Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İqtidar büdrədi, müxalifət dikəldi – Böyük prosesin kiçik detalları



Qorxmaz İbrahimli: “Yorğun hakimiyət cəmiyyətə inandırıcı layihələr təqdim edə bilmədi, müxalifət isə zəif nöqtələri zamanında öyrəndi, hazırlaşdı və uyğun proqramlar ortaya qoymağı bacardı”

Türkiyədə 31 mart bələdiyyə seçkilərinin nəticələri həm yerli, həm də əcnəbi siyasi müşahidəçilər tərəfindən müzakirə olunmaqdadır. Bu seçkilər Azərbaycanda da diqqətlə izlənilirdi. Keçmiş Xalq Hərəkatının əsas simalarından, siyasətçi, ictimai xadim, 7 fevral prezident seçkilərini müşahidə etmiş “Sivil Toplum” Monitorinq Koalisiyasının həmsədri Qorxmaz İbrahimli AYNA-ya müsahibəsində 31 mart seçkilərini təhlil edib. Beləliklə:

- Həm Azərbaycan, həm də Türkiyə ictimai-siyasi sistemlərinə yaxından bələdsiniz. Azərbaycandakı son prezident seçkilərini müşahidə edən koalisiyanın rəhbəri olmusunuz. Və 31 mart bələdiyyə seçkiləri zamanı Türkiyədə idiniz. Necə qiymətləndirirsiniz 31 mart bu seçkilərini?

- Azərbaycan 1918-ci ildə AXC quruluşu ilə çox qısa müddətdə özünü demokratik dövlət elan elədi. O zaman da indiki kimi beynəlxalq aləm - güc mərkəzləri dövlətimizə qarşı ikili münasibətdə olduğundan bu demokratik cümhuriyəti düz 17 ay tanımağı uzatdı. Lakin 1920-ci ildə yenidən Rusiya imperiyasının işğalına qədər bu cümhuriyətin yaradıcıları demokratik bir sistem qurdular. Nə yazıq ki, işğaldan sonra 71 il məşəqqət və məhrumiyətlərə məruz qalan xalqımız dövləti ilə yanaşı çoxlu aydın insanlarını da itirdi. İrəliləyən illərdə rus-sovet maşını bir çox milli ənənələrimizi əlimizdən almaqla sovet milləti yaratmaq istədi.

Şükürlər olsun ki, heç olmazsa, türk qanımızdan gələn mübarizlik sayəsində müstəqilliyimizi 1991-də bərpa edə bildik. Lakin hələ də Rusiya imperiyasının zəkamızda yaratdığı problemləri həll edə bilməmişik. Ümid edirəm, tədricən bunu ortadan qaldıracağıq. Əsas olan irəliləyən hər anda milli dövlətçilik ənənələrimiz yaranmaqdadır. Dövlət zəkasına sahiblənməkdəyik. Bu mənada keçilən yolda bir çox boşluq və əskikliklərə rəğmən, dövlətimizin gələcəyinə böyük ümidlə baxıram.

Müstəqilliyimizin 33-cü ilində deyə bilərəm ki, əlimizdə olan resurslarla bu ilin fevral ayında daha bir seçki keçirdik. Dediyiniz kimi, mən də prezident seçkilərini müşahidə edən bir koalisiyanın rəhbərlərindən oldum. Seçkilərimiz əvvəlkilərdən xeyli fərqli ortam və şəraitdə keçdi.

Türkiyə isə 1923-cü ildə Mustafa Kamal Atatürk öndərliyində cümhuriyət qurduqdan sonra demokratik inkişafda böyük bir yol qət elədi. Bizdən fərqli olaraq, ötən əsrin əvvəllərində imperialist güclər tərəfindən darma-dağın edilmək istənilən Osmanlı imperiyasının yerində tarixi dövlətçilik ənənənələri olan bir Türkiyə Cümhuriyəti quruldu və varlığını qorudu. Bu gün artıq imperialist güclər qarşısında dağ duruşlu Türkiyə var. Bəri başdan deyim, mən gələcəkdə bu iki dövlətin bir konfederasiyada birləşməsi yönündə çalışan insanlardanam.

