Natiq Cəfərli: “2025-ci, ya da 2026-cı ildə mütləq referendum olacaq, sonra isə yeni Konstitusiyaya uyğun parlament seçkiləri keçiriləcək”
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Prezident İlham Əliyevə Milli Məclisin buraxılması, növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü qaldırılıb. Əsas gətirilib ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası kimi mötəbər beynəlxalq tədbirlərin 2024-cü ilin noyabr ayında Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib ki, bu tədbirlər on minlərlə xarici qonağa Azərbaycanı yaxından tanıtmaq, ölkəmizin bütün dünyada ədalətli sülhə, bərabərliyə, haqqa və hüquqa əsaslanan münasibətləri təbliğ və təşviq edən mövqeyini çatdırmaq üçün əlverişli fürsət olacaq. Bildirilib ki, COP29-un və digər mötəbər beynəlxalq tədbirlərin keçiriləcəyi vaxtda - 2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Konstitusiyasının 981 maddəsinin II hissəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçirilməlidir.
“Həm seçkilərin, həm də qeyd olunan tədbirlərin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, həmin dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədəmüvafiqliyi də nəzərə alınmalıdır. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi fəaliyyət dövrü ərzində dövlətin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək, dövlət idarəetməsinin təşkili və daha da təkmilləşdirilməsi fəaliyyətində yaxından iştirak etmək, yerlərdə seçicilərlə müntəzəm iş aparmaq, həmçinin parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə olunması sayəsində milli maraqları beynəlxalq məkanda təəssübkeşliklə təmsil etməklə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb. Hesab edirik ki, indiki şəraitdə də Milli Məclis dövlət maraqlarını üstün tutaraq Milli Məclisin buraxılması və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir”, - deyə YAP-ın təşəbbüsündə qeyd edilib. Və YAP-ı Milli Məclisində təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.
İyunun 21-də Milli Məclisin iclasında məsələyə baxılıb və hakim partiyanın təşəbbüsü qəbul edilib. Milli Məclis buraxılması ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Prezident hələ ki, parlamentin buraxılması ilə bağlı qərar verməyib. Amma güman edilir ki, bu günlərdə ölkə başçısı Milli Məclisin buraxılması qərarını imzalayacaq və növbədənkənar seçkilər təyin olunacaq. Əksər ekspertlər hesab edirlər ki, növbədənkənar parlament seçkiləri Sentyabr ayının əvvəllərinə təyin ediləcək.
Artıq ölkədəki ictimai-siyasi təşkilatlar, şəxslər də seçkilərdə namizəd kimi çıxış etmək niyyətindədirlər. Müxalifətdə olan Respublikaçı Alternativ Partiyası (REAL) seçkilərdə iştirak etməkdə qərarlıdır. Partiyanın Siyasi Komitəsinin üzvü, icra katibi Natiq Cəfərli YAP-ın seçki təşəbbüsü ilə bağlı AYNA-nın suallarını cavablandırarkən deyib ki, əslində növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilən olduğu üçün təəccüblü məqam yoxdur:
- Sadəcə bir sual açıq qalırdı: referendum, yoxsa seçkilər? Çünki referendumolsaydı, seçkiləri gələn ilə saxlamaq olardı. İndiki Azərbaycan Konstitusiyası seçkiləri gələn ilə saxlamağa imkan vermir. Konstitusiyanı pozmaq olmaz. Referendum olsaydı, keçici bir maddə ilə seçkiləri gələn ilin mart ayının 10-dək seçkiləri saxlamaq olardı. Heyif ki, bu, baş vermədi. Çünki referendum keçirilib, sonra parlament seçkiləri keçirilsəydi daha yaxşı olardı. Ölkənin siyasi, iqtisadi, sosial, idarəetmə problemlərinin həlli yalnız referendum keçiriləndən sonra mümkündür.
-Sizcə, niyə əvvəl referendum, sonra parlament seçkiləri olmadı?
