Bu kənddəki məktəb də daxil rayonun 14 kənd məktəbinə 600-dən artıq məktəbli forması hədiyyə edildi
Bu kənd haqqında daha dolğun təsəvvürünüz olsun deyə, “Masallı Ensklopediyası”nda bu kənd haqqında getmiş məlumatların bir qismini sizə təqdim edirik.
Bu kənd Həsənli İnzibati Ərazi Dairəsinə daxil olan 4 kənddən (Həsənli, Köçəkli, Təkdam, Məmədxanlı) biridir. Uzun illər kənd yolunun bərbadlığı, əksər sosial obyektlərin olmaması bu ərazini baxımsız və ucqar kəndlər siyahısına düşməsinə səbəb olub.
Son vaxtlar kəndə yüksək keyfiyyətli asfalt yol çəkilmiş, kənddə yeni məktəb, məscid, Şəhidlər üçün abidə kompleksi,giriş qapısı və digər obyektlər tikilmişdir.
Yaşlı sakinlərin bildirdiyinə görə, Köçəkli kəndi “Köçmək”sözündən götürülərək, köçəri tayfalarının burada oturaq həyata keçməsindən əmələ gəlmişdir.
Kəndin 400 ildən artıq yaşı var.
Şirvan zonasından köçüb gələn köçəri tayfaların burada məskunlaşdığı yer kimi qeyd olunur. Bir də bura Ərdəbildəngələnlər olub.
İndi də buradakı tayfalardan biri “salyanlılar” tayfası adlanır.
Kənddə əsas 5 tayfa mövcuddur: Ağamirzəli, Ağakərimli, Çökək, Salyanlı, Əcirli.
Tayfalar bir qayda olaraq köçəri həyat sürmüşdür. Toponimçi Professor Nadir Məmmədovun araşdırmalarına əsasən, ilk daimi məskunlaşmanı Ağamirzəli tayfası çay kənarında, barxanın üstündə salmışdır.
Məlum olduğu kimi, Köçəkli kəndi Xəzər dənizinin cənub-qərb çökəkliyində yerləşir, dəniz səviyyəsindən 28 metr aşağıdır. Kəndin adının yaranmasını çökəklik sözündən yarandığını iddia edənlər də olmuşdur.
Kəndin tarixinə aid:
Köçəkli kəndi XX əsrdə 2 dəfə təcavüzə uğrayıb:
1-ci dəfə 1918-ci ildə baş verən “Qaçaqaç” hadisəsi zamanı rus-erməni birləmələrinin kəndə hücumu zamanı yerli camaatı kənddən çıxaraq yaxınlıqdakı qamışlıqda və yulğunluqda gizlənmişdir.
2-ci təcavüz isə təbii təcavüz olub: 1930-cu ildə Araz çayının daşması ilə sarı palçıqlı su kəndi bərbad hala salmış, yerli camaat başını götürüb Neftçala və Salyan rayonlarına üz tutmuşdur. Bu, bir müddət davam etmişdir. Palçıqlı su çəkiləndən sonra əhali kəndə qayıtmışlar.
Kənddə ilk məktəbin təşkili
Kənddə ilk məktəb 1939-cu ildə bir sinifli,
1945-ci ildə isə 4 illik ibtidai məktəb açılmışdır.
1967-ci ildə 8 illik məktəb yaranmışdır.
Məktəbin ilk direktoru Həsənlidən olan Məhərrəmov Fazil olmuşdur.
Kənddə 2012-ci ildə müasir yeni tipli məktəb tikilmişdir.
Hazırda 2 mindən artıq əhalisi, 400-dən artıq şagirdi olan bu kənddən ölkə üzrə tanınmış şəxslər çıxmışdır.
Qayıdaq yazının əvvəlinə.
Bu ilin mart ayında xeyriyyəçi şəxsin təşəbbüsü və yerli icmanın dəstəyi ilə kəndə heyrətamiz miqdarda dəftər, qələm, məktəbli forması gətirilmiş, məktəbdə əsaslı təmir işləri aparılmışdır.
Kənd məktəbinin yeni təyin olunmuş gənc direktoru, - o həm də Qarabağ qazısıdır
Ceyhun Qurbanov bu barədə bizə aşağıdakılarıbildirmişdir:
-Bir müddət gözdən-könüldən uzaq olan bu kənd son vaxtlar ən xoşbəxt günlərini daşıyır.
Belə ki, kəndin xeyirxah sakinlərinin dəstəyi ilə bu günlərdə məktəbə 1 TIR xaricdə istehsal olunmuş dəftər və qələm gətirilmişdir. Bu dəftərlər ən azı 4 il müddətinə məktəbin ehtiyaclarını təmin edəcək.
Bundan əlavə məktəbə aşağı siniflərin ehtiyacını təmin etmək üçün 800 dəstə yaxın məktəbli forması verilmişdir. Məktəbli formaları tələbatdan çox olduğu üçün onun bir qismi ətraf məktəblərə - Hacıtəpə, Həsənli, Məmmədxanlı, Qarğalıq, Qədirli, Musaküçə, Qasımlı, Mahmudavar və digər məktəblərə paylanmışdır.
Həmçinin Köçəkli kənd məktəbində 23 min 500 manatlıq təmir işləri aparılmış -məktəbdə mərkəzləşdirilmiş kamera sistemi quraşdırılmış,
işıqlandırma sistemi təzələnmiş,
foye və sinif otaqları əsaslı təmir edilib rənglənilmis və
pəncərələrdə bütün pərdələr dəyişdirilmiş, digər təmir-abadlıq işləri görülmüşdür.
Bu xeyirxah missiya davam edəcək. Biz isə bu diqqətə keyfiyyətli və müasir təhsillə cavab verməyə çalışacağıq.
Cenub.az. Zahir Əmənov