Bələdiyə seçkiləri zamanı Türkiyədə olmağın mənim kimi insanlar üçün əhəmiyəti çoxdur. Yuxarıda dediyim kimi qədim dövlətçilik ənənələri və demokratiyanın yüksək səviyədə olması bu seçkinin nəticələrində bir daha özünü göstərdi. Bir kərə onu deyim ki, Türkiyədə vətəndaşlar uşaqalarını rus məktəblərində oxutmadıqları kimi, dövlətin nə olduğunu da bilir və öz dövlətinin idarə olunmasına, yaşamasına biganə deyillər. Dövlət deyilən canın vətəndaşları hər alanda aktiv olduqları üçün dövlət də idmançı vücudu kimi sağlamdır, güclüdür, dinamikdir. Yurddaşların siyasi baxışlarından asılı olmadan dövlətçiliyə biganə olmaması Türkiyəmizin inkişafının əsas səbəbidir. Buna görə də keçirilən demokratik seçkilərin nəticələri bu qədər heyrətləndirdi.

- Seçkilərin nəticələri bir qədər gözlənilməz oldu - müxalifətin böyük uğuru var. Sizcə, bunun əsas səbəbi nədir?

- Ərdoğan hakimiyətinin uzun illərə dayanan təcrübəsi, necə olsa da, hakimiyətdə olmağın imkanları ilə mətbuat və TV üzərində geniş təsirləri, təbliğatları gerçək həyatı yaşayan xalqın, iş adamlarının, xüsusən dövlətin əsas vergi ödəyicisi olan əsnafın fikrini dəyişdirə bilmədi. İllərdir müxalifət hakimiyətin qanunvericilik və icraetmə arasında bölüşülməsini tələb etsə də, nail ola bilmirdi. Lakin xalq bunu bacardı, müxalifətə dəstək olaraq, yerli özünüidarəni müxalifətə verməklə hakimiyətə “qırmızı kart” göstərdi.

Bildiyiniz kimi, bundan bir il əvvəl keçirilmiş prezident seçkilərində ana müxalifət partiyası və birləşdikləri seçki bloku məğlubiyətə uğradı. Seçkidən sonra ana müxalifət partiyası başqan dəyişdirdi və ümidsizliyə qapılmadan bələdiyə seçkilərinə hazırlaşdı. Zatən beş il əvvəl əsas böyük şəhər bələdiyələrini qazanmış ana müxalifət başqan dəyişikliyi və yeni rəhbərliyin apardığı düzgün seçki siyasəti nəticəsində 31 martda qalib oldu. Zənnimcə, burada Azərbaycan müxalifət liderlərinin almalı olduqları ciddi dərs var. Qanunla müxalifəti xalq seçməsə də, seçkilərə münasibətlə kimi müxalifət, kimi iqtidar yapmasını bilir. Bizim özünü xüsusən ana müxalifət lideri hesab edənlər partiyalarının başından çəkilmədikcə ciddi dəyişikliklərə şahid olmayacağıq.

Türkiyədə isə bu seçimlərin nəticəsinə çox səbəblər göstərmək olar. Birinci növbədə uzun müddət hakimiyətdə olmağın metal yorğunluğu. Hər seçimdə bir bəhanə ilə fakturanı kiməsə kəsmək olurdu, bəlkə də. Ancaq bu seçimlər ərəfəsində iqtisadi krizis pik həddinə çatdı. İnflyasiyanın önünü almaq mümkün olmadığı kimi səbəbkarını göstərə bilmədilər. Xalq isə seçki günü bu səsəbkarı göstərdi. Ancaq burada yorğun hakimiyət millət qarşısına inandırıcı layihələr çıxara bilmədi. Müxalifət isə zəif nöqtələri zamanında öyrəndi, hazırlaşdı və uyğun proqramlar təqdim etdi cəmiyyətə.