-Məncə, bunun Ermənistanla sülh danışıqları ilə əlaqəsi var. Ermənistanda da konstitusiya dəyişikliyi, referendum məsələsi gündəmə çevrilib. Amma orada Baş nazir Nikol Paşinyan və komandası zəif mövqedədir. Ona görə də öz mövqelərini gücləndirmək üçün referenduma əlavə bir neçə maddə də çıxarmaq istəyirlər ki, bunlardan biri də Avropa Birliyinə üzvlük məsələsidir. Əgər Ermənistanda referendum keçirilmiş olsaydı, yaxud da sülh sazişi imzalanmış olsaydı, o zaman bizdə referendum əvvələ keçirilə bilərdi. Görünür indi referendum və ardınca parlament seçkisi keçirmək üçün zaman da çatmır. COP29 doğrudan da, böyük tədbir olacaq. Təxminən 90 ölkənin rəhbəri, yaxud ən yüksək çinli vəzifəlisi iştirak edəcək. Beynəlxalq təşkilatların rəhbərləri Bakıya gələcək. Noyabr ayında Bakıda seçki keçirmək texniki olaraq mümkünsüz idi. Ona görə də hakimiyyət növbədənkənar seçkilər qərarı verdi. Nə qədər qəribə səslənsə də, bu seçkilərlə formalaşacaq parlamentin də müvəqqəti olması ehtimalı çoxdur.
- Niyə bu qənaətdəsiniz? Nəzərə alaq ki, bundan əvvəlki parlamentə də müvəqqəti deyilirdi, amma 4 il yarım fəaliyyət göstərdi...
- İndiki Azərbaycan Konstitusiyası dəyişməsə, hər şey olduğu kimi qalsa, bu seçkilərlə formalaşacaq parlament 4 il 2 ay işləyə biləcək. Konstitusiya dəyişsə, yeni alqoritm yaranacaq, seçkilərə ehtiyac yaranacaq. Digər tərəfdən, ölkədə ard-arda bir neçə dəfə növbədənkənar seçki keçirilib. Bunu qaydaya salmaq, normaya çevirmək lazımdır. Çünki siyasi alqoritmin pozulması heç də yaxşı deyil. Bütün dünyada seçkilərin vaxtı bəllidir və ona hazırlaşılır. Bizdə “hər zaman seçki ola bilər” abu-havası yaranıb. Ona görə də bu məsələni yoluna qoymaq lazımdır.
Konstitusiyada dəyişiklik olacaqsa, - mən ehtimal edirəm ki, yaxın bir-iki il ərzində referendum keçiriləcək – o zaman yeni zamanlama ilə, yeni alqoritmlə həm bələdiyyə, həm parlament, həm də prezident seçkilərini dizayn etmək olar.
- Məsələ təkcə siyasi alqoritmin pozulmasıdırmı?
- Əlbəttə, yox. Biz REAL Partiyası olaraq israrla təklif edirdik ki, ilk olaraq referendum keçirilsin, ölkənin inzibati-ərazi bölgüsündən tutmuş, icra hakimiyyəti institutunun ləğvi, bələdiyyələrin gücləndirilməsi, hakimiyyət qolları arasında məsuliyyət və səlahiyyət bölgününün dəqiqləşdirilməsinə, proporsional seçkiyə keçidə qədər ölkənin qarşısında duran problemlərin həlli üçün hüquqi baza yaradılsın. Yenə deyirəm, təəssüf ki, bu baş vermədi, ilk olaraq köhnə qaydalarla, majoritar sistemlə seçkiyə getməyə qərar verildi. Dəfələrlə publik çıxışlarımızda majoritar sistemdə səslərin çoxunun “boşa” getdiyini sübut etmişik. Əgər ikipilləli deyilsə, deputat sadə səs çoxluğu ilə seçilirsə, vətəndaşların verdiyi səslərin çoxu nəzərə alınmırsa, bu, yaxşı sistem deyil. Ona görə də, düşünürəm ki, çox güman ki, sentyabrın əvvəli baş tutacaq bu seçkilər də “ara seçkilər” olacaq, formalaşacaq parlament yenə 5 il qalmayacaq. Çünki referendumsuz, oyun qaydalarını dəyişmədən, idarəetməni təkmilləşdirmədən ölkə problemlərini həll etmək mümkün deyil. Yəni üzümüzə gələn 2025-ci, ya da 2026-cı ildə mütləq referendum olacaq, sonra isə yeni Konstitusiyaya uyğun parlament seçkiləri keçiriləcək.
