazıb. İmran Qasımovla birgə yazdığı “Uzaq sahillərdə” kitabı isə dəfələrlə nəşr edilib. Yazıçının müxtəlif yaş həddi üçün yazdığı əsərlər öz dövründə müəllifə böyük şöhrət qazandırıb. “İmtahan”, “Qızıl axtaranlar”, “Bağlı qapılar” adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulub. Bundan başqa, “Kür sahillərində (1953), “Bizim Astarada” (1956), “Telefonçu qız” (1960) povestləri, “Cəbhədən-cəbhəyə” (1961), “İllər keçir” (1973, İ.Qasımovla birgə), “Tərsanə” (1975), “Çiçək” (1978) romanları, “Dəniz cəsurları sevir” (1954 , “Sən nə üçün yaşayırsan” (1959, hər ikisi İ.Qasımovla birgə) pyesləri müasirlərinin əməyindən mənəvi-əxlaqi saflığından bəhs edən əsərlər sırasındadır.
PEŞƏKAR PUBLİSİST
Həsən Seyidbəyli eyni zamanda peşəkar publisist idi. İctimai-siyasi xadim kimi tez-tez xarici ölkələrdə müxtəlif səfərlərdə olur və hər səfərdən qayıdışını mətbuat səhifələrində oçerk, təəssürat, yol qeydləri yazaraq təəssüratını bölüşürdü. “İlk tanışlıq”, “On beş gün Yaponiyada”, “Yuqoslaviya xatirələri”, “İyirmi gün Amerikada”, “Gördüyüm yerlər…” adlı publisistik kitablarda məhz həmin səfər təəssüratlarından bəhs edib. Həm yazıçı kimi, eyni zamanda kinorejissor kimi mükəmməl yaradıcılığa malik olan Seyidbəyli bir neçə çağırış Azərbaycan Ali Sovetinin və Bakı Sovetinin deputatı kimi də fəaliyyət göstərib.
Mehdi Hüseynzadəyə həsr olunmuş “Uzaq sahillərdə” (1954, İ.Qasımovla birgə) romanının ərsəyə gəlməsinin maraqlı tarixçəsi var.
TARİXİ FAKT:
Ulu Öndər Heydər Əliyevin xatirələrindən öyrənirik:
“Mehdi Hüseynzadənin kəşf olunmasında mənim şəxsi xidmətim olub. O vaxt mən DTK-da işləyirdim, 50-ci illərin əvvəli idi. Müharibə vaxtı kimin faşistlərə xidmət etməsi, kimin onlara satılması, kimin qəhrəman olması məsələləri ilə məşğul idik.
Xatirimdədir, təxminən, 1956-57-ci illər idi, bunları qəbul etmək istəmirdilər. Yenə deyirəm, istiqamət ondan ibarət idi ki, düşmənləri tapaq, görək, kim gedib legionda qulluq edib, kim faşistlərə qulluq edib. Orada kim qəhrəmanlıq göstərib, onları axtaran yox idi. Materiallar meydana çıxanda belə bir qərara gəldik ki, bu barədə bir oçerk yaradaq. Materialları iki-üç işçimizə verdik ki, onlar yazsınlar. Onlar bunu yazmağa başladılar. Ancaq peşəkar olmadıqları üçün bir şey alınmadı. Ona görə də bu dəfə materialları Kommunist Partiyasının Mərkəzi Komitəsinə təqdim edərək onlardan xahiş etdik ki, Mehdi Hüseynzadə haqqında əsər yazılması üçün bizə kömək etsinlər. Sonra isə əldə olan materialları komsomola təqdim etdik. İmran Qasımovla Həsən Seyidbəyli bu sahədə işləyən gənclər idilər və materialları tez mənimsədilər. Biz də onlara yaxından kömək etdik. Onlar bunu yazdılar, sonra da film çəkildi. Film çəkiləndən sonra böyük çətinliklə Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verildi. Bu ad veriləndən sonra da axırı mənə qismət oldu ki, Mehdi Hüseynzadənin xatirəsinə böyük abidə yaratdıq, gərək ki, 1973-cü ildə onu təntənə ilə açdıq. Bunlar hamısı-tariximiz, ədəbiyyatımız, kinomuz bir-biri ilə bağlıdır. Bunlar həyatımızın çox əhəmiyyətli cəhətləri olduğu üçün mütləq filmlərimizdə göstərmək lazımdır”.
