Ekspertlərə görə, bu cür adətləri inzibati qaydada ləğv eləmək mümkün deyil, ona görə də...
“Türkiyənin İzmir şəhərində yas mərasimində yemək verilmə adətinin ləğvi barədə xəbəri eşitdik. Bu haqda həmişə düşünmüşəm, lakin çəkinmişəm ki, toylarda, yaslarda israfçılığın aradan qaldırılması barədə təkliflər versəm, bu, insan hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.
Ona görə də bu haqda həmişə ehtiyatla söz demişəm. İndi isə dövlət orqanlarına deyil, şəxsən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə müraciət etmək istəyirəm ki, belə bir qərar qəbul etsinlər, yas mərasimlərində yemək vermək adəti yığışdırılsın. Bu, bahalıq şəraitində yaxını vəfat etmiş insanlara həddən artıq böyük yükdür. İnsanlara çox çətinliklər yaradır. Bilmirlər, dəfnlə məşğul olsunlar, yoxsa camaata yemək versinlər”. Bu sözləri pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib. “Ümumiyyətlə, ehsana qarşı deyiləm. Kim ehsan vermək istəyirsə, müəyyən yerlərdə verə bilər. İmkanı olan şəxslər hansısa kəndə yol çəkilməsini həyata keçirə, yaxud qəbiristanlıq yolunu düzəldə, abadlıq işləri apara, kimsəsizlər evinə yardımlar edə bilərlər. Bəlkə, bu, vəfat edənin ruhu üçün daha xoş olar. Xahiş edirəm, bu təklifimə baxsınlar. Azərbaycanda yas mərasimlərində yemək vermək adətinin aradan qaldırılması barədə fətva versinlər”, - deputat bildirib.
Qeyd edək ki, hələ 2014-cü ildə Azərbaycanda “ehsan qadağası” tətbiq edilməyə başlamışdı. Belə ki, yas mərasimlərində israfçı süfrələrin qarşısının alınması üçün 2014-cü ilin avqustunda ilk dəfə hökumət bütün ölkə boyu mübarizəyə başladı, ehsan süfrələrinin açılmaması tövsiyə olundu. Hətta bəzi yerlərdə qadağaya riayət edilməməsi ilə əlaqədar sərt tədbirlərə əl atıldı. Bir müddət bu sahədə normal durum yaransa da, sonradan ənənəvi vəziyyət bərpa olunmağa başladı.
Bəzi yerlərdə məsələlər həllini tapdı. Məsələn, Naxçıvanın Mahmudkənd və Culfa rayonunun Camaldın kəndinin sakinləri yas mərasimlərində yemək verilməsini dayandırıblar.
Bunu israfçılıq hesab edən kənd sakinləri Camaldın kəndində yas mərasimlərində yalnız çay süfrəsi olacağını bildiriblər.
Eləcə də ötən il Şəki rayonunun Şirinbulaq kənd camaatının ümumi qərarı ilə bundan sonra yas mərasimlərində yemək verilməyəcəyi açıqlanmışdı. Həmçinin Şəkinin Böyük Dəhnə, Kiçik Dəhnə və Oxud kəndlərində də artıq yaslarda yemək verilməsi adətinin tədricən aradan qalxdığını bildirimişdilər.
Ceyhun Məmmədov
Millət vəkili Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, məsələ ilə bağlı müxtəlif istiqamətlərdə işlərin həyata keçirilməsinə ehtiyac var: “Əslində bu məsələ uzun müddətdir ki, Azərbaycan cəmiyyətində müzakirə olunur. Mən də dəfələrlə bu mövzunu mediada səsləndirmişəm. Hesab edirəm ki, bu məsələ ilə bağlı müxtəlif istiqamətlərdə işlərin həyata keçirilməsinə ehtiyac var.
Əslində Qafqaz Müsəlmanları İdarəsinin yas yerlərində israfçılıqla bağlı çağırışları olub. Burada cəmiyyətin də üzərinə ciddi vəzifə düşür. Burada iki istiqamətdə iş getməlidir. Birincisi, ya biz cəmiyyət olaraq bu məsələlərdə fəal iştirak etməliyik, Qafqaz Müsəlmanları İdarəsi də bu prosesdə fəallıq göstərməlidir, ya da məsələ qanunvericilik formasında tənzimlənməlidir. Bu gün cəmiyyətin böyük bir hissəsi bu məsələdən əziyyət çəkir, israfçılıqla üz-üzədir. Bu yalnız bir istiqamətdə deyil, bir neçə istiqamətdə özünü açıq-aydın göstərir. Bu baxımdan, biz bu məsələyə ciddi yanaşmalıyıq və düşünürəm ki, iki yoldan birini seçməliyik.
Bununla bağlı fətva da verilə bilər. Amma hesab edirəm ki, təkcə fətvanın verilməsi vəziyyətdən çıxış yolu deyil. Qeyd etdiyimiz məqamlar, məsələlər hər biri ciddi şəkildə və dəqiqliklə nəzərə alınmalıdır".
Kənan Rövşənoğlu
Dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlu isə mövzuya bu cür şərh bildirib: “Azərbaycanda uzun illər əvvəl bəzi bölgələrdə yas mərasimində yemək ləğv olunub. 2014-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkə üzrə yeməkli ehsan süfrələrinin qadağan edilməsi kampaniyası başlayıb. Ancaq müəyyən zamandan sonra bəzi rayonlarında yenə bərpa olunub. Bu, dini məsələ deyil. Dində dəfn qaydaları müəyyən olunur. Ehsan süfrələri isə belə demək olarsa, xalq adətidir. İnsanlar dünyasını dəyişənin adına süfrə açıb, başsağlığı üçün gələn insanlara adət olaraq yedirib yola salıb. Ancaq zamanla bu adət bütün digər adət-ənənələrimiz kimi məqsədini aşıb, israf elementləri müşahidə olunub. Bunu aradan qaldırmaq üçün ilk növbədə maarifləndirmə işləri aparılmalıdır. Məcburən, inzibati qaydada bu cür adətləri ləğv eləmək mümkün deyil. Üstəlik, tamamilə ləğv eləmək də mümkün deyil, çünki qonağa süfrə açmaq adətdəndir. Bunu insanlara qadağan eləmək olmur. Sadəcə, israfçılıq aradan qaldırmalıdır. Dediyim kimi, bunu yalnız maarifləndirmə işləri ilə etmək olar”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”