- REAL seçkilərdə necə iştirak edəcək?
- Növbədənkənar parlament seçkilərinin keçiriləcəyini əvvəlcədən proqnozlaşdırmışdıq. Ona görə də, REAL hələ keçən ilin sonunda Seçki Qərargahı təsis etdi, seçki işlərinə rəhbərlik Siyasi Komitənin üzvü, tanınmış vəkil Rasul Cəfərova həvalə olundu. Bu günə qədər qərargah , çox yaxşı işləyib, onlarla tədbir keçirib, seçkilərə hazırlıq işləri görülüb. Artıq bir neçə namizədimiz də müəyyənləşib. Sadəcə kim hansı dairədən namizəd olacaq, sonra dəqiqləşəcək. REAL, şəxsən mən seçkilərdə aktiv iştirak edəcəyik. Mənim 3 dəfə namizəd olduğum 12 saylı dairə kökündən dəyişdirilib, demək olar ki, ləğv edilib, başqa dairələr arasında bölünüb. Ona görə də, bu seçkilərdə bir neçə dairədən namizəd vermək haqqında düşündüm. Bəzi dairə ərazilərdində REAL Gənclər Birliyi sorğular da keçirdi hələlik namizədlik üçün ən uyğun dairə 33 saylı Xətai birinci seçki dairəsi görünür. Bu dairənin 4 ildən çoxdur ki, deputatı yoxdur, kifayət qədər sayda müxalif və azad düşüncəli insanların yaşadığı dairədir. Ona görə də, ilkin araşdırmalardan sonra komanda olaraq, hələlik məhz bu dairənin üzərində dayanmışıq. Amma araşdırmalarımız, sorğularımız hələ davam edir.
Bilirsiniz, bu seçkilər ölkənin yönünü, yolunu müəyyən etmək üçün çox vacibdir. Xalq olaraq hakimiyyətə çox güclü dəyişiklik istəyi mesajı verməliyik ki, tərpəniş olsun, islahatlar aparmağa məcbur qalsınlar.
- Bu seçkilərin necə keçəcəyini gözləyirsiniz?
- Yenə də deyirəm, bu seçki ölkənin yeni şərtlərdə yönünü müəyyənləşdirəcək. Prezident İlham Əliyev yanvar ayında çıxışında təklif etdi ki, yeni ideyalar üzərində diskussiya açılsın. Təəssüf ki, bu diskussiya açılmadı. Ölkənin hansı istiqamətdə gedəcəyini müəyyənləşdirmək vacibdir. Azərbaycanın bir nömrəli problemi işğal olunmuş ərazilərimizin azadlığı idi. Ali Baş Komandanın böyük səyi, xalqın, müxalifətin dəstəyi və ordumuzun gücü ilə torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz bərpa edildi. İndi sual budur: sonra? Biz hara gedirik, ölkəni hara aparırıq? Ümumi strategiya bəlli olmalıdır və iqtidar da, müxalifət də o istiqamətdə siyasətini aparmalıdır. Bu ideyanın gerçəkləşməsi yolu fərqli ola bilər, amma məqsədi diskussiyalarla müəyyənləşdirmək lazımdır. Sual olunur: 2030-cu ildə biz harada olacağıq? Bunu müəyyənləşdirmək vacibdir. Ona görə də bu seçkilərdən gözləntilər böyükdür. Demokratik, şəffaf seçkilər keçirilməsini istəyirik. Bu, vacib məsələdir. Hökumət seçkini necə keçirəcək, bunu indi demək çətindir. Müxalif qüvvələr də seçkilərdə aktiv iştirak etməlidir, hökumətə mesaj verilməlidir ki, insanlar dəyişiklik, islahat istəyir. Söhbət hakimiyyətin dəyişməsindən yox, sistemin, idarəetmə formasının dəyişməsindən gedir.