SEYİDBƏYLİNİN REJİSSOR DÜNYASI
Həsən Seyidbəyli kino yaradıcılığına kiçik oçerklər müəllifi kimi başlayıb. “Böyük yol”, “Bakıdan- Göygölədək” film-oçerkləri Azərbaycan kinosuna istedadlı bir gəncin gəlişindən xəbər verirdi. Ssenarisi əsasında çəkilən ilk bədii-sənədli film “Doğma xalqıma” (1954) filmidir.
Onu da qeyd edək ki, bu film ilk rəngli Azərbaycan bədii-sənədli filmi olmaqla yanaşı, konsert janrında çəkilmiş və dövrün böyük incəsənət xadimlərinin yaradıcılıq hesabatı xarakteri daşıyır.
Böyük kino ilə ilk təması, qeyd etdiyimiz kimi, Mehdi Hüseynzadədən bəhs edən, ssenarisini Xalq yazıçısı İmran Qasımovla birgə yazdıqları “Uzaq sahillərdə” filmi ilə baş tutub. Rejissorun yaradıcılığında ən böyük işlərdən olan “Nəsimi” (1973) filmini çəkmək isə onun üçün ən çətin bir imtahan olub. Ziddiyyətli tarixi bir dövrün materiallarını bədii kinoya gətirmək riskli olduğu qədər də çətin idi, ancaq rejissor bu riskə gedib. Və bu riskli işin sonunda əldə edilən nəticə, filmin bədii keyfiyyətlərinin yüksək olması, Nəsiminin yaşadığı dövrü, onun şair, eyni zamanda yüksək duyğulara malik insan kimi kinoportretini ekrana gətirmək tamaşaçıları valeh etmişdi və bu gündə film öz təsir gücünü qoruyub saxlayır.
Həsən Seyidbəyli həm ssenarist kimi, həm rejissor kimi Azərbaycan kinematoqrafiyasına bir-birindən maraqlı ekran əsərləri bəxş edib. Hətta filmlərinin bir çoxunu öz əsəri əsasında ekranlaşdırıb. “Qızmar günəş altında”, “Uzaq sahillərdə” filmlərinin ssenari müəllifi, “Telefonçu qız”, “Kimi daha çox sevirik”, “Möcüzələr adası”, “Sən niyə susursan”, “O qızı tapın”, “Xoşbəxtlik qayğıları” filmlərinin isə ssenari müəllifi olmaqla bərabər, həm də rejissoruydu. “Bizim Cəbiş müəllim” və “Nəsimi” filmlərinə isə sadəcə rejissor kimi quruluş vermişdi. Rejissorun bir-birinin ardınca çəkdiyi filmlər mövzusu, konflikti, cəmiyyətin bəzi problemlərini açıb göstərməsi istiqamətində çox maraqlı və dəyərli sənət nümunələri hesab olunur. “Xoşbəxtlik qayğıları” filmində qəhrəmanlar köhnəliyin qalıqlarına qarşı çıxır, hər şeyi yenidən başlamaq istəyirlər. Bu mövzu rejissorun cəmiyyətə, dünyaya vermək istədiyi əsl mesajı idi.
1972-Cİ İL "KOMMUNİST” QƏZETİ"
“Kinomuzun bu günü və sabahı” adlı məqalədə Həsən Seyidbəyli yaradıclığını əhatə edən sualları geniş əhatəli cavablandırıb.
Yeri gəlmişkən, 1972-ci ildə “Kommunist” qəzetində dərc edilən müsahibə “Nəsimi” filminin çəkilişlərinə hazırlıq prosesləri zamanı baş tutub.