Digər tərəfdən beş il əvvəlki seçkilərdə xalqın Ankara və İstanbul kimi böyükşəhər bələdiyələrinin başına gətirdiyi müxalifət təmsilçilərinin uğurları builki seçkilərdə millətin seçiminə ciddi təsir etdi. Əslində, seçki kampaniyasının gedişində də biz sahədən aldığımız bilgilərə dayanaraq vəziyyətin elə belə də olacağını görürdük. Orada olduğum seçkiöncəsi dövrdə də müşahidlərim və aldığım bilgilərlə nəticələrin iqtidarın əleyhinə olacağını bilirdim. İqtidara çox yaxın siyasətçi və iş adamları ilə görüşlərimdə, hələ seçkilərə günlər qala nəticənin AKP-nin əleyhinə olacağını deyirdilər.

Bizdən fərqli olaraq Türkiyədə müstəqil və müxalif mətbuat da seçkilərin nəticəsinə ciddi təsir göstərdi. Müstəqil araşdırma şirkətləri apardıqları sorğularla nəticələrin belə olacağını proqnozlaşdırırdılar. Xüsusən ana müxalifət partiyasının irəli sürdüyü namizədlərin heç birinin əleyhinə tutarlı təbliğat aparmaq mümkün olmadı. Məsələn, Ankara Böyükşəhər Bələdiyəsinin başçısı Mansur Yavaş əleyhinə nə deyə bilərddilər ki? Adam beş ili dayanmadan paytaxtın inkişafı üçün çalışdı və karyerasına 31 mart günü seçici öz qiymətini yazdı. Eləcə də digər namizədlər.

Digər müxalifət partiyalarının siyasətinin nəticələri də öncədən görünməkdə idi. Xüsusən İyi Partiya başqanı Meral Akşenerin komandasında son illər baş verənlər, prezident seçkisi ərəfəsindəki yanlış siyasət, bu seçkilər ərəfəsində baş verənlər seçici tərəfindən dəyərləndirilərək, sandıqda qalmalarına səbəb oldu. İmamoğlu və Yavaşa qarşı seçki ərəfəsindəki tutumu və bir az da kinli davranış bu partiyanın nəğlub olma səbəblərindəndir.

Türkiyə ictimai rəyi bəsit bir mənbə deyil. Bu millət daha nə qədər məşhur partiya və başqanlarını sinifdə saxlamaqla, bəzi partiyaları tarixdən silməklə dəfələrlə nəyə qadir olduğunu göstərib. İqtidar öz uzun müddətlik təcrübəsinə və performansına dayanaraq bu seçkiləri də qazanmağı hədəfləmişdi. Lakin istədiyi olmadı. İstədiyi olmayınca isə hər hansı bir provokativ addım atmadı. Məğlubiyəti qəbul edərək, irəli baxmağın doğru olduğunu qərarlaşdırdı. Ancaq bütün sadaladığım və sadalamadıqlarımın hamısının üstündə dayanan bir şey var - xalq öz taleyinə biganə deyil və seçkinin nəticəsini o müəyyənləşdirdi.

- Ərdoğan neçə seçkini qazanmış mahir bir siyasətçidir. Necə düşünürsünüz, 31 mart seçkilərini AKP-nin qürubunun başlanğıcı kimi dəyərləndirmək olar?

- Mən Ərdoğanın siyasi olimpdə yüksəlişini hər zaman diqqətlə izləmişəm. Dediyiniz kimi, hələ İstanbul bələdiyəsinə seçildiyi vaxtdan tanıdığım bu siyasətçi öz liderlik keyfiyətləri və qətiyyəti ilə bu yerlərə gəlib çıxıb. İstər sağlığı ilə bağlı olsun, istərsə də Türkiyəmizin bəlli bir dönəmlərində, eləcə də hakimiyətinin düşdüyü bəzi çətin durumlarda iradə və qətiyyəti ilə nəticələrə təsir edib.

Xüsusən 2016-cı il 15 iyul (temmuz) hərbi çevriliş cəhdi zamanı bu şəxsiyət özünü göstərdi. Son anda milli qüvvələrlə düzgün əməkdaşlıq həm şəxsini, həm də Türkiyə demokratiyasını xilas etdi. Dövlətinin yenidən hərbi çevrilişlərlə geri düşməsini istəməyən milli güclər Ərdoğanın təyyarəsinin İstanbula enişini təmin etdilər və xarici qüvvələrə bağlı çevrilişçilərə tərs bir zərbə vurdular. Ondan sonrakı müddətdə milli qüvvələrin enerji və nüfuzundan dövlətin möhkəmlənməsində, özəlliklə hərbi sənaye kompleksinin güclənməsində faydalandı. Nəticəsini biz də 2020-ci ildə gördük.

