Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Minillik büt, daşlaşmış çaxır, sufi naxışları, sirlər gizlədən tarix... - REPORTAJ



Zəlzələlər nəticəsində dəfələrlə yerlə-yeksan olmuş, amma hələ də özündə minilliklərin tarixini saxlayan bir şəhər var Azərbaycanda. Ədəbi şəxsiyyətlərin - Şirvaninin, Xaqaninin, Nəsiminin, Sabirin yurdu - Şamaxı. 

Bu tarix-şəhərə yetişənə qədər 

“Şamaxı, ey mənim sevimli yurdum,

Mən sənin qoynunda xaniman qurdum” 

- misraları beynimdə susmurdu. 

Şəhərə daxil olanda buradan gələn tarix qoxusunu hiss etməmək mümkün deyil... 

Elə qarşıma çıxan ilk muzeyə bilet aldım. Şamaxı Tarix Diyarşünaslıq Muzeyinin həyətindəki büstlər diqqətimi çəkdi. Şamaxılı və yazıb-yaradan ədiblərimiz...

Muzey özündə tarixdən müəyyən parçalar saxlayır və göz oxşayır. Bələdçilik edən xanıma yaxınlaşdım. Həvəslə yardımını təklif etdi və onunla bərabər tarixin qatlarına səyahət etdik. 

Divardakı ilk tablonun mənası nədir?

“Burada gördüyünüz qravürlər orta əsrlərə aiddir. Şamaxının ərazisi bu qravürlərdə  təsvir olunub. İnsanlar, onların məşğuliyyəti, Pir Dirəyi dağı, Gülüstan qalası burada öz əksini tapıb. Bunlar avropalı Olfert Dapper və digər səyyahlara aid qravürlərdir”.

 Qoçabənzər böyük heyvan fiqurları isə muzeyin ən maraqlı eksponatlarından biri idi.

Bu qoç fiqurları nəyi simvolizə edir?

“Bu abidə Qaraqoyunlu dövlətinə aiddir. Qəbirüstü daşlardır. Bunlar qəbirüstü abidənin baş hissəsi, digər tərəfdəki isə qoçun gövdə hissəsidir. Bu qoçlar Qaraqoyunluların simvolu olub”.

Şüşənin altındakı kitablar isə diqqətimi çəkən ən maraqlı eksponatlardan oldu.

Bu kitablar kimlərin əsəridir?

“Burada çox ədiblərin əsərləri var. Məsələn, Nizaminin “İqbalnamə”si və “İsgəndərnamə”si. Eyni zamanda, Qurandan hissələr və Osmanlı tarixi də saxlanılan eksponatlar arasında öz əksini tapır. Şüşənin altında saxlanan kitablar arasında ərəb və fars dilində yazılmış kitablar, Molla Fənarinin islam fiqhi barədə əsəri, ərəb dilinin qrammatikası da var”.

Göz oxşayan eksponatın qarşısında durduq. O qədər gözəl idilər ki, gözümü ayıra bilmirdim. Heyrət dolu baxışlarımı görüb, özü danışmağa başladı.

“Bu, sufizm bölməsidir. Arxa tərəfdə gördüyünüz papaq isə xəlvəti şeyxinə məxsus olan sufi papağıdır. Papağın üzərində 40 zolaq var. Bu da 40 gün çillə çıxarmaq adəti ilə əlaqələndirilir. Zəhrabinin tibb əsərindən bir parçadır ki, üzərində tibbi alətlər təsvir olunub. Digəri isə Məhəmməd Bakuvinin “Quran təfsiri” adlı kitabıdır. Kitab 2 cilddən ibarətdir, 2-ci cildi muzeyimizdə saxlanılır. Qarşıdakı bəzəkli qab isə Quran qabıdır. Üzəri qızılı və gümüşü saplarla işlənib. Balıqqulağı formasındakı eksponat isə indiki gözmuncuğunu əvəz edir və üzərində dualar yazılıb”.

Vaxt itirmədən pilləkənlərlə ikinci mərtəbəyə qalxdım. Əslində necə zəngin tarixə malik olduğumuzu yavaş-yavaş qavrayırdım. Böyük bir şüşənin qarşısında durub, içəridə olan hər xırda şeyi nəzərdən keçirməyə başladım. Xırda və qəribə qablara baxdım.

Bunlar hansı məqsəd üçün istifadə olunub?

“Qazıntılar zamanı tapılıb və eramızın I-II əsrlərinə aiddir. Məişətdə müxtəlif məqsədlər üçün istifadə olunub. Kiçik qablar “uşaq əmzikləri” adlanır, uşaqlara yemık vermək üçün istifadə olunub. Müasir dövrdə istifadə olunan uşaq əmziklərinin rolunu oynayıb. Arxa tərəfdə gördüyünüz isə nehrə çalxalamaq üçün istifadə olunub. “Çölmək” adlanan məişət əşyası isə çömçə rolunu oynayır”.

Arxa tərəfimdə dayanan əzəmətli bütə baxdım. Və dərhal fotosunu çəkib, bələdçiyə sual verdim.

Bu büt haradan, Şamaxının hansı kəndindən tapılıb?

“Büt Şamaxının Xınıslı kəndindən tapılıb. I-IV əsrlərə aiddir. İslamdan əvvəl insanların sitayiş etdiyi bütdür”.

Muzeydəki qadın bəzək əşyaları, tunc dövründən qalan pullar, qadın geyim və kəlağayıları insanı məst edirdi sanki. 

Şamaxı öz üzümləri və şərabları ilə məşhur şəhərlərimizdəndi. Ona görə də diqqət çəkən o maraqlı eksponatların saxlanıldığı şüşəyə yaxınlaşdım.

Daşa bənzəyən bu parça nədir və nə üçün istifadə olunub?

“Qatılaşdırılmış çaxır qalığıdır. Saxsı qabın içərisində bu vəziyyətdə tapılıb. Bunu da qədim dövrdə saxlayırdılar, bir damcısını bir stəkan suya tökməklə mükəmməl çaxır əldə etmək mümkündür. Ən maraqlı eksponatlardan biri isə 6 insan sifəti olan kuzədir. Üzlərin biri digərini tamamlayır, fərqli emosiyaları ehtiva edir. Mənası isə insanların içki içərkən üzlərinin müxtəlif emosiyalara düşdüyünü bildirir”.

Yaşadığı dəhşətli təbii fəlakətə rəğmən bərpa olunan, varlığını saxlayan və tariximizi yaşadan şəhər. Ümid edirik ki, bu muzey daha çox Şamaxının xeyirli günlərinə, qəhrəmanlıq, fikir və mədəniyyət tarixinə aid eksponatlarla zənginləşəcək. 

Yolunuz Şamaxıdan keçsə, buraya - tariximizin bələdçisinə baş çəkmədən və buranın zəhmətkeş, bacarıqlı bələdçilərinə təşəkkür etmədən getməyin...


Mədinə Useynova






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10