“Hansı bədii film müasir zamanın, dövrün tələblərini ödəyə bilər və onun qəhrəmanının xarakteri necə olmalıdır”? sualına Həsən Seyidbəylinin cavabı: "Sənət yeninin yaradıcısıdır və onun mahiyyətindəki müasirlik keçici hal deyil, əbədilik kimi qiymətləndirilməlidir. Yenilik isə daim axtarışlar aparılmasını, kəşflər edilməsini istəyir və bu keyfiyyətlərin uğurlu həllində əbədiləşir. Buna görə də digər sənətlərlə yanaşı kinoda da müasirlik zamanın, dövrün tələblərinə uyğun olaraq dəyişir, özünün yeni-yeni keyfiyyətlərini biruzə verir. Deməli, sözün əsl mənasında müasir sənət əsəri yaratmaq istəyiriksə, zamanın nəbzini tutmalı, dövrün yüksək tələblərinə cavab verən, tamaşaçıları düşündürüb, onlara saf ideyalar aşılayan filmlər yaratmalıyıq”.
Rejissor müasirlərimizin dolğun, parlaq surətlərinin ekran həllində nöqsanların olmasından bəhs edərək deyib ki, müasir filmin qəhrəmanı yalnız özünü deyil, minlərlə adamı düşünən, onların xoşbəxt gələcəyi uğrunda inamla vuruşan fədai olmalıdır: “Onlarda gələcəyə, qələbəyə, öz arzu və amallarına, əqidələrinə möhkəm və sarsılmaz inam olmalıdır.
Mehdi Hüseynzadə (“Uzaq sahillərdə”), Başkirtsev (“Odun ram edilməsi”), Bəxtiyar (“Yeddi oğul istərəm”) obrazlarında bu keyfiyyətlər öz əksini tapdığına görə onlar qəlbimizdə silinməz izlər buraxır, bizimlə doğmalaşırlar. Bəzən biz müasir qəhrəmanı uzaqlarda axtarırıq. Halbuki o, həmişə gözümüz önündədir, bizimlə birgə fəaliyyət göstərir, gülür, danışır, kədərlənir, mübarizə aparır. Əsas məsələ insanları dərindən müşahidə etmək, onların xarakterlərinə, arzu və əməllərinə xas olan fərdi keyfiyyətləri ümumiləşdirib ekranda bitkin obraz yaratmaqdır. Eyni zamanda unutmaq olmaz ki, ən yaxşı insan belə həyatda səhv edə bilər və bu heç də obrazın bitkinliyinə xələl gətirmir, əksinə, xarakter kimi müxtəlif münaqişəli mərhələlərdən keçib saflaşdıqca ona rəğbətimiz daha da artır”.
YARIMÇIQ SSENARİLƏR
Müxtəlif janrlara müraciət etmək çətin olduğu qədər də, məsuliyyətlidir. Hələ “Nəsimi” tarixi bioqrafik filmin hazırlıq prosesində, eləcə də çəkilişlər vaxtı Həsən Seyidbəyli bütün bunların şahidi olmuşdu. Ən önəmlisi isə film İsa Hüseynovun senarisi əsasında çəkilməsinə baxmayaraq Həsən Seyidbəyli filmə həm rejissor kimi, həm də yazıçı təxəyyülü ilə yanaşmışdı. Zamanında çəkilən film elə zamanında da uğur qazandı və qazanılan nəticə bu günə kimi də davam edir. Yəqin bu uğurun nəticəsi idi ki, rejissor “Nəsimi” tarixi bioqrafik filmindən sonra “Babək” və “Nizami” filmlərini çəkmək istəyib. Çox təəssüf ki, hər iki filmi çəkmək rejissora qismət olmayıb. Əgər hər iki film Həsən Seyidbəylinin quruluşunda çəkilsəydi, əlbəttə ki, fərqli rejissor yozumu ilə rastlaşa bilərdik…
SON SÖZ ƏVƏZİ: Həsən Seyidbəyli ictimai xadim kimi də Azərbaycan kinosunun inkişaf etməsində mühüm rol oynayıb. Uzun illər Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri (1963-1980) vəzifəsində çalışıb. Rəhbərliyi dövründə yeni nəsil kinematoqrafçıları ittifaqa toplayıb, dünya kinosunun təcrübəsindən bəhrələnərək kinomuzun inkişafına şərait yaradıb və ən önəmlisi Azərbaycan Kinematoqrafçılar İttifaqını kinomuzun maraqlarını qoruyan mərkəzə çevirib.