Zənnimcə, Türkiyə dövlətçilik ənənəsi daxili siyasətdə yanlışlıqlara yol verən AKP-ni cəzalandırdı. Ərdoğan isə dövlət başçısı olaraq qürub etməkdə olan partiyasına deyil, xalqına arxalanaraq bundan sonrakı prezidentliyinə korrektələr etməlidir. Dediyiniz kimi AKP bu seçkiləri uduzdu. Gənəl seçkiləri də uduzmamaq üçün indidən ciddi dəyişikliklər etməlidir. Buna enerjiləri qalıbmı - indidən demək asan deyil.

- Ümumiyyətlə, Türkiyə cəmiyyəti bu gün nə istəyir: AKP-nin götürdüyü xətt üzrə geosiyasi güc olmaq, yoxsa CHP-nin izlədiyi daha çox demokratiya və iqtisadi inkişaf?

- Əvvəlcə deyim ki, AKP-nin götürdüyü geosiyasi güc olmaq siyasəti deyə bir şey ola bilməz. Bu, Türkiyə dövlətinin siyasətidir. Yüz ildən də çox bir müddət ərzində beynəlxalq güclər Yaxın və Orta Şərqin, Balkanların, Qara dəniz hövzəsinin, Qafqazların, Türk Dünyasının ən güclü dövlətinin hərəkət etməsinə ciddi maneələr törədirdi. İndi isə artıq bu qədim dövlət doğru zamanlamada on illərlə topladığı gücü ortaya çıxardı. Bunun AKP ilə uzaqdan-yaxından əlaqəsi yoxdur.

Türkiyə cəmiyəti hər zaman istəyini və iradəsini seçkilərdə göstərir. Türkiyənin xarici siyasətini Prezident müəyyənləşdirdiyindən, xalq milli güclərin də geniş dəstəyi ilə Ərdoğanı dəstəklədi. Yeni bir müddətə hakimiyətdə qalmasına izn verdi.

Ana müxalifət CHP isə, nəhayət, məmur zehniyyətli başqandan qurtularaq qətiyətli bir başqan seçdi. Bu partiyanın demokratiya istəyi digərlərindən çox deyil. Türkiyə dövləti artıq demokratik bir cəmiyət yaradıb. CHP isə bundan yararlanır. Seçilmiş böyükşəhər bələdiyyə başçıları isə, əsasən sol deyil, milli düşüncə daşıyıcıları olduğundan xalqın dəstəyini aldılar. CHP rəhbərliyinin uğuru namizədləri düzgün seçməklə oldu.

Ölkədə başlanmış dərin inflyasiya xalqın AKP-yə cəza verməsi ilə nəticələndi. Habelə, xalqın hakimiyyət bölgüsünə istəkli olması səbəbindən müxalifət uğurli seçki kampaniyası ilə qazandı. Demokratiya və iqtisadi inkişaf türk millətinin qanında olduğundandır ki, xarici siyasətdə sağ və milli güclərə güvəndi. Daxili siyasətdə isə yenə də milli güclərlə birgə olmağı tərcih edən sola səs verdi.

- Türkiyədə 31 mart, Azərbaycanda 7 fevral seçkiləri arasında necə paralellik aparmaq olar: oxşar və fərqləri tərəfləri varmı?                                                    

- Bu seçkilər arasında statuslarına görə paralelkik aparmaq olmur. Əsas anlamda isə çox şeyləri paralellər çəkərək göstərmək olar. Türkiyə 1923-cü ildən bu yana çox sayda siyasi sıxıntı və böhran yaşayaraq bu günə gəlib. Biz isə böyük azadlıq mücadiləsi verərək, müstəqilliyimizi bərpa etdiyimiz 1991-ci ildən bu yana müasir demokratik prinsiplərdən düzgün yararlanmadan gəlmişik. Xüsusən uzun illər “beşinci kolon”un təsiri altında olan seçki siyasətimiz bizi demokratik inkişafdan geri qoyub.

