Minilliklərə şahid qılınclar, inzivaya çəkilən dərvişlər, təhlükədən müdafiə sistemi
Qobustan şəhəri yaxınlığında yerləşən Nərimankənd mağaraları tarixin ən qədim dövrlərinə aid yaşayış məskənlərindən hesab olunur. El arasında “Peyğəmbər mağarası” kimi tanınan bu mağaralar Zəngi çayının sol sahilində yerləşir. Burada, bir-birinə giriş qapıları olan dörd ayrı-ayrı otağa rast gəlinir.
Yerli sakin, şair Yusif Nazim Ərəbsoyun AYNA-ya dediyinə görə, ermənilərin 1918-ci ilin mart-aprel aylarında törətdikləri misli görünməmiş qırğınlar zamanı camaat bu mağaralardan sığınacaq kimi istifadə edib: “Mağara insanların erməni vəhşiliyindən qorunmasında müstəsna rol oynayıb. 1918-ci ildə ermənilərin Şamaxıda törətdikləri qırğınlar zamanı əhalinin bir hissəsi bu mağaralara sığınıb”.
“Peyğəmbər mağarasına gəlincə, bu yerin niyə belə adlandırılması haqda dəqiq bir məlumat yoxdur. Amma ehtimal etmək olar ki, dərvişlər, sufilər burada toplaşıblar, zikr ediblər, inzivaya çəkiliblər. Yəqin ona görə bu cür də adlandırılıb”, - deyə müsahibimiz danışır.
Mağaraların ümumi və ayrı-ayrı giriş qapıları var. Ərazidə başqa xırda mağaralar olub, lakin onların girişi uçqunlar nəticəsində, yaxud kənd camaatının torpaqlaması səbəbindən bağlanıb.
Ərəbsoy mağaralarda ətraflı tədqiqatın aparılmadığını bildirir: “Bu mağaralar qədim dövrə, ibtidai icma dövrünə aid edilsə də, burada hələ arxeoloqlar heç bir tədqiqat işləri aparmayıblar. Ona görə buranın tarixinin hansı dövrə getməsini əminliklə demək olmaz. Amma yerli sakinlərin dediklərinə görə, vaxtaşırı olaraq burdan saxsı qablar, qılınclar, sümüklər tapılıb”.
“Mağaranın içəridən bayıra baxan hissəsində bir adamın girib-çıxa biləcəyi xüsusi bir oyuq var. Düşünülür ki, qədim insanlar içəriyə keçdikdən sonra böyük daşla o dəliyi örtüblər və beləliklə təhlükədən özlərinə müdafiə sistemi yaradıblar”, - deyə həmsöhbətimiz vurğulayır.
Mağara qədim dövrün insanlarının həyat tərzi, yaşayışı, ev mədəniyyəti ilə bağlı müəyyən fikirlər də yaradır. Ərəbsoyun qeyd etdiyi kimi, mağaraların içərisində divarlara şam qoymağa yerlər var: “Bundan başqa mağaralarda ortalıqda ovulmuş, çox də dərin olmayan çalalar var ki, onlardan da ocaq yerləri kimi istifadə olunduğu düşünülür. Təbiət hadisələri mağaraların bəzilərində aşınmalara səbəb olub. Buna baxmayaraq, mağaralar tarixi əzəmətini qoruyub saxlayıb”.
Bu mağaralar eko-turizm üçün əlverişlidir. Yerli sakinlərin sözlərinə görə, hər il buraya çoxlu sayda yerli və xarici turist gəlir.