Lakin buna baxmayaraq, bizim siyasi müxalifətimiz tez yaşlandı. Demokratiya uğrunda mübarizədən tez yorulduq biz. Ölkənin azadlığına nail olmaq üçün xalqı səfərbər etdik. Ancaq cəmiyyəti keçirilən seçkilərdə iştiraka, səslərini qorumağa alışdıra bilmədik. Xalq müxalifətin başarısızlığından yorularaq, gözləməyi tərcih etdi. Bu, nə qədər sürəcək - demək çətindir. Çünki Türkiyədə seçkilər bitdiyi gündən müxalifət növbəti seçkilərə hazırlaşır. Cari seçkidə buraxdığı yanlışları təhlil edərək, yeni mərhələyə hazırlaşır. Biz isə belə şeyləri biz hələlik görmürük.

31 mart seçkilərinə hazırlaşan müxalifət və iqtidar hər ikisi xalqı inandırmaq, arxasına alaraq, seçimi qazanmaq üçün illər əvvəldən başlayaraq seçki kampaniyası və finala qədər yorulmadan çalışır. Bizdə isə hər seçkidən sonra “iqtidar legitim deyil” deyə, xüsusən beynəlxalq təşkilatlara müraciətlər başlayır. Seçki günündən növbəti seçkiyə qədər gün keçirməklə məşğul olurlar.

Azərbaycanda builki prezident seçkilərində partiyalardan biri rəsmən seçkiləri boykot etdiyini elan etdi. Ancaq mən özüm seçkiləri müşahidə etdiyimdən bilirəm ki, boykotçu partiya əhalinin seçkidə iştirakını müşahidə edən qruplar yaratmadı. Yaxud digər müxalifət liderləri seçkiyə qatılaraq, qanun verdiyi seçki kampaniyası sürəcindən yararlanaraq, xalqa öz fikirlərini çatdırmadılar.

Eləcə də ölkəmizdə keçirilmiş parlament seçkilərini misal çəkə bilərik. Mandatı xalqdan deyil, hakimiyətdən almaq üçün çalışmış müxalifətçilər haqda istənilən qədər əlimizdə faktlar var. Yaxud 7 fevral seçkilərinə qatılmış namizədlərə münasibət. Özləri qatılmadıqları seçkilərə qatılanları gözdən salmaqla məşğul oldular. Halbuki qatılaraq, istədikləri şəkildə tənqid etmələri daha doğru olmazdımı? Zənnimcə, bu mənada paralellik aparmaq bir az çətin olur.

Türkiyədə Yüksək Seçim Kurulundan tutmuş hər sahədə dövlət orqanlarının dediklərinə xalq inanır. Eləcə də seçkinin nəticələrinə inam var. 31 mart seçkiləri iki siyasi güc mərkəzinin xalq qarşısında ondan mandat almaq üçün, sözün həqiqi mənasında, yarışı oldu. Onun da nəticəsini xalq seçki günü göstərdi.

Biz isə xalqı seçkiyə çağırmaq, hökumətlə seçkiyə qədər yorulmadan gələcək seçkilərin daha demokratik keçirilməsi üçün açıq danışıqlar aparmaq yerinə yalnız inkar etməyi bilirik. Siz bilirsinizmi ki, Türkiyədə seçkini hər hansı bir şəkildə uduzmuş adam Avropa qurumlarına şikayət etmir? Bizdə isə tərsidir. Öz dövlətimizin demokratikləşməsinə deyil, ondan şikayət etməyə çalışılır.

Hesab edirəm ki, Türkiyədə keçirilmiş bələdiyə seçkilərindən biz həm xalq olaraq, həm də dövlət olaraq ciddi nəticələr çıxarmalıyıq. Xüsusilə, Azərbaycan hakimiyətinin milli qüvvələrlə bir masa arxasında oturaraq ölkəmizin problemlərini müzakirə etməsini tövsiyə edirəm.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10